30 Yanvar 2020 02:12
3418
SİYASƏT
A- A+

Prezident İlham Əliyev bu il də Davos Forumundan ölkəmizin milli maraqlarının təminatı üçün maksimum istifadə etdi


Əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji problemlərin və hadisələrin müzakirəsini keçirməkdən ibarət olan Davos Dünya İqtisadi Forumunda bu il də qlobal iqtisadiyyatda və siyasətdə mühüm rola malik problemlər müzakirə obyektləri sırasında mühüm yer tutdu.

Növbəti dəfə də diqqətçəkən əsas məqamlardan biri o oldu ki, forumda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdikləri çoxsaylı və yüksək səviyyəli işgüzar görüşləri ilə Azərbaycan Prezidenti İlham Əliyev diqqət mərkəzində oldu.

Davos-2020-nin əsas məziyyətlərindən biri bu forumun başlanmasından hələ bir neçə gün əvvəl Davos İqtisadi Forumunun saytında Azərbaycan Prezidentinin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli və gələcəyə ünvanlanmış dərin məzmunlu tezislərlə zəngin məqaləsinin də dərcidir. Məqalədə Prezident İlham Əliyev Davos Forumunda iştirakın əhəmiyyətini iki baxımdan yüksək dəyərləndirir. Birincisi, bu dünyəvi forum Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün əlverişli bir platformadır.

İkinci tərəfdən isə bu mötəbər toplantıya qatılmaq dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etmək imkanından yararlanmaqla ölkəmizdə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir.

Prezident İlham Əliyevin Davos-2020 Forumu iştirakçılarının böyük marağına səbəb olmuş bu məqaləsində tamamilə haqlı olaraq Azərbaycanı strateji nəqliyyat qovşağı və enerji sektorunda əsas iştirakçı kimi dəyərləndirməklə bərabər, çox mühüm və aktual fikirlər ehtiva olunmuşdur. Məsələn, ölkəmizin nəqliyyat və yol infrastrukturunun əhəmiyyətli inkişafında xarici və yerli investisiyaların cəlb olunması ilə yanaşı, bu uğurun qazanılmasında əməkdaşlığın önəmli rol oynaması vurğulanmışdır. Digər bir mühüm məqam isə dünyanı lərzəyə salan ekoloji kataklizmlərin gücləndiyi bir zamanda ölkəmizdə ən mühüm problemlərdən biri kimi ekoloji tarazlığın qorunub saxlanılması yolu ilə vətəndaşlarımızın sosial-iqtisadi inkişafını qarşıya məqsəd qoymasıdır ki, bu da Davos-2020-nin müzakirəyə çıxardığı ən mühüm problemlər ilə üzvi surətdə uzlaşır.

Məqalədə dünya iqtisadi forumu iştirakçılarının diqqətinə çatdırılan digər mühüm cəhət ölkəmizdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi strategiyasıdır. Bu fikir məqalədə belə əks edilmişdir: "Təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə "Ağıllı şəhər” konsepsiyasına start verilib. Bu konsepsiyanın məqsədi resursların istehlakı, israfı və ümumi xərcləri azaltmaqla eyni nəqliyyat və kommunal xidmət kimi şəhər xidmətlərinin keyfiyyətini artırmaqdır”.

Cənab İlham Əliyevin bu il Davosda keçirdiyi çoxsaylı və ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən görüşləri içərisində Dünya İqtisadi Forumunun prezidenti Borgi Brende ilə görüşünü xüsusi vurğulamaq istərdik. Bu görüş 2019-cu ildə keçirilmiş görüşün məntiqi davamı kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, ötən iki görüşdə Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulmuşdur. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilmişdir. Prezident İlham Əliyev Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək demişdir ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlət başçısı bəyan etmişdir ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək.

Bu il keçirilən görüşdə Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolu da imzalanmışdır. Sənədə əsasən forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq. Onu da qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

İmzalanma mərasimində Prezident İlham Əliyevin söylədiyi fikirlər yeni dövrün çağırışlarına ünvanlanmışdır: "Bu, bizim əlaqələrimizin yeni səhifəsi üçün yaxşı başlanğıcdır.... Biz çox fəxr edirik ki, Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasındayıq. Bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifədir. Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq”.

Tədbirdə Dünya İqtisadi Forumu prezidentinin cənab İlham Əliyevə ünvanladığı sözlər də diqqət çəkir: "Biz, həmçinin bilirik ki, Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”.

Cənab Borge Brendenin bu sözlərinin təsdiqi kimi ötənilki Davos Forumundan cəmi bir ay sonra - 2019-cu il fevralın 22-də Prezident İlham Əliyevin fərmanı ilə əsas məqsədi biliyə və innovasiyaya əsaslanan iqtisadiyyat qurmaq, innovasiya mühitini yaxşılaşdırmaq, innovasiya potensialından səmərəli istifadə etmək, innovasiya fəaliyyətinin tənzimlənməsi sistemini təkmilləşdirmək, müvafiq institusional dəstək mexanizmlərini formalaşdırmaq, innovativ elmi tədqiqatların və layihələrin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması əsasında dayanıqlı inkişafı təmin etmək, innovativ inkişaf səhəsində səmərəliliyi artırmaq, sahibkarlığın və cəmiyyətin mənafeyi üçün elm əsaslı innovasiyaları təşviq etmək və müvafiq sahədə fəaliyyət göstərməkdən ibarət olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılmasını göstərmək olar.

Artıq bir reallıqdır ki, yaxın onilliklərdə qabaqcıl texnologiyaların və süni intellektin üstünlüklərindən istifadə hər bir ölkənin sürətli və dayanıqlı inkişafının əsasını təşkil edəcək. Süni intellekt, robototexnika, proseslərin avtomatlaşdırılması, operativ yaddaşda blokçeynlərin və bir sıra başqa iri məlumatların hesablanması və təhlili kimi inkişaf etməkdə olan mütərəqqi texnologiyalar yeni intellektual ekosistemin yaranmasına gətirib çıxaracaq ki, bu da az xərclə əlavə rəqabət üstünlüklərinə malik olmağa zəmin yaradacaq.

Hazırda süni intellekt bütün dünyada debitor və kreditor borcları, ödənişlərin başlanması və məhsul göndərilməsi ilə bağlı sifarişlərin müqayisə edilməsi, məlumatların təsnifatı və təhlili, əməkhaqqının hesablanması, audit aparılması və vergilərin köçürülməsi kimi bir çox ənənəvi mühasibat vəzifələrini yerinə yetirir, mühasibat uçotunu, üzləşmələri və maliyyə hesabatlarının bununla əlaqəli digər funksiyalarını avtomatlaşdırır.

İnsan potensialına həmişə xidmətlər bazarında böyük tələbat var. Lakin bu tələbat gələcəkdə mütəmadi olaraq artacaq və dəyişəcək. Əgər bu gün minimum Word Power Point, Excel kimi ofis proqramlarını idarəetmə bacarığı və ən azı iki dilin mənimsənilməsi tələb olunursa, sabah blokçeyn və "bulud” texnologiyalarından istifadə etmək bacarığına tələbat meydana çıxacaq, gələcəkdə isə artıq süni intellektə (Sİ) tələbat özünü büruzə verəcək. Hazırda dünyada elə şirkətlər var ki, onlar öz iş yerlərinə yeni kadrları götürməyə hazırdırlar. Bu şirkətlər öz investisiyaları sayəsində onlardan, necə deyərlər, "öz kadrları”nı hazırlamaq istəyirlər. Həmin kadrlar öz ixtisaslarını daha da təkmilləşdirmək üçün müxtəlif kurslarda və seminarlarda iştirak edəcəklər. Ona görə də işsizliyin yaranmaması üçün insanlar, ilk növbədə gənclər, bugünkü tələbatlardan geri qalmamalı və onlarla birlikdə irəli getməyə çalışmalıdırlar.

Təbii ki, bu yazıda Prezident İlham Əliyevin Davos-2020-də gördüyü gərgin və səmərəli işin bütün cəhətlərini əhatə etmək çətindir. Amma Prezidentin daha bir görüşü barədə söz deməyi özümüzə borc bilirik. Cənab İlham Əliyev "Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees't Hart ilə görüşündə ölkəmizdə son illər aparılan islahatların artıq müsbət nəticələr verdiyini, bunun xüsusilə şəffaflığın və hesabatlığın artırılması hesabına vergi və gömrük orqanlarının topladığı büdcə gəlirlərində özünü göstərdiyini qeyd etmişdir. Eyni zamanda dövlət başçısı ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğulamışdır.

Öz növbəsində "Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees't Hart dövlət başçısı tərəfindən son illər aparılan uğurlu islahatlardan, Azərbaycandakı əlverişli biznes və investisiya şəraitindən məmnunluğunu ifadə etməklə bu tədbirlərin biznes və rəqabət mühitinin sağlamlaşdırılması, həmçinin şəffaflığın artırılması üçün geniş imkanlar yaratdığını bildirmişdir. Baş icraçı direktor "Carlsberg Group” olaraq xarici investor kimi bu islahatlara hər zaman dəstək verdiklərini və bu dəstəyin bundan sonra da davam etdiriləcəyini söyləmişdir.

Bu görüşün xüsusi əhəmiyyətini vurğulamaqda məqsədimiz odur ki, şəffaflığın artırılması nəticəsində daha çox xarici investor cəlb edilməsi mümkün olur və əksinə, şəffaflıq lazımi səviyyədə olmadıqda xarici investisiya da daxil olmaqla investisiya cəlbediciliyi nəzərəçarpacaq dərəcədə zəifləyir.

Son vaxtlar ölkəmizdə ikili mühasibatlığın ləğvi, gəlirlərin düzgün bəyan edilməsi, hesabatların reallığı və şəffaflığın artırılması, vergi, gömrük nəzarətinin təkmilləşdirilməsi, kölgə iqtisadiyyatının aradan götürülməsi istiqamətində tədbirlər sistemi işlənib hazırlanaraq uğurla həyata keçirilir. Bütün bunlar ölkəmizdə iqtisadi inkişafın davamlılığının və şəffaflığın təmin edilməsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaradır.

Prezident İlham Əliyev demişdir: "Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır. Biz o səviyyəyə qalxmalıyıq. Biz ona yaxınlaşmışıq, bir çox hallarda lap yaxınlaşmışıq. Amma hələ böyük işlər görülməlidir. Ölkəmizdə bütün işlər - iqtisadiyyat, sosial siyasət və bütün başqa məsələlər müasir səviyyədə olmalıdır”.

Fikrimizcə, Davos Dünya İqtisadi Forumunda əldə olunanlar, Prezidentin sözləri ilə desək, Azərbaycanda islahatları davamlı şəkildə aparmağa və xarici investisiyaları cəlb etməyə imkan yaratmaqla bərabər, son 17 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmizə yeni hədəflərə doğru inamla irəliləməkdə və sosial-iqtisadi inkişafın bütün sahələrində böyük uğurlar qazanmaqda mühüm rol oynayacaq.

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video