08 Sentyabr 2011 08:09
877
Səfərlər
A- A+

Prezident İlham Əliyev Qala qəsəbəsindəki Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olmuş, Əntiq Əşyalar Muzeyinin açılışında iştirak etmişdir

 

Sentyabrın 7-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xəzər rayonundakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olmuş, Əntiq Əşyalar Muzeyinin açılışında iştirak etmişlər.

Dövlətimizin başçısına və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir. Azərbaycan tarixinin, mədəniyyətinin, xalqımızın adət-ənənələrinin yaşadılmasında, gələcək nəsillərə ötürülməsində mühüm rolu olan qoruğun ərazisində son vaxtlarda aparılan tikinti-quruculuq işləri bu məkanın əhəmiyyətini daha da artırmışdır.

Qeyd olundu ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən pilot ərazi kimi Qala qəsəbəsində "Təmiz Qala" layihəsinin icrasına başlanılmışdır. Layihənin məqsədi qəsəbə ərazisində tullantıların kompleks idarə olunmasını -  yığılması, daşınması və təkrar emalı proseslərini müasir standartlara uyğun təşkil etməkdir. Əraziyə su xətti çəkilmiş, 15 bulaq istifadəyə verilmişdir.     

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva əvvəlcə Qala İnformasiya Mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, mərkəz vasitəsilə turistlər, qonaqlar qoruq ərazisindəki muzeylər barədə ətraflı məlumat əldə edə, elektroavtobuslar və velosipedlər icarəyə götürə bilərlər. Qoruğun ətrafı abadlaşdırılmış, ərazidə 170 min ağac və bəzək kolu əkilmişdir.

Sonra dövlətimizin başçısı və Azərbaycanın birinci xanımı elektroavtobusla Qala parkının ərazisini gəzdilər, görülmüş işlərlə tanış oldular, parkın əvvəlki görünüşünü əks etdirən stendə baxdılar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qala parkında ağac əkdilər.

Bildirildi ki, buradakı göl və onun ətrafındakı 24,2 hektar ərazi tullantılardan təmizlənərək abadlaşdırılmışdır. Ərazidə torpaq üç metr dərinliyində qazılaraq mazutdan təmizlənmiş, yeni torpaq örtüyü ilə əvəzlənmişdir ki, nəticədə ərazinin ekoloji vəziyyətində mühüm dəyişikliyə nail olunmuşdur. Ərazinin işıqlandırılmasında günəş batareyalarından geniş istifadə edilmişdir. Parkda  yaşıllaşdırma işləri aparılmış, 80 mindən çox ağac və bəzək bitkiləri əkilmiş, yaşıllıq zolağı suvarma sistemi ilə təchiz olunmuşdur. Parkın ərazisində uşaqların maraqlı istirahəti üçün əyləncə meydançası istifadəyə verilmişdir.

Sonra dövlətimizin başçısı və Heydər Əliyev Fondunun prezidenti XII-XIV əsrə aid Qum hamamı ilə tanış oldular. Məlumat verildi ki, Qum hamamında qədim zamanlarda nadir su, qaz və kanalizasiya sistemlərindən istifadə olunmuşdur. Bu, xalqımızın məişət mədəniyyətinin qədim və yüksək olduğunun göstəricisidir.

Etno-Ekoloji Mərkəzlə tanışlıq zamanı bildirildi ki, əsasən uşaqlar və gənclər üçün nəzərdə tutulmuş mərkəzdə hər cür şərait yaradılmışdır. Qeyd olundu ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ötən il keçirilmiş Qala festivalına Bakının müxtəlif orta və internat məktəblərindən, uşaq evlərindən 2500 uşaq qatılmışdı. Festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini yaşadan sənətkarların əl işləri nümayiş etdirilmişdi. Festival çərçivəsində uşaqlar üçün ustad dərsləri təşkil olunmuş, gənc nəslin nümayəndələrinə qədim məişət və etnoqrafik ənənələrimizlə yaxından tanış olmaq imkanı yaradılmışdı. Festivalın çox maraqla qarşılanması, layihəyə göstərilən diqqət Qalada Etno-Ekoloji Mərkəzin yaradılması ideyasına təkan vermişdir.

Qeyd edildi ki, XIX əsrdə dəyirman kimi istifadə olunan binada sovet dövründə klub, daha sonra uşaq bağçası fəaliyyət göstərmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Etno-Ekoloji Mərkəzdə uşaqların istirahəti, onların xalqımızın qədim tarixini, mədəniyyətini dərindən öyrənməsi, qədim el sənətlərinin müxtəlif növlərinə yiyələnməsi, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qoruq ərazisində X-XIV əsrlərə aid Qala abidə kompleksi ilə də tanış oldular. Bildirildi ki, elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarixi və mədəniyyət abidələrinin qorunması, eləcə də Abşeron yarımadasında aşkar edilən digər arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədilə Qala qəsəbəsində son illərdə genişmiqyaslı layihə həyata keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun "Abşeron" arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparmışdır. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilmişdir. Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir Qala abidə kompleksində nümayiş etdirilir. Buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunmuşdur.

Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə istifadə olunmuş X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir. Burada, həmçinin Zirə yaşayış məskənində tapılan e.ə. III-II minilliyə aid qayaüstü rəsmlər nümayiş etdirilir. Bu rəsmlərdə qadın, kişi və heyvan fiqurları, digər fraqmentlər təsvir olunmuşdur. 

Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoruq ərazisində Qala Əntiq Əşyalar Muzeyi yaradılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin rəmzi açılışını bildirən lenti kəsdilər.

Bildirildi ki, muzeyin təməli ötən ilin iyununda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə qoyulmuşdur. Fondun təşəbbüsü və dəstəyi ilə inşa olunan muzey Şahid Həbibullayevin şəxsi kolleksiyası əsasında yaradılmışdır. Uzun illər ərzində yığılan zəngin kolleksiya hazırda üç minədək maddi mədəniyyət nümunəsini əhatə edir. Kolleksiyanın əsasını təşkil edən Azərbaycan sənətkarlarının yaratdığı əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə, o cümlədən Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Rabat, Bişkek, Daşkənd və digər şəhərlərdə nümayiş etdirilmiş və hər dəfə də böyük maraqla qarşılanmışdır.

Qeyd olundu ki, muzeydə bu nadir toplunun 800 eksponatı nümayiş etdirilir. Üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində əsasən, Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif bölgələrindən toplanmış, ABŞ, Almaniya, Avstriya, Rusiya, Fransa, İngiltərə, Belçika, İran, Özbəkistan, Polşa, Türkiyə və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir.

Dövlətimizin başçısı və Heydər Əliyev Fondunun prezidenti burada nümayiş etdirilən mis məişət əşyaları ilə tanış oldular. Bildirildi ki, muzeyin ekspozisiyasını tutumu yarım litrdən 90 litrə qədər olan 156 samovar zənginləşdirir. Əksəriyyəti Rusiyanın Tula, Moskva, Sankt-Peterburq, Ural və digər şəhər və bölgələrindən gətirilən, XVIII-XIX əsrlərə aid samovarların bir qismi Polşa, İran, Avstriya, Amerika Birləşmiş Ştatları və başqa ölkələrdə istehsal olunmuşdur.

Məlumat verildi ki, burada Azərbaycan samovarları da nümayiş etdirilir. Yaşı 3 min 700 il olan ən qədim Azərbaycan samovarı Şəkidə tapılmışdır. Bu, iki min il yaşı olan Misir samovarından daha qədimdir. Ekspozisiyada qədim kişi və qadın kəmərləri, sinəbənd və bilərziklər, silahlar, o cümlədən təbərzinlər və xəncərlər yer almışdır. Muzeyin diqqəti cəlb edən eksponatlarından olan fayton Lüdviq Nobelin maşınqayırma zavodunda yığılmış, Şəki şəhərində qorunub saxlanmışdır. Burada, həmçinin Şəki və Şirvan xanlıqları dövrünə aid pullar nümayiş etdirilir.

Muzeydə müxtəlif məişət əşyaları - ütü, maşa, masaüstü lampalar və tərəzilər də vardır. Burada nümayiş olunan ən qədim sini XVI əsrə aiddir.

Binanın birinci mərtəbəsində konfrans zalı, inzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir.

Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xatirə kitabını imzaladı.

Sonra dövlətimizin başçısı və Azərbaycanın birinci xanımı orijinal üslubda inşa edilmiş karvansara-restoran ilə tanış oldular. Bildirildi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmiş karvansara-restoranda turistlər Azərbaycan mətbəxinin ləziz nemətləri ilə tanış olacaqlar. Çoxsaylı turist axını nəzərə alınaraq inşa edilmiş restoranın birinci mərtəbəsi kafe, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərəcəkdir. Restoranın arxa bağçasındakı karvansarada 7-si açıq, 7-si isə qapalı olmaqla Şərq memarlıq üslubunda inşa edilmiş 14 kabinetdə də turistlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Kabinetlər qədim Azərbaycan mədəniyyətini əks etdirən əşyalarla bəzədilmişdir. Restoranın ətrafı abadlaşdırılmış, dekorativ ağac və kollar əkilmişdir.

Məlumat verildi ki, qoruq ərazisində fiziki imkanları məhdud insanların hərəkəti üçün də bütün tədbirlər görülmüşdür. Qoruqda mühafizə kameraları quraşdırılmışdır. Buradakı quyu və ovdanlar bərpa olunmuş, 35 min kvadratmetr sahədə avtomobil dayanacağı, elektromobillər üçün qaraj tikilmişdir. Qəsəbədaxili əsas yollara 50 min kvadratmetr asfalt örtüyü salınmış, işıqlandırma dirəkləri quraşdırılmış, qaz və su təchizatını yaxşılaşdırmaq məqsədilə borular çəkilmiş, kompleksin ətrafındakı meydan yenidən qurulmuşdur.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi. 

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video