19:53 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qəhrəmanlar yetişdirən təhsil ocağı

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:51 29.07.2021

 

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlamasından yarım əsr ötür. Prezident İlham Əliyev qalib hərbçilər yetişdirən təhsil ocağının 50 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə qeyd olunur:

“Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılmışdır. Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərmiş, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamışdır. Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr vermiş, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer almışlar. Onlar böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülmüş, orden və medallarla təltif olunmuşlar. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Hazırda Silahlı Qüvvələrimizdəki zabitlərin əksəriyyəti məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır”.

Qeyd edək ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunun qərarı ilə 19 aprel 1971-ci ildə yaradılıb.

 

Şücaəti ilə ad qazanan igidlər...

 

Hələ qədim zamanlardan oğlan uşaqlarına ox atmağı, qılınc tutmağı, at çapmağı öyrətməyə xüsusi əhəmiyyət verilirdi. “Oğlan düşmən çəpəridir” deyib ulularımız. Xalqımızın qəhrəmanlıq dastanlarından olan “Kitabi-Dədə Qorqud”dan öyrəndiklərimizdən biri də budur ki, qədimdə obanın, ulusun nəinki hörmətini, rəğbətini, hətta özünə ad qazanmaq üçün də oğlanlar mütləq şücaət göstərmişlər. Yalnız bundan sonra el yılığılır, ulusun ağsaqqalı Dədə Qorqud hünər göstərənə ad verirmiş. Beləcə, hər igid özünün ilk böyük cəsarətinin, şücaətinin dəyəri olan adla yaşayırmış.

Ancaq qız övladlarına da zəif məxluq kimi baxmayıblar. Azərbaycanlı qızlar, qadınlar atalarına, qardaşlarına, həyat yoldaşlarına, oğullarına arxa-dayaq olublar. Onlar, yeri gələndə, qılınca qurşanıb, at belinə qalxıb yağılara ağır zərbələr endiriblər.

 

Dəyişən silahlar, dəyişməyən qəhrəmanlıq duyğuları...

 

Zaman keçdikcə yeni silahlar icad olunub. Hərb sənəti inkişaf edib və hər gün daha da inkişaf etməkdədir. İbtidai icma dövründə daşla, sapandla vuruşan bəşər övladları əsrlər ötdükcə oxla, qılıncla, tüfənglə, topla, tankla döyüşməyi öyrəniblər. Sonra hərbi silahları, necə deyərlər, yerdən göyə qaldırmağın yollarını da tapıblar. Helikopterlə, təyyarə ilə, son vaxtlar həm də dronlarla müharibə edirlər. Dəyişən zamanın dəyişməyən bir gerçəkliyi isə budur. Döyüşə vətən sevgisini bütün duyğularının önündə tutan, əli silahdan yapışanda titrəməyən, cəsur ürəkli, qorxmaz övladlar gedir. Və əlli ildir ki, Cəmşid Naxçıvanski adına hərbi təhsil ocağı belə qəhrəmanlar yetişdirir.

 

Azərbaycanlıları hərb sahəsindən uzaq tutmaq siyasəti

 

Hərb sənətinə yiyələnməyin faydasını yaxşı bilən çar Rusiyası Orta Asiya və Qafqazın müsəlman xalqlarından orduda xidmətə aparmırdı. İstila etdiyi yerlərin əhalisinin hər zaman üzünə ağ ola, haqqını tələb edib ədalət istəyə biləcəyindən qorxduğu üçün çar hökuməti ehtiyatlı davranırdı. Həmin xalqların nümayəndələrindən kütləvi şəkildə hərbçi yetişdirməyi, müasir silahlarla davranmağı öyrətməyi məqsədəuyğun hesab etmirdi. Hökumətin başındakılar yad olduqlarından elə xalqın böyük əksəriyyəti də övladlarını hərbi xidmətə göndərməyə ürək etmirdi. Yalnız bəy, xan, mülkədar ailələri imperatora sədaqətlərini göstərmək üçün uşaqlarının hərbi xidmətdə olmalarına könüllü razılıq verirdilər. Odur ki, Azərbaycandan çar ordusunda xidmət edən hərbçilərin sayı az idi. Ancaq onların əksəriyyəti yüksək hərbi rütbələrə layiq görüldülər. Bununla sübut etdilər ki, azərbaycanlılar bütün dövrlərdə hərb sənətinin sirlərini öyrənməyə, qəhrəmanlıqlar göstərib ad qazanmağa qabildirlər.

1920-ci ildə sovet hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradaraq hakimiyyəti ələ keçirdikdən sonra da uzun illər vəziyyət dəyişmədi. Çarizmin bu sahədə tutduğu yolu bolşeviklər davam etdirdilər. Yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb olunmasına başlanıldı. Amma yenə də ehtiyatı əldən vermir, onları, əsasən, xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə yollayırdılar.

İkinci Dünya müharibəsi illərində canlı qüvvəyə böyük ehtiyac yarandı. Sovet İttifaqının rəhbərliyi bütün müsəlman xalqları kimi azərbaycanlıların da ön cəbhəyə göndərilməsinə icazə verdi. 1941-1945-ci illərdə respublikamızdan 600 mindən çox oğlan və qız cəbhəyə getdi. Onlar döyüş meydanlarındakı şücaətləri ilə göstərdilər ki, bütün maneələrə baxmayaraq, Azərbaycan digər millətlərdən hərbi sahədə də geri qalmayıb. Amma müharibə başa çatdıqdan sonra xalqımız yenə ayrı-seçkiliyə məruz qaldı. Həqiqi hərbi xidmətə yollanan həmyerlilərimiz nizami hərbi hissələrə deyil, əsasən, təminat və təchizat bölmələrinə təyin olunurdular. Sərhədlərimizi qorumağı isə sovet hökuməti uzun illər özümüzə etibar etmədi...

 

Bakıda ilk hərbi məktəb

 

SSRİ-də 1971-ci ildə hərbi təmayüllü iki internat məktəbi fəaliyyət göstərirdi. Onlardan biri Naximov, digəri isə Suvorov adına Hərbi Təmayüllü məktəblər idi. Tədrisin rus dilində aparılması və məktəblərin respublikamıza uzaq olması azərbaycanlıların orada təhsil almasına əngəl yaradırdı.

Azərbaycan Maarif Nazirliyi və respublika Hərbi Komissarlığı Azərbaycan KP MK Bürosunun 1971-ci il 29 aprel tarixli qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün həmin ilin 16 iyununda müraciət hazırladı. Müraciət dərhal müzakirə edildi. 1971-ci il 20 iyulda “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” Azərbaycan KP MK Bürosu tərəfindən qərar qəbul olundu. 1971-ci ilin noyabrında keçirilən məktəbin təntənəli açılış mərasimində Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev iştirak etdi. O söylədi ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı verilir.

Beləliklə, 1971-ci ildə Heydər Əliyevin təşşəbüsü ilə Bakıda ilk hərbi məktəb fəaliyyətə başladı. Bakı şəhərindəki 2 saylı 8 illik İnternat məktəbinin bazasında yaradılan hərbi məktəb o vaxtdan hərbçi kadrların hazırlanmasında mühüm işlər gördü. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasının qoyulması gənclərimizdə hərbi vətənpərvərlik tərbiyəsinin düzgün təşkilinə, hərb işinə marağın artmasına təkan verdi.

Fəaliyyətinin ilk illərində dəfələrlə SSRİ Maarif Nazirliyi tərəfindən bu məktəbdə yoxlamalar aparıb təhsilin təşkili ilə yaxından tanış oldular. Hərbi məktəb dönə-dönə nazirliyin fəxri fərmanları ilə təltif edildi. İdman yarışlarında ən yüksək pillələrə nail oldular. Beləliklə, respublika rəhbərliyinin qayğısı nəticəsində 1970-ci illərdən Cəmşid Naxçıvanski adına Məktəb SSRİ miqyasında uğurla fəaliyyət göstərən təhsil ocaqlarından birinə çevrildi.

1997-ci il noyabrın 24-də Heydər Əliyevin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırıldı.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 9 aprel 1998-ci il tarixli əmri ilə həmin il Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı açıldı. Ölkə rəhbərinin 27 fevral 2004-cü il tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv olundu. Onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı. Hər iki təhsil ocağı - Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına lisey dövlət təminatında olan internat tipli tam orta təhsil müəssisəsidir. Liseylərə sentyabr ayının 1-nə 14 yaşı tamam olan və 16 yaşına çatmayan 8-ci sinfi bitirən şagirdlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında test imtahanlarını verməklə daxil olurlar. Hərbi liseydə təhsil müddəti 3 ildir. Həmin müddətdə müdavimlərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 21 fənn tədris edilir. Burada kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində imkanlarını inkişaf etdirirlər.

Bu gün liseydə vətənpərvər gənclərin hərb sənətini öyrənmələri üçün hər cür imkan yaradılıb. Tədrisin təşkilində  zabit və müəllim heyəti iştirak edir. Liseydə yüksək tələblərə cavab verən maddi-texniki bazanın yaradılması tədris prosesinin keyfiyyətini yüksəldir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hərbi təhsil ocağının minlərlə məzunu ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunmasında iştirak etdi. Onlar Qarabağ müharibəsində böyük rəşadət göstərdilər. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif edildi. 8 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görüldü.

Azərbaycan gənci vətənpərvər ruhda böyüyüb tərbiyə alır. Onların arasında  hərbi biliklərə də yiyələnmək istəyənlərin sayı ildən-ilə artır. Belə bir zamanda general Cəmşid Naxçıvanskinin adını daşıyan bir məktəbdə oxumaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Çünki gedəcəkləri yol, görəcəkləri işlər müqəddəs amala xidmət edir. Çünki onlar Vətənimiz Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün keşiyində dayanırlar.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM