17 Noyabr 2021 00:20
1289
SİYASƏT
A- A+

Qalib lider

 

İlham Əliyevin Zəfəri türkdilli dövlətlərin birliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verib

 

“...Bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir...”

Bəli, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü zamanı Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə 30 ilə yaxın  davam edən işğala “dəmir yumruq”la  bir həmlədə son qoyması,  bu qətiyyətli zərbəsi ilə 100 ildir ki, xarici məkrli qüvvələr tərəfindən türk dünyası arasına zorla pərçim edilmiş süni “erməni səddi”ni darmadağın etməsi səbəbindən layiq görülüb. İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi parlaq Zəfərlə həm də tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyasını bərpa etdi. Azərbaycan Prezidentinin qətiyyəti, əzmi, siyasi iradəsi ilə qazanılan bu şanlı qələbə türk birliyinin daha da güclənməsi üçün yeni yollar açan möhtəşəm tarix kimi türk dünyasının salnamələrinə qızıl hərflərlə yazıldı.

 

Bu qələbənin reallıqları türk coğrafiyasını daha da sıx birləşdirəcək

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Ordenini əbədi türk birliyinin yeni və möhkəm təməllərini atan İlham Əliyevə təqdim edərkən Müzəffər Ali Baş Komandan deyə müraciət edərək söylədi ki, “qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”.

2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da işğalçı Ermənistanın kapitulyasiya aktı imzalaması ilə başa çatan 44 günlük Vətən müharibəmiz Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi, eyni zamanda türk dünyasının birliyini və bərabərliyini genişləndirməsi baxımından həqiqətən müstəsna əhəmiyyətə malik oldu.

Xüsusilə də regional mənada nəqliyyat və logistika sahəsində bütün bölgə üçün yeni imkanlar yaradacaq və Naxçıvanı doğma Azərbaycanla birbaşa əlaqələndirəcək Zəngəzur dəhlizi həm də türk dünyasını bir-birinə bağlayacaq möhtəşəm layihə oldu. Bu məsələ ilə bağlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə İlham Əliyev söyləmişdi ki, bu, bizi Avropaya bağlayan koridor olacaq: “Zəngəzur koridoru ilə bağlı Naxçıvan zirvəsində açılış nitqi demişdim. O zaman demişdim ki, 1920-ci ildə sovet rəsmiləri Azərbaycanı parçalamış, Zəngəzurun bir hissəsini Ermənistana vermiş və bu şəkildə türk dünyasını bölmüşdülər. Bu gün türk dünyası coğrafiyasını nəqliyyat və logistika layihələri sayəsində təkrar birləşdiririk. Bu coğrafiya artıq bu gün parçalanmış halından təkrar birləşdirilmiş halına qayıdır”.

 

Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin prioritetlərindəndir

   

Hələ 2019-cu ildə Bakıda keçirilmiş Türk Şurasının VII Zirvə Görüşündə də Prezident İlham Əliyev bəyan etmişdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və sədrliyi qəbul edən Azərbaycan türkdilli  dövlətlər arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək.

Türk Şurasına sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsi, dərinləşməsi istiqamətində təşəbbüslərlə çıxış etdi. Azərbaycanın sədrliyinin dünyanı çənginə alan COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi.  Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu.  2020-ci il aprelin 10-da isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə görüşü keçirildi. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində pandemiyaya həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir oldu.

 

Bütün türk dünyasının sevinci

 

İlham Əliyevin səyləri nəticəsində bu gün ən yüksək əməkdaşlıq zirvəsinə qalxan türk birliyinin vacibliyi və əhəmiyyəti Vətən müharibəmiz dövründə bir daha özünü təsdiq etdi. Həmçinin bu gün dünyada baş verən qlobal siyasi proseslər müstəvisində də bütün güclər qarşısına türkün güclü birliyi ilə çıxmaq dövlətlərimizə əlavə qüvvət verir.

 Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin başçılarının Türk Dünyasının Ali Ordeninin Azərbaycan Prezidenti İlham Əliyevə  verilməsi ilə bağlı qərarları da məhz bu ümumi mənafelərə xidmət edən reallıqlar nəzərə alınaraq qəbul edilib.

Türk dünyasının birlik arzusunu siyasi qətiyyəti ilə gerçəkləşdirən Prezident  İlham Əliyevin əzmi sayəsində qazanılan Zəfər türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb.

44 günlük müharibə günlərində və ondan sonra ötən müddət ərzində daim türkdilli dövlətlərin xalqları Azərbaycan xalqına yüksək dəstəklərini nümayiş etdiriblər.  Azərbaycanın əldə etdiyi şanlı qələbəni öz zəfərləri kimi dəyərləndirən qardaş xalqların nümayəndələri   milli qürur, milli güvən, milli birlik hissi yaşayıblar. Qarabağın, Şuşanın azadlığının simvolu olan “Xarıbülbül” bütün türk dünyası üçün Zəfər müjdəçisi sayılır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın tarixi ərazilərini  işğaldan azad etməsi təkcə türk birliyinə və qardaş türk xalqlarına deyil, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına da yol açıb.

Türk Dünyasının Ali Ordeni Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, beynəlxalq miqyasda, həmçinin  türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna göstərilən etimadın əyani təcəssümüdür.

Bütün bu ali dəyərlərə və türk dünyasının birliyi və güclü olması üçün göstərdiyi misilsiz xidmətlərə görə yüksək mükafatla təltif olunan İlham Əliyev isə öz növbəsində təşəkkür edərək bildirir ki, mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video