08 Sentyabr 2011 07:09
510
İDMAN
A- A+

Qələbə sevindirir

 

Millimiz ilk dəfə qrup mərhələsində 7 xal topladı

 

Sentyabrın 6-da Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində növbəti turun oyunlarına yekun vurulmuşdur. A qrupunda yer alan komandamız  əvvəlcə Belçika, daha sonra isə Qazaxıstan millisini qəbul etmişdir.

Belçika matçında bir çoxları millimizdən məğlubiyyət gözləyirdi. Azarkeşlərdə də "görəsən, millimiz bu gün neçə top buraxacaq" fikri formalaşmağa başlamışdı. Bununla yanaşı, mətbuatda milli komandanın baş məqşçisi Berti Foqts barədə yer alan xəbərlər komandanın psixoloji durumunda xeyli çətinliklər yaradırdı. Futbolçularımız da eyni zamanda, mətbuatda onlar haqda yazılanlardan xeyli narahat olduqlarını açıq şəkildə bildirirdilər. Bütün bunlarla yanaşı, millimizin ən böyük problemi əksər oyunlarda elə ilk dəqiqələrdən şanssız bir şəkildə qapıda top görməsi idi. Gözlənilmədən vurulan bu qollar həmişə komandamıza psixoloji cəhətdən oyuna köklənməkdə ciddi problem yaradırdı.

Lakin bu dəfə bəxt üzümüzə güldü. İlk dəqiqələrdən hesabı açmaq üçün hər iki cinahdan hücuma qoşulan belçikalıların arzularını qapıçımız Kamran Ağayev elə yerindəcə puç edirdi. Fasilədən sonra isə rəqibə qarşı kobudluğa görə hakim on bir metrlik cərimə zərbəsi təyin etdi. Zərbəni dəqiq yerinə yetirən belçikalılar hesabı açdılar. Qoldan sonra rəqibin hesabı artırmağa imkanı olsa da, bundan yararlana bilmədi. Sən vurmazsan, sənə vurarlar prinsipinin futbolda nə qədər vacib olduğunu millimiz oyunun başa çatmasına 5 dəqiqə qalmış bir daha sübut etdi. Rauf Əliyev gözəl baş zərbəsi ilə hesabda tarazlığı bərpa etdi. Görüşdə bundan başqa qol olmadı. Təbii ki, Belçikadan xal almağımız ən çox Türkiyənin işinə yarayırdı. Çünki qrupda ikinci yer üçün Belçika və Türkiyənin rəqabət apardığını nəzərə alsaq, bu heç-heçənin qardaş ölkə üçün nə qədər vacib olduğunu desək, yanılmarıq.

Belçika ilə oyundan dörd gün sonra  komandamız  8-ci matçında Qazaxıstan millisini qəbul edirdi. Maraqlıdır ki, Belçika ilə matçda bizim heç-heçəmiz üçün həddindən çox sevinən türkiyəlilər, Bakıda qazaxların qələbə qazanmağını istəyirdilər. Çünki Türkiyəni evdə məğlub etdiyimizə görə, bizim qrupda axırıncı yeri tutmağımız qardaşlarımızın final mərhələsinə birbaşa vəsiqə qazanmasına şərait yaradırdı. Çünki onlar hər iki oyunda Qazaxıstanı məğlub etmişdilər.

Lakin bu dəfə Türkiyənin  istədiyi olmadı. Hesabda geri düşməsinə baxmayaraq, komandamız Qazaxıstan millisini evdə 3:2 hesabı ilə məğlub etdi. Bununla da qrup mərhələsində 2-ci qələbəsini qazanan Berti Foqtsun yetirmələri autsayder olan rəqibindən uzaqlaşmağı, 4-cü olan Avstriyaya yaxınlaşmağı bacardı. Üç ay əvvəl Astanada üzləşdiyi acınacaqlı məğlubiyyətin qisasını alan millimiz həm də 3 rekord vurdu.

Tarixi ərzində millimiz bir seçmə mərhələdə ən çoxu 5 xal yığmış, ən çoxu 6 qol vurmuş, birdən artıq qələbə qazanmamışdı. Bu dəfə sona hələ 2 oyun qalsa da, artıq hər 3 rekord qırıldı. Millimiz ilk dəfə seçmə mərhələdə 2 qələbə qazandı və bununla da 7 xal topladı. Üstəlik, qol sayını 9-a çatdırdı.

Həm də Qazaxıstanla oyunda vurulan birinci qol yeni rekordla əlamətdar oldu. Belə ki, Rauf Əliyevin fərqlənməsi cari tsikldə 7-ci qolumuz oldu. Bu isə Azərbaycan üçün daha bir yeni rekorddur. Yığmamız indiyədək ən yaxşı halda bir tsikldə 6 qol vurmuşdu. Bu, AÇ-2000 və AÇ-2008-in seçmə mərhələlərində baş vermişdi. Bu matçadək 6 qol vuran yığmamız cari tsikldəki 7-ci, hətta artıq 8-ci və 9-cu qolunu da Qazaxıstana vurub. Təbii ki, qarşıda hələ iki oyunun qaldığını nəzərə alsaq, bu, son deyil.

Maraqlı hadisələrdən biri də komandamızın baş məşqçisi almaniyalı mütəxəssis Berti Foqtsun son iki matçda oyun öncəsi və sonrası keçirilən mətbuat konfranslarında iştirak etməməsi idi.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video