21 Aprel 2021 02:07
834
Səhiyyə
A- A+

Peyvəndləmə virusla mübarizədə əsas vasitədir

 

Dünyəvi immunitet yaratmaqla “gözəgörünməz” düşməndən xilas olmaq mümkündür, əks təqdirdə, o bizi uzun illər tərk etməyəcək

 

Bəşəriyyəti hədələyən, insanları bəzən xof və vahimə içərisində saxlayan, bəzilərinə isə inandırıcı görünməyən, lakin uşaqdan-böyüyə hər kəsi yoluxduran koronavirus infeksiyasına qarşı bir ildir ki, müxtəlif variantlarda mübarizə aparılır. Təsirini hiss edənlər də var, hələ də bu ciddi və təhlükəli bəlaya başdansovdu yanaşanlar da. Lakin məsələnin ciddiliyi mübarizəni gücləndirmək tələbini də ortaya qoyur. Belə optimal variant isə, hələ ki vaksinasiyadır.

Azərbaycanda koronavirus pandemiyasına qarşı vaksinasiya kampaniyası bu il yanvarın 18-dən başlayıb. İlk gündən etibarən bildirilib ki, başqa ölkələrdə olduğu kimi, peyvəndlənmə məcburi deyil. Lakin tibb mütəxəssisləri vəziyyəti nəzərə alaraq, vaksinasiyadan keçməyin vacibliyini tövsiyə edirlər.

Gizli deyil ki, inyeksiyadan imtina edəcəklərini deyənlər də var. Bəs, görəsən, onların narahatlıqlarına səbəb nədir? Vaksinasiyaya qarşı inamsızlıq, yoxsa qorxu...

Maraqlıdır ki, XIX əsrdə Britaniyada yaranan peyvənd əleyhdarlarının hərəkatını misal çəkənlər də var. Göstərirlər ki, onlar vaksinasiya əvəzinə, təcridolunma kimi, alternativ mübarizə üsullarını tələb ediblər.

 

Vaksinlərin “təhlükəsi” barədə bildiklərimiz və bilmədiklərimiz

 

COVID-19 vaksininə gəlincə, belə hesab olunur ki, ona qarşı inamsızlıq və qorxu keçmişdəki təcrübə, siyasi və sosial mənşəli amillərə əsaslana bilər. Bu aspektdən yanaşdıqda 2009-cu ildə İsveçdə yaşananlar nümunə göstərilir. Burada “donuz qripi” alovlanarkən, beş milyon insanın, yəni əhalinin təxminən yarısının vaksinasiyasından sonra, bəzilərində ağır və uzunmüddətli yan

fəsadlar müşahidə olunub. Bu hadisə əhalinin yeni peyvəndlə bağlı bəzi narahatlıqlarını izah edə bilər.

Stokholmdakı Novus İnstitutunun apardığı sorğuya görə, isveçlilərin təxminən 60 faizi vaksinlənmə ilə bağlı ya tərəddüd keçirir, ya da ondan imtina etmək fikrindədir.

Ötən il nüfuzlu “Lancet” dərgisində yayılan araşdırmaya əsasən, vaksinlərin əhəmiyyəti, təhlükəsizliyi və effektivliyinə dair inamsızlığın səviyyəsi xeyli artıq idi. Belə ki, 2015-2019-cu illər arası 6 ölkədə peyvəndlərin təhlükəsiz olması ilə bağlı qəti şəkildə razılaşmayan respondentlərin sayında ciddi artım müşahidə olunub.

Belə görünür ki, koronavirus peyvəndi ilə bağlı narahatlıqlar ölkədən-ölkəyə dəyişkəndir. Britaniya da daxil, bəzi ölkələrin sakinləri, ümumilikdə peyvəndlərə qarşı olmasa da, müəyyən istehsalçının vaksinlərindən imtina edir. “The Guardian” qəzetinin məlumatına əsasən, ABŞ Almaniyanın BioNTech/Pfizer peyvəndindən imtina edənlər Britaniya istehsalı olan vaksinlərə üstünlük verirlər.

 

“Rəqabət” çaşbaşlıq yaradanda...

 

Mütəxəssislərin fikirlərinə əsasən, bir çox ölkədə insanların vaksinlərə qarşı apardığı kampaniya qorxu və inamsızlıq hissini bir az da gücləndirir. Hesab olunur ki, dezinformasiyanın eyni zamanda müxtəlif kanallardan yayılması yanlış məlumatların “mötəbərliyini” artırır. Burada peyvəndlərin təhlükəsiz olmadığı kimi iddiaları göstərmək yerinə düşərdi. Belə əsaslandırılmayan məlumatlar artıq bir müddətdir ki, internet şəbəkələrində yayılmaqdadır. Təbliğ olunur ki, guya peyvəndlərin istehsalını sürətləndirmək naminə tələb olunan prosedurlardan yan keçilib və bu da vaksinin təhlükəsizliyini sual altına alır.

Lakin, ümumiyyətlə, bütün digər sahələrdə olduğu kimi, burada da ola bilsin ki, vaksinlərin istehsalı ilə məşğul olan şirkətlərin bir-biri ilə “rəqabət”i müəyyən  dərəcədə öz rolunu oynasın. Lakin  mütəxəssislər də təsirin əks-təsirə malik olmasını unutmamağı tövsiyə edirlər. Nəzarət qurumları və istehsalçılara əsasən, vaksinlərin çevik çatdırılmasına səbəb - qabaqcıl texnologiya, nəzarətlə istehsalın paralel aparılması və geniş maliyyə dəstəyi olub.

London Gigiyena və Tropik Tibb Məktəbinin Vaksinə Etimad Layihəsi belə bir nəticəyə gəlib ki, sosial mediada dezinformasiya səciyyəli məlumatlarla tanış olan qruplar arasında vaksinasiya olmaq istəyənlərin faiz nisbəti aşağı düşür.

 

Kütləvi immunitet necə qazanılır

 

Britaniyalı infeksionist-həkim Will Buddun deyir ki, bu qrupun etimadını geri qazanmasaq, Pfizer peyvəndinin 95 faizlik təsiri barədə məlumat heç bir məna daşımayacaq: “...Ölkənin əksəriyyəti peyvənd olunmadan, kütləvi immuniteti təmin etmək mümkün olmayacaq”.

Peyvəndlərdən imtina edənlər onların “qeyri-effektivliyi və ya yan fəsadları” kimi səbəbləri qeyd edirlər. Lakin Rusiya Səhiyyə Nazirliyinin saytlarının birinin yazdığına görə, “qorxular” məsələni bilməməkdən irəli gəlir. Vaksinasiya kampaniyasının tərəfdarları hesab edirlər ki, məşhur simaların, siyasi, ictimai və mədəniyyət xadimlərinin ictimai şəkildə inyeksiya olunması etimadı artıra bilər.

Burada nümunə olaraq, ABŞ Prezidentini nümunə kimi göstərməkdə də özlərini haqlı sayırlar. Ötən ilin dekabr ayında onun vaksinasiya olunması televiziya ilə canlı yayımda nümayiş etdirilib. Yaşına görə peyvənd almaq növbəsi çatan Joe Biden soydaşlarını “vaksinin təhlükəsizliyinə” inandırmaq istədiyini deyib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva da bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, dünyada, o cümlədən ölkəmizdə heç olmazsa, əhalinin 60 faizdən çoxu qısa müddət ərzində kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik.

Azərbaycanın Çin istehsalı olan “Sinovac” şirkətinin peyvəndinə üstünlük verdiyini xatırladan N. Mustafayevanın sözlərinə görə, ikitərəfli danışıqlar davam etdirilir, yaxın gələcəkdə ölkəmizə digər vaksinlərin də gətirilməsi nəzərdə tutulub: “Ümid edirəm ki, ilin sonunadək başqa vaksinlərdən də faydalanmaq imkanımız olacaq”.

 

18 yaşına qədər uşaqlara peyvənd vurdurmaq olmaz?!

 

Həkim-infeksionist daha sonra qey

d edib ki, dünyanın hər yerində COVID-19 və ya başqa xəstəlik əleyhinə peyvənd üçün məcburiyyət yoxdur. Ölkəmizdə də bu proses tam könüllü əsaslarla aparılır: “Məcburiyyət olmasa da, çalışırıq ki, insanları maksimum şəkildə bu prosesə cəlb edək. Vətəndaşlara vəziyyəti düzgün izah etməklə onların könüllülüyünü təmin etmək lazımdır. Dünyada bir qrup şəxslər var ki, peyvəndləmə prosesinin qəti əleyhinədirlər. Bu, ilk növbədə peyvəndin yan təsirləri ilə bağlıdır. Peyvəndin yüngül yan təsirləri var. Yüngül yan təsirlərə peyvənd olunan nahiyədə qızartı, şişkinlik, müəyyən istilik, ümumi bədən temperaturunun yüksəlməsi, halsızlıq aiddir. Vaksin orqanizmdə müəyyən xəstəlik əlaməti formalaşdırmalıdır ki, ona qarşı immun sistemimiz aktivləşsin və immunitet formalaşsın. Bu hallar bir neçə gün ərzində baş verə bilər və əhəmiyyətsizdir. Ciddi yan təsirlərə anafilaktik şok, yəni allergik reaksiya aiddir ki, o da ilk 30-40 dəqiqə ərzində baş verir”.

Təəssüf ki, insanlar peyvəndin və ya hansısa dərman vasitəsinin yaxşı tərəfini düşünmürlər. Yəni “kimsə peyvənd olundu xəstələnmədi, faydasını gördü” hissəsini deyil, xəstələndisə və ya hansısa reaksiya, yan təsir baş verdisə, onu yadda saxlayırlar. Bu da əhali arasında sürətlə yayılır, nəinki yaxşı təsirlər. Bu münasibət COVID-19-a qarşı da var. Daha çox bu xəstəlik səbəbindən vəfat edənlərin sayını yadda saxlayırlar. Sağalanların sayı diqqətdən kənarda qalır. İnsanlar arasında təşvişə səbəb olan da məhz belə hallardır.

18 yaşına qədər uşaqlara peyvənd vurdurmaq olmaz. Çünki  həmin yaş qrupu üzərində sınaqlar həyata keçirilməyib və nəticələr yoxdur. Hazırda COVID-19 xəstəsi olanlar yalnız sağaldıqdan sonra peyvənd oluna bilərlər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn, orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti əks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərsə, onlar həkimləri ilə məsləhətləşmədən və immun statusları dəyərləndiriləndən sonra peyvənd oluna bilərlər.

Ən nəhayət, tibbi mütəxəssislərin gəldiyi əsas və son qənaət bundan ibarətdir: peyvəndləmə virusla mübarizə deməkdir. Dünyəvi immunitet yaratmaqla “gözəgörünməz” düşməndən xilas olmaq mümkündür, əks təqdirdə, o, bizi uzun illər boyu hədələyə bilər.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video