20 Oktyabr 2021 10:47
936
PARLAMENT
A- A+

Qordan Qrliç: Xorvatiya Azərbaycanın əldə etdiyi uğurlara sevinir

 

Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya Respublikasının Xarici və Avropa işləri naziri Qordan Qrliçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan parlamentin sədri Azərbaycanın Xorvatiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Qeyd edilib ki, ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəyə qalxmasında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür. Bu görüşlər zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin möhkəm təməllər üzərində inkişafına yaxşı zəmin yaradıb.

Sahibə Qafarova bildirib ki, ölkələrimiz arasında yüksəksəviyyəli siyasi dialoq iqtisadi münasibətlərə də müsbət təsirini göstərməkdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini söyləyən Milli Məclisin sədri əlavə edib ki, bölgədə həyata keçirilən nəqliyyat layihələri ölkəmizin bu infrastrukturundan və tranzit imkanlarından istifadə üçün yeni imkanlar açır. S.Qafarova dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu vurğulayıb. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb.

Vətən müharibəsində Azərbaycanın Zəfərindən söz açan Sahibə Qafarova rəşadətli Ordumuzun 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etdiyini və ərazi bütövlüyümüzün öz gücümüzə bərpasına nail olduğumuzu söyləyib. Bununla ölkəmiz BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsini yerinə yetirib. Milli Məclisin sədri deyib ki, 30 il erməni işğalı altında olan torpaqlarımızda bütün şəhər və qəsəbələr dağıdılıb, viran qoyulub. Bu gün bu ərazilərdə bərpa və quruculuq işləri aparılır. Ermənistan isə təxribatlardan əl çəkmir, sərhədlərin delimitasiya prosesinə mane olmağa çalışır, minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir.

Səmimi görüşə görə minnətdarlığını bildirən Xorvatiya Respublikasının Xarici və Avropa işləri naziri Qordan Qrliç ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Xorvatiya Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük maraq göstərir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz getdikcə genişlənir. Parlamentlər səviyyəsində əməkdaşlığımızın daha da dərinləşməsi, deputatlarımızın mütəmadi qarşılıqlı səfərləri və görüşləri ümumi məqsədlərə xidmət edir. Xorvatiya Azərbaycanın əldə etdiyi uğurlara sevinir. Bu gün iki ölkə arasında təkcə enerji sektorunda deyil, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar sahələrində də əməkdaşlıq üçün geniş imkanlar var.

Söhbət zamanı Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Könül Nurullayeva, Milli Məclisin komitə sədri Tahir Mirkişili çıxış edərək ölkələrimiz arasında əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video