22:46 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyevin qazandığı möhtəşəm Zəfər Ulu Öndərin Qarabağ strategiyasının tam qələbəsidir

ANA SƏHİFƏ / SİYASƏT
00:54 06.05.2021

 

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil USUBOV: “Müzəffər Ali Baş Komandanın yaratdığı yeni reallıq Qafqazda etibarlı təhlükəsizlik, dayanıqlı inkişaf və səmərəli əməkdaşlıq sistemini formalaşdırır”

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 98-ci ildönümü tariximizin ən əlamətdar salnaməsinin yazıldığı möhtəşəm dövrə təsadüf edir. Bu il vətəndaşlarımız Ulu Öndərin xatirəsini böyük Zəfərin təəssüratı altında minnətdarlıqla anır və qələbəni həm də Heydər Əliyevin müqəddəs vəsiyyətinin həyata keçməsi kimi qəbul edirlər.

Həmsöhbətimiz Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil USUBOV da tarixi Zəfəri Ulu Öndərin ideyalarının təntənəsi və Prezident İlham Əliyevin qüdrətli Sərkərdəlik məharətinin real nəticəsi kimi qiymətləndirir.

 

- Ramil müəllim, Ulu Öndərin doğum gününü xalqımız böyük Zəfərin təəssüratları altında keçirir. Bu tarixi Qələbəni də ictimaiyyət elə birbaşa Heydər Əliyevə, onun ideyalarına bağlayır…

- Əslində, bu prosesə ən doğru qiyməti, rəyi məhz tarixi Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandamız cənab İlham Əliyev verib. Onun dediyi kimi, Vətən savaşında əldə edilən qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının tam həyata keçməsinin məntiqi nəticəsidir.

Qarabağın tək coğrafi deyil, həm də mənəvi-siyasi yüksəkliyi olan, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın azad olunmasını xalqa bəyan edərkən də möhtərəm dövlət başçısı bu qələbəni Ümummilli Liderin vəsiyyətinin həyata keçməsi kimi dəyərləndirdi. Həm də qələbə müjdəsini Mehriban xanım Əliyeva ilə birgə Ulu Öndərin məzarını ziyarət edərək bütün dünyaya çatdırdı. Cənab  İlham Əliyevin Sərkərdəliyi ilə qazanılan  Böyük Zəfər həqiqətən də  Heydər Əliyev ideallarının təntənəsi, daha bir taleyüklü  arzusunun gerçəkləşməsidir.

Tarixi Zəfər onu öyrənən, tədqiq edən mərkəzlərdə tam miqyası, mahiyyəti ilə hələ ki, müfəssəl öyrənilməyib, araşdırılmayıb. Bugünkü ictimai dəyərləndirmələr, hərbi, siyasi, elmi qiymətləndirmələr tam əhatəli, yetərli deyil.

Yəni yeni reallıq yalnız Prezident İlham Əliyevin 30 illik Qarabağ savaşını, tarixi iki əsrə gedib çıxan münaqişəni Azərbaycanın Zəfəri ilə bitirməsiylə məhdudlaşmır. Əsl qələbə, əsl reallıq Müzəffər Ali Baş Komandanın sərkərdəlik qüdrəti ilə yanaşı, yüksək siyasi və diplomatik məharəti nəticəsində əldə olunan yeni imkanlar, yaradılan yeni təhlükəsizlik mühiti, Azərbaycanın müqəddəratını uzun illər boyu təmin edəcək yeni iqtisadi-siyasi vasitələr, mənbələrdir.

Əsrlərboyu Azərbaycanın maraqlarına zidd davam edən münaqişəni dövlət başçımız elə qeyri-adi dahiliklə yekunlaşdırdı ki, bundan sonrakı dövrdə Qafqazda artıq   sülh, sabitlik, inkişaf bərqərar olacaq. Möhtərəm Prezidentimizin yaratdığı yeni reallıq daim yeni töhfələr verəcək, gələcək nəsillərimiz üçün dövlətçiliyin gücünü təmin edən əsas faktora çevriləcəkdir. 

Bugünkü tarixi Zəfər əbədiyaşar liderimiz Heydər Əliyevin hələ yarım əsr öncədən başlayaraq  qurub-yaratdığı möhkəm təmələ əsaslanan  strateji planların yeni təntənəsi, məntiqi nəticəsidir.

 Bu barədə vətəndaşlarımızın, əsasən, məlumatı var. Mən, sadəcə, ən mühüm məqamlara  toxunacağam. Məsələn, bu günlərdə ölkə Prezidentinin müvafiq sərəncamı ilə 50 illik yubileyi qeyd olunan Cəmşid Naxçıvanski adına liseyin yaradılması ilə Ulu Öndər azərbaycanlıların hərbi sahədə ixtisaslaşmasını sistemləşdirdi.

Çar dövründən sovetlərədək yetərincə azərbaycanlı generallar, sərkərdələr olmuşdur. Ancaq istisnasız olaraq, onların hər biri məhz öz imkanları, səyləri ilə Azərbaycandan kənarda hərbi məktəblərə daxil olmuş, öz fədakarlıqları sayəsində peşəkarlaşmışdılar. O vaxtadək dövlət səviyyəsində azərbaycanlıları sistemli şəkildə hərbi sahəyə yönəldən imkan yox idi. Bu imkanı məhz Ulu Öndər böyük vətənpərvərliyi, həm də misilsiz strateji düşüncəsi ilə formalaşdırdı.

Sonradan digər hərbi məktəblər yaradılmaqla yanaşı, Heydər Əliyev azərbaycanlı gənclərin ittifaqın ən nüfuzlu hərbi akademiyalarında təyyarəçilikdən xəritəçəkməyə, qərargah idarəçiliyindən hərbi kəşfiyyata, tankçılıqdan artilleriyaya və digər hərbi istiqamətlərə qədər ən peşəkar səviyyədə ixtisaslaşmasını təmin etdi və məhz onlar-yeni nəsil azərbaycanlı hərbçilər müstəqillik dövründə Silahlı Qüvvələrimizin əsas özəyini təşkil etdilər, Birinci Qarabağ savaşı ilə yanaşı, Vətən müharibəsində də böyük şücaət göstərdilər.

 Ulu Öndərin 70-ci illərdə həyata keçirməyə başladığı yeni Qarabağ siyasəti, Qarabağ strategiyası onun titanik fəaliyyətinin başlıca istiqamətlərindən biri idi.

- Həmin dövrdə Qarabağda yaşayan və daxili işlər orqanlarında çalışan şəxs kimi Qarabağ strategiyasının əsas özəlliklərini necə izah edə bilərsiniz?

- Bu, Ulu Öndərin Dağlıq Qarabağda Azərbaycanın milli maraqları naminə apardığı xilaskarlıq missiyası idi. Heydər Əliyevin Qarabağ strategiyasının əsl məğzini elə ilk dövrlərdən bütün Qarabağ sakinləri - azərbaycanlılarla yanaşı, ermənilər də aydın gördü.

Bir haşiyəyə çıxmaq istərdim. Ulu Öndər o vaxtadək çalışdığı dövlət orqanlarında Qarabağ münaqişəsinin əsl tarixi mahiyyətini öyrənmişdi. Ancaq ən əsası Heydər Əliyev Qarabağ mövzusunun süni şəkildə alovlanmasının əsas meyarı olan erməni millətçiliyinin kökünü və potensialını, onların xislətini ölkədə hamıdan yaxşı bilirdi. Şübhəsiz ki, burada onun hələ uşaqkən yaşadığı hadisələr də xüsusi rol oynamışdı.

Hələ DTK-da rəhbər vəzifələrdə çalışarkən o bölgədə daha da güclənən erməni şovinizminə, millətçi meyillərə qarşı mübarizə aparırdı. Ancaq  ölkə rəhbəri olarkən bu prosesi daha düzgün strateji hədəflər və dəqiq taktiki həmlələrlə həyata keçirməyə başladı. Moskvadakı havadarlarının dəstəyinə baxmayaraq, vilayətin şovinist ünsürləri, o cümlədən rəhbər heyət adminstrativ postlardan kənarlaşdırıldı, Azərbaycanın mütləq siyasi-inzibati iradəsi ilə hesablaşan erməni kadrlar irəli çəkildi. Bununla bərabər, bölgənin dövlət qurumlarında, hüquq mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunması xeyli artdı. Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə qaytarıldı. Vilayətdə yaşayanların demoqrafik tərkibində azərbaycanlıların artımı dinamik hal aldı, bölgənin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq prosesi intensivləşdi, mühüm sosial infrastrukturlar yaradıldı və davamlı təkmilləşdirildi. Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmir yolu xəttini çəkdirməklə Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə bağlılığını yaratdı və onu daim möhkəmləndirdi.

- Prezident İlham Əliyev də Şuşaya son səfərlərində Ulu Öndərin Qarabağda yaratdığı milli mühit, qoruduğu mənəvi irs barədə həssaslıqla danışdı. Bu sahədə hansı işlər görülürdü?

- Bəli,  çünki proseslər onun gözləri qarşısında cərəyan edib, əksər hadisələrin canlı şahidi olub. Artıq gənc yaşlarında Ulu Öndərin Qarabağa, o cümlədən Şuşaya səfərlərini müşayiət edib, Qarabağ strategiyasından ən xırda elementlərinə qədər xəbərdardır. Möhtərəm Prezidentimiz üçün Şuşanın küçələri, məhəllələri, Vaqifin, Natəvanın və digər görkəmli şəxslərin məqbərələri, abidələri adi tarixi məkanlar deyil. O, bunları 70-80-ci illərdə Ulu Öndərlə birgə səfərlərində görüb, çoxunun açılışında iştirak edib, hər biri ilə bağlı təəssüratı var. Son aylarda qısa müddət ərzində Şuşaya iki dəfə səfər etməsi, buradakı quruculuq işləri ilə  xırda detalına qədər maraqlanması və prosesi özü ilə yanaşı, həm də möhtərəm Mehriban xanım Əliyevanın şəxsi nəzarətinə verməsi təsadüfi deyil.

Sualınıza gəlincə, 50 il öncə də  bütün Qarabağda milli-mənəvi dəyərlərin qorunması və daha geniş təbliği üçün Ulu Öndər xüsusi səy göstərirdi. Yeni mədəniyyət ocaqları ilə yanaşı, çoxsaylı məktəblər açılırdı. Azərbaycanlı müəllim kadrları ehtiyacını ödəmək üçün Xankəndidə yaradılan Pedaqoji İnstitut həm də Qarabağın milli ziyalı mühitinin yeni nəslinin formalaşdırılmasına təkan verdi.

Şuşada kurort kompleksinin inkişaf etdirilməsi və azərbaycanlı əhalinin kompakt yaşadığı bu şəhərin bölgənin mədəni, siyasi mərkəzinə çevrilməsi prosesi məhz Ulu Öndərimizin xeyir-duası ilə həyata keçirilirdi. Onun bölgəyə hər səfəri vətəndaşlarda böyük sevinc və qeyri-adi coşqu ilə qarşılanırdı.

Necə ki bu gün Müzəffər Ali Baş Komandan onilliklərdən sonra Qarabağı Azərbaycanın suveren hüquqları çərçivəsinə qaytardı, eləcə də Heydər Əliyev 70-80-ci illərdə artıq itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytarmışdı.

-  Heydər Əliyevin birinci hakimiyyəti dövründə Qarabağın iqtisadi, sosial, mədəni mənzərəsinin müsbətə doğru dəyişdiyini faktlarla söylədiniz. İndi isə Qarabağ ərazisində heç nə qalmayıb. Prezidentin təbirincə desək, sanki buradan vəhşi bir qəbilə keçib. Sizcə, bölgənin dirçəlişi, quruculuğu necə həyata keçəcək?

- Birmənalı olaraq, ən yüksək səviyyədə. Əgər Qarabağın dirçəlişini möhtərəm Prezidentimiz özünün fəaliyyət prioriteti elan edərək, prosesi birbaşa nəzarətinə götürübsə,  əvvəlki işlərdə olduğu kimi, burada da ən uğurlu nəticələr əldə olunacaq.

Cənab İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözlərinin tam mənası ilə əmələ çevrildiyini onun ötən 18 ildə həyata keçirdiyi möhtəşəm dövləti fəaliyyətin, xüsusilə də Vətən savaşının timsalında hər kəs görür. Prezidentimizin “Qarabağı Azərbaycanın cənnətinə çevirəcəyik” qərarının da qısa müddətdə reallaşacağına  inanırıq.

Ali Baş Komandanın Qarabağ bölgəsinə davamlı səfərləri bu prosesdə mühüm yer tutur. Möhtərəm Prezident indiyədək Şuşa, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Xocavənd rayonlarına dəfələrlə səfərlər edib. Azad edilmiş ərazilərin vəziyyəti ilə tanış olub, eyni zamanda yaradılmaqda olan infrastrukturların təməlini qoyub.

Bu səfərlərin real nəticələri var. İndi azad edilmiş bölgələrdəki hər bir şəhər və rayon  üzrə layihələndirmə işləri gedir. Mühüm sahələr üzrə infrastruktur quruculuğuna, su, elektrik, qaz xətlərinin, yolların tikintisinə başlanılıb. Hava limanlarının və dəmir yolu xəttinin inşası davam edir, ərazilərin minalardan təmizlənilməsi işləri intensiv aparılır. Şuşaya doğru çəkilən “Zəfər” yolunda artıq ciddi irəliləyişlər var.

Bütün bu işlərin mərkəzləşdirilmiş şəkildə koordinasiya edilməsi və ərazidə xüsusi idarəçilik modelinin yaradılması sayəsində prosesin şəffaf və səmərəli həyata keçirilməsi təmin olunacaq. Bu bölgənin yenidən qurulması, iqtisadi potensialının bərpası Qarabağı yüksək rifaha malik regiona çevirəcək və Azərbaycanın iqtisadi inkişafına əsaslı töhfələrlə nəticələnəcək.  

Xalqımız əmindir ki, tezliklə Qarabağda həyat yenidən canlanacaq, vaxtilə Heydər Əliyevin gülüstana çevirdiyi, qurub-yaratdığı Qarabağa möhtərəm dövlət rəhbərimiz yeni həyat bəxş edəcək, onu yenidən inkişafa, rifaha qovuşduracaq. Regionda sabitliyin, əmin-amanlığın təmini, iqtisadi potensialın artması isə, eyni zamanda məhz Ali Baş Komandanın yaratdığı yeni reallıqlardan irəli gələn təhlükəsizlik amilinə çevriləcəkdir.

- Həqiqətən də, biz indi azad edilmiş bölgələrdən danışarkən, daha çox sosial-iqtisadi mövzulardan bəhs edirik. Ancaq onu da nəzərə alırıq ki, savaşda məğlub olan dövlətdə hərbi revanş ritorikası hələ azalmayıb. Təhlükəsizliyimizə indi hansısa təhdid varmı?

- Əslində, sizin toxunduğunuz məsələni - məğlub Ermənistanın siyasi dairələrinin, həm hakimiyyət, həm də müxalifəti təmsil edən keçmiş hərbi xunta təmsilçilərinin qisas yönümlü bəyanatlarını o qədər də ciddiyə almıram. Bu, sadəcə, cəfəngiyyatdır, növbəti əhəmiyyətsiz sərsəmləmədir, populizmdir. Müharibə müzəffər Ali Baş Komandanımızın sarsılmaz qüdrəti, Silahlı Qüvvələrimizin şücayəti və qəhrəmanlığı sayəsində düşmən üzərində tam qələbə ilə başa çatıb. Bütün dünya da möhtərəm Prezidentimizin yaratdığı yeni hərbi, siyasi, coğrafi reallığı qəbul edir,  onunla hesablaşır. Qatı millətçi siyasi qüvvələrin  primitiv revanşist bəyanatları isə daha çox daxili auiditoriyaya ünvanlanıb. Artıq  erməni xalqının  əksəriyyəti belə bu absurd rəylərə  inanmır.  Savaşın ən real nəticələrindən, ibrət dərslərindən biri də budur.

Ali Baş Komandan bu günlərdə verdiyi müsahibəsində də xüsusi vurğuladı ki, Azərbaycan tarixi missiyasını uğurla icra edərək dünyanın ən qəddar faşizmi olan erməni faşizmini məhv edib. Əgər bu dövlət və havadarları yenidən erməni faşizminin baş qaldırmasına cəhd etsələr, dərhal məhv ediləcəklər. Prezident İlham Əliyevin bu məsələyə açıqladığı konkret münasibət belədir ki, ümumiyyətlə, Ermənistanın bir daha təhdidə çevrilməməsi üçün hərbi və siyasi resurslarını bərpa etməsinə qətiyyən imkan verilməyəcək.

Təhlükəsizliyə təhdiddən danışırıqsa, bir məsələni də unutmayaq. İstisnasız olaraq, bütün dövlətlər və xalqlar hansısa təhdiddən sığortalanmayıb, o cümlədən də Azərbaycan. Yəni qlobal terrorizmin hər gün daha da genişləndiyi, yeni münaqişə ocaqlarının davamlı artması, müharibə qurbanlarının sayının yüksəlməsi fonunda bütün dünya üçün real və böyük təhdidlər var.

Azərbaycan dövlətinin də fəaliyyətində üstünlük verdiyi başlıca istiqamətlərdən biri məhz bu təhdidlərə qarşı  birgə mübarizənin təşkilidir. Elə Vətən savaşının da əsl mahiyyəti Azərbaycanla yanaşı, bütün Qafqazı təhdid edən, Avrasiya məkanının sağlam və sabit inkişafına mane olan işğalçı aqressiv separatizmi, terrorizmi məhv etmək idi.

- Demək, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Zəfər yalnız Azərbaycan miqyasında deyil, daha qlobal platformada əlahiddə əhəmiyyət daşıyır…

- Bəli, Azərbaycan dövləti, onun  Prezidenti - Ali Baş Komandanı bütün dünyanı təhdid edən  bəlanı məhv etdi.

Yeri gəlmişkən, bir məqama toxunum. Azərbaycan daim qlobal təhlükəsizliyə təhdid yaradan səbəblərə qarşı mübarizənin ön cərgəsində olub. Ulu Öndər Heydər Əliyev ABŞ-da baş verən və dünya siyasi tarixində böyük dəyişikliklərə səbəb olan 11 sentyabr hadisələrindən dərhal sonra bu terrora sərt reaksiya verən və beynəlxalq terrorizmə qarşı birgə mübarizənin vacibliyini təklif edən ilk liderlərdən idi. Ümummilli Lider Azərbaycanın bu prosesdə xüsusi öncüllüyünü, müxtəlif münaqişə ocaqlarında sülhyaratma missiyalarında iştirakını təmin etdi və ölkəmizin mövqeyinin səmimiliyini dəfələrlə göstərdi. Cənab İlham Əliyev böyük diplomatik məharəti sayəsində 2000-ci illərin əvvəllərində AŞ PA-da Qarabağ bölgəsini nəzarətsiz zona, beynəlxalq qaçaqmalçılıq məkanı kimi tanıtdıran qətnamələri, həmçinin Azərbaycan Prezidenti kimi beynəlxalq təşkilatlarda erməni işğalçılığını ifşa edən sənədləri qəbul etdirməklə bütün dünyanın diqqətini qlobal terrorizmin tərkib hissəsi olan erməni işğalına yönəltdi.

Həm Ulu Öndər, həm də cənab İlham Əliyev onilliklər boyu bütün dünyaya bəyan etdilər ki, ayrı-ayrılıqda terrorizm, işğalçılıq faktı yoxdur və onların hamısı nəticə etibarilə bir-birilərinə vəhdətlə bağlı olur. Başqa sözlə, “məni təhdid edəni məhv etməliyik, sənə təhlükə yaradan gözləyə də bilər” məntiqi ilə problemi həll etmək mümkün deyil.

Vətən müharibəsi yalnız Müzəffər Ali Baş Komandanın dünya hərb tarixinə düşən və  5-ci nəsil yeni savaş modelini yaratmadı, həm də beynəlxalq təhlükəsizliyə təhdid yaradan total səbəblərə, təhdidlərə qarşı ən effektiv və sarsıdıcı zərbə vurmağın mükəmməl örnəyini formalaşdırdı.

- Ramil müəllim, 10 noyabr Bəyanatının müddəalarının reallaşmasında hansısa gərginlik yoxdur ki?

- Bütün proses nəyi, necə və nə vaxt edəcəyini dəqiq bilən Prezidentin nəzarəti altındadır. Demək, narahatçılığa əsas yoxdur.

Bəyanatın imzalanmasından artıq 6 ay ötür. Bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir.  Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır.

Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir. Lakin görüləcək işlər çoxdur.

Vətəndaşlarımız, eləcə də bu vəziyyətə həssaslıqla yanaşan xarici ölkə ictimaiyyəti də tam əmin olsunlar ki, cənab İlham Əliyevin dəmir yumruğu, qətiyyəti bu prosesdə də özünü göstərir. Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur.

10 noyabr Bəyanatının 9 müddəası var. Azərbaycan imzasına, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Cənab Prezidentin daim toxunduğu bir məqam var- bu gün Azərbaycan  Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də  rifahına töhfə verməyə hazırıq. Prezident İlham Əliyevin unikal liderlik keyfiyyətlərindən biri də məhz budur.

- Sizcə, bu təşəbbüslər reallaşa  biləcəkmi?

- Nəzərə alın ki, mən azərbaycanlılarla ermənilərin kompakt yaşadığı Qarabağ bölgəsindənəm. Uzun illər burada daxili işlər orqanlarında məsul vəzifələrdə çalışdığımdan ermənilərin xarakterini, psixologiyasını, milli xüsusiyyətlərini öz təcrübəmdən bilirəm. Əlbəttə ki, heç vaxt bütün xalqı ittiham etmək düzgün və sağlam yanaşma deyil.  Ancaq mən bir tarixi prosesi də unuda bilmirəm. Ötən əsrin 70-ci illərinədək Qarabağda erməni şovinizmi kəskin hal alanda bu xalqın mütləq əksəriyyəti məlum təsirə meyillənirdi. Ancaq indi doğum günü ərəfəsində xatirəsini böyük ehtiramla yad etdiyimiz Heydər Əliyevin Qarabağda yürütdüyü siyasətə bir müddətdən sonra elə ermənilər özləri dəstək olmağa başladılar. Ulu Öndərin apardığı köklü islahatlar yerli erməni əhalisinin əksəriyyəti tərəfindən rəğbətlə qarşılanırdı. Sadə ermənilər anlayırdılar ki, Azərbaycan rəhbərliyi ona başqaları kimi boş vədlər yox, real iş, çörək, sakit və təhlükəsiz həyat, firavan yaşayış verir.

1988-ci ildən erməni şovinistləri tərəfindən alovlandırılan separatizmdən erməni xalqı az zərər görmədi. Vətən müharibəsi nəticəsində isə o, əsrlərboyu inandırıldıgı boş xülyaların birdəfəlik dəfn olunduğuna əmin olmağa başladı. 30 ildən artıq davam edən müharibə erməni xalqına səfalət, kasıblıq, müstəqil dövlətçiliyi qazanmadan onu itirib “forposta” çevrilmək taleyi nəsib edib. Ən əsası, Ermənistan Qafqazın ən səmərəli nəqliyyat-tranzit dəhlizə çevrilmə şansını, büdcəsinə daxil olacaq  milyardlarla dollar vəsaiti, iqtisadiyyatının güclənmə imkanını itirib və dalana dirənib.

Erməni xalqı anlayır ki, bu gün üzdə olan bütün qüvvələr, istər iqtidar, istərsə də müxalifət onun məğlubiyyətinin, səfalətinin, bütün sahələrdə baş qaldıran böhranın səbəbkarlarıdır və  heç biri ona normal gələcək vəd etmir.

 Cənab İlham Əliyevin isə erməni xalqına vəd etdiyi gələcək ən etibarlı seçimdir. Artıq erməni cəmiyyətində Azərbaycanın mövqeyilə, şərtləri ilə hesablaşmağa yönəlmiş çağırışlar artmaqdadır. Bu mövzuda danışmaq, müzakirə açmaq daha xəyanət hesab edilmir. Hesab edirəm ki, zaman keçdikcə erməni xalqı da Prezident İlham Əliyevin Qafqazda bərqərar etdiyi yeni sabitlik, inkişaf və təhlükəsizlik sisteminə daxil olacaq. Zəngəzur dəhlizi timsalında digər real imkanlardan bəhrələnməklə, nəhayət ki, normal dövlət, sağlam cəmiyyət quruculuğuna başlayacaq.

- Ramil müəllim, Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi olan Zəfərin nəticəsi kimi möhtərəm  Prezidentimizin yaratdığı yeni reallıqlardan da bəhs etdiniz. Bu reallıqların perspektivi necə olacaq?

- Öncə bir məsələyə diqqət ayırmaq istərdim. Ulu Öndər üçün Qarabağ münaqişəsi bir nömrəli problem idi. Fəaliyyətinin əsas hissəsi məhz bu problemin həllinə yönəlmişdi. Təsadüfi deyil ki, münaqişənin həllini də möhtərəm Prezidentimizə ən mühüm vəsiyyəti kimi həvalə etmişdi.

Cənab İlham Əliyev ilk dəfə Prezident kimi and içərək vəzifəsinin səlahiyyətlərinə başladığı andan münaqişənin həllinə start verdi. Həm siyasi-diplomatik vasitələrlə,  həm hüquqi əsaslarla, həm də Silahlı Qüvvələrimizi möhkəmləndirməklə. Nəticəsi də 44 günlük Vətən savaşı və bütün sahələr üzrə yeni reallıqlar oldu.                                                                                                   

 Savaşın hər anında xalqımızın böyük şücaəti, əsgər və zabitlərimizin  qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı əks olunub. Cənab İlham Əliyevin böyük liderliyinin, misilsiz dövləti fəaliyyətinin nəticəsi olan bu Qələbə, eyni zamanda Ulu Öndərin işıqlı ideyalarının təntənəsi və şah əsəri olan tarixin ən qüdrətli  Azərbaycanının,  xalqımızın  parlaq nailiyyəti,  əsrlər sonra qazanılan, əsrlərboyu yaşayacaq tarixi reallıqdır.

Nə qədər ki Azərbaycanda Heydər Əliyev möhtəşəm siyasi kursu uğurla  davam etdirilir, nə qədər ki cənab İlham Əliyev Azərbaycanı yeni və daha  böyük hədəflərə doğru qətiyyətlə aparır, demək, xalqımız və dövlətimiz daha böyük zəfərlərə imza atacaqdır.

 

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM