17 Aprel 2012 03:04
321
SİYASƏT
A- A+

Parisdə «Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti» sərgisi böyük maraq doğurmuşdur

 

Xəbər verdiyimiz kimi, aprelin 11-də Parisdə Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgi açılmışdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyeva, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran mərasimdə iştirak etmişlər.

"Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi Londondan sonra bu dəfə Parisdə açılmışdır. Sərgiyə olan marağı Fransa paytaxtının mərkəzi küçələrində vurulan reklam lövhələrindən də görmək olurdu.

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan sərgi Parisin məşhur Salomon de Rotşild malikanəsində açılmışdır. Bu da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətlərində mədəniyyətimizin təbliğinin prioritet istiqamət olduğunu bir daha təsdiqləyir.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmişlər.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım ƏLİYEVA çıxış edərək dedi: 

- Xanımlar və cənablar!

Hörmətli dostlar!

"Bakıya uçuş" adlı sərgiyə gəldiyiniz üçün sizə təşəkkür edirəm. Gördüyünüz kimi, biz doğrudan da heyrətləndirən və ilhamlandıran sənət əsərlərinin əhatəsindəyik. Burada sərgilənən dinamizm və yaradıcılıq bu gün mənim Vətənim Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir.

Müstəqil Azərbaycan nisbətən cavan ölkədir. Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 20 illiyini qeyd etdik. Bu qədər cavan olmağımıza baxmayaraq, bizim qədim tariximiz vardır. Azərbaycan müsəlman Şərqində ilk ölkədir ki, burada 1918-ci ildə qadınlar səsvermə hüququ qazanmış, 1901-ci ildə isə müsəlman qızlar üçün ilk məktəb tikilmişdir. Azərbaycan, eyni zamanda, Şərqdə ilk opera və baletin səhnələşdirildiyi ölkədir. Beləliklə, biz bir çox ilklərə imza atmış ölkəyik.

Bakını gəzərkən siz küçələr boyu ətrafınızda sürətli inkişaf görə bilərsiniz - Zaha Hadidin şah əsərindən tutmuş yeni mağazalar, restoranlar və mehmanxanalar düzülmüş prospektlərədək, Xəzər dənizinin sahilində bulvaradək! Bu, gözünüzün önündə dəyişən şəhərdir. Bakının memarlığı özündə təkcə çox qədim Qız qalasında əksini tapan köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, Zərdüşt məbədləri ilə müasir binaları və XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız şəhərsalma mədəniyyətini özündə təcəssüm etdirir.

Bu, qədimlik və müasirliyi, Şərq ilə Qərbin sintezini bizim "Konde Nast" nəşriyyat evi ilə birgə yaratdığımız jurnalımızda da görə bilərsiniz. "Baku" jurnalı 2011-ci ilin oktyabrında Londonda işıq üzü görmüşdür. İndi isə bu nəşri Parisdə də əldə etmək mümkündür. Ümid edirəm ki, bu jurnal şəhərimizin gözəlliyini tərənnüm edir. Nəşrin çoxsaylı səhifələri müxtəlif layihələrimizə və gənc rəssamlara həsr olunmuşdur.

Biz bugünkü tədbirin təşkilatçılarından biri olduğumuz üçün çox şadıq. Mənim üçün Paris xüsusi bir məkandır. Düşünürəm ki, buradakı binaların gözəlliyi və ab-havası bir çox rəssamlara ilham vermişdir. Mən rəsm əsəri çəkməyi çox sevirəm və bu da mənə bir çox böyük rəssamların əsərlərini dəyərləndirməyə kömək edir. Bu gün burada sərgilənən əsərlər arasında mənim də əsərlərimin təqdim edilməsindən həyəcanlıyam.

Burada Azərbaycandan 21 rəssam iştirak edir. Onlardan bəziləri gəncdir, bu işə yeni başlayıblar, bəziləri isə bu sənətlə çoxdan məşğul olurlar və tanınmış rəssamlardır. Bizim burada 100-dən çox əsərimiz - videolar, installyasiyalar, rəsm əsərləri, performanslar və fotoşəkillər nümayiş olunur. Burada maraqlı cəhət ondan ibarətdir ki, bu əsərlərin əksəriyyəti məhz "Bakıya uçuş" sərgisi üçün yaradılmışdır və ilk dəfədir ki, nümayiş olunur. Biz bu sərgini bütün Avropada nümayiş etdirməyi planlaşdırırıq, Nyu-Yorkda da təşkil edəcəyimizə ümid vardır və sərgiyə Bakıda yekun vuracağıq.

Hər şeydən əvvəl mən bütün istedadlı rəssamlara təşəkkürümü bildirmək istərdim. Mən düşünürəm ki, onlar həqiqətən də mükəmməl iş görüblər. Əlbəttə ki, mən Erve Mikaeloff və Emin Məmmədova bu sərgini qısa müddətdə ərsəyə gətirdikləri üçün təşəkkür etmək istərdim. Buraya gəldiyiniz və bu axşamı bizimlə keçirdiyiniz üçün sizin hamınıza təşəkkür edirəm. Çoxunuzun bildiyi kimi, may ayında biz Bakıda "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcəyik. Bu fürsətdən istifadə edərək sizi bizim şəhərə səfər etməyə və onun sehrlərini kəşf etməyə dəvət edirəm. Təşəkkür edirəm.

Sərginin kuratoru Erve MİKAELOFF isə qeyd etdi ki, bu sərgi zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı ilə seçilir. "Azərbaycan incəsənətinin dərin tarixi kökləri vardır", - deyən Erve Mikaeloff bu cür tədbirlərin ölkəmizin dünyada daha yaxşı tanıdılmasına yardım etdiyini vurğuladı. O, bu sərginin keçirilməsində böyük əməyi olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya minnətdarlığını bildirdi.

Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla xanım Əliyeva, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgisi ilə tanış oldular.

Sərginin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da adı vardır. Onun müəllifi olduğu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək "Biri var idi, biri yox" nağıl kitabında istifadə ediləcəkdir.

Leyla xanım Əliyevanın müəllifi olduğu "Nar", "Nar ağacı", "Həyat davam edir" və digər rəsm əsərləri də orijinallığı ilə iştirakçıların qəlbinə yol tapır.

Sərgidə gənc rəssamlardan Aida Mahmudovanın əsəri də üslubu ilə iştirakçıları özünə cəlb edə bildi. Müəllif əsərində keçmiş həyatı, rastlaşdığı hadisə və hissləri indiki zamanda təqdim edir.

Bundan əlavə, sərgidə tanınmış rəssamlar Altay Sadıqzadə, Ənvər Əsgərov, Mirnadir Zeynalov, ümumilikdə 21 müəllifin təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video-art kimi müxtəlif istiqamətlərdə işləri təqdim edilir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə maraq doğurur. Bir-birindən maraqlı, fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun təcəssüm tapdığı əsərlərin bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları diqqət çəkir.

Sərgidə həmçinin müxtəlif illərdə Venesiya Biennalesində Azərbaycanı təmsil edən rəssamların, eləcə də xarici ölkələrdə yaşayan gənc fırça ustalarının, beynəlxalq nüfuzlu tədbirlərdə iştirak edən sənət adamlarının əsərləri də nümayiş olunur. Buradan aydın görünür ki, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı bu layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir.

Bu orijinal sərgidə nümayiş olunan əsərlər bir daha sübut etdi ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Avanqard çalarlar ilə zəngin olan bu sərginin ovqatı həm də onu təsdiqləyir ki, Azərbaycanda mədəniyyətə və sənətə hər zaman böyük diqqət olmuşdur. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi istiqamətində müntəzəm tədbirlər həyata keçirilir.

Fransa senatının üzvü Natali QULE sərgi barədə fikirlərini bölüşərək dedi: "Möhtəşəm sərgidir. Bakının və Azərbaycanın möhtəşəm təsviridir. Hər şey mükəmməldir. Bu, Paris üçün son dərəcə gözəl imkandır. Ümid edirəm ki, bu sərgini çoxlu sayda insan ziyarət edəcəkdir. Çünki çox maraqlıdır".

Fransanın Azərbaycandakı sabiq səfiri Jan PERRƏN isə bildirdi: "Çox maraqlıdır. Burada çoxlu əsər vardır. Azərbaycanın gənc rəssamlar nəsli yetişmişdir. Mən rəssamlarınızın əsərləri ilə yaxından tanışam. Tahir Salahovu və Toğrul Nərimanbəyovu yaxşı tanıyıram. Əvvəllər sərgilənən Azərbaycanın müasir rəssamlarının əsərlərini xatırlayıram. İndi isə yeni rəssamlar nəsli yetişmişdir. Onlar çox maraqlıdırlar".

Rus Soydaşlar Beynəlxalq Şurası idarə heyətinin sədri, qraf Pyotr ŞEREMETYEV də bu original sərgi barədə fikirlərini bölüşərək dedi: "Bu qədər maraqlı sərgidə olmaq mənim üçün böyük sevincdir. Mən bir memar və rəssam kimi belə tədbirləri çox xoşlayıram. Sərginin Azərbaycan, Bakı ilə bağlı olması mənim üçün daha böyük maraq kəsb edir. Çünki mən çoxdandır ki, Azərbaycana səfərlər edirəm və bu baxımdan sərgi mənim üçün çox maraqlıdır. Mən Azərbaycana hörmət və ehtiramımı çatdırmaq istəyirəm".

"Fantastikdir. Hər şey çox gözəldir. Məkan da fantastikdir. Burada bu gün iştirak etmək mənim üçün son dərəcə xoşdur. Mən bu sərgidə bir çox şeyləri kəşf etdim. Hər şey müasirdir və heyrətamizdir", - deyə məşhur italyan kinoaktrisası Klaudia KARDİNALE bildirdi. 

* * *

Parisdə "Bakıya uçuş" sərgisi aprelin 21-dək davam edəcəkdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video