08 Oktyabr 2021 00:31
2146
SİYASƏT
A- A+

Qalib KOMANDAN, qətiyyətli LİDER, qurucu PREZİDENT

 

İlham Əliyevin Qarabağın dirçəlişi planı parlaq gələcək vəd edir

 

* Suqovuşanda və Talışda bayrağımız ucaldı;

* Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan  sonra açılışı oldu;

* Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməli qoyuldu;

* Suqovuşan və Talışa gedən avtomobil yolları açıldı;

* Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu”nun birgə servis mərkəzinin təməli qoyuldu;

* Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyuldu;

* “Cəbrayıl” yarımstansiyasının açılışı oldu;

* Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirildi;

* Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı oldu;

* Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməli qoyuldu;

* Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi keçirildi;

* Cəbrayılda Memorial Kompleksin və şəhərin bərpasının təməl daşı qoyuldu.

İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr  reallaşdırır. Yeni açılışlar, təməlqoymalar isə işğaldan azad edilmiş torpaqlarımızda başlanan tikinti-quruculuq, yenidənqurma işlərinin, yəni Qarabağın inkişaf planının tərkib hissəsidir.

 

Sözünə, vədinə sadiq Lider

 

Əgər diqqət etsək görərik ki, Azərbaycan Prezidenti cəmi bir il ərzində Qarabağın dirçəlişi yolunda bir çox dövlətlərin 10 il ərzində görə bilmədiyi işləri reallaşdırıb. Təkcə bir ildə Qarabağın yol-nəqliyyat infrastrukturu, enerji sektoru üzrə həyata keçirilən layihələri göstərmək yetərlidir. 

Cəmi bir il öncə Vətən müharibəsi başlayanda İlham Əliyev xarici KİV-ə verdiyi müsahibələrdə qətiyyətlə, inamla deyirdi ki, işğaldan azad edilmiş torpaqlar yenidən qurulacaq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Yeni-yeni infrastrukturlar yaradılacaq. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda siyasi münasibətlər sahəsində də müsbət meyillər güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.

İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Hər kəs şahiddir ki, erməni vandallarının daşı daş üstündə qoymadığı torpaqlarımızda bir ildə hansı işlər görülüb və bu quruculuq işləri hər gün davam etdirilir.

Həyata keçirilən bütün proseslər təsdiq edir ki, yaxın illərdə Qarabağ yenidən cənnətməkana çevriləcək. İlham Əliyevin dediyi kimi, ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq. Bu günədək Azərbaycan Prezidentinin bəyan etdiyi bütün hədəflərə nail olunması bunu təsdiqləyir. İndi qarşıda duran vəzifə Qarabağın dirçəlişidir.

 

Azərbaycan tam başqa bir mərhələnin astanasındadır

 

İqtisadi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Vətən müharibəsindən sonra qalib ölkə kimi qarşısında yeni perspektivlər açılan Azərbaycan indi tam başqa bir mərhələnin astanasındadır. Qarşıya qoyulan bir nömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaqdır.

Artıq bir ilə yaxındır ki, bu prosesə start verilib və reallıqlar göz önündədir. Azərbaycan öz iqtisadi qüdrəti hesabına həm dünyanı bürümüş qlobal pandemiya ilə mübarizə tədbirlərini davam etdirir, həm də işğaldan azad edilmiş torpaqlarda müasir infrastrukturların qurulması prosesini həyata keçirir.

Prezident İlham Əliyevin oktyabrın 3-4-də Bərdəyə, Tərtərə, Cəbrayıla səfərləri çərçivəsində açılışını etdiyi, təməlini qoyduğu sosial-iqtisadi obyektlər və digər infrastrukturlar Qarabağın dirçəlişi planının sürətli icrasının bariz nümunəsidir.

Dövlət başçısı 3 rayona səfəri zamanı bir çox müəssisələrin təməlqoyma mərasimlərində, açılışında iştirak etdi, qarşıda duran vəzifələri müəyyənləşdirdi və həm də Ermənistanı bir daha sülh müqaviləsini bağlamağa çağırdı.

Qalib Komandan kimi Bərdəyə, Tərtərə və Cəbrayıla səfəri çərçivəsində İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağını ucaltdı.

Bu səfər çərçivəsində reallaşan bütün proseslər bir daha təsdiq etdi ki, İlham Əliyev işğaldan azad edilən torpaqlarımızdakı tikinti-quruculuq işlərinə ciddi nəzarət edir və mütəmadi olaraq verdiyi tapşırıqların icrası ilə maraqlanır, lazımi tövsiyələrini verir.

 

Hər zaman xalqın yanında

 

Bu səfər həm də bir daha təsdiq etdi ki, İlham Əliyev hər zaman xalqın yanındadır, əhalinin sosial problemlərinin həlli istiqamətində çox mühüm işlər həyata keçirir. Regionlara səfəri zamanı vətəndaşlarla görüşərək səmimi söhbət etməsi, onların problemlərini dinləyib,  hətta bəzilərinin yerindəcə həll edilməsi ilə bağlı tapşırıqlarını verməsi bunun bariz təcəssümüdür. 

Dövlət başçısının Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxması və əvəzində inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olması, sahibi ilə səmimi söhbəti bunun real təsdiqidir.

İşğaldan azad edilən Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlar da təqdirəlayiqdir. Təkcə bir səfər çərçivəsində dövlət başçısı çox mühüm iqtisadi obyektlərin təməlini qoydu. “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzi, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, “Cəbrayıl” yarımstansiyası, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin tikintisi və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşının qoyulması, ilk növbədə, bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.

Cəbrayıl rayonunda işğaldan əvvəl 52 min sakin yaşayırdısa, indi onların sayı 82 minə çatıb. Burada ən vacib amillərdən biri də şəhərdə yaşayacaq insanlara veriləcək suyun yeraltı mənbələrdən çəkilməsidir. Doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basan rayon sakinlərinə rahat yaşamaları üçün hər cür şərait yaradılır.

Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsi 10,5 hektar ərazini əhatə edəcək və məhəllə mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 5 bina tikiləcək və bu binalara 200-ə yaxın ailə, yəni 654 sakin köçürüləcək. Məhəllədə 4, 5 və 6 mərtəbəli yaşayış, o cümlədən digər təyinatlı binalar olacaq. Bu məhəllədə və ümumiyyətlə, şəhərin mərkəzində tikiləcək binaların fasad və eyvanlarına tarixilikləri qorunmaqla, müasir görkəm veriləcək.

 

İlham Əliyevdən sülh çağırışı, revanşistlərə isə ciddi xəbərdarlıq

 

Prezident Suqovuşanda və Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında bir daha yeni reallıqlardan danışdı və məğlub Ermənistanı sülh müqaviləsi bağlamağa çağırdı.

Regionda yeni dövrün başlandığını deyən İlham Əliyev bildirdi ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Hər halda Ermənistanla Azərbaycan arasındakı bu ədavət əbədi olmamalıdır. Yəni bütün bu dağıntılara, barbarlığa, vəhşiliyə baxmayaraq, gələcəyə baxılmalıdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir.

Amma hələ ki, Ermənistan sülh müqaviləsi bağlamaqdan boyun qaçırır. Azərbaycan isə bu prosesə tam hazırdı. İlham Əliyev hesab edir ki, bu məsələdə vasitəçiyə də ehtiyac yoxdur, iki ölkə məsələni həll edə bilər və bu da bölgədə uzunmüddətli sülhü təmin edər.

Dövlət başçısı həmçinin Ermənistandakı revanşistlərə də sərt xəbərdarlığını ünvanladı: “Ermənistanda revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video