25 May 2021 12:12
1334
Qəbullar
A- A+

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

AZƏRTAC xəbər verir ki, naziri salamlayan Prezident İlham Əliyev dedi:

-Cənab nazir, sizi görməyə çox şadam. Əminəm ki, səfər zamanı biz əlaqələrimizin müsbət məcrada inkişafını, inkişaf edən ikitərəfli əlaqələri geniş şəkildə müzakirə edəcəyik. Mən sizin səfərinizdən əvvəl məlumatlara baxdım və gördüm ki, bizdə ticarət dövriyyəsində artım var. Pandemiyaya baxmayaraq, bu, çox müsbətdir. Prezident Ruhani və mənim tərəfimdən irəli sürülmüş bütün təşəbbüslər, qəbul olunmuş qərarlar həyata keçirilib. Biz Prezident Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın səviyyəsindən çox razıyıq, bu müddət başa çatır. Xahiş edirəm, mənim salamlarımı, tərəfdaşlıq və əməkdaşlıq üçün minnətdarlığımı ona çatdırasınız.

Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir. Əlbəttə ki, regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır. Çünki münaqişə həll ediləndən sonra keçən dövrdə bizim çoxsaylı təmaslarımız olub. Yəqin ki, bu gün biz bu prosesin daha da rəvan keçməsi üçün bir neçə mühüm məsələyə toxunacağıq. Bir daha xoş gəlmisiniz.

X X X

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dedi:

-Cənab Prezident, əvvəla bizi qəbul etdiyiniz üçün çox sağ olun. İkincisi, mən Zati-alinizə Prezident Ruhaninin salamlarını çatdırıram. O, Sizə və Azərbaycan xalqına böyük hörmət bəsləyir. Biz administrasiyamızın dövründə Azərbaycanla münasibətlərin ən yaxşı dövrünü yaşadığımız üçün xoşbəxtik. Hakimiyyətdə olduğumuz dövr başa çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoyaraq getdiyimizə görə çox şadıq.

Mən Sizi və Azərbaycan xalqını milli bayramınız münasibətilə əvvəlcədən təbrik etmək və Azərbaycana, bu regiona gətirməyə müvəffəq olduğunuz inkişafa dərindən heyran olduğumuzu ifadə etmək istəyirəm. Əməkdaşlığın səviyyəsi bizi məmnun edir və hesab edirik ki, Zati-alinizin, Prezident Ruhaninin və İran rəhbərliyinin ifadə etdiyi arzusuna çatmaq üçün biz hətta daha da artığını edə bilərik. Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq.

Cənab Prezident, məni və nümayəndə heyətimi qəbul etdiyinizə, səmimi qonaqpərvərliyinizə görə bir daha çox sağ olun.

X X X

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video