10 Avqust 2021 01:03
2510
SİYASƏT
A- A+

Qarabağ zəfəri iqtisadi yüksəlişə zəmin yaradıb

 

Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi layihələr uğurla reallaşmaqdadır

 

“Postmüharibə dövrü çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Deyə bilərəm ki, postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik. Əlbəttə, qonşu ölkələrlə daim təmasda olmaq şərti ilə və onların narahatlığını nəzərə almaq şərti ilə”.

Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqları dəyərləndirən Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi hədəflər bu gün uğurla reallaşmaqdadır.

 

Yüksələn iqtisadi imkanlar

 

Son 18 ildə yaranan potensial Azərbaycana Cənubi Qafqazın və ətraf regionun iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Azərbaycan regional iqtisadiyyatın lokomotivi olaraq dünyada enerji təhlükəsizliyi ilə bağlı etibarlı tərəfdaşlardan birinə çevrilib. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın regionda iqtisadi rolunu daha da yüksəldib, ölkəyə böyük uğurlar qazandırıb.

Düzdür, qlobal pandemiya dövründə iqtisadiyyatımız zərər görüb. Amma bu böhran ölkəmizin ümumi sosial-iqtisadi inkişaf tempinə, hətta regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına belə təsir göstərə bilməyib. Ölkədə heç bir sosial layihə təxirə salınmayıb.

Təkcə son 6 ayın statistik göstəricilərinə nəzər yetirsək görərik ki, artıq bəzi sahələrdə yüksəliş də var. Ölkə iqtisadiyyatı 2 faiz, qeyri-neft sektoru 5 faiz, qeyri-neft sənayesi 16,6 faiz, kənd təsərrüfatı 5,6 faiz artıb. Valyuta ehtiyatlarımız 1 milyard dollar artaraq 52 milyarda yüksəlib. Hazıda valyuta ehtiyatlarımız xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu nailiyyətlər, əlbəttə ki, İlham Əliyevin uğurlu siyasəti hesabına əldə edilib.

Bu gün isə qalib dövlət kimi Azərbaycanın qarşısında çox böyük imkanlar açılıb. Bunu nəzərə alan dövlət başçısı növbəti illərdə hərtərəfli tərəqqi üçün yeni milli prioritetlər müəyyənləşdirib. Bütün dövrlərdə baş verə biləcək neqativlərə qarşı əvvəlcədən tədbirlər görən, mühüm qərarlar qəbul edən Prezident İlham Əliyev yeni dövrdə Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, növbəti onillikdə sosial-iqtisadi inkişafının yüksəlişinin təmini üçün yol xəritəsi hazırlayıb.

Sosial-iqtisadi inkişafa dair hazırlanan prioritetlər özündə beş istiqaməti cəmləşdirir - dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi...

Qarşıdakı 10 illik müddəti əhatə edən bu vacib iqtisadi sənəd eyni zamanda postmüharibə dövrünün reallıqlarını özündə əks etdirir.

 

Regionun inkişafı üçün böyük imkanlar mövcuddur

 

44 günlük Vətən müharibəsindən 9 ay ötür. Bütün diqqətlər artıq gələcəyə yönəlib. Çünki postmüharibə dövrü əməkdaşlıq, kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin yaradılması üçün nadir imkanlar yaradıb.

Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, regionun inkişafı naminə icra ediləcək hər bir layihə özündən sonra digər layihənin reallaşmasına real zəmin yarada bilər. Bu gün isə, həqiqətən də, regionun gələcək inkişafı üçün böyük imkanlar mövcuddur. Bu imkanların reallığa çevrilməsi üçün ilk növbədə uzunmüddətli sülhün təmin edilməsi vacib şərtlərdən biridir. Lakin məğlub Ermənistanın son dövrlərdəki davranışı onu deməyə əsas verir ki, bu ölkə sülh sazişi imzalamamaq üçün əvvəlki, dövrlərdə olduğu kimi, müxtəlif oyunlara əl atır. Görünən odur ki, Ermənistan çox yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmaq istəmir. İşğal siyasəti yeritməsinə baxmayaraq, Ermənistana indiyədək humanist yanaşma nümayiş etdirən Azərbaycan münasibətlərin normallaşması üçün səylər göstərməkdə davam etsə də, bu ölkə vəziyyəti gərginləşdirməkdə israrlıdır. Bölgədəki sülhə hər zaman təhdid olan Ermənistan, həmişə olduğu kimi, yenə də boynuna götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınaraq ancaq təxribatlar törətməklə məşğuldur.

Son günlər ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə ardıcıl təxribatlara əl atması qonşu ölkənin vəziyyəti qəsdən gərginləşdirmək istəyinin sübuta ehtiyacı olmayan dəlilidir. Rəsmi Ermənistan Azərbaycanın sülh sazişinin bağlanılması çağırışına reaksiya vermir.

Buna baxmayaraq, hazırda Ermənistanın da siyasi gündəliyini böyük dərəcədə Azərbaycan formalaşdırır. Prezidentin də söylədiyi kimi Ermənistan bizim gündəliyimizin heç 0,1 faizini də formalaşdıra bilmədiyi təqdirdə Azərbaycan hazırda məğlub ölkənin siyasi gündəliyini formalaşdırır. Bu gün Azərbaycan siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil edib. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında materiallar yazırlar.

Prezident İlham Əliyev bütün çıxışlarında, müsahibələrində qeyd edir ki, əgər Ermənistan sülh istəyirsə, müqavilə imzalamalıdır. Bundan sonra danışıqlar başlaya bilər.

Əgər məğlub ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb sülh müqaviləsi imzalayarsa, sərhədlərin delimitasiyası həll oluna bilər. Bununla da Avropa İttifaqının, Türkiyə və Rusiyanın gündəliyi ilə vəhdət təşkil edən məsələ də həllini tapa bilər.

Amma Ermənistan havadarlarına arxalanaraq yenə də özü üçün qorxulu oyunlar oynamaqda davam edir. Məğlub ölkə unudur ki, İlham Əliyevin dəmir yumruğu istənilən zaman onun başına zərbə endirə bilər. Azərbaycan Prezidentinin söylədiyi kimi: “Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.

Mövcud vəziyyəti qiymətləndirən İlham Əliyev deyir ki, artıq regionun gələcək inkişafı üçün nadir imkanlar yaranıb. Nikbinliyə səbəb olan digər amil odur ki, qonşu dövlətlər də Azərbaycanla eyni mövqeni bölüşürlər. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur.

Postmüharibə dövrü, doğrudan da, yeni imkanlar açır. Əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox geniş imkanlar yaradır. Əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir. Digər qonşu ölkələrin də maraqlarına cavab verən bu proseslə Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.

İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyası əsasında Azərbaycan öz gələcək yüksəlişinin gündəliyini qəbul edib və indi bütün proseslər bu gündəlik əsasında davam edir. Prezident də xüsusi olaraq qeyd edir ki, Azərbaycan həm müharibə, həm də postmüharibə dövründə istədiyinə nail olub.

Onu da qeyd edək ki, İlham Əliyevin həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürü var. Prezident bəyan edir ki, bütün sahələrin yüksəlişi üçün konseptual yanaşma mövcuddurr. Artıq qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video