06 Mart 2021 02:58
818
SİYASƏT
A- A+

Paşinyan müxalifətə qarşı repressiyaları gücləndirir

 

Ermənistanda siyasi gərginlik davam etməkdə, müxalifət və iqtidar arasında ziddiyyətlər kəskinləşməkdədir. Problemə ordu mənsublarının müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb.

Belə bir vaxtda Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilən general-leytenant Tiran Xaçatryan işdən çıxarılması barədə prezidentin sərəncamının ləğv olunması tələbi ilə məhkəməyə müraciət edib.

Xatırladaq ki, onun vəzifədən azad olunması haqqında vəsatəti baş nazir Nikol Paşinyan vermişdi. Xaçatryan baş nazirin “İsgəndər” raket komplekslərinin Qarabağ müharibəsi zamanı özünü doğrultmadığına dair bəyanatını istehza ilə şərh etmişdi.

Onun vəzifəsindən kənarlaşdırılmasından sonra silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın başçılığı ilə 40-a yaxın yüksəkrütbəli hərbçi baş nazirin və nazirlər kabinetinin istefasını tələb edən bəyanatla çıxış etmişdilər. Paşinyan bunu hakimiyyət çevrilişi cəhdi adlandırmış və dərhal baş qərargah rəisinin istefası barədə vəsatət qaldırmışdı.

Prezident Armen Sarkisyan isə müxalif və parlamentdə təmsil olunan siyasi qüvvələr və hərbi rəhbərliklə məsləhətləşdikdən sonra ona bununla bağlı iki dəfə göndərilən vəsatəti imzalamadan geri qaytarıb. Hazırda yaranmış vəziyyət birmənalı siyasi böhran kimi səciyyələndirilir.

İndi isə Tiran Xaçatryanın məhkəməyə müraciəti vəziyyəti daha da gərgin həddə çatdırıb. Məhkəməyə üçüncü tərəf kimi baş nazir aparatı və Ermənistan silahlı qüvvələrinin baş qərargahı cəlb olunub. Ermənistanın müdafiə nazirliyi isə bu məsələdə baş qərargahı dəstəkləmir. Nazirliyin son bəyanatında bildirilib ki, ordunun siyasi proseslərə qoşulması cəhdləri yolverilməzdir: “Ermənistan silahlı qüvvələri sərhədlərin qorunması üzrə funksiyalarını tamamilə yerinə yetirir. Ordu apolitik strukturdur. Onun siyasi proseslərə qoşulmasına yönəlmiş istənilən cəhd Ermənistanın sabitliyinə və təhlükəsizliyinə təhdiddir”.

Hazırda ölkədə gərgin siyasi vəziyyət davam edir. Lakin cəmiyyətdən yetərli qədər dəstək ala bilməyən müxalifət Paşinyanı iqtidardan hələ də devirə bilmir. Bu fonda Paşinyana qarşı ənənəvi ittihamlar da süni olaraq gündəmdə saxlanılır. Məsələn, Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiya jurnalistləri üçün keçirdiyi mətbuat konfransında yenidən bildirib ki, Qarabağdakı məğlubiyyət planlaşdırılıb və bununla bağlı əsaslı şübhələr var: “Həm müharibə dövründə, həm də əsasən ondan sonra hökumətin və şəxsən baş nazirin hərəkətləri ilə bağlı çox ciddi şübhələr var. Bu barədə fikirlərimi iki general-polkovnik, üçüncü prezident və bir çox başqa şəxslər də təsdiqləyə bilər. Müharibənin 3-cü günü silahlı qüvvələri təmin edəcək səfərbərliyin əsas komponenti niyə dayandırıldı? Niyə təcrübəli hərbi zabitlər, generallar, polkovniklər dəyişdirildi, ya da müharibədən əvvəl vəzifədən çıxarıldı? Paşinyan oktyabrın 4-də müharibədə məğlub olacağını bilə-bilə oktyabrın 19-da Vladimir Putinin təklifini qəbul etmədi. Bütün bunlar istintaq orqanları tərəfindən araşdırılmalıdır. Cavablar olmadığı təqdirdə, hər hansı bir fərziyyə ortaya çıxa bilər”.

Digər tərəfdən, qarşıdakı dövrdə Ermənistanın sosial-iqtisadi durumunun daha da ağırlaşması qaçılmaz sayıldığından müxalifət bu amildən mümkün qədər öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərir. Çünki iqtidarın sosial-iqtisadi siyasəti müxalifətin  əsas tənqid hədəfləri sırasında yer alır. Belə bir vaxtda ölkədə inflyasiya prosesinin geniş vüsət alması müxalifətin hakimiyyətə qarşı daha radikal mövqedən çıxış etməsinə rəvac verir.

Bu arada son zamanlar müxalifətin mitinq fəallığı fonunda hökumət başçısının mühafizəsinin xeyli gücləndiyi müşahidə edilir. Belə ki, ötən gün baş nazirin də olduğu parlamentdə “Hökumət saatı” zamanı  binanın eyvanlarında və damında snayperlər görünüb. Yerli media isə yazır ki, milli təhlükəsizlik xidməti yanında dövlət mühafizə xidməti birbaşa Ermənistan baş nazirinin tabeliyinə verilə bilər.

Bununla bağlı qanunvericilik düzəlişləri hüquqi aktların vahid portalında dərc olunub. Qeyd olunub ki, dövlət mühafizə xidmətinə baş nazirə tabe bir qurum statusu verilməsi, onun milli təhlükəsizlik xidməti orqanları sistemindən çıxarılması planlaşdırılır. Maraqlıdır ki, düzəlişlərin müəllifi milli təhlükəsizlik xidməti olsa da, bu, baş nazirin aparatında hazırlanıb.

Ermənistanda revanşist qüvvələr hələlik Paşinyanı devirmək planlarından əl çəkmək istəmirlər. Xalqın daha çox dəstək verdiyi baş nazir indi özü müxalifətə qarşı hücuma keçib və repressiyaları artırır. Bu fonda müxalifətdə parçalanmaların olacağı da proqnozlaşdırılır. Paşinyana vətəndaşların dəstəyi müxalifətə göstərilən etimaddan güclü olduğundan baş nazir növbədənkənar seçkilərə də getməyə hazırdır. Bütövlükdə isə yaranmış vəziyyət Ermənistanın dərin siyasi böhrana yuvarlanmasından xəbər verir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video