07 Aprel 2021 00:56
782
İQTİSADİYYAT
A- A+

“Qarabağ”dakı  norveçli  tərəfdaşımız

 

“Equinor”  Azərbaycanda fəaliyyətini yeni enerji layihələri ilə genişləndirir

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Norveçin “Equinor” (keçmiş  “Statoyl”)  şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə də  “Qarabağ” yatağının işlənməsindən  bəhs olunub.

Bu iki şirkət  layihəni bərabər pay bölgüsü əsasında həyata keçirir. Görüşdə eləcə də “Dan Ulduzu”-”Əşrəfi”-”Aypara” perspektivli strukturlarında aparılmış ilkin kəşfiyyat işlərinin nəticələri və növbəti addımların planlaşdırılması müzakirə edilib.

Adıçəkilən üç perspektivli strukturda kəşfiyyat işlərinə 2018-ci ilin ikinci yarısında başlanıb. 2019-cu ildə burada ikiölçülü və  üçölçülü seysmik kəşfiyyat işləri tamamlanıb. Nəticələr 2020-ci ildə emal olunub, hazırda onların təhlili davam edir. İnterpretasiya prosesinin ilkin yekunları bu strukturlarda neft-qaz ehtiyatlarının gözlənildiyindən daha yüksək olduğunu göstərir. Qarşıdakı dövrdə ehtiyatların dəqiqləşdirilməsi məqsədilə kəşfiyyat qazması həyata keçirilə bilər.

Yeni perspektivli strukturlarda əldə olunmuş müsbət nəticələrin “Qarabağ” layihəsinin inkişaf planına  yenidən baxmaq zərurətini yaratması mümkündür.

Bunun üçün SOCAR və “Equinor” şirkətlərinin birgə işçi qrupu yaxın həftələrdə  layihənin davamı ilə bağlı müxtəlif variantları nəzərdən keçirəcək, “Qarabağ”ın işlənməsinin yeni kəşf ediləcək yataqların işlənməsi ilə sinerji imkanlarını araşdıracaqlar.

“Qarabağ”  yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. O vaxt burada 3 quyu qazılıb. Lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmayıb və nəticədə kontrakta xitam verilib. Beləliklə, həmin tərəfdaşlar “Qarabağ”ı tərk ediblər. Azərbaycan mütəxəssisləri isə yatağın böyük potensialı barədə öz fikirlərində israrlı idilər və zaman bunu sübuta yetirdi. Sonralar SOCAR və Norveçin “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə “Qarabağ” məhz neft yatağı kimi kəşf edilib.

Prezident İlham Əliyev   növbəti illərdə “Qarabağ”ın  və digər yataqların uğurla istismar  olunacağına, ölkəmizə böyük fayda verəcəyinə   əminliyini ifadə edib, layihə üzrə  görülmüş işləri yüksək dəyərləndirib: “Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi, əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik”.

“Qarabağ” yatağından 2022-ci ilin sonlarında ilk karbohidrogenlərin hasil ediləcəyi gözlənilir. Bir sıra geoloji amillər deməyə əsas verir ki, burada 60 milyon tondan daha böyük həcmdə təbii ehtiyatlar var. Yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur.

Xatırladaq ki,  “Equinor”  və SOCAR  Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və sözügedən üç perspektiv sahədə kəşfiyyat və hasilatın təşkili üzrə əməkdaşlıq edirlər.  Norveçli  tərəfdaşımız bundan əvvəl də ölkəmizdə həyata keçirilən qlobal  layihələrdə sanballı  iştirak payı alıb.  Belə ki, şirkət “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsi layihəsində  7,27   faiz  paya malikdir. O, eləcə də 8,71 iştirak payı ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin  11 səhmdarından biridir.

SOCAR-dakı görüşdə Azərbaycanın “Equinor” üçün mühüm bir ölkə olduğu vurğulanıb. Şirkətin ölkəmizdəki əməliyyatlarını inkişaf etdirmək niyyətində olduğu bildirilib. Həmçinin hazırkı onillikdə neft-qaz qiymətlərinin yüksək olacağını təsbit edən proqnozlar haqqında fikir mübadiləsi aparılıb. Birgə işlənilən yataqlarda hasilatın pik dövrünə məhz bu dövrdə nail olmağın əhəmiyyəti qeyd edilib. Buna görə kəşfiyyat və qazma işlərinin sürətləndirilməsi xüsusi vurğulanıb.

“Equinor”un beynəlxalq kəşfiyyat və istehsalat üzrə icraçı vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Energetika Nazirliyində  də görüş keçirilib. Şirkətin Azərbaycanda iştirak etdiyi layihələr və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. Energetika naziri Pərviz Şahbazov “Equinor”un ölkəmizdə uzunmüddətli fəaliyyətindən bəhs edərək, enerji əməkdaşlığına töhfələr verdiyini deyib. Neft-qaz sektoru üzrə əməkdaşlıqla yanaşı, bərpaolunan enerji sahəsinin inkişafına təkan verəcək birgə layihələrin həyata keçirilməsi də müzakirə edilib.

Ölkəmizdə bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, bu istiqamətdə investisiya qoyuluşunun təşviqi ilə bağlı görülən işlər və reallaşan layihələr barədə danışılıb. “Yaşıl enerji” sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi  qeyd olunub. “Equinor”un bərpaolunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisindən istifadə sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verilib. Şirkətin bu sahədə geniş təcrübəyə malik olduğu nəzərə çatdırılıb.

Bütün bunlar o deməkdir ki, “Equinor”un ölkəmizlə əməkdaşlığının və tərəfdaşlığının  yeni üfüqləri görünür.

    

Flora  SADIQLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video