01 May 2021 00:33
1995
SİYASƏT
A- A+

Qalib Sərkərdə Zəngilandan mesaj verdi: Qarabağın yollarını çəkib Zəngəzur dəhlizinə keçəcəyik 

 

Qarabağda tikinti bumu başlayıb. 44 günə “dəmir yumruq” əməliyyatı ilə bu torpaqları düşməndən təmizləyən İlham Əliyev indi dəmir iradə ilə qurub-yaratmaqla məşğuldur.

Tez-tez Qarabağa səfər edib görülən işlərlə şəxsən maraqlanması, böyük infrastruktur layihələrinin təməlini qoyması, iştirak etdiyi toplantılarda, keçirdiyi görüşlərdə dost və tərəfdaş ölkələrin şirkətlərini Qarabağa investisiya yatırmağa dəvət etməsi bir daha Prezidentin gündəliyinin prioritetinin işğaldan azad edilmiş əraziləri cənnətə çevirməkdən ibarət olduğunu göstərir.

Cəbrayıl və Zəngilana növbəti səfəri zamanı İlham Əliyev hər bir azərbaycanlını qürurlandıracaq addımlar atdı. Zəngilanda Beynəlxalq Hava Limanının və Zəngilan-Horadiz avtomobil yolunun, həmçinin “ağıllı” kənd pilot layihəsinin təməlini qoydu.

“Böyük Qayıdış”a start verən İlham Əliyev dosta da, düşmənə də mesaj verdi: Qarabağı dəmir yumruqla aldığı kimi, quruculuğuna, dirçəlişinə də  memarlıq edir və bunun üçün lazımi gücü, qüvvəsi də var! 

 

Füzuli və Zəngilandan sonra Laçında da hava limanı tikiləcək

 

Zəngilanda yeni hava limanının tikintisi ilə işğaldan azad edilmiş torpaqlarda ikinci hava limanının inşasına start verildi. Bundan öncə İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoymuşdur və bu gün tikintisi uğurla gedir.

Prezident bu il Füzuli hava limanının uçuş-enmə zolağının istismara veriləcəyinin müjdəsini də verdi. Bu isə o deməkdir ki, 2021-ci ildə Füzuli aeroportu ilk təyyarələri qəbul edə biləcək.

Coğrafi yerləşməsi və əlverişli nəqliyyat-logistika imkanları Zəngilan rayonunun da bu istiqamətdə güclü potensialının olduğunu göstərir. Ona görə də İlham Əliyev bu rayonda da hava limanının inşası barədə qərar verib. Bu səfər çərçivəsində isə limanın təməlini də qoyaraq növbəti aereportun Laçında inşa olunacağını söylədi və bu hava limanlarının əhəmiyyətini dəyərləndirdi: “Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.

Horadiz-Zəngilan avtomagistral yolu isə geniş imkanlar açacaq. Yəni Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvanla birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti var.

Ümumiyyətlə, Avrasiya  geoiqtisadi arealında Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verən Azərbaycan beynəlxalq nəqliyyat-logistika məkanlarından biri hesab olunur.

Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi və əlverişli geosiyasi, coğrafi mövqe Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaradıb. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.

İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən, Azərbaycanın iştirakçısı olduğu digər qlobal miqyaslı layihələr, həqiqətən də, ölkəmizin dünya miqyasında siyasi, iqtisadi çəkisini daha da artırıb. Azərbaycan məhz bu reallıqlara görə ən etibarlı tərəfdaş kimi qəbul edilir.

İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib.  Yəni Ermənistan “Zəngəzur nəqliyyat dəhlizi”nin gerçəkləşməsini təmin etməlidir. Bu dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yendən qayıdışını təmin edəcək.

Razılaşdırmaya əsasən, Ermənistan Azərbaycanın qərb bölgələri ilə muxtar respublika arasında nəqliyyat əlaqəsinin qurulmasına zəmanət verir. Bəyanatın şərtinə əsasən, Zəngəzur dəhlizi Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaq.

 

İlham Əliyev dost və tərəfdaş ölkələrə çağırış etdi

 

Zəngəzur dəhlizinin yaradılması layihəsinin birbaşa müəllifi olan İlham Əliyev müharibədən sonra  iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, görüşlərdə dost və strateji tərəfdaş olan ölkələri, xüsusən də Türk Şurasının, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərini bu dəhlizin yaradılması prosesinə töhfə verməyə dəvət edib.

Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin bütün türk dünyasını birləşdirəcəyini, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacağını xüsusi vurğulayan İlham Əliyev aprelin 26-da  Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri də bu nəqliyyat dəhlizinin potensialını nəzərdən keçirməyə çağırdı. Prezident işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən layihələr barədə tərəfdaş ölkələri məlumatlandıraraq dedi ki, əksər istiqamətlərdəki yenidənqurma prosesi çərçivəsində “ağıllı” şəhər, “ağıllı” kənd və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Ona görə də İlham Əliyev dost ölkələrdən olan şirkətlərə də təkliflər irəli sürərək bu layihələrin reallaşması prosesinə, yəni irimiqyaslı yenidənqurma işlərinə dəvət etdi.

BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında çıxış edən Prezident hazırda Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində iş görüldüyünü söylədi. İlham Əliyev bəyan etdi ki, bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək: “Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

 

Türkiyə, Çin, İsrail və İtaliya şirkətləri Qarabağda

 

Müharibədən sonra Prezidentin dost ölkələrə müraciəti öz müsbət nəticəsini  göstərir. Bu gün bir çox ölkənin böyük şirkətləri Qarabağda icra olunan layihələrə töhfə verir. Zəngilanda “ağıllı” kənd pilot layihəsinin təməlinin qoylması mərasimində bir çox layihənin gerçəkləşmə prosesində iştirakçı dost ölkələr görünür.

Hazırda Qarabağda reallaşan layihələrin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri iştirak edirlər. Çox güman ki, tezliklə onların sayı artacaq.

Bu dost ölkələrlə Azərbaycan arasında olan əməkdaşlığı yüksək dəyərləndirən İlham Əliyev əmin olduğunu bildirdi ki, bütün layihələr uğurla icra ediləcək: “Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də, yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası, sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik”.

Bütün bunlar isə göstərir ki, İlham Əliyev tək ölkəmiz üçün deyil, həm də region üçün gələcək qurmaqla bağlı təkliflər irəli sürür, yeni inkişaf strategiyası müəyyənləşdirir.

Artıq İlham Əliyev bu prosesə start verib və Azərbaycan yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik, proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlayıb. Bununla da Vətən müharibəsindən sonra da çox konstruktiv yanaşma nümayiş etdirən Azərbaycan öz öhdəliklərinə sadiq olduğunu bir daha nümayiş etdirir.

Bu gün mühüm hədəflərdən biri işğaldan azad edilmiş torpaqlarımızda bərpa, quruculuq işlərinin sistemli şəkildə reallaşması və yüksəliş dövrünün başlanmasıdır. Prezidentin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasının beş milli prioritetinin bir istiqaməti də Qarabağın dirçəlişi prosesinə istiqamətlənib. Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyənləşdirilməsində Azərbaycanın rolunu daha da gücləndirəcək.

 

Zəngəzur dəhlizi qitənin nəqliyyat xəritəsini dəyişəcək

 

Son 17 ildə İlham Əliyevin həyata keçirdiyi sistem xarakterli iqtisadi islahatlar və qlobal çağırışlara uyğun olaraq hazırlanmış strateji yol xəritələrinin icrası Azərbaycanı dünyanın əlverişli investisiya məkanlarından birinə çevirib.

Avrasiyanın əsas logistika mərkəzlərindən biri kimi qəbul edilən ölkəmiz şimaldan cənuba və şərqdən Qərbə yüklərin daşınmasında mühüm nəqliyyat qovşağı kimi tanınır. “Zəngəzur nəqliyyat dəhlizi”nin reallığa çevrilməsi isə əlbəttə ki, ilk növbədə regionda sabitliyi möhkəmləndirəcək və Azərbaycanın logistik imkanlarını daha da şaxələndirəcək.  Bu,  həm region ölkələri, həm də dəhlizdən istifadə edəcək ölkələr üçün real imkanlar yaradacaq.

Cəbrayıl və Zəngilana səfəri çərçivəsində Mincivan qəsəbəsində olan Prezident bu dəhliz barədə maraqlı fikirlər səsləndirdi. Mincivanın əvvəlki şöhrətinin özünə qaytarılacağını vurğulayan İlham Əliyev həm dəmir, həm də avtomobil yollarının bərpa ediləcəyini söylədi: “Dəmir yolu yenidən qurulacaq, vağzal da həmçinin. Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvana qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək”.

İlham Əliyevin bir müddət öncə təməlini qoyduğu Horadiz-Ağbənd dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvanla Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcək.

Təbii ki, böyük coğrafiyanı əhatə edən beynəlxalq layihələrdə Azərbaycanın  imzasının olması İlham Əliyevin Qalib Sərkərdə kimi güc və qətiyyətinin, Prezident kimi isə uğurlu xarici siyasi diplomatiyasının bariz təcəssümüdür. Tezliklə bu dəhlizin fəaliyyətə başlaması ilə Azərbaycanın həm nəqliyyat-logistika imkanları genişlənəcək, həm də siyasi və iqtisadi qüdrəti daha da artacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video