29 Noyabr 2011 02:11
515
Səfərlər
A- A+

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimində iştirak etmişdir

 

Noyabrın 28-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının təməlqoyma mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlət başçısı kitabxananın eskiz layihəsi ilə tanış oldu.

AMEA-nın prezidenti Mahmud Kərimov və layihənin icraçısı "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev məlumat verdilər ki, kitabxana üçün 0,9 hektar torpaq sahəsi ayrılmışdır. Binanın ümumi tikinti sahəsi isə 24 min 180 kvadratmetrdir.

Bildirildi ki, kitabxanada yaradılacaq qapalı və xüsusi şəraitli fondlar 3 milyon 500 min nüsxə ədəbiyyatın saxlanılması üçün nəzərdə tutulmuşdur. Fondlar xüsusi havalandırma sistemləri ilə təchiz olunacaqdır. Açıq kitab fondları isə mərtəbələr üzrə mövzulara uyğun yerləşdiriləcək və burada ümumilikdə bir milyonadək nüsxə ədəbiyyatın saxlanılması mümkün olacaqdır. Kitabxananın oxu zalları eyni vaxtda 700-dək oxucuya xidmət göstərəcəkdir. Abunə xidməti eyni vaxtda 80 oxucuya hesablanmışdır.

Birinci mərtəbədə muzey, gözləmə zalları və kafeteriya olacaqdır. Kitabxanada xüsusi bərpa, cildləmə və surətçıxarma emalatxanaları da fəaliyyət göstərəcəkdir. Burada elektron axtarış, ekspress abunə və sifarişlər, fotolaboratoriya, mini mətbəə, kitab və sənədlərin çeşidlənməsi və dəstləşdirilməsi otaqları, kartoteka, arxiv yerləşəcəkdir. Kitabxananın ikinci mərtəbəsində isə kitab satışı mərkəzi, üç oxu zalı, server və istirahət otaqları nəzərdə tutulmuşdur. Digər mərtəbələrdə də konfrans, dissertasiya, elektron nəşrlər və oxu zalları istifadəçilərin ixtiyarına veriləcəkdir.

Dövlət başçısına məlumat verildi ki, kitabxanada həmçinin elmi-texniki sənədlər, elektron daşıyıcılar, mübadilə, çertyojlar, xəritələr, film və mikrofilm fondları da yaradılacaqdır. Bundan əlavə, kitabxanada beynəlxalq mübadilə, dəstləşdirmə, elmi-informasiya, elmi-biblioqrafiya, kitabxanaçılıq və informasiya, yüksək informasiya və kommunikasiya şöbələri fəaliyyət göstərəcəkdir. Şöbələrin nəzdində isə dəqiq, humanitar və ictimai elmlər, siyasi, biblioqrafiya, akademiklər, neft kimyası, azərbaycanşünaslıq mərkəzi, elektron kataloq tərtibatı, nadir və qiymətli nəşrlər, incəsənət, xəritə və çertyojlar, təbiət və texniki elmlər, ictimai və humanitar bölmələri də fəaliyyət göstərəcəkdir. Burada həmçinin linqvistik mərkəz də yaradılacaqdır. Binada 10 müasir lift, birinci və ikinci mərtəbələrin arasında isə eskalator quraşdırılacaqdır. Kitabxananın 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunu işə saldı.

Dövlət başçısı mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video