10:41 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezidentin yorulmaz və məqsədyönlü fəaliyyəti hər kəsə nümunədir
ANA SƏHİFƏ / PARLAMENT
19:37 06.11.2020


Parlamentin iclasında Azərbaycan Ordusunun zəfər yürüşünün uğurla başa çatacağı günün uzaqda olmadığı bəyan edildi


Noyabrın 6-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun və xalqımızın Qarabağ uğrunda qurtuluş savaşı həlledici mərhələyə daxil olub.

Erməni vandalizminin dəhşətlərini yaşamış torpaqlarımızın böyük bir hissəsi uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilib. Bu gün Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində, 3 qəsəbədə, 200-dən çox kənddə yenidən Azərbaycan bayrağı dalğalanır.


Azərbaycan bayrağı digər şəhər və kəndlərimizdə də ucalacaq


Milli Məclisin Sədri qeyd etdi ki, Azərbaycan Ordusu özünün möhtəşəm qələbələri ilə dünya hərb tarixinə yeni şanlı səhifələr yazır. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapır. Hərbi əməliyyatların aparıldığı 1 ay 10 günlük müddət göstərir ki, Azərbaycan Ordusu mümkün olmayanı etməyə qadirdir. Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab etdikləri müdafiə xətləri yarılıb, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilir, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilir.

Sahibə Qafarova xalqımızın haqq işinə göstərilən beynəlxalq dəstəyin artdığını, qədim Qarabağ torpağında Xeyirlə Şərin qarşı-qarşıya gəldiyini getdikcə daha çox insanın dərindən anladığını vurğuladı. Bildirdi ki, tarixin yanlış tərəfində yer tutan erməni şovinizmi öz havadarları ilə birlikdə bir əsrdən artıq dövrdə xalqımıza qarşı apardığı informasiya müharibəsində sarsıdıcı zərbələr alır. Azərbaycan Prezidenti İlham Əliyevin demək olar ki, hər gün xarici ölkələrin mötəbər kütləvi informasiya vasitələrinə müsahibələr verməsi, bölgədə cərəyan edən hadisələr, dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyi barəsində məlumatları dünya ictimaiyyətinə çatdırması, erməni faşizminin insana zidd mahiyyətini ifşa etməsi bu baxımdan müstəsna və həlledici rola malikdir.

Spiker Azərbaycanın haqq işi uğrunda mübarizə aparan, bütün vasitələrdən istifadə edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyini söyləyən möhtərəm Prezidentin yorulmaz və məqsədyönlü fəaliyyətinin hər kəsə, o cümlədən deputatlara nümunə olduğunu xüsusilə vurğuladı. Əmin olduğunu bildirdi ki, Azərbaycan Ordusunun zəfər yürüşünün uğurla başa çatacağı gün uzaqda deyil.

Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi və tacı olan Şuşada, Laçında, Xankəndidə, digər şəhər və kəndlərimizdə yüksələcəkdir.

Spiker fikirlərini "Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!” şüarları ilə yekunlaşdırdı.

Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələlər barədə fikirlərini bildirdilər.

Komitə sədrləri Zahid Oruc, Bəxtiyar Əliyev, deputatlar Azər Badamov, Əli Məsimli, Erkin Qədirli, Bəhruz Məhərrəmov, Fazil Mustafa öz çıxışlarında Azərbaycan cəmiyyətinin səfərbər olmasının, torpaqlarımızın işğaldan azad edilməsinin ölkəmizə qürur yaşatdığını bildirib, artıq informasiya müharibəsində də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öndə olduğumuzu iftixar hissi ilə qeyd etdilər.


Ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdirilir


Sonra gündəliyə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıldı. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda təqdim etdi. Qeyd olundu ki, bu dəyişiklik nəticəsində ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq. Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

Bəxtiyar Əliyev "Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı layihə (üçüncü oxunuş) barədə də məlumat verərək bildirdi ki, sənəd "Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Komitə sədri ikinci oxunuşda müzakirələrdən sonra ötən dövrdə heç bir təklif və ya iradın daxil olmadığını bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olundu.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında”, "Torpaq bazarı haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Dövlət rüsumu haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim etdi. Bildirdi ki, layihə "Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1438-VQD nömrəli Qanununun icrası məqsədilə hazırlanıb. Qanun layihəsi ikinci oxunuşda təsdiq olundu.


Əmək müqaviləsində icbari tibbi sığortalanma barədə məlumatlar əks olunacaq


Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və Ailə məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Qeyd etdi ki, ikinci oxunuşda təqdim olunan layihə "Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Sənədə əsasən, Əmək Məcəlləsinə işçinin hüquqları və işəgötürənin vəzifələri sırasına işçilərin icbari tibbi sığortası ilə bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulub. Dəyişikliyə görə, əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar əks olunmalıdır. Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə isə bildirilir ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin maliyyələşdirilməsi "Tibbi sığorta haqqında” qanunun tələblərinə uyğunlaşdırılır. Qanun layihəsi ikinci oxunuşda təsdiq edildi.

İclasda "Hərbi qulluqçuların statusu haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Yol hərəkəti haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Avtomobil yolları haqqında”, "Özəl tibb fəaliyyəti haqqında”, "Dövlət qulluğu haqqında”, "Psixiatriya yardımı haqqında”, "Onkoloji yardım haqqında” və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarıldı. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsinin "Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlandığını dedi. Bildirdi ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Hazırda vətəndaş üçün bu, pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Tibbi sığortanın tətbiqi isə tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsinin qaydasını da dəyişmiş olur.

Ziyafət Əsgərov sənədin Milli Məclisin iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun təqdimatı ilə birinci oxunuşu zamanı və sonrakı müddətdə qanun layihəsi ilə bağlı heç bir təklif və iradın qeydə alınmadığını bildirdi. Bundan sonra qanun layihəsi ikinci oxunuşda təsdiq olundu.

İclasda "Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı layihəni parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ikinci oxunuşda müzakirəyə təqdim etdi. Diqqətə çatdırdı ki, "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə maliyyə xidmətləri bazarında, o cümlədən sığorta bazarında tənzimləmə və nəzarət səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib. Buna uyğun olaraq, "Tibbi sığorta haqqında” qanunun 7.2-ci maddəsinə müvafiq dəyişiklik edilib. Dəyişikliklər "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğun olaraq aparılıb. Komitə sədri bildirdi ki, deputatlar tərəfindən sənədlə bağlı heç bir təklif və sual qeydə alınmayıb. Qanun layihəsi ikinci oxunuşda qəbul olundu.


Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi qaydaları təkmilləşdirilir


İclasda son olaraq "Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olundu. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirdi ki, qanun layihəsinin əsas məqsədi dövlət qulluqçularının fəaliyyətinin düzgün qiymətləndirilməsi, onların potensial imkanlarının aşkara çıxarılması, inkişafı və səmərəli istifadəsidir. Layihədə əsas istiqamət dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi qaydalarını təkmilləşdirməkdir. Qiymətləndirmə müvafiq icra hakimiyyəti - Nazirlər Kabineti tərəfindən aparılacaq. Diqqətə çatdırıldı ki, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağın stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək. Yekun qiymətin 50 faizi tapşırıqların icra vəziyyətinə, 40 faizi meyarlar əsasında, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanacaq.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri qiymətləndirmə barədə sənədlə rəsmiləşdiriləcək. Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçiriləcək. Müsahibə zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunacaq. Kamal Cəfərov bildirdi ki, dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə görə, onun barəsində mükafatlandırılma, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və xüsusi təlimlərə cəlb edilməsi, bilik və bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi, aşağı inzibati vəzifəyə keçirilməsi kimi tədbirlərdən biri görülə bilər. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malik olacaq. Sənədlə bağlı komitə sədrləri Tahir Mirkişili, Siyavuş Novruzov, komissiya sədri Eldar Quliyev, deputatlardan Fazil Mustafa, Elşad Mirbəşiroğlu, Etibar Əliyev, Erkin Qədirli fikirlərini bildirdilər. Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova qarşıdan 9 Noyabr - Dövlət Bayrağı günü, 12 Noyabr - Konstitusiya günü, 17 Noyabr - Milli Dirçəliş günü kimi gözəl bayramların gəldiyini xatırlatdı. Spiker bu münasibətlə deputatları təbrik etdi, xalqımıza xoş arzularını çatdırdı.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM