14 Mart 2021 00:56
2133
SİYASƏT
A- A+

Qarabağ böyük investisiya məkanına çevrilir

 

Beynəlxalq təşkilatlar, xarici sərmayəçilər burada reallaşacaq layihələrə maraq göstərirlər

 

Azərbaycan 44 günlük Vətən müharibəsindəki şanlı Qələbədən sonra regionda qüdrətli geoiqtisadi güc mərkəzlərindən birinə çevrilməkdədir. Hazırda bölgədə yaranmış yeni iqtisadi və siyasi konfiqurasiya dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq iqtisadi təşkilatların diqqət mərkəzindədir.

Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəldib.

 

Strateji valyuta ehtiyatlarımız 51,2 milyard dollara yüksəlib

 

Son 17 ildə İlham Əliyevin müəllifi olduğu mühüm layihələrin, imzaladığı fərman və sərəncamların icrası, həyata keçirdiyi iqtisadi islahatların uğurlu nəticələri Azərbaycanın sürətli inkişafını təmin edib, ölkəmizin dünyanın reytinq hesabatlarında öncül yerlərdə sıralanmasını şərtləndirib.

Davos İqtisadi Forumunun hesabatına nəzər yetirsək görərik ki, Azərbaycan  iqtisadi inkişaf  və infrastruktur layihələrinin icrası baxımından inkişaf etmiş ölkələri qabaqlayıb.  Özü də bütün bunlar dövlətin öz hesabına reallaşıb, yəni Azərbaycan kimdənsə kömək istəməyib, borc almayıb.

Bu gün Azərbaycanın valyuta ehtiyatları xarici borcdan 5-6 dəfə çoxdur. 2020-ci ildə beynəlxalq konyunkturun əhəmiyyətli dərəcədə pisləşməsinə baxmayaraq, Azərbaycanın strateji valyuta ehtiyatları artıb. Nəticədə ölkənin valyuta ehtiyatları 51,2 milyard  ABŞ dollarına çatıb.

Bu həm də o deməkdir ki, Azərbaycan dövləti bütün xarici borcu ödəyə bilər. Prezidentin söylədiyi kimi, bu nailiyyətləri Azərbaycan əraziləri işğal olunmuş, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanıb.

 

Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzi

 

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal iştirak edir və  Avrasiyanın əsas və etibarlı logistika mərkəzlərindən birinə çevrilib.

İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn  Zirvə toplantısında İlham Əliyev bu məsələyə toxunaraq qeyd etmişdir ki, Azərbaycan öz tərəfdaşları ilə birgə ölkəmizin nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirb və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaradıb.

Bununla yanaşı, Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən əsas ölkədir. 2020-ci il dekabrın 31-də istismara verilən və yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda olan “Cənub qaz dəhlizi” dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.

Ermənistan üzərində şanlı Qələbədən sonra isə Azərbaycan bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlayıb. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Əgər Ermənistan 10 noyabr Bəyannaməsinin şərtlərinə əməl edərsə, bu ölkə də regionda gedən prosesdən faydalana bilər. Əks təqdirdə yenə də bütün layihələrdən kənarda qalacaq.

Bu layihələrdən ən mühümü Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni nəqliyyat dəhlizi yaranacaq. Bu layihə regionda nəqliyyat sektorunda yeni imkanlar açacaq. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib.

 

Regionun inkişafında yeni dövr başlayıb

 

Martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yeni prezidenti Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edən İlham Əliyev bir daha İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyəti izah edib və Azərbaycanın qarşıdakı illərdə reallaşdıracağı layihələr barədə məlumat verib.

Xatırladaq ki, Azərbaycan AYİB ilə 30 ildə çox güclü tərəfdaşlıq əlaqələri qurub. Bank iqtisadiyyatın şaxələndirilməsində Azərbaycana dəstək verib. 3 milyard avrodan çox məbləğdə layihələrin maliyyələşdirilməsi bunu təsdiq edir.

Prezident vurğulayıb ki, hazırda əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Artıq böyük tikinti-quruculuq işlərinə start verilib. Hazırda Qarabağda beynəlxalq hava limanı, avtomagistrallar tikilir, dəmir yolu xətləri inşa edilir. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün enerji təchizatı 100 faiz tamamlanacaq. Digər əhəmiyyətli layihələr də gerçəkləşdiriləcək. Azərbaycan bu məsələlərdə də Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənir.

Qeyd edək ki, bir müddət öncə İlham Əliyev işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan edib. Azərbaycan əsasən su, günəş və külək kimi bərpaolunan enerji mənbələrindən istifadə etməyi planlaşdırır. Çox güman ki, bu layihələrin reallığa çevrilməsində AYİB-nin dəstəyi olacaq. 

Prezident bununla bağlı bildirdi: “Bərpaolunan enerji mənbələri baxımından orada böyük potensial var. Başqa sözlə, bu, Azərbaycanın və regionun inkişafında yeni bir dövr və ya hətta yeni bir eradır. Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır”.

AYİB-nin yeni prezidenti Odil Reno-Basso isə təşkilatın Azərbayanla  enerji sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirib. O, AYİB-nin Azərbaycan hökuməti ilə külək və günəş enerjisi sahələrində əməkdaşlıq etdiklərini deyərək bu sahədə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Görüşdə nəqliyyat, bərpaolunan enerji, telekommunikasiya, bank sektoru və  digər sahələrdə həyata keçirilən layihələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Göründüyü kimi, həm İqtisadi Əməkdaşlıq Təşkilatının  üzv ölkələri, həm də AYİB artıq Azərbaycanın yeni layihələri ilə yaxından maraqlanmağa başlayıblar. 

Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zaman İlham Əliyev bir daha vurğulamışdı ki, iqtisadi sahədə başlanan yeni dövr göz qabağındadır. Artıq Qarabağda böyük bərpa işlərinə başlanılıb. Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi təlimatı da verilib. Tezliklə xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gəlib yeni-yeni layihələrə sərmayə yatıracaqlar. Bu da əlbəttə ki, Azərbaycan iqtisadiyyatının yüksəlişini və saxələnməsini  şərtləndirəcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video