21 Sentyabr 2011 12:09
409
İQTİSADİYYAT
A- A+

Paytaxtda bal yarmarkası keçirilir

 

Artıq neçə illərdir ənənə halını alan bal satış-sərgisi bu il də paytaxt sakinlərinə müxtəlif regionlardan gətirilən arıçılıq məhsulları ilə tanış olmaq imkanı verir. Dünən Bakının Xətai rayonunda bal satış sərgisinin açılışı oldu. Mərasimdə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək dedi:

- "Arıçılıq haqqında" qanunun 20-ci maddəsinə əsasən, bu tədbirin hər il keçirilməsi artıq bir ənənəyə çevrilmişdir. Bal yarmarkası xüsusilə Bakı sakinlərində böyük maraq doğurur. Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına 51 şəhər və rayondan 800-dən çox arıçı gəlmişdir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda arıçılığın da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. "Arıçılıq haqqında" qanunun qəbul edilməsi damazlıq işinin yaxşılaşdırılmasına, yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanmasına və təkmilləşdirilməsinə, eyni zamanda yeni cinslərin yetişdirilməsinə və son nəticədə arıçılıq məhsulları istehsalının artmasına səbəb olmuşdur. Bal yarmarkasının keçirilməsinin məqsədi ölkəmizdə arıçılığı təbliğ etmək, onu geniş yaymaq, inkişaf etdirmək, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq, arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır.

A.Aslanov vurğuladı ki, son məlumata görə, ölkədə 163 min 991 arı ailəsi mövcuddur. Hər arı ailəsindən orta hesabla 10-11 kiloqram bal alınır. Lakin bu il havaların həddindən artıq yağışlı keçməsi nəticəsində bal istehsalı xeyli azalmışdır. Nəticədə cari ildə təxminən 900 ton bal istehsalı gözlənilir. Ölkəmizdə arıçılıqla 6 mindən çox adam məşğul olur. Respublikada arı ailəsinin sayını təqribən 5 dəfə, onun məhsuldarlığını isə 2 dəfə artırmaq mümkündür. Son 5 ildə Azərbaycanda arı ailələrinin sayı 68 min 276 ədəd artmışdır.

Diqqətə çatdırıldı ki, arıçılıqda bir sıra problemləri həll etməklə onu daha da inkişaf etdirmək mümkündür. Birinci növbədə arıçılıqda bazar iqtisadiyyatı prinsiplərinə söykənərək elmi əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Hazırda mövcud arı təsərrüfatlarının 80-90 faizi primitiv üsullarla, köhnə qaydalarla idarə olunur. Arı məhsullarından əsasən bal istehsal olunur, digər məhsulların (arı zəhəri, arı südü, mum, çiçək tozu və s.) istehsalına fikir verilmir. Arıların saxlanma metodları, istehsal texnologiyası aşağı səviyyədədir. Damazlıq-seleksiya işləri isə, demək olar ki, aparılmır. İqtisadi cəhətdən səmərəli olan arıçılığın bazar iqtisadiyyatının tələblərinə cavab verən, rəqabət qabiliyyətli sahəyə çevrilməsi çox vacibdir.

Nazir müavini qeyd etdi ki, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ölkəmizdə arıçılığın inkişaf etdirilməsi sahəsində beynəlxalq təşkilat olan İFAD-ın layihəsini həyata keçirir. Agentliyin xətti ilə layihənin həyata keçirildiyi Lerik, Qəbələ, Daşkəsən, Gədəbəy, Yardımlı və Xızı rayonlarında arıçılıq daha da inkişaf etmişdir. Çalışırıq ki, ekoloji cəhətdən təmiz arıçılıq məhsullarının ixracına nail ola bilək. Çünki Azərbaycan balına olan tələbin kökündə onun yüksək keyfiyyəti durur.

Astara rayonunun Şəkəran kəndindən yarmarkaya gələn arıçı Haçıəsgər Zeynalov deyir ki, 30 ildir arıçılıqla məşğuldur. 80 arı ailəsi saxlayır. Dədə-babadan arıçılıqla məşğul olublar. Hacıəsgər kişi bu peşəni davam etdirərək arıçılıq təsərrüfatı yaradıb. Deyir ki, arıçılıq çox gəlimli sahədir. Az zəhmət və vəsait xərcləməklə çoxlu gəlir götürür, ailəsini də gen-boluna dolandırır.

Əkbər Salayev isə Lerik rayonundan gəlib. İxtisasca ali təhsilli aqronomdur. Deyir ki, kolxoz-sovxoz dönəmində müxtəlif məsul vəzifələrdə çalışıb. Sovet təsərrüfat sistemi dağılandan sonra arıçılıqla məşğul olub. Söhbət zamanı  xatırlatdı ki, Lerikin zəngin florası var. Rayonda mindən çox çiçək, meyvə və giləmeyvə növləri mövcuddur. Bunlar isə arıçılıq üçün zəngin yem bazası deməkdir. Ekoloji cəhətdən təmiz mühitdə yetişdirilən bal da keyfiyyətli olur.

Arıçı müştəri sarıdan da korluq çəkmədiyini söylədi. Qeyd etdi ki, keyfiyyətli balın həmişə yerində müştərisi olur. Sərgi-satış yarmarkasına gəlməkdə məqsədi bu sahə ilə məşğul olan həmkarları ilə yaxından tanış olub, fikir mübadiləsi aparmaq, arıçılıqda tətbiq edilən yeni metod, avadanlıq və texnologiyaları öyrənməkdir.

Ağsu rayonundan olan Əzizbəy Əmirov heyvandarlıqla məşğul olub. Arıçılıqla maraqlandıqdan sonra bu sahənin iqtisadi cəhətdən çox səmərəli olduğunu öyrənib. Hazırda 164 arı ailəsi saxlayır. Deyir ki, bircə problemi alıcı sarıdandır. Əgər xarici bazara çıxmaq mümkün olsa, qısa bir müddətdə arı ailələrinin sayını iki-üç dəfə və daha çox artıra bilər. Bunun üçün onun hər cür şəraiti var.

Elxan Əkbərov "Şahdağ-E" firmasının direktorudur. O, Azərbaycanda arıçılar arasında çox məşhurdur. Ona görə ki, ölkədə arıçılıq avadanlıqları, arı mumu emalı ilə məşğul olur. Onun istehsal etdiyi avadanlıqlardan bütün rayonların arıçıları istifadə edir. Başçılıq etdiyi müəssisədə 40 növə yaxın avadanlıq hazırlanır. E.Əkbərov deyir ki, müəssisə Azərbaycan arıçılarının bütün sifarişlərini yerinə yetirmək imkanına malikdir. Məhsulun çeşidi indi də çoxdur. Lakin satışın həcmi aşağıdır. İstehsalın artırılması isə sifarişçidən asılıdır.

Elxan Əkbərov həm də dünyada arıçılıq sahəsində olan bütün yeni avadanlıq və texnologiyalarla ölkəmizin arıçılarını tanış edir, sifariş olanda həmin avadanlıqların alınmasına da kömək göstərir.

Satış-sərgi yarmarkasının birinci günü olmasına baxmayaraq,  alıcı bolluğu diqqəti cəlb edirdi. Hamı istəyirdi ki, birbaşa arıçılardan təmiz bal alsın. Buna səbəb həm də satış-sərgidə qiymətlərin tənzimlənməsidir. Necə deyərlər, qiymət alıcıların cibinə münasib idi.

 

Rüstəm KAMAL,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video