26 Noyabr 2011 02:11
325
SİYASƏT
A- A+

Prezident İlham Əliyevə ölkə əhalisinin 95 faizi etimad göstərir

 

Böyük Britaniyanın nüfuzlu "Populus Limited" şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri bunu bir daha təsdiq edir

 

Siyasətşünaslıq elmi liderin uğur qazanmasında inteqrativ funksiyanı xüsusi önə çəkir. İnteqrativ funksiya cəmiyyətin bütövlüyünün və sabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü onun ideyalarının inteqrativ-birləşdirici mahiyyətindən, ilk növbədə hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin humanist siyasəti hələ onun prezident seçkilərindən dərhal sonra verdiyi "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm" bəyanatında əksini tapmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə təcəssüm etdirir. Müstəqil Azərbaycan ötən 8 ildə inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Bir vaxtlar dünyada tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Qürur doğuran haldır ki, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar.

Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyətlə yol vermir.

Azərbaycan bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını uğurla icra edib. Həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişib. Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünyamiqyaslı layihələr olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr eyni zamanda respublikamızı daha da gücləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir.

Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi  vurğulanır. "Caspian" İnformasiya Mərkəzinin təşəbbüsü ilə Böyük Britaniyanın nüfuzlu "Populus Limited" şirkətinin bu il sentyabrın 10-dan 30-dək Azərbaycanda min respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də bunu bir daha təsdiqləyir.

Mərkəzin direktoru Gerald Frost bildirmişdir ki, respondentlərin 95 faizi Azərbaycan Prezidenti İlham Əliyevə etimad göstərdiklərini, 96 faizi isə onun siyasətini bəyəndiklərini vurğulamışlar. Qurumun rəhbəri qeyd etmişdir ki, indiyədək Qərb ölkələrində keçirilən rəy sorğularında dövlət başçısına bu dərəcədə etimad göstərilməsi faktı qeydə alınmamışdır. G.Frost demişdir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 79 faizi Azərbaycanda ümumi vəziyyəti təqdir edir, 70 faizi isə ölkə iqtisadiyyatının düzgün istiqamətdə irəlilədiyini düşünür. Bundan əlavə, respondentlərin 82 faizi son 10-15 il ərzində Azərbaycanın dünyadakı nüfuzunun artdığını, 54 faizi isə ölkədə həyat səviyyəsinin yaxşılaşdığını vurğulamışlar. Respondentlərin böyük əksəriyyəti Azərbaycanda nəqliyyat infrastrukturunun, səhiyyənin, təhsilin və digər sahələrin inkişaf etdiyini bildirmişlər. Müstəqil şəkildə aparılmış sorğunun nəticələrinə əsasən, ümumilikdə respondentlər Azərbaycanın təhlükəsiz, sabit, uğurla inkişaf edən güclü bir ölkə olduğu fikrindədirlər.  

Bu mənada, demək olar ki, dövlət başçısı İlham Əliyev ötən 8 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Əminliklə demək olar ki, dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindən biri kimi çıxış edir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video