17 Oktyabr 2012 03:10
268
PARLAMENT
A- A+

Parlament 16 məsələyə müsbət rəy bildirdi

 

Oktyabrın 16-da  Milli Məclisin növbəti iclası keçirildi. İclasın gündəliyinə 16 məsələ daxil edilmişdi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, 2013-cü ilin dövlət büdcəsi zərfinə aid olan sənədlər artıq parlamentə təqdim edilib. Milli Məclisin müvafiq komitələrində müzakirələrdən sonra sənəd plenar iclasın müzakirəsinə çıxarılacaq. İclasda çıxış edən deputatlar əvvəlcə müəyyən məsələlərə münasibətlərini bildirdilər.

Deputat Siyavuş Novruzov bildirdi ki, Milli Məclis tərəfindən "Dini etiqad azadlığı haqqında" qanuna müsbət dəyişikliklər edilib və Azərbaycan daim dini tolerantlıq baxımından dünyada nümunə ölkə olub: "Ancaq Venesiya Komissiyası tərəfindən həmin qanuna dəyişikliklə bağlı yeni layihə göndərilib. Yeni layihə isə Azərbaycan reallıqlarını əks etdirmir. Təklif edilən dəyişikliklərdən biri Azərbaycanda xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə dini ayinləri icra etməyə icazə verilməsi ilə bağlıdır. Bu, mümkün deyil, dünyanın heç bir ölkəsində belə hal yoxdur. Azərbaycandan bir molla gedib Fransada dini ayin icra edə bilərmi? Fransada çadra ilə gəzməyə qoymurlar, buna söz deyilmir. Azərbaycana qarşı niyə belə davranış sərgilənir?" Onun sözlərinə görə, bəzi beynəlxalq qurumlar Azərbaycanı laboratoriyaya çevirmək istəyirlər. Bu isə qəbuledilməzdir.

Deputat Zahid Oruc isə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında fəaliyyəti tənqid olunan BP şirkətinin üzərinə düşən öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı  araşdırılma aparılmasının  vacibliyini vurğuladı. Deputat Gülçöhrə Məmmədova dedi ki, sözügedən iclasda Azərbaycanda  iqtisadi-siyasi, sosial, elm-təhsil, səhiyyə sahəsində görülən işlərin müsbət nəticələr verdiyi bir daha bəyan edilib. Deputat əmin olduğunu bildirdi ki, bu uğurlu göstərici gələcək illərdə də davam edəcək. Deputatlardan Fərəc Quliyev, Fazil Mustafa, İqbal Ağazadə, Sahib Alıyev və Jalə Əliyeva çıxış edərək bir neçə təklif irəli sürdülər.

Spiker Oqtay Əsədov isə səslənən bəzi təkliflərə və BP şirkəti ilə bağlı yaranan məsələyə də münasibətini bildirdi. Sədrin sözlərinə görə, bəzi yerli və xarici mətbuat orqanları yerində səslənən iradları siyasiləşdirmək istəyirlər: "Elə insanlar var ki, müqavilənin bir bəndini belə oxumayıblar, amma bilmədikləri məsələdən yazırlar. Prezident İlham Əliyev öz çıxışında neft hasilatının əlifbasını söyləyib. Toplantıda bildirilib ki, 3 ildir proqnozlar yerinə yetirilmir. Prezident dedi ki, BP böyük şirkətdir və bu qurumun savadlı mühəndisləri var. Əgər mühəndislər bu məsələni həll edə bilmirlərsə, dəyişiklik etsinlər və götürdükləri öhdəlikləri yerinə yetirsinlər. Necə oldu ki, bu öhdəliklərdə Azərbaycanın payı 80 faizə çatdıqda hasilat birdən-birə aşağı düşdü? Bu o deməkdir ki, əlavə investisiya qoymağa maraq olmayıb. Burada nə bir siyasi məsələ var, nə də ki BP şirkəti təhqir olunub. Burada, ümumiyyətlə, Azərbaycan dövlətinin maraqları qorunub və ölkənin rəhbəri bu maraqları qorumaq üçün öz fikirlərini söyləyib. Bundan şou, siyasi məsələ yaratmaq heç kimə şərəf gətirməz. Elə çıxır ki, bəzi insanlar hansısa neft quyusunun istehsalının aşağı düşməsinə sevinirlər. Azərbaycanda neft hasilatı yüksək səviyyədədir və olacaqdır da. BP şirkəti axırıncı xəbərdarlığını aldı və üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək. Mən əminəm ki, bu məsələ müsbət həllini tapacaq. Bu məsələni siyasiləşdirmək Azərbaycanı sevməyən insanlara dəstək verməkdir".

Sonra deputatlar gündəlikdə duran məsələlərin müzakirəsinə başladılar. İlk olaraq Mahir Cümşüd oğlu Muradovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxıldı və deputatlar buna müsbət rəy bildirdilər. Mahir Muradov ona göstərilən etimadı layiqincə yerinə yetirəcəyinə söz verərək Milli Məclis qarşısında and içdi. Sonra deputatlar Fazil İbrahim oğlu İbrahimovun Hesablama Palatasının auditoru təyin edilməsi barədə məsələyə müsbət münasibət bildirdilər.

Daha sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bağlı məlumat verdi. O bildirdi ki, Məcəllənin 247-1 maddəsinə edilən redaktə xarakterli dəyişiklik mühasibat uçotu üzrə qanunvericiliyin pozulması məsələsinə aiddir.

İclasda "Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliklər edlməsi barədə" qanun layihəsi də müzakirəyə çıxarıldı. Sənədlə bağlı məlumat verən Əli Hüseynli dedi ki, bu medalların təsis olunması Azərbaycanın müstəqilliyinin 100 illiyini təsdiq edən bir hadisədir. Onun sözlərinə görə, bu, dövlətçiliyimizdə xüsusi yer tutacaq. Sənəd səsə qoyularaq qəbul edildi.

Əli Hüseynli "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilməsi barədə də deputatları məlumatlandırdı. Komitə sədri diqqətə çatdırdı ki, yeni dəyişikliyə görə, xüsusi dövlət mühafizə xidmətində qulluq dövlət qulluğunun xüsusi növü hesab olunur. Dəyişiklik deputatlar tərəfindən müsbət qiymətləndirilərək qəbul edildi.

"Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanun layihəsinə gəldikə isə Əli Hüseynli dedi ki, bundan sonra namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqədən və ya müsahibədən keçəcəklər. Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər müsahibə əsasında qəbul edilirlər. Müzakirələr zamanı deputatlar Zahid Oruc və Siyavuş Novruzov çıxış edərək dəyişikliyi müsbət qiymətləndirdilər və sənəd qəbul edildi.

İclasda həmçinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara və Əmək Məcəlləsinə redaktə xarakterli dəyişikliklər edildi. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək yolverilməzdir. Müzakirələrdə deputatlardan Elmira Axundova və Siyavuş Novruzov çıxış edərək dəyişikliyi müsbət qiymətləndirdilər və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət tərəfindən lazımi qayğının göstərilməsinin vacibliyini vurğuladılar. Deputatlar sənədə müsbət rəy bildirdilər.

Cəzaların İcrası Məcəlləsində dəyişikliklərin edilməsi barədə qanun layihəsi haqqında da məlumat verən komitə sədri  Əli Hüseynli bildirdi ki, yeniliyə görə, azadlıqdan məhrum edilən şəxslər həftədə iki dəfə, ömürlük məhbuslar isə həftədə bir dəfə 15 dəqiqə olmaqla telefonla danışmaq hüququ qazanırlar. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumu tərəfindən ödənilir. Texniki imkanlar olmadıqda bir telefon danışığı bir qısamüddətli görüşlə əvəz edilə bilər. Cinayət təqibinin, cəzanın icrası prosesində ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin təmin edilməsi, yeni cinayətlərin və digər hüquqpozmaların törədilməsinin qarşısının alınması, zərərçəkmiş şəxslərin müdafiəsi zərurəti yarandıqda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına nəzarət edilir. Tənbeh tədbiri kimi intizam və ya cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların telefon danışıqlarına yalnız müstəsna hallarda icazə verilə bilər. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların, yaxın qohumlar istisna olmaqla, telefon danışıqlarına icazə verilmir.

Deputatlardan İlyas İsmayılov, Sahib Alıyev və Çingiz Qənizadə çıxış edərək dəyişikliyi müsbət qiymətləndirdilər. Qeyd edildi ki, bu, Azərbaycanda həbsdə olanlara göstərilən humanizmdir və belə qərarların qəbul olunması ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Qanun layihəsinə edilən dəyişiklik səsə qoyularaq qəbul edildi.

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunda dəyişiklik edilməsi barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verdi. Komitə sədri dedi ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişikliyə əsasən, təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Müzakirələr zamanı çıxış edən deputatlar Aqiyə Naxçıvanlı, Gülçöhrə Məmmədova və İsmayıl Hacıyev dəyişikliyi müsbət qiymətləndirdilər. Sonra qanuna bu dəyişiklik də  qəbul edildi.

İclasda "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"yə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na əlavələr və dəyişikliklər müzakirəyə çıxarıldı. Əlavələrə əsasən, Tovuz rayonunun bir sıra kəndlərinin adlarında dəyişiklik nəzərdə tutulur. Qovlar qəsəbəsinə isə şəhər statusu verilir. Dəyişiklik səsə qoyularaq qəbul edildi.

Sonda Milli Məclisin deputatları "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanunun layihəsinə ikinci oxunuşda münasibət bildirdilər. Sənədlə bağlı əvvəlcə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Ziyad Səmədzadə Milli Məclisə təqdim edilmiş bu qanun layihəsində bəzi qüsurların olduğunu söylədi. Onun sözlərinə görə, qanun layihəsinin əsas məqsədi dövlətin etalon bazasının təkmilləşdirilməsi, ölkədə aparılan ölçmələrin vəhdətinin təmin edilməsi, milli ölçmələrin beynəlxalq səviyyədə tanınması üçün əlverişli şərait yaradılmasıdır. Müzakirələrdə çıxış edən deputatlardan Arif Əşrəfov və Astan Şahverdiyev qeyd etdilər ki, bu qanun layihəsinin qəbulu ölkənin sosial-iqtisadi inkişafında rəqabəti gücləndirəcək və milli etalon bazası təkmilləşəcək.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qanun layihəsi ilə bağlı bəzi təkliflərini  verdi. Sonda sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edildi və bununla da Milli Məclis öz işini yekunlaşdırdı.

 

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video