21 Sentyabr 2021 00:52
1861
SİYASƏT
A- A+

Qüdrətli müstəqilliyin qətiyyətli ifadəsi

 

Gələn ay Azərbaycan xalqı özünün dövlət müstəqilliyinin bərpa olunmasının  30-cu ildönümünü qeyd edəcək. Ötən 30 ildə dövlətimizin taleyində çox hadisələr baş verdi, bir çox dolanbaclardan keçməli olduq, manəelərlə üzləşdik. Lakin Heydər Əliyev və İlham Əliyev kimi qüdrətli liderlərin sayəsində, həmçinin milli həmrəyliyimizin nəticəsində bütün çətinliklərə sinə gərdik, dövlətçiliyimizi və müstəqilliyimizi qoruduq, əbədi etdik.

 

Müstəqilliyimizin 30-cu ildönümü ərəfəsində daha qürurluyuq

 

Bu baxımdan müstəqilliyimizin bərpasının 30-cu ildönümünə doğru tariximiz dövlətçiliyimizi şərəfləndirən hadisələrlə zəngindir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi isə bu hadisələrin zirvə nöqtəsi oldu. Çünki bu müharibədə müstəqilliyimiz illəri boyu üzləşmiş olduğumuz əsas ağrılı problem sona yetdi, torpaqlarımız işğaldan azad edildi. Ona görə müstəqilliyimizin bərpasının 30-cu ildönümü ərəfəsində daha qürurluyuq, başımız dik, alnımız açıqdır.

Hazırda müasir beynəlxalq münasibətlər müstəvisində özünün haqlı milli marağını təkbaşına və ya güc yolu ilə təmin etmək mümkün deyil. Son onilliklərdə bu barədə bir nümunə də göstərmək olmaz. Ən acınacaqlısı odur ki, planetimizin müxtəlif yerlərində yaranan müharibə ocaqları dərhal lokal müstəvidən çıxaraq qlobal xarakter alıb və həmin ərazilər ayrı-ayrı güclərin plastarmına, poliqonuna çevrilib.

Azərbaycanın ötən əsrin 80-ci illərinin sonundan üzləşdiyi və sonradan qanlı müharibəyə çevrilən Dağlıq Qarabağ problemi mahiyyətcə hansısa silahlı qarşıdurmadan fərqlənmirdi. Tarix boyu Azərbaycan ərazilərini işğal edən Ermənistan bu dəfə Qarabağa göz dikmişdi və təəssüf ki, respublikamızda müstəqilliyin ilk illərində hakimiyyətdə olanların naşı idarəçilikləri və xəyanətləri nəticəsində Birinci Qarabağ müharibəsi bir sıra rayonlarımızın işğalı ilə nəticələnmişdi. Ermənistanın və dünya erməniliyinin məqsədi Qarabağda ikinci erməni dövlətinin yaradılmasına nail olmaq idi. Bunun üçün Azərbaycana olduqca güclü beynəlxalq təzyiq də var idi. Lakin 1993-cü ildən ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərin qarşısını qətiyyətlə aldı.

Azərbaycanın hələ çətin, zəif vaxtlarında Ulu Öndər dövlətimizin milli maraqlarını inamla təmin etdi, dünya erməniliyinin niyyətinin qarşısını uzaqgörənliklə aldı.

 

Təkbaşına və güc yolu ilə

 

Beləliklə, hələ 90-cı illərdə dünya erməniliyinin təzyiqlərini dəf edən, onların Ermənistanın maraqlarına xidmət edən təkliflərini yaxına buraxmayan Azərbaycan iqtisadi baxımdan gücləndikcə, beynəlxalq mövqelərini möhkəmləndirdikcə öz ərazi bütövlüyünün bərpası üçün də əlverişli şəraiti yaxınlaşdırdı və yetişdirdi. Beləliklə, 2020-ci ilin Vətən müharibəsinin nəticələri torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, həm də Azərbaycanın artıq öz milli marağını silah yolu ilə təmin edəcək qədər güclü dövlətə çevrilməsinin təcəssümü oldu. Müasir dünya nizamında öz pozulmuş hüququnu güc və ya digər yolla təkbaşına həll edən dövlət göstərmək  ümumiyyətlə mümkün deyil. Amma Azərbaycan bunu etdi: təkbaşına və güc yolu ilə.

Bu Qələbənin kökündə dayanan əsas amillər qətiyyətli liderin rəhbərliyi, mükəmməl idarəçilik, güclü dövlətçilik və müstəqil siyasətdir. Məhz bu amillər Azərbaycanın ən ağrılı və yeganə probleminə son qoydu, İkinci Qarabağ müharibəsinin taleyini həll etdi.   Təsadüfi deyil ki, hələ müharibənin baş verməsinə qədər Azərbaycan ictimaiyyəti əmin idi ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq. Çünki İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasi kurs ərazilərimizin işğaldan azad ediləcəyi günü sürətlə yaxınlaşdırırdı.  Bu siyasət həm də çox məsələləri kompleks şəkildə özündə birləşdirirdi. Həyata keçirilən enerji layihələri, ordu quruculuğu, Ermənistanın işğal siyasətinin ifşası, cəmiyyətin İlham Əliyevin ətrafında sıx həmrəyliyi kimi mühüm məsələlərin hər biri torpaqlarımızın azadlığına aparan böyük siyasətin tərkib hissələri idi. Cəmi 44 günə qazanılan hərbi-siyasi qələbə İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətin nə qədər mükəmməl olduğunu göstərdi.

Bu qələbənin memarı olan İlham Əliyev yalnız Ermənistanı diz çökdürmədi,  həm də dünya erməniliyinə, erməni təəssübünü çəkən siyasi mərkəzlərə qalib gəldi. İlham Əliyev erməni yalanlarını  və iddialarını alt-üst etdi, Qarabağla bağlı yüz ildən çox bir müddətdə dünyada formalaşmış saxta stereotipləri kökündən dəyişdi. Bu Qələbə ilə İlham Əliyev bütün dünyaya həm də sübut etdi ki, Qarabağ Azərbaycandır!

 

Azərbaycan həm də dövlət sərhədlərini təmin etdi

 

Azərbaycan ancaq torpaqlarını azad etmədi, həm də dövlət sərhədlərini təmin etdi. Hələ sovet illərindən öz təsərrüfat sistemini Azərbaycan sərhədlərini pozaraq formalaşdıran Ermənistan sərhədlərin o biri tayına çəkilməyə məcbur olundu. Müharibədən sonrakı aylarda Azərbaycan hərbçiləri dövlət sərhədlərimizdə mövqe tutdular. Ermənistan hay-həşir salsa da, ora-bura müraciət etsə də, sovet dövrü xəritələrinə əsasən torpaqlarımızdan tam qovuldular. Bununla sovet dövründən qalmış inzibati sərhəd dövlət sərhədinə çevrilib.

Məlum olduğu kimi, Ermənistanda Gorus-Qafan avtomobil yolu, İrəvanı Qafan şəhəri ilə birləşdirən yolun 21 kilometrlik hissəsi respublikamızın ərazisindən keçir. Müharibədən sonra sərhədlərin müəyyən edilməsindən sonra həmin hissə Azərbaycan hərbçilərinin nəzarətindədir. Humanistlik nümayiş etdirən Azərbaycan həmin vaxtdan yolun bu hissəsindən avtomobillərin hərəkətinə imkan vermişdi. Amma ermənilər öz xislətlərinə sadiq qalaraq bunu dəyərləndirə bilmədilər. Belə ki, bir müddət əvvəl ermənilər sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgərimizə hücum edərək ona xəsarət yetirdilər.

Ermənistanın bu təxribatına dərhal adekvat cavab verildi və ona qədər sərbəst şəkildə yoldan istifadə edən avtomobillər indi Azərbaycanın aidiyyəti dövlət qurumları tərəfindən yoxlanılırlar. Ermənistan ərazisindən yük daşımaq məqsədilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillərin sürücüləri barəsində isə Azərbaycanın qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

44 günlük Vətən müharibəsində olduğu kimi, savaşdan sonra da Azərbaycan öz maraqlarını qətiyyətlə təmin edir. Ermənistanın isə bu maraqla hesablaşmaqdan başqa yolu yoxdur.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video