11 May 2012 01:05
362
Səfərlər
A- A+

Prezident İlham Əliyev Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təbii fəlakət bölgəsində səfərdə olmuşdur

 

Prezident İlham Əliyevin çıxışı

- İki gün əvvəl Zaqatala, Qax, Balakən rayonlarında güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində böyük dağıntılar olmuşdur. İlkin məlumata görə, dağılmış evlər yüzlərlə hesablanırdı. Son məlumata görə, 3 minə qədər fərdi ev dağılmış, yaxud da ki, qəzalı vəziyyətə düşmüşdür. Bir sözlə, qəzalı vəziyyətdə olan evlərdə də yaşamaq mümkün deyildir.
Fövqəladə Hallar Nazirliyi dərhal təbii fəlakətlə bağlı fəaliyyətə başlamışdır, qərargah yaradılmışdır, vəziyyət təhlil edilmişdir, insanlar təhlükəsiz yerlərə köçürülmüşlər. Xoşbəxtlikdən heç bir insan itkisi olmamışdır. Dərhal bölgəyə çadırlar gətirilmiş və quraşdırılmışdır. İnsanlar müvəqqəti olaraq çadırlarda və qohumlarının evlərində yerləşdirilmişlər. Yüzlərlə sosial obyekt, iyirmidən çox məktəb, uşaq bağçaları, tibb məntəqələri sıradan çıxmışdır. Bir sözlə, bu, çox böyük və dəhşətli təbii fəlakətdir.  
Azərbaycan dövləti güclü dövlətdir və bütün təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün bizdə kifayət qədər imkanlar vardır. Hazırda səfərbərlik işləri, demək olar ki, yekunlaşmışdır. Ağır texnika gətirilmişdir, əlavə çadırlar gətirilir. İnsanların müvəqqəti məskunlaşması üçün bütün lazımi tədbirlər görülür. Ancaq o da həqiqətdir ki, çadırlarda yaşamaq çox ağırdır, çətindir. Biz çalışmalıyıq ki, qısa müddət ərzində bu vəziyyətdən şərəflə çıxaq.
İlk növbədə təhlil işləri davam etdirilməlidir. Çünki hələ ki bizdə tam məlumat yoxdur. Qəzalı vəziyyətdə olan evlərin sayı getdikcə artmaqdadIr və beləliklə, gələn günlərdə də təhlil işləri aparılmalıdır. Dağılmış və qəzalı vəziyyətə düşmüş evlərin dəqiq ölçüləri müəyyən edilməlidir. Bu məsələlər ev sahibləri ilə birlikdə təhlil edilməlidir. Yəni söküləcək hər bir evin dəqiq ölçüləri müəyyən edilməlidir. Söküləcək evlərin yerində yeni evlər tikiləcəkdir. Evlərin layihələri, - mən artıq göstəriş vermişəm, -  insanlara da təqdim edilməlidir. Tikiləcək evlər dağılmış evlərdən daha geniş, daha da böyük olmalıdır. Vətəndaşların arzuları da tikiləcək evlərdə öz əksini tapmalıdır.
Bütün dağılmış və qəzalı vəziyyətdə olan məktəblər yeni tədris ilinə qədər yenidən tikilməlidir. Bu, çox böyük işdir, böyük maliyyə vəsaiti və texniki imkanlar tələb edən məsələdir. Ancaq biz çalışmalıyıq ki, bütün bu məsələlər maksimum qısa müddət ərzində həllini tapsın.
Bununla paralel olaraq seysmoloji vəziyyətə daim nəzarət olunmalıdır. Çünki bildiyiniz kimi, bir neçə təkan olmuşdur və yenə də deyirəm, xoşbəxtlikdən birinci təkan o qədər güclü olmamışdır. İnsanlar evləri tərk etmişlər, ondan sonrakı təkanlar əsas dağıntılara səbəb olmuşdur və istisna edilmir ki, təkanlar bundan sonra da baş versin. Ona görə  seysmoloji vəziyyətə tam nəzarət edilməlidir. Yəni tikinti-bərpa işlərinə ancaq seysmoloji vəziyyət tam sabitləşdikdən sonra başlanılmalıdır.
Müvəqqəti məskunlaşma yerlərində bütün məişət məsələləri öz həllini tapmalıdır. Mənə verilən məlumata görə, artıq bu istiqamətdə böyük işlər görülmüşdür. İnsanların xahişlərini nəzərə alaraq çadırlar hər bir vətəndaşın həyətində quraşdırılır. Biz bu arzuları da yerinə yetiririk, baxmayaraq ki, əlbəttə, işin daha da səmərəli və tezliklə görülməsi üçün çadırların bir yerdə quraşdırılması məqsədəmüvafiq olardı. Ancaq biz insanların istəklərini nəzərə alaraq hər bir həyətdə çadırları qururuq. İçməli su, elektrik məsələləri də öz həllini tapmalıdır. İctimai yerlər artıq müəyyən edilib, səyyar hamamlar, ərzaq məntəqələri, yeməkxanalar və tibb məntəqələri quraşdırılır və quraşdırılmalıdır. Yəni bütün müvafiq qurumlar öz vəzifə borclarını yerinə yetirirlər və elə etməliyik ki, insanların əziyyətini minimum səviyyəyə endirək. Nə qədər mümkünsə, insanların müvəqqəti məskunlaşma yerlərində gözəl şərait yaradaq ki, onlar az əziyyət çəksinlər.
Təmir-bərpa işləri, şübhəsiz ki, keyfiyyətlə aparılmalıdır. Dağılan evlərin böyük əksəriyyəti onilliklər bundan əvvəl tikilmiş evlərdir. Keyfiyyətsiz materiallardan istifadə olunmuşdur və texnoloji qaydalara riayət edilməmişdir. Yeni tikiləcək evlər, qeyd etdiyim kimi, həm dağılmış evlərdən daha da böyük olmalıdır və həm də şübhəsiz ki, keyfiyyətli olmalıdır. Bütün texnoloji qaydalar tətbiq edilməlidir ki, insanlar bu evlərdə rahat yaşasınlar.
Azərbaycan dövləti təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edib. Dünən mənim göstərişimlə bu məqsədlər üçün 20 milyon manat vəsait ayrılıbdır. Ancaq real vəziyyət, yəni yeni məlumatlar göstərir ki, bu vəsait bizə kifayət etməyəcəkdir. Biz növbəti mərhələdə əlavə vəsaitin ayrılmasına da baxmalıyıq. Dövlət büdcəsində və ehtiyat fondlarında vəsait var və biz bu vəsaitdən istifadə edib bütün məsələləri tezliklə həll etməliyik. Bizi çox böyük işlər gözləyir. Üç minə qədər evin tikintisi çox böyük maliyyə vəsaiti tələb edəcəkdir və texniki məsələlər öz həllini tapmalıdır. Biz çalışmalıyıq ki, bütün evləri qısa müddət ərzində bərpa edək ki, insanlar az əziyyət çəksinlər. Bütün müvafiq qurumlar, yerli icra orqanları burada əlaqəli şəkildə fəaliyyət göstərməlidir. Bu məqsədlə qərargah yaradılıbdır və biz bütün işləri ardıcıllıqla və keyfiyyətlə görməliyik.
Bizim siyasətimizin mərkəzində insan amili dayanır. Bizim siyasətimiz sosialyönümlüdür və Azərbaycanda aparılan islahatlar, ilk növbədə, insanların rahat yaşamasına yönəldilibdir. Əlbəttə, ağır vəziyyətə düşmüş vətəndaşlarımızın problemlərinin həlli bizim üçün, həmişə olduğu kimi, prioritetdir. Bizim dövlət güclü dövlətdir, biz istənilən sınaqdan şərəflə çıxa bilirik və təcrübə də bunu göstərmişdir. İki il bundan əvvəl baş vermiş daşqınlar nəticəsində minlərlə ev dağılmışdı. O evlər yenidən quruldu, yeni qəsəbələr tikildi, kəndlər bərpa edildi, məktəblər inşa olundu, yollar çəkildi. Yəni təcrübəmiz var, xilasedicilərimiz başqa ölkələrdə xilasetmə missiyalarında uğurla fəaliyyət göstərirlər. Xilasedicilərimiz həm yanğınların, zəlzələlərin və digər təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında artıq çox böyük peşəkarlıq nümayiş etdiriblər. Öz problemlərimizi biz özümüz həll edəcəyik. Bizdə kifayət qədər imkanlar, çadırlar, səyyar mətbəxlər vardır. Yenə də deyirəm, məsələnin hərtərəfli həlli üçün təhlil, söküntü, tikinti-bərpa işləri, eyni zamanda, insanların normal yaşamasını təmin etmək üçün bütün məsələlər öz həllini tapmalıdır və əminəm ki, tapacaqdır.
*    *    *
Sonra fövqəladə hallar naziri Kəmaləddin HEYDƏROV vəziyyətlə bağlı məlumat verərək dedi:
- Çox sağ olun, möhtərəm cənab Prezident. Mayın 7-də Zaqatala, Qax və Balakən rayonlarının ərazisində güclü zəlzələ baş vermişdir. Zəlzələnin episentri 9-11 kilometr dərinlikdə, gücü isə 7 bal olmuşdur. Saat 9.40-da baş vermiş ilkin zəlzələ 5,3 bal gücündə hiss olunmuşdur. Ondan sonra saat 19.22-də baş verən zəlzələ isə dağıdıcı olmuşdur. Kəndlərdə əsas dağıntılara bu zəlzələ səbəb olmuşdur. Bu zəlzələlərin arasında təxminən 500-ə qədər yeraltı təkan qeydə alınmışdır. Xırdalı, böyüklü zəlzələlər haqqında, icazə versəydiniz, mənim çıxışımdan sonra Milli Seysmoloji Mərkəzin direktoru məruzə edərdi. Mən isə gördüyümüz işlər haqqında məlumat verim.
Zəlzələ baş verən anda Sizin mənə tapşırığınızdan dərhal sonra bütün rəhbər heyət Zaqatalaya gəlmişdir. O cümlədən min nəfərə yaxın şəxsi heyət bu gün müxtəlif qərargahlarda, kəndlərdə fəaliyyət göstərir. Bizim ilkin işimiz əhali arasında tələfatın olub-olmamasını və zədələnənləri araşdırmaq idi. Məlum oldu ki, heç bir insan həlak olmamışdır. Amma yüngül zədələrlə qurtulanlar olmuşdur ki, onlara da tibbi xidmət göstərilmişdir və bu gün onların vəziyyətləri yaxşıdır. Birinci və ikinci dağıdıcı zəlzələdən sonra işləyən komissiyaların rəyləri artıq əlimizdədir. Zaqatala rayonu üzrə uçulmuş evlərin sayı 274, qəzalı evlərin sayı 2052 - cəmi 2326 ev. Balakən rayonunda uçulmuş ev qeydə alınmamışdır, qəzalı evlərin sayı 35-dir. Qax rayonu üzrə 250 uçulmuş ev var və 150 ev qəzalı vəziyyətdədir - cəmi 400 ev. Bu rayonlar üzrə uçulmuş evlərin sayı 524, qəzalı evlərin sayı 2237 və bütün bunların hamısının cəmi, bu saata olan məlumata görə, 2761-dir.
Sosial obyektlərlə bağlı - bütün bu üç rayonda 74 məktəb ciddi zərər çəkmişdir, bunların hamısı yenidən tikilməlidir. Həmçinin 48 uşaq bağçası, 2 lisey, 40 inzibati bina, 9 tibb məntəqəsi, 4 məscid  - cəmi 177 sosial obyekt uçulmuş və ya qəzalı vəziyyətdədir.
Möhtərəm cənab Prezident! Sizin tapşırığınıza əsasən əhali arasında icra hakimiyyətlərinin başçıları ilə bərabər ilkin olaraq danışıqlar, söhbətlər aparılmışdır. Çünki əhali ilk gün və bu gün də daxil olmaqla təbii fəlakətdən, açıq desək, bir balaca qorxuya düşmüşdir. Bu da təbiidir və apardığımız işin nəticəsində, tapşırıqlarınızı onlara çatdırandan sonra əhalidə nisbətən sakitlik yaranmışdır və onlar bu qəza ilə bağlı öz xahişlərini söyləmişlər.
Dünən Sizin verdiyiniz tapşırığa görə mən şəxsən bir neçə böyük qəsəbədə olmuşam və onlara evlərin tikilməsindən başqa, ərzaq və digər xidmət göstərilməsi haqqında məlumat vermişəm ki, bu da əhali tərəfindən müsbət qarşılanmışdır. İcazə versəniz məruzə edərdim ki, artıq buraya gətiriləcək, gətirilən və yolda olan 2600 çadır vardır. Biz ilk günlərdə qəzalı evlərə yaxınlaşmamaları üçün əhalini böyük çadırlarda yerləşdirmişdik.
O günə, yəni dünənədək imkan daxilində hərənin həyətində öz ailə tərkibinin sayına görə çadırlar paylanmışdır. Bu gün, sabah, ola bilsin ki, birisi gün günortaya qədər hər bir ev fərdi çadırla təmin olunacaqdır. Bundan əlavə, əhaliyə un, şəkər, yağ, uşaq yeməkləri, çay, yuyucu toz, sabun, uşaq üçün gündəlik paltarlar paylanmışdır. Əhali gündəlik qaz balonları xahiş etmişdir ki, həyətlərində yeməklərini bişirsinlər və onları da biz bu gün və sabah ərzində təmin edib əhaliyə təqdim edəcəyik.
Ümumiyyətlə, tikinti ilə bağlı dünən Sabirabad və Saatlı rayonlarında inşaatda təcrübəsi olan şirkətlərin və digər şirkətlərin rəhbərləri buraya dəvət olunmuşdular. Onların arasında iş bölgüsü aparılmışdır. Onlar hansı kənddə böyük işlər aparılacaqdır, orada bizim qurduğumuz qərargahla təmasda olacaqlar. Amma Siz bu gün əlavə tapşırıqlar verdiniz ki, o evlər indiki evlərdən daha böyük, daha gözəl olmalıdır və layihələr fərdi surətdə hər bir evin sahibləri ilə razılaşdırılmalıdır. Yəni onlara göstərilməlidir ki, onlar necədir. Bu gün Siz camaatla söhbətinizdə də vurğuladınız ki, o tikintilərdə iştirak edəcək işçi qüvvələrinin  çoxu elə kənddə yaşayan insanlar olacaqdır. Bu da onlara əlavə pul qazanmalarına kömək edəcəkdir.
Artıq dünəndən başlayaraq ağır texnikalar kəndlərə paylanmışdır və ardı gəlir. Divarları tikmək üçün  sement və digər inşaat materialları paylanır. Bilirsiniz ki, çoxlu divar uçubdur. Onlara bizim müəyyən etdiyimiz tikinti şirkətləri qarışmayacaqlar. Onlara biz sement və digər materiallar verəcəyik ki, öz divarlarını özləri bərpa etsinlər.
İçməli su, məhəllələrdə  müvəqqəti hamamlar, səyyar mətbəxlər məsələsi həll olunur. Tibbi xidmət göstərmək üçün həm Səhiyyə Nazirliyinin qurumları və əgər başqa yerlərdə tələb olunacaqsa, bizim tibb xidmətinin əməkdaşları onlara tibb xidməti göstərəcəklər. Camaata nə lazımsa hamısı ilə təmin olunacaq.
Prezident İlham ƏLİYEV: Sağ olun. Əyləşin. İnsanların narahatlığını əlbəttə ki, başa düşmək olar. İnsanların gözü qabağında onların evləri uçulub dağılıb. Bu gün həm Zaqatala, həm Qax rayonlarında vətəndaşlarla görüşlər əsnasında onların nikbinliyi də görünür. Çünki onlar inanırlar ki, Azərbaycan dövləti əlindən gələni əsirgəməyəcək və onların evləri tezliklə yenidən qurulacaqdır. Mən də qeyd etdim ki, tezliklə bu məsələyə baxacağıq və yeni evlər əvvəlki evlərdən qat-qat üstün olacaqdır. Bütün parametrlər üzrə - həm ölçülərə, həm keyfiyyətə, həm də müasirliyə görə. Biz bu məsələyə baxacağıq və əlbəttə ki, indiki mərhələdə əsas məsələlərdən biri insanların müvəqqəti yerləşdirilməsidir.
Qeyd etdiyiniz kimi, insanların xahişləri nəzərə alınır. Şübhəsiz, ilk anlarda insanlar stress keçirmişlər və bu, başadüşüləndir. Hazırda vətəndaşlardan bizə gələn xahişlər artıq yerinə yetirilir, məsələlərə baxılır, ərzaq təminatı və məişət problemləri ilə bağlı bütün məsələlər mümkün qədər öz həllini tapmaqdadır.
*    *    *
Seysmoloji vəziyyətlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban YETİRMİŞLI xəritələr, diaqramlar əsasında məlumat verərək dedi:
- Çox sağ olun möhtərəm cənab Prezident! Gördüyünüz kimi, bu, güclü zəlzələlər baş verən ərazidir. Birinci saat 09.40-da olan zəlzələnin episentri, ikinci isə saat 19.15-də olan zəlzələnin episentridir. Bu ərazi isə ümumiyyətlə ocaq zonasıdır - mütəmadi olaraq qeydə aldığımız, sonradan baş vermiş afterşokların episentrləridir. Birinci zəlzələ güclü zəlzələdir. Bilirik ki, bu ərazi seysmoaktiv bölgədə yerləşir, burada tarixən zəlzələlər olub, mən bunu göstərəcəyəm. Ancaq ikincisi ondan da güclü olub və dağıntılar daha çox yaranıb. Çünki bu ərazidə ümumiyyətlə yanvar ayından aktivlik başlayırdı. Biz bunu görmüşdük, hiss edirdik.
Burada baş verən zəlzələ təsadüfi deyildir. Sadəcə olaraq, mən onu deyim ki, dünyanın heç bir ölkəsində zəlzələnin vaxtını, dəqiq gününü demək qeyri-mümkündür. Çünki qısamüddətli proqnoz yoxdur, nəinki bizim ölkədə, hətta bütün dünyada.
Möhtərəm Prezident, aparılan bu tədqiqatlara görə mən Sizə təşəkkürümü bildirmək istəyirəm. Çünki Siz seysmologiyaya çox diqqət yetirirsiniz. Bu gün Azərbaycanda tədqiqatlar o cihazlarla aparılır ki, dünyanın ən müasir avadanlığıdır. Bunu təkcə mən demirəm. Yaponiyadan, ABŞ-dan, digər ölkələrdən gələn alimlər, seysmoloqlar bunu təsdiq edirlər. Təbii ki, bu iş davam edir. Məlumat üçün onu da deyim ki, bu il ilk dəfə olaraq biz Xəzər dənizinin dibində seysmik stansiyalar quraşdıracağıq. Quru ərazilər qurtarandan sonra oraya keçəcəyik.
Ekranda göstərilən görüntülər həmin zəlzələlərin mexanizmidir. Biz parametrlər üzrə bunun elmi araşdırmalarını aparmışıq. Deməli, burada proses necə gedir? Gördüyünüz kimi, bu, təkan nəticəsində qırılıb düşmə prosesidir. Yəni, gördüyünüz kimi, blokdaxili gedən prosesdə litosferdə böyük bir qırılma baş verib və onun təsirindən həmin təkanlar yaranıb. Onun 3D modelini qurmuşuq. Yəni ocaqda bu cür proses - qırılıb düşmə, sıxılma və burada olan parçalanmalar gedib. Bu indi də davam edir. Dediyim kimi, biz ilin əvvəlindən burada aktivlik müşahidə edirdik. Çünki burada zəif təkanlar özünü göstərir. Apardığımız digər geofiziki tədqiqatlar da onu göstərirdi ki, burada fəallıq gözlənilir. Bu, ilk baş vermiş zəlzələnin episentridir.
Bu gördükləriniz isə Azərbaycanda hazırda mövcud olan, fəaliyyət göstərən ən müasir avadanlıqlar, stansiyalardır. Yəni bölgələrdə olan stansiyalardır. Bunlar peyk rabitəsi ilə saniyəbəsaniyə respublikanın hər hansı ərazisində, regionda, eləcə də dünyanın müxtəlif nöqtələrində baş vermiş zəlzələni Bakıya ötürür, onu biz əyani surətdə monitorda görür, sonradan proqramlar üzrə elmi araşdırmalar aparırıq. 
Hər iki zəlzələnin dalğa yazıları, yəni spektr analizini də aparmışıq. Biz bu yolda qruntun rəqsini, sonradan isə zəlzələ vaxtı binanın rəqsini müəyyən edirik. Biz bunu inşaatçılara veririk ki, həmin ərazidə hansı bal gücündə zəlzələ ola bilər, necə tikmək lazımdır ki, qruntun rəqsi ilə binanın rəqsi üst-üstə düşməsin, əks təqdirdə gələcəkdə zəlzələ vaxtı böyük dağıntılar əmələ gətirə bilər. Bu, bizim apardığımız işlərdir.
 Bu isə ikinci zəlzələnin təsviridir, Rixter cədvəli üzrə 5,7 bal gücündə baş verib. Onun dalğaları yerin səthinə doğru şaquli hərəkət etdiyinə görə də o cür dağıntılar əmələ gəlib. Binalarda əmələ gələn dağıntıların digər bir səbəbi isə onların keyfiyyətsiz inşaat materiallarından, yəni çay daşlarından tikilməsidir.
Bu isə ayın 7-də saat 09.40-dan sonra baş vermiş təkanların zaman üzrə paylanmasıdır. Cənab nazir qeyd etdiyi kimi, 500-dən çox afterşok olmuşdur. Üstəlik ayrı-ayrı xırda təkanlar vardır. Onlar birdən aşağı olan təkanlardır. O barədə mən bir-iki kəlmə deyəcəyəm, onun ayrı səbəbləri də vardır. Bu, onu göstərir ki, proses gedir. Biz burada qruntun saniyədə nə qədər yerdəyişməsini hesablamışıq.    
Bu xəritədə mən episentri göstərmək istəyirəm. Göründüyü kimi, bura Mamrux, Çobankol kəndləridir. Siz oralarda oldunuz, dağıntılara baxdınız. Bunlar isə Gözparaq, Bazar, Qımır, Güllük kəndləridir. 7,7-dən çox olan episentr buradır. Hesablamalarımıza görə, episentrin uzunluğu 15 kilometrdir. Bu sahə proses gedən sahədir. Burada 10 kilometr, 9 kilometr, 11 kilometr dərinlik arasında proses gedir. Proses bu gün də davam edir. Bizim Zaqatalada, Şəkidə, Qəbələdə, İsmayıllıda, dağın o biri tərəfində -  Xınalıqda, Qubada, Qusarda, Dəvəçidə, Şamaxıda stansiyalar vardır. Buna baxmayaraq, episentrinin harada olduğu bilinməyən zəif təkanlar da vardır. Buna görə mən əlavə tapşırıq verdim və ABŞ istehsalı olan yeni mobil rəqəmsal stansiyalar bu zonalarda quraşdırılacaqdır.
*    *    *
Prezident İlham ƏLİYEV: Aydındır. Yaxşı, sağ olun. Bu kəndlərin mühafizəsi ilə bağlı tədbirlər də görülməlidir. Bu təcrübə də bizdə vardır. Daşqın zonasında artıq bu təcrübəni biz tətbiq etmişdik. Burada da Daxili İşlər Nazirliyi bütün bu məsələlərə baxmalıdır. Hər bir kənddə mühafizə məsələləri yüksək səviyyədə təşkil edilməlidir.
Daxili işlər naziri Ramil USUBOV: Cənab Prezident, məruzə edirəm ki, hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyi ilə danışaraq buraya məsul əməkdaşlarımız gəliblər. Burada Daxili Qoşunların böyük bir alayı yerləşir. Yəni qüvvələr ayrılıbdır və kəndlərdə asayişin qorunması, baş verə biləcək cinayətlərin qarşısının alınması üçün bütün tədbirlər görülür, tapşırığınıza əsasən bu da axıra qədər davam etdiriləcəkdir, cənab Prezident!
Prezident İlham ƏLİYEV: Çox yaxşı. Yerli icra orqanları da öz vəzifə borclarını bilirlər. Daim, ümumiyyətlə bütün dövrlərdə insanlarla əlaqədə olmaq lazımdır. Hər bir məntəqədə, hər bir kənddə insanların problemlərini araşdırmaq və həll etmək lazımdır. Xüsusilə belə çətin anlarda vətəndaşlar sizin qayğınızı daha da çox hiss etməlidirlər. Sizin qəsəbə, kənd nümayəndələri daim bu işlərdə fəal olmalıdırlar. İndi dövlət qurumları tərəfindən bütün lazımi tədbirlər görülür. Siz də öz tərəfinizdən bütün bu işlərdə fəal iştirak etməlisiniz. Bu vəziyyətdən çıxmaq üçün sizin bütün imkanlarınız səfərbər olunmalıdır.
Bütün vəzifələr aydındır. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq. Bütün evlər, məktəblər yenidən tikiləcəkdir. İndi fövqəladə hallar naziri deyir ki, 74 məktəb tikilməlidir. Çox böyük işdir. Çalışmaq lazımdır ki, tədris ilinə qədər biz bunu edək və əlbəttə ki, siz yeni məlumatın hesablamalarını da təqdim edin. Əlavə vəsait nə qədər və nə vaxt lazım olacaqdır?! İndi ayrılan 20 milyon manat vəsaitdən artıq istifadə etməyə başlayın. Ancaq əlbəttə ki, bu məqsədlər üçün, yəni fəsadların aradan qaldırılması üçün lazım olan vəsait indi ayırdığımızdan qat-qat çox olacaqdır.
Bir daha demək istəyirəm ki, bu, çox güclü təbii fəlakətdir, çox güclü zəlzələdir. Yeddi bal gücündə zəlzələ çox güclü zəlzələ hesab olunur. Yenə də deyirəm, xoşbəxtlikdən insan itkisi olmamışdır. Biz bütün imkanlarımızı səfərbər edib tezliklə zəlzələnin fəsadlarını aradan qaldırmalıyıq, yeni evlər tikməliyik. İnsanlar da bir daha görəcəklər ki, Azərbaycan dövləti güclü dövlətdir və bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və bizim bu sahədəki siyasətimiz dəyişməz olaraq qalır. Əminəm ki, zəlzələdən əziyyət çəkmiş bütün kəndlərdə qısa müddət ərzində yeni, gözəl evlər, binalar tikiləcək və insanların güzəranı daha da yaxşı olacaqdır.  Sağ olun.
*    *    *
Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olan və müvafiq tapşırıqlarını verən Prezident İlham Əliyev mayın 9-da Bakıya qayıtdı.

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video