02 Fevral 2021 00:54
1103
PARLAMENT
A- A+

Parlamentin yaz sessiyası öz işinə başladı

 

Fevralın 1-də Milli Məclisin 2021-ci ilin yaz sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin  sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Deputatları yaz sessiyasının başlaması münasibətilə təbrik edən spiker bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi və müdrikliyi Azərbaycanı qələbədən-qələbəyə aparır. Xalqımız 2020-ci ili uğurla başa vurub,  2021-ci ilə böyük ruh yüksəkliyi və ümidlər ilə qədəm qoyub. Bu gün biz bir daha qürurla söyləyirik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək dövlətimizin ərazi bütövlüyünün bərpasına nail olub. Döyüş meydanında əldə edilən böyük zəfər siyasi-diplomatik müstəvidə də təsdiq edilib. Uzun illər ərzində ölkəmizin inkişafına mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Prezident İlham Əliyevin dediyi kimi, “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. ...Biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!”

Daha sonra Sahibə Qafarova ötən sessiyanın və ilin yekunları barəsində dekabrın 30-da məlumat verdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin daxili və xarici siyasətini  qanunvericilik səviyyəsində dəstəkləmək üçün Milli Məclis bütün tədbirləri görüb.

Milli Məclisin sədri parlamentin indiyə qədər əldə etdiyi uğurları bu sessiyada da davam etdirəcəyinə və daha da artıracağına əminliyini ifadə etdi. 

Qeyd olundu ki, yaz sessiyasında qanun layihələrinin müzakirəsi ilə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq Nazirlər Kabinetinin hesabatı dinləniləcək. Bundan əlavə, 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin gündəliyinə çıxarılacaq. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri  də Milli Məclisə təqdim ediləcək.  Sahibə Qafarova onu da diqqətə çatdırdı ki, Milli Məclisin saytı yeni dizaynda istifadəçilərin ixtiyarına verilib.

Gündəlikdəki məsələlərlə bağlı çıxış edən komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Fazil Mustafa, Əli Məsimli, Müşfiq Cəfərov, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Şahin İsmayılov, Tahir Kərimli və Erkin Qədirli fikirlərini bildirdilər.

Gündəliyin ilk məsələsi Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında idi. Deputatlar rəy və təkliflərini bildirdikdən sonra  Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı səsə qoyularaq təsdiqləndi.

Deputatlar Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında məsələlərə müsbət münasibət bildirdilər.

Daha sonra Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə təqdim olundu. Milli  Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatından sonra komitə sədrləri Hicran Hüseynova, Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev və Aydın Mirzəzadə namizəd barədə müsbət fikirlərini səsləndirdilər. Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ səsə qoyularaq təsdiq olundu.

Sahibə Qafarova bildirdi ki, Konstitusiya Məhkəməsi haqqında Qanunun 13-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin olunduğu gün Milli Məclisin iclasında and içir. Humay Əfəndiyeva Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin andını səsləndirdi, bu şərəfli və məsuliyyətli vəzifəyə onun namizədliyini irəli sürdüyünə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verdi. Bildirdi ki, bu sənəd iki ölkə arasında ikitərəfli əlaqələri gücləndirməklə yanaşı, strateji media ortaqlığının qurulmasını nəzərdə tutur. 

Komitə sədri Qənirə Paşayevanın və deputat Azay Quliyevin fikirləri dinlənildikdən sonra iclasda fasilə elan olundu.

* * *

Fasilədən sonra qanun layihəsinin müzakirəsi davam etdirildi. Deputatlardan Fəzail Ağamalı, Etibar Əliyev, Sahib Alıyev, Anar İsgəndərov və Musa Qasımlı fikirlərini bildirdikdən sonra qanun layihəsi qəbul edildi.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşmasına xidmət edir. Məsələ barədə deputatların fikirləri dinlənildikdən sonra qanun layihəsi təsdiq olundu.

Gündəliyin növbəti məsələsi - “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Komitə sədri Bəxtiyar Əliyevin və deputatlardan Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi qəbul edildi.

 “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verdi. Bildirdi ki, qanun layihəsi şəhid ailəsi üzvlərinin məşğulluq səviyyəsinin artırılmasına və bununla da onların sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldilib. Bu məqsədlə şəhid ailəsinin üzvləri sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına aid edilir. Eyni zamanda onlara peşə hazırlığına və özünüməşğulluq proqramına cəlb edilməkdə, eləcə də sosial iş yerlərinə işə qəbulda üstünlük hüququ müəyyən edilir.  Qanun layihəsi təsdiq edildi.

“Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsini (birinci oxunuş) Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə təqdim etdi. Bildirdi ki, dəyişikliklər normayaratma fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutur. Konstitusiya Qanununa təklif edilən və normayaratma fəaliyyətini tənzimləyən məsələlər təcrübədə tətbiq edilsə də, bu Konstitusiya Qanununda onun hüquqi əsasları əks olunmamışdır. Ona görə də qeyd edilənlərin dəqiq tənzimlənməsi məqsədilə onların hüquqi əsaslarının da yaradılması zəruridir.

Eyni zamanda dəyişikliklər normayaratma fəaliyyətində təcrübədə tətbiq olunmayan bir sıra yenilikləri də nəzərdə tutur. Bunlara normativ-hüquqi aktların rəsmi dərc edilməsi zamanı onların mətninin hər bir normayaratma orqanının rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə ümumi diqqətə çatdırılması qaydasının da  nəzərdə tutulması və Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edilən həmin normativ-hüquqi aktın (onun struktur elementi) onu qəbul etmiş normayaratma orqanı tərəfindən ləğv edilməsi barədə imperativ normanın da əlavə edilməsi aiddir.

Konstitusiya Qanununun layihəsi birinci oxunuşda qəbul edildi.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi haqqında (birinci oxunuş) Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Qeyd etdi ki, bu dəyişiklik qəbul olunduqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları hər il aprelin 1-dək təsdiq olunacağı təqdirdə doktoranturaya qəbul imtahanları hər ilin iyun və sentyabr ayları ərzində (3 imtahan verilir, biri iyun ayında, ikisi sentyabr ayında) keçiriləcəkdir. Qanunun 21.1.4-cü maddəsinə əsasən imtahanı müvəffəqiyyətlə verən çağırışçıya təhsilini doktoranturada davam etdirmək üçün möhlət hüququ veriləcək.

Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul olundu.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dedi ki, Məcəllədə buğdanın,  buğda ununun və çörəyin idxalı,  satışı və istehsalı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdi. Bu azadolmanın müddəti 1 yanvar 2021-ci il tarixində bitir. Layihəyə  əsasən, bu mallara tətbiq olunan ƏDV-dən azadolmanın daha 1 il müddətinə artırılması təklif olunur.

O da qeyd  edildi ki, zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi məqsədilə onların  aksizdən  azadolma müddətinin  daha 3 il artırılması da nəzərdə  tutulur. Uzun illər  erməni işğalında  olan Kəlbəcər rayonunun azad edildiyini və böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alsaq, sözügedən vergi güzəştləri burada mövcud olan qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin edə biləcək. Tahir Mirkişili onu da bildirdi ki, sağlamlığa zərər verən məhsulların istehlakının azaldılması üçün tütün məmulatlarının istehsalı və idxalı üzrə aksiz dərəcələrinin artırılması, bu məhsulların   aksizli malların siyahısına daxil edilməsi təklif edilir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olundu.

Daha sonra iclasda Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələri müzakirəyə təqdim olundu. Hər iki məsələ barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirdi ki, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il Beynəlxalq Konvensiyası, BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası və “Psixotrop vasitələr haqqında” 1971-ci il Konvensiyası ilə dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış narkotik vasitə və psixotrop maddələrin siyahılarına yeni növ narkotik vasitə və psixotrop maddələr əlavə edilmiş, lakin Azərbaycan Respublikasının müvafiq qanunlarında bu dəyişikliklər əksini tapmamışdır. Qanun layihələrinə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qeyd edilən qanunlara və müvafiq siyahılara daxil edilir.

Hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələrini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov müzakirəyə təqdim etdi. Diqqətə çatdırdı ki, “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin məqsədi yol hərəkəti və təhlükəsizlik qaydalarının təkmilləşdirilməsidir. İnzibati Xətalar Məcəlləsində isə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiqləşdirilir. Eyni zamanda dəyişikliklərdə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təklif olunur.

Deputatlardan Etibar Əliyev, Rüfət Quliyev, Qüdrət Həsənquliyev və komitə sədri Siyavuş Novruzovun fikirləri dinlənildikdən sonra hər iki qanun layihəsi birinci oxunuşda qəbul edildi.

İclasda “Notariat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda təsdiq edildi. Dəyişikliklər əsasən müəyyən xidmətlərə görə rüsumların azaldılmasını və ya ləğvini nəzərdə tutur.

Deputatlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə də birinci oxunuşda müsbət münasibət bildirdilər.

İclasda son olaraq “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi birinci oxunuşda müzakirə edildi. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirdi ki, qanunun 27-ci maddəsi ictimai varidata aid edilən əsərlərin və obyektlərin dairəsini müəyyən edir. Buraya müəlliflik hüququnun qüvvədə olma müddəti bitmiş əsərlər, heç vaxt qorunmamış əsərlər, eləcə də Azərbaycan folkloru nümunələri və Azərbaycanın ənənəvi bilikləri aiddir. Qeyd olunan əsərlərin, o cümlədən Azərbaycan folkloru nümunələri və ənənəvi biliklərin ictimai varidata aid edilməsinin məqsədi onların istifadəsinə müəllif nəzarətinin olmaması səbəbindən hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunmasıdır.

Eyni zamanda qanunda ictimai varidat dairəsinə aid edilən əsərlərin dövlət varidatı elan edilə bilməsi təsbit olunmuşdur. Əsərin dövlət varidatına aid edilməsi həmin əsərdən istifadənin ödəniş əsasında həyata keçirilməsinə hüquqi əsas yaradır.

Qısa müzakirədən sonra qanun layihəsi birinci oxunuşda qəbul edildi.

 

Rəşad CƏFƏRLİ,

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video