18 May 2021 00:33
889
Mədəniyyət
A- A+

Qarabağın zirvə tacı

 

Azərbaycanın hər bir guşəsi özünün əsrarəngiz təbiəti, səfalı havası, zəngin mədəni irsi ilə həmişə özgələrin gözlərini qamaşdırıb, nəfislərinin və tamahlarının qurbanına çevrilib. Şuşa isə bir aləm olub, daim əsrarəngiz libasa bürünüb ilin bütün fəsillərində, qonaq-qaralı olub. Bir dəfə Şuşaya yolu düşən bu zirvələr səltənətinə valeh olaraq  həmişə geri dönmək arzusu ilə yaşayıb...

Mədəniyyət, o cümlədən musiqi beşiyi olan Şuşa dünyaya korifey sənətkarlar yetirməyi ilə də tanınıb və sevilib. Bu qədim Azərbaycan şəhərindən kimlər gəlib keçməyib ki: dost da, düşmən də, səyyah da, musiqişünas da, etnoqraf da bu yerlərin vurğunu olub.

Hər kəs öz qəlbinin gözü ilə bu şəhərə göz yetirib, dəyər verib. Azərbaycan musiqisinin beşiyi, iyirminci yüzilliyin əvvəllərindən “Qafqazın konservatoriyası” adlandırılan Şuşa, sözün əsl mənasında, könül rahatlığı guşəsi idi. 1925-ci ildə Bakıda Cabbar Qaryağdıoğlunu dinləyən məşhur rus şairi Sergey Yesenin heyranlıqla deyib: “Əbəs yerə demirlər ki, əgər oxumursansa, deməli, şuşalı deyilsən”.

...Şuşa tarixən Qarabağın zirvə tacı olub. Onu çirkin niyyətli daşnaklar ələ keçirmək üçün min bir hiyləyə əl atıb, yüz il boyunca tələ qurub. Təəssüf ki, 1992-ci il may ayının 8-də Şuşa erməni vandallarının əlinə keçmişdi.

O, Azərbaycana görkəmli söz və muğam ustaları, mədəniyyət xadimləri, bəstəkarlar, musiqiçilər bəxş edib. Onun işğalı ilə mədəniyyətimizə, bu şəhərlə bağlı zəngin irsimizə ağır zərbə vurulub. Şuşada çoxlu tarixi-mədəni abidələrimiz, mədəniyyət ocaqlarımız məhv edilib. Nə yaxşı ki, o ağır günlərdə Xalça muzeyinin Şuşa filialında saxlanılan 300-ə qədər nadir nümunələr böyük çətinliklə olsa da, şəhərdən çıxarılaraq Bakıya gətirilmişdi.

Şuşanın 7 uşaq musiqi məktəbi, 1 uşaq incəsənət məktəbi, rəsm qalereyası, 3 mədəniyyət evi, 20 kitabxanası, 2 klubu, 1 mərkəzləşmiş kitabxana sistemi və onun da 12 filialı var idi. Şuşasız illərində şuşalı incəsənət ustaları, yaradıcı gənclər Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi bütün festival və müsabiqələrə, həmçinin beynəlxalq mədəni tədbirlərə qatılıb. Şuşanın tarixi abidələrini əks etdirən rəsmlərdən ibarət sərgilər təşkil olunub. Şuşa Dövlət Rəsm Qalereyası öz fəaliyyətini davam etdirib. Qalereyada rayonun təbiət mənzərələrinin rəsmləri və tarixi abidələrin işğala qədər olan vəziyyətini əks etdirən fotolar nümayiş etdirilib.

Məşhur Şuşa qalasının əsası 1750-ci ildə birinci Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Qalanın tikilməsinin 270 illiyi tamam olacaq. Pənahəli xan mədəniyyətə, şəhərsalma işlərinə böyük diqqət ayırırmış. Sarayda həmin dövrün tanınmış simaları xidmət göstəriblər. Ərdəbil şəhərindən Şuşaya gəlmiş memar Kərbəlayı Səfixan Qarabaği bu şəhərdə tarixi binaların, yolların salınmasında iştirak edib. Şəhərin küçələri bülöv daşları ilə örtülüb. Burada 17 məhəllə salınmışdı ki, hər birinin də öz hamamı, məscidi, bulağı, təndirxanası var idi.

XIX əsrin ikinci yarısından böyük musiqi mərkəzinə çevrilmiş Şuşa öz məlahətli səsləri və böyük sənətkarlıqları ilə tanınan Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov kimi məşhur xanəndələr yetirib Azərbaycana. Şuşada xanəndəlik sənəti ilə bağlı Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov kimi gözəl tar, kamança ifaçıları da yetişib.

Bütün bunlar hələ hamısı deyil. Şuşa eyni zamanda bir çox peşəkar bəstəkarların da yurdudur. Bu şəhər Azərbaycan mədəniyyətinə Üzeyir bəy Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyli, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov və digər ölməz sənətkarlar bəxş edib.

XIX yüzillik Şuşada ədəbi mühitin də qızıl dövrü olub: böyük şairə Xurşidbanu Natəvan, rəssam, tarixçi, şair Mir Möhsün Nəvvab, sonralar Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi yazıçı-dramaturqlar da məhz bu şəhərdən pərvazlanıblar. Bütün bu faktlar bir daha göstərir ki, Şuşa mühitində formalaşan parlaq şəxsiyyətlər Azərbaycan mədəniyyətinin inkişafında öz imzalarını qoyaraq, ona dünya şöhrəti gətiriblər.

...Acı təəssüflə onu da qeyd etməyə məcburuq ki, 1992-ci il may ayının 8-dən Azərbaycanın bu dilbər guşəsi Ermənistan silahlı qüvvələrinin işğalı altına düşdü. 28 il Şuşanın dağlarının başını nisgil dolu, qüssə-kədərə bürünmüş duman-çən örtdü. Şuşalılar doğma el-obasından didərgin düşərək respublikanın 50-dək şəhər və rayonunda məskunlaşdılar.

289 kvadratkilometr ərazisi olan Şuşada işğaladək 25 min nəfərə yaxın əhali yaşayırdı. Şuşanın işğalı zamanı şuşalılar 200-ə yaxın şəhid verib, 150 nəfər isə əlilə çevrilib. Əsir götürülmüş 68 şuşalının taleyi hələ də bilinmir. 552 körpəsi yetim qalan şuşalıların 22 min nəfəri öz yurdundan didərgin düşüb.

Şəhərin kənarında dərin Daşaltı dərəsinin üstündə yerləşən Cıdır düzü xüsusilə cazibədardır. Bu məşhur yerdə tarixən musiqi festivalları, bayramları təşkil edilib. Cıdır düzündən bir qədər aşağıda “Qırx pilləkən” deyilən dik pilləli yol Daşaltı çayına aparır. “Xəzinə qala” mağarası da orada yerləşir.

Şuşada ilk tamaşa 1848-ci ildə səhnələşdirilib. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında Məcnunun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev qoyub.

Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrini sadalamaqla qurtarmaz. Burada təkcə rəsmi qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi, Xurşidbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Böyükxanımın qəsrləri, “Gəncə darvazaları”, qala divarı və s. var idi.

Güllələnmiş heykəllər isə 28 il xalqımızın mədəniyyətinə və mənəviyyatına ermənilər tərəfindən vurulan mənəvi zərbə olsa da, qiyamətə qalmayan qisas kimi yazıldı tariximizə.

İndi isə səmasında qartalları qıy vuran qalalar şəhəri Şuşada musiqi bayramı keçirilir...

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video