27 Aprel 2019 01:37
1829
SİYASƏT
A- A+

Prezidentin gənclərə inamı və böyük etimadı var


Hər bir liderin millətinə, dövlətinə bəxş etdiyi ən böyük nailiyyət o xalqın gələcəyi üçün yetişdirdiyi gənclikdir. İntellektual səviyyəsi ilə fərqlənən, milli ideyalar ruhunda tərbiyə alan, sağlam düşüncəyə, təfəkkürə, əqidəyə malik olan gənclik!

Bu mənada gənclərə münasibət həmin ölkənin gələcəyinə münasibətdir. Təsadüfi deyil ki, müasir dövrdə gənclər siyasəti sahəsində qazanılan uğurlar dövlətlərin ümumi səviyyəsini, mədəni, humanitar, iqtisadi, siyasi potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Ona görə də dünyanın bütün sivil cəmiyyətlərində gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, həyatda fəal iştirakına, dövlət quruculuğu işinə geniş cəlb olunmasına, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Ənənələr də, əsrlərlə üst-üstə toplanmış dövlətçilik nailiyyətləri də gənclər tərəfindən davam etdirilir, keçmişlə bu gün, bu günlə gələcək də onlarda qovuşur. Aydın sabahlara doğru yola çıxmış toplumu öz hədəflərinə formalaşdırdığı gənclik yetirir.

Azərbaycan gəncliyi bizim qürur yerimizdir. Vətənin istiqlalı üçün sinəsini sipərə çevirən, hər qarış torpağı uğrunda canından keçən, inkişafa, oxuyub-öyrənməyə, ölkənin tərəqqisinə can atan gənclikdir bu! Sabahla bağlı ümidlərimizi gerçəkliyə çevirənlərimiz, gələcəyi yaradanlarımızdır.

Dəyişən, sürətlə mürəkkəbləşən dünya bizdən nə istəyir? Vətən hissi, torpaq sevgisi ilə yaşayan, Azərbaycanın təəssübünü çəkən zəka sahiblərini, intellektual gəncliyi, milli elitanı arzulayır.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə gəncliyi yeni inkişaf mərhələsinə yetirdi. Gənclər üçün bərabər imkanlar mühiti yaratdı. Onların ən çox ehtiyacı olan dəyəri - sosial ədalət normalarını bərqərar etdi. Ali məktəblərin qapılarını istedadından, biliyindən başqa güvənc yeri olmayan bütün gənclərin üzünə açdı. Fərdi inkişafa, karyera irəliləyişlərinə can atan gənclərimizə dəstək oldu.

Onların inkişaf yolundakı maneələri ortadan götürdü. Bu nəslin işlə, mənzillə təminatı, öz həyatını qura bilməsi, vəzifə pillələrində irəli çəkilməsi, cəmiyyətdə nüfuz sahibi olması ulu öndərin əvəzsiz qayğısının nəticəsi idi. Böyük rəhbər gəncləri ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağıraraq yaxın gələcəkdə daha dinamik inkişaf yoluna qədəm qoyacaq Azərbaycanın sonrakı uğurlarını bu nəslə göstərilən etimadda görürdü. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini və ümumi fəaliyyətə cəlb edilməsini mühüm vəzifə kimi ortaya qoyurdu.

Ümummilli liderin irəli sürdüyü milli dövlətçilik kursu isə ölkə gənclərinə imkan verdi ki, öz əzmkarlıqlarını, yüksək potensiallarını cəmiyyət həyatının bütün sahələrində reallığa çevirib ən böyük tarixi qələbələri Azərbaycan dövlətinin qüdrəti ilə qazansınlar.


Milli düşüncə və xeyirxah əməllərə çağırış


Dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti qloballaşma dövründə həm milli dəyər və maraqlara, həm də beynəlxalq təcrübəyə uyğun gənclər siyasəti yürüdür. Onları ölkəmizdə gedən inkişaf proseslərinin həm əsas hərəkətverici qüvvəsi, həm də bundan fəal şəkildə bəhrələnən sosial qrup kimi qəbul edir. Son illər gənclər siyasəti və gənclərlə iş sahəsində əldə edilən bir sıra mühüm nəticələr bunun bəhrəsidir.

Ölkə rəhbəri daim müxtəlif toplantılarda gənclərlə görüşüb fikir mübadiləsi aparır, onların istəklərini, bu sosial təbəqəni qayğılandıran məsələləri, təklifləri dinləyir. Bu sahədə fəaliyyət göstərən dövlət qurumları qarşısında konkret vəzifələri müəyyənləşdirir. Hər görüş bir hadisəyə çevrilir. Arada heç bir maneə, sədd olmadan, isti kəlmələrlə ifadə edilən doğmalıq, qarşılıqlı hörmət, sayğı ilə... Bu səmimi görüşlər indi tarixinin ən qüdrətli mərhələsində olan Azərbaycanın gücünə güc qatır.

Bu il fevralın 1-də Gənclər Gününə həsr olunmuş respublika toplantısında iştirakı zamanı dövlət rəhbərinin xatırlatdığı kimi, 2005-ci ildən bugünə qədər gənclərlə bağlı üç dövlət proqramı qəbul edilib. Bölgələrdə 40-a yaxın Gənclər evi yaradılıb, 44 olimpiya idman mərkəzi gənclərimizin istifadəsinə verilib. Son illər Bakıda və regionlarda yaradılan bu cür Gənclər evi və olimpiya idman mərkəzləri yeniyetmə və gənclərimizin maraq dairəsini genişləndirir. Onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə böyük imkanlar yaradır. Gəncləri pis vərdişlərdən, ziyanlı təsirlərdən qoruyur. Onlar üçün qarşılıqlı inkişaf mühitini təmin edir.

Prezident İlham Əliyev Gənclər Gününə həsr olunmuş toplantıda gənc yaşlarındakı fəaliyyətini nümunə göstərdi və yeni nəslə çağırış etdi:

* Ölkəmizin gələcəyinin sizin əlinizdə olduğunu unutmayın;

* ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə belə ümidinizi itirməyin;

* təhsilə böyük əhəmiyyət verin;

* peşəkar və fəal olun;

* milli ruhda, vətənpərvərlik ovqatında tərbiyə alın;

* dövlət maraqlarını, milli mənafeyi, müstəqilliyi layiqincə qoruyun.

Hazırda dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Təhsilli, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda dövlətin rolu daha aktualdır. Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə imzaladığı "Azərbaycan gəncliyi” dövlət proqramlarının təsdiq edilməsi haqqında sərəncamları gənclərə dövlət qayğısının artırılmasına xidmət edir. Bu sənədlərdə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır: gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği və s. öz əksini tapmışdır.


Könüllülər hərəkatı


Məhz bu siyasət nəticəsində həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb. Gənclərimizin vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Ölkəmizdə könüllülük hərəkatı genişlənib. Azərbaycan Respublikası Prezidentinin də qeyd etdiyi kimi, Könüllülər hərəkatının cəmiyyətimiz üçün xüsusi əhəmiyyəti var: "Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir”. 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula-1” Bakı Qran-prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində bu hərəkat daha böyük vüsət alıb. Könüllülük hərəkatının formalaşması və inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolu var. Onun təşəbbüsü ilə həyata keçirilən sosial-humanitar, mədəni layihələr, təşkilati işlərinə birbaşa rəhbərlik etdiyi beynəlxalq tədbirlər minlərlə gəncimizə potensiallarını reallaşdırmaq, öz imkanlarını göstərə bilmək üçün şərait yaradıb.

İndiyə qədər 20 mindən çox gənc könüllü olaraq irimiqyaslı layihələrdə çalışaraq lazımi təcrübə toplayıb. Özünə işgüzar çevrə formalaşdırıb. Bu təcrübə və sosial əlaqələr hesabına müxtəlif təşkilatlarda daimi iş taparaq karyera inkişafına qədəm qoyub.


Gənclərə inam


Azərbaycan Prezidenti gənclərə inanır, onlara etimad göstərir. Yüksək savad və qabiliyyətə malik gənc kadrlara mühüm dövlət vəzifələri həvalə edir. Gənclərin önə çəkilməsi, müxtəlif layihələrə cəlb olunması Prezident İlham Əliyevin dövlət və özəl qurumlara da əsas tövsiyələrindəndir: "Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər”.

Bu inam, gənclərə ümid, onların iştirakı ilə yaradılacaq gələcəyə baxış 2005-2009-cu, 2011-2015-ci və 2017-2021-ci illəri əhatə edən "Azərbaycan gəncliyi” dövlət proqramlarında, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nda da öz əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və bu fondun həyata keçirdiyi layihələr, Virtual Qarabağ İKT mərkəzinin fəaliyyətə başlaması, Gənclər evləri şəbəkəsinin fəaliyyəti, Azərbaycan Tələbə Kartının ərsəyə gəlməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatının təsis edilməsi bu proqramların xoş bəhrələridir.

Hərtərəfli inkişafı stimullaşdıran bu yeni imkanlardan indiyə qədər minlərlə gəncimiz faydalanıb. Dərin savada, bacarıqlara, idarəetmə keyfiyyətlərinə malik parlaq gənclərimiz yetişib və onlar indi müxtəlif sahələrdə dövlətimizin inkişafına dəyərli töhfələr verməkdədirlər.

Bütün bunlar beynəlxalq aləmdə də diqqətlə izlənir. Azərbaycan dövlətinin həyata keçirdiyi dövlət gənclər siyasətinin uğurları öz layiqli qiymətini alır. Təsadüfi deyil ki, 2016-cı ildə qədim Gəncə şəhəri "Avropa Gənclər Paytaxtı” adına layiq görüldü. Son illər müxtəlif beynəlxalq tədbirlərə uğurla evsahibliyi edən Azərbaycanda 2017-ci ilin avqustunda 170 ölkə nümayəndələrinin iştirak etdiyi 41-ci Dünya Skaut Konfransının keçirilməsi kimi tarixi faktlar da Azərbaycanın gənclər siyasətinin uğurlarına işıq salır.


Dəyərlərimizə sevgi


Bu gün ölkə rəhbərinin də, ümumən cəmiyyətimizin də gənclərimizdən əsas gözləntisi yüksək vətənpərvərlik ruhu, milli-mənəvi dəyərlərimizə sadiqlik, elmin, təhsilin gücü ilə insan kapitalının inkişafına töhfə vermələridir. Gənclərlə görüşləri zamanı cənab İlham Əliyevin onlara başlıca tövsiyələrindən biri məhz təhsillə bağlı olur: "Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar”.

Azərbaycan Prezidenti gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalarını, dəyərlərimizə bağlılıqlarını da vacib sayır. Çünki əsrlər boyu başqa dövlətlərin, imperiyaların tərkibində bizim milli ruhumuzu, kimliyimizi qoruyan məhz dəyərlərimizdir. Bu dəyərlərimizi - ana dilimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi, adət-ənənələrimizi qlobal təsirlərdən qorumaq müstəqil Azərbaycan gəncliyinin də ümdə vəzifələrindəndir. Gələcəkdə dövlətimizin, xalqımızın milli maraqlarını yalnız milli ruhda yetişmiş gəncliyimiz qoruya bilər.

"Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir... Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər” deyir Prezident İlham Əliyev.

Bu siyasət Azərbaycanda yüksək vətənpərvərlik ruhuna malik gənc nəsil yetişdirib. Onlar milli istiqlalımız, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ruhunun daşıyıcılarıdır. 2016-cı ilin Aprel döyüşlərində hər birimiz Azərbaycan gəncliyinin vətən eşqinin, yenilməzliyinin şahidi olduq. Azərbaycan gəncləri Ali Baş Komandanın əmri ilə bir yumruq kimi birləşməyə və düşməni məhv etməyə hazır olduqlarını nümayiş etdirdilər. Azərbaycan gəncliyi bu ruhu, vətən sevgisini təkcə döyüş səngərlərində deyil, beynəlxalq platformalarda, idman arenalarında, mədəniyyət tədbirlərində də parlaq şəkildə göstərir. Düşməni diplomatiya döyüşlərində də məğlubiyyətə uğradır. Bu gün onlarla Azərbaycan gənci bir sıra beynəlxalq təşkilatların rəhbərliyində təmsil olunur.


Gəncliyə xitab


Azərbaycan gəncliyi xalqımızın qədim dövlətçilik ənənələrinin, zəngin mədəniyyətinin qorunması və təbliği, böyük şəxsiyyətlərimizin tanıdılması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaşadığımız faciələrin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlarından istifadə edir. Bu sevginin, fədakarlığın bariz örnəyi Azərbaycan Respublikası Prezidentinin ailəsində tərbiyə almış övladlardır. Bu gün vətənin şərəfli bir əsgəri kimi əldə silah dövlət təhlükəsizliyimizin keşiyində dayanmış gənc Heydər Əliyevin vətənpərvərlik eşqidir, Leyla və Arzu Əliyevaların Azərbaycan naminə gördükləri böyük işlərdir.

Ölkə Prezidentinin həyata keçirdiyi siyasət Azərbaycan gəncliyinə milli-dini dözümlülük, sülhsevərlik, humanizm kimi ali dəyərlər aşılayır. Gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi qayğısına qalır, sağlam həyat tərzini təbliğ edir. Gənc alim və tədqiqatçıların fəaliyyətini dəstəkləyir, gəncləri elmə həvəsləndirir. Ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin mütərəqqi ideya və təşəbbüslərini dəstəkləyir. Onların bilik və bacarıqlarının inkişafına kömək göstərir. Müxtəlif startap ideyalarına malik gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılmasına meydan verir.

Bütün bunları özündə birləşdirən gənclər siyasəti Azərbaycanı milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyevin yerinə yetirdiyi tarixi missiyadır. Formalaşan milli düşüncə bizləri xoş əməllərə çağırır, iş görməyə, Azərbaycanın qüdrətini artırmağa səsləyir.

"Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm” deyir cənab İlham Əliyev.

Əksər böyük liderlərin dövlətçilik irsində gəncliyə ünvanlanmış mühüm bir çağırış da öz əksini tapıb. Prezident İlham Əliyev yüzillər əvvəl dövlətimizin istiqlalı üçün ümid dolu nəzərlərini Azərbaycan gəncliyinə dikən düşüncə adamlarımızın ümidlərini doğrultmuş, ulu öndər Heydər Əliyevin qurduğu müstəqil dövlətimizi yeni ucalıqlara yüksəltmiş həmin o gəncliyin lideridir.

Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə bu xitabı isə onun gələcəyə ünvanlanmış çağırışıdır.

Vətənin sabahı bu inamdan, bu güvəndən başlanır!

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video