23 Dekabr 2011 03:12
393
Təhsil
A- A+

Professor Nəsir İmanquliyev milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır

 

Dekabrın 22-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın ictimai-siyasi xadimi və publisisti, əməkdar jurnalist, ustad redaktor və pedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilmişdir.  Tədbirdə Nəsir İmanquliyevin elmi və publisistik məqalələri, kitabları, həmkarlarının onun haqqında müxtəlif mətbu orqanlarda dərc etdirdikləri yazılar, ustad redaktorun həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi açılmışdır.

Azərbaycan Prezidentinin Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar təşkil edilmiş tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və ədəbiyyat xadimləri, jurnalistlər və alimin tələbələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı,  akademik Abel Məhərrəmov Nəsir İmanquliyevin Azərbaycan milli mətbuatının inkişafında əvəzsiz xidmətlərindən danışmışdır. Tədbirin  əhəmiyyətini qeyd edən A.Məhərrəmov demişdir ki, professor Nəsir İmanquliyev bütün mənalı ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir.

Abel Məhərrəmov vurğulamışdır ki, milli mətbuatımızın  tarixində iki qəzetin təməlini qoymuş, bu nəşrlərə 30 il fasiləsiz rəhbərlik etmiş, peşəkar kollektiv formalaşdırmış, dövrünün, zamanının aynasını yaratmış yeganə bir jurnalist vardır. Bu,  universitetimizin adı ilə qürur duyduğu, jurnalistika fakültəsinin qurucularından biri kimi tarixə düşən professor Nəsir İmanquliyevdir.  Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev ömrünün 50 ilini Bakı Dövlət Universitetinin  jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmişdir.

Rektor diqqətə çatdırmışdır ki, dekabrın 21-də BDU-da Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış" mövzusunda respublika elmi-praktiki konfransı açılmışdır. Konfrans işini "Jurnalistikanın müasir problemləri", "Mətbuat tarixi: yeni araşdırmalar",  "Televiziya və radio jurnalistikası" və "Beynəlxalq jurnalistika" bölmələrində davam etdirmişdir. Konfransın materialları əsasında nəfis tərtibatlı "Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış" adlı kitab nəşr edilmişdir. Kitabda ümumilikdə 59 məqalə yer almışdır.

Tədbirdə "Nəsir İmanquliyev məktəbi" mövzusunda məruzə ilə çıxış edən BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə demişdir ki, 87 illik ömür yolunun 70 ilini kütləvi informasiya vasitələri quruculuğu işinə həsr etmiş Nəsir İmanquliyev jurnalistikada hamımıza örnək ola biləcək yaradıcılıq məktəbi yaratmışdır.

Nəsir İmanquliyevin müasir Azərbaycan jurnalistikasında ən böyük və danılmaz xidmətlərindən biri qəzetdə informasiya xidmətinin yüksək statusunun bərpası yolundakı yaradıcılıq əzmkarlığı olmuşdur.  Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab edən Nəsir müəllim xüsusən "Bakı" və "Baku" qəzetlərinə rəhbərlik etdiyi illərdə bir daha təsdiq etmişdir ki, istənilən  mətbu orqanın simasını, nüfuzunu, oxucu auditoriyasını onun düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir.

Professor Nəsir İmanquliyev  bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirən və xeyli dərəcədə onun təməli sayıla biləcək bir sıra ixtisas kurslarının yaradıcısı olmuşdur.

Tədbirdə professor Şirməmməd Hüseynov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, BDU-nun  kafedra müdiri Cahangir Məmmədli, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Yevlaxda çıxan "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı və BDU-nun jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi, universitetdə təsis edilmiş Nəsir İmanquliyevin adını daşıyan təqaüdü alan Türkan Xəlilova çıxış edərək XX əsr Azərbaycan mətbuatı və ictimai fikir tarixində xüsusi yeri olan Nəsir İmanquliyevin mənalı həyatından, yaradıcı əməyindən, çağdaş mətbuatımıza örnək ola biləcək fəaliyyətindən danışmışlar.

Bildirilmişdir ki, Nəsir İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış "Bakı" və "Baku" qəzetlərinin yaradıcısı və baş redaktoru olmuşdur. Qəzetin səhifələrində respublika həyatının bütün sahələri - iqtisadiyyat, mədəniyyət, təhsil, sosial problemlər və s. ilə bağlı dərc olunan materiallar bu gün də öz aktuallığını qoruyub saxlayır.

Vurğulanmışdır ki, müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan professor Nəsir İmanquliyev ömrünün sonunadək Bakı Dövlət Universitetinin  jurnalistika fakültəsində dərs demiş, milli kadrların formalaşmasında mühüm rol oynamışdır. Lakin Nəsir müəllimin əsl universiteti "Bakı" və "Baku" qəzetləri idi. O, universitet auditoriyalarında tələbələrə jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılamış, "Bakı" və "Baku"nun "auditoriyalarında" isə Azərbaycan jurnalistlərinin bütöv bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı, səbirlə işləmək vərdişləri öyrətmişdir. Bütün bunlara görə tam məsuliyyətlə demək olar ki, Nəsir müəllim milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır.

Diqqətə çatdırılmışdır ki, milli mətbuatımızın bu gün  üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən Nəsir müəllim rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə geniş yer ayırırdı. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi.

Natiqlər Azərbaycan Prezidentinə  Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı  imzaladığı müvafiq sərəncama görə minnətarlıqlarını bildirmişlər.

Çıxışlarda "Bakı" qəzetinin gündəlik nəşr edilməsi məsələsinə toxunulmuş və bunun üçün aidiyyəti qurumlara müraciət qəbil edilməsinin vacibliyi vurğulanmışdır.

Görkəmli mətbuat xadimi Nəsir İmanquliyevin ailə üzvləri adından  çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva tədbirin iştirakçılarına minnətdarlığını bildirmişdir.

Nərgiz Paşayeva demişdir: Azərbaycanda Həsən bəy Zərdabi tərəfindən təməli qoyulmuş və XX əsrdə bir çox görkəmli şəxsiyyətlərin davam etdirdikləri  jurnalist sənəti  bu gün öz bayramını qeyd edir. XX əsrin əvvəllərində bu peşəni Azərbaycana gətirənlərin adlarını bir daha qeyd etmək istərdim. Məhəmməd ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev və əlbəttə ki, ölməz Mirzə Cəlil. Məhz bu insanların yaratmış olduqları məktəbi sonra gələn jurnalist nəsilləri inkişaf etdirərək, daha da genişləndirdilər. Əgər onlar olmasaydı, onların fədakar əməyi, döyünən qəlbi olmasaydı, jurnalist peşəsi Azərbaycanda bu qədər sürətlə inkişaf edə bilməzdi. Bu mənada Nəsir İmanquliyevin fəaliyyəti də, şübhəsiz ki, böyük simaların, nəsillərin, tarixin bir mərhələsidir.

Professor Nərgiz Paşayeva vurğulamışdır ki, o vaxtı məhz Mirzə Cəlillər, Şahtaxtılar, Faiqlər, Əlibəylər xaçaturovlara qarşı mübarizə aparırdılar. Onlar azərbaycandilli, türkdilli qəzetlər nəşr etdirirdilər. Bu, böyük hadisə, şücaət, hünər idi. Çünki o zaman çar Rusiyasında belə bir hünərə malik olan, Azərbaycan millətinə xidmət edən insanlar arxasız idilər. Onlar hökumət, dövlət tərəfindən dəstəklənmirdilər. Amma onların qəlbi, ürəyi gördükləri müqəddəs işlərə, amallara dəstək verirdi. Bu da həqiqi vətənpərvərlik idi. Nəsir İmanquliyev də elə bir məktəbin yetirməsidir. O, bütün həyatı  boyu öz fəaliyyətində Mirzə Cəlil ənənələrini davam etdirmişdir. Əgər Mircəlal müəllim Mirzə Cəlil ənənələrini ədəbiyyatda davam etdirirdisə, Nəsir İmanquliyev bu ənənələri jurnalistikada, mətbuatda yaşadırdı. Nəsir müəllim 1958-ci ildə "Bakı" qəzetinin, 10 il sonra isə "Baku"nun nəşrinə başlayarkən  çox böyük əzablara, əziyyətlərə, məşəqqətlərə sinə gərmişdir. Belə çətin bir dövrdə ona kömək edənlərin sırasında Şıxəli Qurbanov kimi vətənpərvər ziyalı vardı.

Rektor demişdir ki, tarixə çevrilən hər hansı hadisə təkcə bir insanın fədakarlığı bahasına başa gələ bilməz. Hər bir işıqlı insan, hər bir ziyalı ətrafına özü kimi insanlar toplamalıdır ki, ortaya böyük bir iş qoya bilsin. Mirzə Cəlil də bu cür  etmişdi. O, ətrafına nasirləri, şairləri yığmışdı, Nəsir müəllim də "Bakı" və "Baku" qəzetlərinə istedadlı, bacarıqlı insanları cəlb etmişdir.

Sözün qüdrətindən istifadə etmək məharəti hər kəsə nəsib olmur,- deyən Nərgiz Paşayeva vurğulamışdır ki, bu qüdrətdən istifadə etmək məharəti böyük yazıçılara, şairlərə xas olan ali keyfiyyətlərdir. Jurnalistlər bu qüdrətdən necə istifadə ediblər? Onların qarşısında hansı mətləblər və hansı prinsiplər durur? Jurnalist üçün ən vacib keyfiyyət onun ifadə etdiyi  sözün vaxtında deyilməyindən asılıdır. Yazıçı istədiyini, düşündüyünü bu gün yazmasa da, sabah  yaza bilər. Lakin jurnalist başqa cür hərəkət etməlidir. Jurnalist operativliyi bacarmalıdır. Bu mənada Nəsir müəllimin gördüyü işlər ona görə qiymətli idi ki, o, qəzet redaktoru  kimi bu tələbləri son dərəcə dəqiqliklə bilir və özünün gündəlik fəaliyyətində onlara ardıcıllıqla əməl edirdi . Mənim yadımdadır, o, hər gün işdən evə qayıtdıqdan sonra, gecə saat 2-3-dək çalışardı. Bütün mətnləri özü yoxlayardı, gözdən keçirərdi. Gün ərzində baş verən elə bir hadisə olmazdı ki, onun redaktoru olduğu qəzetlərdə əksini tapmasın.  Bu gün internet vasitəsilə hər şeyi izləmək olur. Lakin o vaxt bu imkan yox idi. O vaxt "Bakı" və "Baku" axşam  qəzetləri, mübaliğəsiz demək olar ki, bu günün xəbər agentliklərinin yerinə yetirdikləri işləri görür, hər gün baş verənləri operativ surətdə oxucularına çatdırırdı.

Professor Nərgiz Paşayeva vurğulamışdır ki, Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi. O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəvi atalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları, jurnalistlərdir.

Bildirilmişdir ki, Nəsir İmanquliyev ömrünün böyük bir hissəsini Nizami  küçəsindəki 66 nömrəli binadakı mənzildə  keçirmişdir. Onun  ailə üzvləri  bu evi muzeyə çevirməyi  qərara almışlar. Onlar istəyirlər ki, bu mənzil jurnalistlərin evi olsun, bu şərəfli peşəni  özünə həyat yolu  seçmiş gənclərə xidmət etsin,  bu mənzilin qapısı onların üzünə daim açıq olsun.

Sonda Nərgiz Paşayeva demişdir ki, Nəsir müəllim əsl ziyalı idi. Ziyalılar isə heç vaxt unudulmurlar.

Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video