11 Aprel 2021 00:19
809
SİYASƏT
A- A+

Qalib ordunun Ali Baş Komandanı

 

Tarixdə zaman-zaman münaqişələr, müharibələr baş verib. Bəzən ən igid, döyüşkən xalqların da əzəli torpaqları düşmən işğalına məruz qalıb. Xalqın böyüklüyü mübarizlik əzmini qorumasında, heç zaman işğalla barışmamasında, daim döyüşə hazır olmasındadır. Çünki döyüş ruhu qələbəyə zəmin yaradır. Haqqın, ədalətin sonunda yenə qalib gələcəyinə inamı yaşatmaq isə zəfərin başlanğıcıdır.

Otuz ilə yaxın Ermənistan silahlı qüvvələri XX əsrin sonuncu onilliyində işğal etdiyi torpaqlarımıza bizi həsrət qoydu. Məkrli və qəddar düşmən öz bəd əməlindən çəkinməsə də, Azərbaycan dövləti humanistlik göstərdi. Münaqişəni sülh yolu ilə həll etməyin tərəfdarı olduğunu bütün dünyanın gözü qarşısında hər zaman nümayiş etdirdi. Ancaq beynəlxalq təşkilatlar üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmədilər. Nəticədə, Ermənistan işğal altında saxladığı ərazilərimizi viran qoymaqdan, bütün tikililəri, eləcə də tarixi-mədəni, dini abidələrimizi dağıtmaqdan, yerlə yeksan etməkdən çəkinmədilər.

Azərbaycan xalqı hər zaman dövlətinin başçısı, Ali Baş Komandanı İlham Əliyevin əmrini gözlədi. Prezident İlham Əliyev ən yüksək kürsülərdən dönə-dönə bəyan etdi ki, biz heç zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq. Lazım gələrsə, döyüş yolu ilə ərazilərimizi erməni işğalçılarından geri alacağıq. Azərbaycan Prezidentinın öz çıxışlarında sərt şəkildə: “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!” deyə bəyan etməsi hər bir azərbaycanlının ürəyindən oldu.

Bu illər ərzində öz torpaqlarını geri qaytarmaq uğrunda mübarizə aparan Azərbaycan dövləti daha da qüdrətləndi. Ancaq bütün sahələrdə Ermənistandan güclü olduğunu bilə-bilə müharibəyə başlamadı. Ötən il sentyabrın 27-də Ermənistan dövləti sülh istəmədiyini, təxribatlardan əl çəkməyəcəyini bir daha sübut etdi. Həmin günün səhəri  Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutdu. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar oldu.

O gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək bu hücumun erməni faşizminin növbəti təzahürü olduğunu bəyan etdi. Dövlət başçısı düşmənin işğalçı siyasətini vurğuladı: “Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir”.

“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Dövlət başçısının çıxışının sonunda dilə gətirdiyi bu sözlərdə ifadə olunan zəfərimizə inam çox böyük və  sarsılmaz idi. Xalqda o anlardaca əminlik yarandı ki, yağı düşmənin başladığı bu müharibə haqqın qələbəsi ilə başa çatacaq, qalibiyyət Azərbaycanın olacaq!

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qismən səfərbərlik elan etdi. Dərhal minlərlə azərbaycanlı vətən torpağının işğaldan azad olunması uğrunda başlayan Vətən müharibəsində iştirak etmək üçün hərbi komissarlıqlara müraciət etdi.

44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri yenə müharibə cinayətləri törətdilər. Döyüş meydanında qorxaq olduqlarını, Azərbaycan əsgərlərindən çəkindiklərini gizlədə bilmədilər. Müzəffər Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan düşmən nəinki cəhbəyə yaxın, hətta uzaq məsafələrdə yerləşən ərazilərimizdə yaşayan günahsız insanlarımızı hədəfə aldı, onları öz evlərində qanlarına qəltan etdilər. Düşmən hər hiyləyə əl atdı. Amma məqsədinə nail ola bilmədi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, Azərbaycan xalqının öz rəhbərinə inamı, özünə hörməti, humanistliyi nəticəsində dünyanın gözləri önündə möhtəşəm bir tarix yazıldı.

Vətən müharibəsinin davam etdiyi, əksəriyyətimizin ailə üzvünün, yaxın qohumunun işğalçılara qarşı gedən qanlı-qadalı döyüşlərdə iştirak etdiyi həmin günlərdə hər kəs böyük inamla, sonsuz ümidlə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətini gözləyirdi. Bu müraciətlərin hər biri möhtəşəm zəfərə addım-addım yaxınlaşdığımıza bizi inandırırdı.

Nəhayət, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında bəyanat imzalandı. Dövlət başçısı doğma xalqına müraciətində həmin sənədin əhəmiyyətini açıqladı: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.

Ermənistanın məğlubiyyətini rəsmi şəkildə təsdiq edən bu bəyanat Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının, məğlubedilməz ordumuzun şanlı qələbəsinin nəticəsi oldu. Prezident İlham Əliyevin bu müjdəni fəxr və qürurla Azərbaycan xalqına çatdırdığı gün - 2020-ci ilin 10 noyabrı qürur tariximizə çevrildi. O gün Azərbaycan xalqı böyük fəxarət hissi ilə “Biz qalibik!”  dedi.

Müzəffər Azərbaycan Ordusu, qalib Silahlı Qüvvələrin Ali Baş Komandanı işğalçılığı əsas məqsədlərinə çevirmiş ermənilərin “böyük Ermənistan” xülyalarının nə qədər boş, cəfəng olduğunu bir daha göstərdi.

Gözlədiyimiz zəfər günü gəldi. 2020-ci il noyabrın 10-da İlham Əliyev xalqa müraciətində dedi: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq!”

Xalqımızın həmrəyliyi, böyük inamla Ali Baş Komandanın ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və rəşadəti tarixi qələbəmizin mənbəyi oldu. Düşmən bu birliyin qarşısında duruş gətirə bilmədi.

Vətən müharibəsi başa çatıb. Artıq on illər boyu böyük kədər, dərd içərisində qeyd etdiyimiz ərazilərimizin işğalı günləri də tarix kitablarının səhifələrində qalıb. Artıq Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq azad etdiyi torpaqlarımızda böyük quruculuq işlərinə başlanılıb. Azərbaycan Prezidenti dəfələrlə işğaldan azad edilmiş ərazilərimizə səfər edib.

Ötən il noyabrın 16-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldular. İlham Əliyev çıxışında vurğuladı: “Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video