19 Dekabr 2017 02:12
580
Qəbullar
A- A+

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığın əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirildi.

Həştərxanda Azərbaycan Biznes Mərkəzinin inşa olunduğunu deyən qubernator Aleksandr Jilkin bildirdi ki, bu biznes mərkəzi vilayətdə logistik qovşağın yaradılmasına xidmət edəcək. Aleksandr Jilkin Həştərxanda görülən işlərə verdikləri dəstəyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti, Fondun Prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya xüsusi təşəkkürünü ifadə etdi.

Həştərxan vilayətinin qubernatoru Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günündə Ulu Öndərin adını daşıyan və Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurma işlərinin aparıldığı məktəbdə olduğunu və məktəb şagirdlərinin Prezident İlham Əliyevə salam göndərdiklərini vurğuladı.

Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq münasibətlərinin, xüsusən ticari, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi işində Həştərxan vilayətinin rolunu vurğulayan Prezident İlham Əliyev bununla bağlı qubernator Aleksandr Jilkinə təşəkkürünü bildirdi.

Görüşdə 2018-ci ildə Həştərxan vilayəti tərəfindən Xəzər dənizində səyahət gəmilərinin buraxılması və bunun Xəzər hövzəsi ölkələri arasında turizmin inkişafına töhfə verəcəyi qeyd olundu, Həştərxan vilayəti ilə Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının vilayət vasitəsilə Rusiya bazarlarına çıxarılması sahəsində birgə tədbirlər haqqında danışıldı.

Söhbət zamanı bu gün Bakıda keçiriləcək Həştərxan Biznes Mərkəzinin təməlqoyma mərasiminin önəmi vurğulandı, turizm, səhiyyə, kənd təsərrüfatı, təhsil, texnologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video