31 Dekabr 2011 12:12
303
CƏMİYYƏT
A- A+

Qloballaşma və milli maraqlarımız

 

Ulu öndərin hər xarici səfərində orada yaşayan soydaşlarımıza ilk və son əmanəti: "Milli kökünüzdən ayrılmayın, azərbaycanlı olduğunuzu unutmayın"

 

Qloballaşma əsrində hadisələr istiqaməti bilinməyən, mürəkkəb geosiyasi, dini, milli şəraitdə dəyişir, inkişaf edir ki, nəyisə bəri başdan proqnozlaşdırmaq olmur. Son onilliklər ərzində dünya həddən artıq dəyişikliklərə məruz qalmışdır. Adət etmədiyimiz meyarlar yaranıb. Daha çox ümumbəşəri ideallar, ideyalar, ənənələr, planetar təfəkkürlər ön plana çəkilir. Halbuki analiz etsək görərik ki, ümumbəşəri ideyaları, ənənələri, meyarları tarix boyu milli mədəniyyətlər yaradıb. Onlar zərrə-zərrə toplanaraq dünya mədəniyyətinə böyük töhfələr verib. Mədəniyyətlərin dialoqu isə onları daha da zənginləşdirir, təcrübələndirir. Ancaq yenə də hər mədəniyyət, milli ənənə öz dilində danışır, kökünü nişan verir. Məsələn, Üzeyir Hacıbəyli milli mədəniyyət əsasında milli-ümumbəşəri dəyərlər yaratmağın və bununla dünya mədəniyyətinə qovuşmağın klassik nümunəsini yaratdı. Lakin belə bir məqamda təəssüflə düşünürük ki, beynəlxalq münasibətlərdə baş verən gərginliklər, qlobal kataklizmlər isə ən çox milli ənənələrin və mədəniyyətlərin yarandığı kiçik dövlətləri məhv edir, hüquqlarını pozur, mədəni müxtəliflik aradan qaldırılır, vahid mədəniyyət standartları yaradılır. Əsas dəyər sistemi kimi yalnız maddi rifah önə çəkilir.

Belə mürəkkəb məsələlərin həlli yalnız güclü dövlətlərdə və demokratik cəmiyyətlərdə mövcuddur. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsi, yeni neft strategiyasının həyata keçirilməsi və qloballaşmanın reallıqları ilə eyni vaxtda üz-üzə qaldı. Bir yandan da keçid dövrünün ziddiyyətləri. Elə bir mədəniyyət qurmaq lazım gəlirdi ki, həm tarix boyu sahib olduğun mədəni ənənələrin təməli dağılmasın, həm də götürdüyün dünyaya inteqrasiya xəttindən geri çəkilməyəsən. Çünki xalq və millət olaraq bəşəriyyətlə birgə inkişaf etmək zamanın reallığı idi. Geri çəkilmək yox  olmaq deməkdir.

Odur ki, bu müxtəlifliyin içində Azərbaycan xalqı heç bir dəyərini itirmədən cəmiyyətdə əhəmiyyətli dəyişikliklər etdi, ilk növbədə, beynəlxalq münasibətlərini genişləndirdi, kökünə, milli dövlətçiliyinə dayanan xarici siyasət qurdu. Müvəqqəti itirdiyimiz torpağımızdır. Üstünlüyümüz ondadır ki, bu qədər gərginliyə baxmayaraq, dövlətçiliyimizin, mentallığımızın başlanğıc nöqtəsini itirməmişik. Deməli, qloballaşma dövründə ən böyük çağırışlara milli maraqların və həmrəyliyin qorunması istiqamətində Azərbaycanın verəcəyi adekvat cavabı var.

Əslində, milli mənafelərin qorunması və milli dövlətçiliyin inkişaf etdirilməsi  beynəlxalq gərginliyin artdığı şəraitdə üzə çıxır. Bütün beynəlxalq, qlobal və milli münasibətlərin ən təbii şərti Sülh olsa da, dünya buna getmədi, gərginliyə razı oldu. Bariz nümunə Azərbaycandır. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinə cəlb olunduğu, ağır qaçqın-köçkün problemi ilə üzləşdiyi gündən beynəlxalq aləm millətimizin düşdüyü müşkülə, sadəcə, tamaşa elədi. Xocalı qırğınına belə səsini çıxarmadı. Belə bir vaxtda Azərbaycan işğal olunmuş torpaqları, 1 milyon qaçqın və məcburi köçkünü  ilə təkbaşına qaldı. Çox keçmədən onları ev-eşiklə təmin etmək üçün ağır yükün altına girdi. Həm çörəkpulunu verdi, yardımını etdi, həm də evini tikdi. 2009-cu ildə ölkəmizdə bir dənə də olsun çadır düşərgəsi qalmadı. Tarixdə elə xalqlar, dövlətlər olub ki, bu cür çətin sınaqlardan çıxa bilməyib, çünki güclü milli kökü, birliyi olmayıb. Xalqımız və dünyada yaşayan bütün soydaşlarımız əmindirlər ki, gec, ya tez ərazi bütövlüyümüz milli birliyimizlə təmin olunacaqdır. Ona da şübhə edilmir ki, heç bir dövlət, xalq öz istəklərini beynəlxalq əməkdaşlıq olmadan, təcrid şəklində həyata keçirə bilməz. Lakin bu münasibətlər dövlətin milli maraqlarına xələl gətirməməlidir.   

Bir çox dövlətlərdə, elə Azərbaycanda da ölkəni gücləndirmək, cəmiyyətin daxilindəki birliyi artırmaq məqsədilə həmişə milli elementlərdən, köklü ənənələrdən istifadə olunur ki, bu da hər bir millətin inkişafında, gərginliyin aradan qaldırılmasında müqayisəedilməzdir. Lakin Ermənistanda  cəmiyyətin daxili möhkəmliyini qorumaq, ölkəni gücləndirmək üçün yalnız dindən, erməni kilsəsindən istifadə edilir. Aydındır ki, erməni kilsəsi də sevgi, mərhəmət kimi ali hissləri deyil, düşmənçilik, kin və nifrəti təlqin edir. Bir millət özünün milli və ictimai mənafelərini dünyada müdafiə edərkən başqa bir millətin mənafeyinə qarşı çıxır. Erməni kilsəsi bu gün "Ermənistan Qafqazda xristianlığın dayağıdır" şüarı altında Azərbaycan, Gürcüstan və Türkiyənin əraziləri hesabına "böyük Ermənistan" yaratmaq üçün təbliğat aparır. "Rejissor" isə milli həmrəylik, ictimai mənafe deyil, kilsədir. Nə yazıq ki, dünya bu gün də erməni kilsəsinin cızdığı sxemlə işləyir, Qarabağ problemini uzada bildikcə uzadır, uydurma "erməni soyqırımı"nı tanımağa hazırlaşır.

Bütün zamanlarda Azərbaycanın mədəniyyəti, mənəvi dəyəri coğrafiyasından geniş olub. Xalqımızın mədəniyyətinin tarixi qatlarında dünya mədəniyyətinin bütün fikir cərəyanları var. Dövlət quruculuğu, müharibə sənəti, diplomatiya, ticarət və iqtisadiyyat, beynəlxalq münasibətlər, elmi, dini, fəlsəfi, əxlaqi, estetik dünyagörüş, incəsənət, təsərrüfatçılıq, sarsılmaz ailə-məişət ənənələri, özünüyaratma və özünüyaşatma, dil mədəniyyəti nəinki dünya mədəniyyətinin ayrılmaz hissəsidir, onu yaradanlardan biridir. Azıx və Qobustan bənzərsiz estetikası ilə Azərbaycan ibtidai mədəniyyətini dünyada unikallaşdırır. Bunlar bizim milli kimliyimizdir. 

Ulu öndər Heydər Əliyev 1993-cü ilin avqustunda - hakimiyyətə qayıdışının ilk dövründə "Nezavisimaya qazeta"ya musahibə verərkən demişdi: "Xarici dövlətlərlə müzakirə etdiyimiz hər hansı məsələlər Azərbaycanın milli müstəqilliyinə toxunmayacaqsa və Azərbaycanın dünya birliyinə, dünya iqtisadiyyatına irəliləməsinə, qatılmasına şərait yaradacaqsa, biz onlara razı olub imza atacağıq. Hansı məsələlər ki, bizim milli mənafeyimizə toxunacaq biz ona razı olmayacağıq".

Göründüyü kimi, burada söhbət dövlətin mənafeyindən, xalqın milli kimliyindən gedir. Hər bir xalqın milli inkişaf tarixi sübut edir ki, millilik zirvəsinə çatmaq üçün mütləq bəşəri dəyərlərdən yararlanmaq gərəkdir.            

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə təcrübəli strateq kimi cəmiyyəti bir həqiqətə inandırdı ki, dünya evinə ölçülüb-biçilmiş, daxili və xarici siyasətlə çıxmaq, ölkəmizin geosiyasi imkanlarından səmərəli istifadə etməklə yanaşı, Azərbaycanı qoruyan güclü milli mənafeləri, təməlli ənənələri də olmalıdır.

Xalqın inamını qazanmaq üçün illər lazım idi, itirmək üçünsə bircə yanlış addım kifayət edirdi. Mənsub olduğu xalqın tarixini, mədəniyyətini və qədim ənənələrini gözəl bilən Heydər Əliyev hər dəfə xarici səfərlərdə olanda, həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşəndə birinci tapşırığı o idi ki, kökünüzdən ayrılmayın, azərbaycanlı olduğunuzu unutmayın. Ulu öndər hər bir sahədə insanları ictimai və milli mənafeləri hər şeydən üstün tutmağa çağırırdı: neft sənayesindən tutmuş informasiya cəmiyyətinin inkişaf modellərinin işlənib hazırlanmasınadək. Bu çağırışlar millətimizin gələcəyinə edilən ismarıclar idi. Yəni, bir millət kökünə, soyuna dayanmadan güclü dövlət qura bilməz.

Ötən 20 ildə respublikamız olduqca qaynar ictimai-siyasi-iqtisadi həyat yaşamış, ağır sınaqlardan çıxmış, müstəqilliyini qoruyub saxlamaq üçün çox böyük əziyyətlər çəkmişdir. Avropa və Asiyanın kəsişdiyi ərazidə yerləşən Azərbaycan geosiyasi məkanı, nefti və başqa sərvətləri ilə dünyanın ən güclü dövlətlərinin strateji maraqlarına çevrildi. Həmin vaxtlar ölkəyə rəhbərlik edən Heydər Əliyev hadisələri müdrikcəsinə analiz etdi və milli ideologiyadan ayrılmadan bütün dövlətlərlə əməkdaşlığa başladı, inteqrasiyanı qəbul etdi. Bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvü oldu, həmin qurumların kürsülərindən xalqımız haqqında ədaləti, həqiqəti dünya ictimaiyyətinə çatdırdı.

Dövlətimiz haqqı və hüququ uğrunda bu gün də müharibə aparmaqdadır. Cəlb olunduğu Qarabağ münaqişəsinin həlli üçün bütün müstəvilərdə danışıqlar apardı, güclü milli ordu yaratdı. Yoxsulluğun aradan qaldırılması, cəmiyyətin yaxşı yaşaması üçün nəinki mümkün olanlar, mümkün olamyanlar da belə edildi. Xalqların yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsinə vəsilə olan tarixi İpək yolu bərpa edildi.        

Azərbaycan ümumtürk təməlində milli və bəşəri keyfiyyətlərini qorumaqla inkişafa doğru gedir. Azərbaycançılıq ümumtürk kökləri üzərində qərar tutur. Və bu gün türk dünyasının birləşib güclənmək gərəyini tarix özü bəyan edir.

 

Rəsmiyyə RZALI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video