30 Avqust 2021 15:34
1031
Səfərlər
A- A+

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil edilən sərgilərlə tanış olublar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şuşa Rəsm Qalereyasında “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı sərgi ilə tanış oldular.

Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.

Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib. Altmışdan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin “Məclisi-üns”, Xalq rəssamı Səttar Bəhlulzadənin “Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın “Qarabağın zənginliyi”, Leyla Əliyevanın “Xarıbülbül” əsərləri, Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri və digər əsərlər nümayiş olunur.

X X X

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb.

Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Buraya maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar – “Vərni”, “Zili”, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır. Beləliklə, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.

X X X

Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada “Yaddaş. Fotoqrafik tarix” sərgisi də təşkil edilib. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olunub.

Ziyarətçilərə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video