18 Yanvar 2012 01:01
387
İQTİSADİYYAT
A- A+

Prezident İlham Əliyev: «2011-ci ildə bütün sosial-iqtisadi məsələlər uğurla və vaxtında həllini tapmışdır»

 

Bu, özünü qeyri-neft sektorunun inkişafında daha çox göstərir

 

Yola saldığımız 2011-ci ildə Azərbaycanın uğurlu inkişafı davam etdi. Qarşıya qoyulmuş bütün sosial və iqtisadi vəzifələr müvəffəqiyyətlə yerinə yetirildi. Nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapdı. Bu fikirlər yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş nitqində səslənib.

Dövlət başçısı bütövlükdə iqtisadi artımın 0,1 faiz təşkil etdiyini, qeyri-neft sektorunda həmin göstəricinin xeyli yüksək  - 9,4 faiz olduğunu vurğulayıb: "Çünki artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır, proqramlar qəbul edilir, dövlət siyasəti də bu istiqamətdə aparılır və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün bütün gözəl imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Nəzərə alsaq ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, əlbəttə ki, bu, həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir".

Hər bir iqtisadi artım isə nəticə etibarilə xalqın dolanışığında, həyat səviyyəsinin yüksəldilməsində özünü göstərir. İqtisadi sahədə qazanılan nailiyyətlər sosial siyasətin uğurla davam etdirilməsinə imkan verir. 2011-ci ildə maaşların və pensiyaların artırılması da məhz bu amillərdən qaynaqlanıb. İl ərzində 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artıb. Sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir. Başqa sözlə, dövlət hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə kömək göstərir. Bütün bunlar bir daha təsdiqləyir ki, insanların rifah halının yaxşılaşdırılması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir.       

Keçən il əhalinin pul gəlirləri 19,6 faiz artıb. 7,9 faiz təşkil edən inflyasiya  ilə əhalinin pul gəlirləri arasındakı fərq kifayət qədər böyükdür. 11 ay ərzində orta aylıq əməkhaqqı 8,3 faiz artaraq 357 manata çatıb. İl ərzində dövlət büdcəsindən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və bir sıra digər sahələrdə əməkhaqqı 10 faiz artırılıb.

Əhalinin həyat səviyyəsinin yaxşılaşmasına bir misal da ölkədə tikilən sosial istiqamətli obyektlərdir. Belə ki, ötən il ərzində 33 səhiyyə ocağı, 60-a yaxın məktəb tikilib və təmir edilib. Geniş quruculuq işləri aparılıb. Təkcə şəhərlərimiz deyil, bölgələrimiz də getdikcə daha çox gözəlləşir və abadlaşır.

2011-ci ildə 94 min yeni iş yeri açılıb. Bunların 73 mini daimi iş yerləridir. Son 8 ildə açılmış yeni iş yerlərinin sayı isə 1 milyonu ötüb. İşsizliyin səviyyəsi getdikcə aşağı düşür və hazırda bu rəqəm 5,4 faizdir. Maraqlıdır ki, bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi bundan bir neçə dəfə yuxarıdır.

İşsizliklə yanaşı yoxsulluq da azalır. İndi ölkəmizdə yoxsulluğun səviyyəsi azalaraq 7,6 faizə düşüb.     

Artıq bütün dünya görür ki, Azərbaycan dövlətinin gerçəkləşdirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkə vətəndaşlarının yaşayış səviyyəsinin daimi olaraq yüksəldilməsini təmin edən fundamental əsasları formalaşdırıb. Bu baxımdan 2011-ci il sığorta-pensiya sisteminin inkişafı tarixində əlamətdar illərdən biri kimi yadda qalacaq. Ötən ilin ən böyük sosial tədbirlərindən biri ölkədə yeni sığorta-pensiya  sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı fərqlərin aradan qaldırılması olub. 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış 1 milyon 273 min nəfərin hər birinin Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş arxivindəki pensiya işində olan əmək stajı məlumatı əsasında pensiyanın yenidən hesablanması yekunlaşdırılıb.

898 min 952 nəfərin pensiyası iyulun 1-dən orta hesabla 40 faiz artırılıb. Həmin artım nəticəsində yarım il ərzində bu pensiyaçılara əlavə olaraq 200 milyon manata yaxın vəsait ödənilib. Beləliklə, hətta pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ mümkün olmadığı halda, ölkəmizdə bu problem artıq həll edilib.

Bundan əlavə, 2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faiz artım tətbiq olunub. Müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanıb. Bu, 5 min 900 nəfərə yaxın alimi əhatə edib.        

Həmişə olduğu kimi, keçən il də qaçqın və məcburi köçkünlərin qayğıları dövlətin diqqət mərkəzində idi. İl ərzində onların sosial problemlərinin həllinə 500 milyon dollar vəsait xərclənib. Əvvəla qeyd edək ki, ötən ilin dekabrından hər bir məcburi köçkünə verilən aylıq yemək xərci müavinətinin həcmi 10 faiz artırılıb. Ağcabədidə 560 məcburi köçkün ailəsinə 10 yaşayış binasının və rayonun Taxtakörpü ərazisində Laçından olan 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonunda 525 ailəlik 9 yaşayış binasının, Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli binanın tikintisi başa çatdırılıb. Bu siyahını xeyli artırmaq  da olar. Bütövlükdə il ərzində 2120 ailənin - 10 min 600 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Qaçqın və məcburi köçkünlərin məşğulluq probleminin həlli istiqamətində də xeyli iş görülüb. 2171 nəfər məcburi köçkün daimi, 5 min nəfərə qədər isə mövsümi işlə təmin olunub. 10 min 600 ailəyə ünvanlı sosial yardım təyin edilib. Bir çox məcburi köçkünün sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün onlara güzəştli kreditlər verilib.

Dünyada qlobal maliyyə böhranının təsirinin davam etdiyi 2011-ci ildə Azərbaycanın qazandığı bu və bir çox digər nailiyyətlər olduqca ürəkaçandır. Nazirlər Kabinetinin iclasında dövlət başçısının dediyi kimi: "Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır. Deyə bilərəm ki, MDB məkanında bu, çox gözəl göstəricidir. Ancaq əlbəttə ki, bu bizi tam şəkildə qane edə bilməz. Növbəti illərdə görüləcək tədbirlər, həm ayrılacaq vəsait, həm yaradılacaq yeni iş yerləri, həm də apardığımız uğurlu investisiya siyasətimiz bizə kömək edəcəkdir. Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır".

Prezident İlham Əliyev 2011-ci ilə aid göstəricilərin müsbət olmaqla yanaşı, həm də gələcəyə ümid verdiyini, inam yaratdığını vurğulayıb. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, 2012-ci il də ölkəmiz üçün uğurlu olacaqdır.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video