03:01 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pandemiya və postpandemiya dövründə Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:36 15.07.2021

 

Hər bir ölkənin ərazi toxunulmazlığı onun qürur yeridir və keçilməz qırmızı xəttidir. Bu gün beynəlxalq kürsülərdə Azərbaycan vətəndaşının, eləcə də sahibkarın qürurla çıxış etməsində “Qarabağ Azərbaycandır” nidasının reallığa çevrilməsi əsas amillərdən biridir. Milyonlarla azərbaycanlının, eləcə də bütün türk dünyasının görkəmli siyasi xadimi olan İlham Əliyevin komandanlığı ilə Müzəffər Azərbaycan Ordusu şanlı Zəfər çalaraq 30 illik işğala son qoydu, torpaqlarımızı düşmən tapdağından azad etdi.

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə bizim qələbəmizi şərtləndirən birnömrəli amil isə məhz iqtidar-xalq, İlham Əliyev- xalq, xalq-ordu birliyidir. Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi sıx birləşərək, Qarabağımızın azad olunması uğrunda bütün səylərini ortaya qoydu və öz qəhrəmanlığı ilə dünyanı yaxşı mənada təəccübləndirdi. Nəticədə Qarabağ məsələsində Azərbaycan xalqı siyasi, həlledici, qərarverici bir səviyyəyə yüksəldi.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında vətəndaşlarımız, ordumuz və onun ətrafında bir əsgər kimi birləşən sahibkarlarımız Zəfər tarixinin yazılmasında “Dəmir yumruğ”un bir parçasına çevrildilər. Koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərərə baxmayaraq, Azərbaycan sahibkarları düşmənə qarşı aparılan antiterror əməliyyatlarında dövlətimizin yanında, onunla birlikdə oldu. Bu birlik ölkəmizin biznes elitasının dövlətçiliyimizə, tarixi missiyamıza sədaqəti və qarşısına qoyduğu mühüm tarixi hədəflərə çatması üçün ən dəyərli gücümüzdür. 

Elə müharibənin ilk günlərindən Azərbaycan Sahibkarlar Konfederasiyasına daxil olan çoxsaylı müraciətlər əsasında Rəyasət Heyətinin təcili iclası keçirildi və sahibkarların, işəgötürənlərin iradəsini əks etdirən, Prezidentimizin ətrafında sıx birləşdiyini elan edən bəyanat qəbul edildi. Bəyanatda sahibkarlar qələbə naminə bütün imkanlarını səfərbər edəcəkləri barədə cəmiyyətə mesaj verdilər.Yüksək milli vətənpərvərlik nümayiş etdirən iş adamları torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə yollanan Vətən övladlarının əmək haqlarının ödənişini həyata keçirməklə yanaşı, onların ailələrinin yanında oldular, ehtiyaclarını qarşıladılar. Konfederasiyanın rayon nümayəndələri öz imkanları daxilində şəhid və qazilərimizin ailələrinə dəstək verərək, çətin günlərdə onları tək qoymadılar. 

Sahibkarlar tərəfindən göstərilən maliyyə yardımlarının operativ və vahid mərkəzdən idarə edilməsi məqsədilə 2020-ci il sentyabrın 30-da müraciət qəbul edildi. Bütün ölkə vətəndaşları kimi, qəlbi Qarabağda, ordumuzla birlikdə döyünən sahibkarlarımızın Silahlı Qüvvələrə Yardım Fonduna ianələri təşkilatlandırıldı və cəbhəyanı bölgəyə göstərilən yardımların vahid və sistemli şəkildə ünvana çatdırılması üçün müvafiq dövlət strukturları ilə əlaqələndirmə işləri aparıldı. Düşmənin mülki şəxslərin yaşadığı kənd və şəhərlərimizi bombalaması nəticəsində xeyli sayda vətəndaşlarımızın müvəqqəti sığınacaqlara yerləşdirilməsi ilə əlaqədar sahibkarlarımız yardım aksiyalarına başladılar. Azərbaycan Sahibkarlar Konfederasiyası həmin rayonlardakı nümayəndələrindən aldığı məlumatlar əsasında insanların gündəlik ehtiyaclarının təmin edilməsində yaxından iştirak etdilər. Sahibkarlar şirkətlərə məxsus avtomobilləri ordumuzun və müvafiq qurumların istifadəsinə verdi, evləri dağıdılmış ailələrin təminatlarının ödənilməsində dövlətlə yanaşı fəal iştirak etdilər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidentləri Tərtər, Bərdə, Goranboy rayonlarında, həmçinin Gəncədə zərərçəkənlərlə görüşərək, sahibkarlarımızın ordumuzla və xalqımızla bir olduğunu göstərdilər.

Azərbaycan Sahibkarlar Konfederasiyası müharibənin informasiya cəbhəsində də dövlətimizin yanında oldu. Konfederasiya lobbiçilik fəaliyyəti göstərdiyi və üzvü olduğu bütün beynəlxalq biznes və işəgötürən təşkilatlara mövcud vəziyyət və Azərbaycanın antiterror əməliyyatları aparması ilə bağlı gerçəkləri bəyan etdi. Eyni zamanda xarici dövlətlərdəki nümayəndələrini səfərbər edərək, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün onları məlumatlarla təmin etdi. Tez bir zamanda Azərbaycanın haqq işinin dəstəkləndiyini göstərən məktublar daxil olmağa başladı. Konfederasiyaya ilk belə məktub Türk Ticarət və Sənaye Palatasının üzvü, qardaş Türkiyə sahibkarlarının birləşdiyi ən böyük təşkilatlardan biri - Türkiyə Odalar və Borsalar Birliyindən və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından gəldi. Bundan sonra Türkiyənin müxtəlif biznes birliklərindən, İtaliya- Azərbaycan Ticarət və Sənaye Palatasından və digər təşkilatlardan məktublar daxil oldu. Məktublarda Azərbaycanın ərazi bütövlüyünün tanındığı və haqqın qələbə çalması arzuları yer alırdı.

2020-ci il oktyabrın 11-də Azərbaycanın qədim şəhəri olan Gəncənin ballistik raketlərlə vurulması və nəticədə körpə uşaqlar da daxil olmaqla 10 nəfərin həlak olması, 40-dan çox insanın yaralanması ilə nəticələnən terror aktı sahibkarlarımızı da sarsıtdı. Konfederasiya bununla bağlı 60-dan çox beynəlxalq təşkilata məktublar göndərdi və eləcə də xarici nümayəndələrimiz öz sosial şəbəkə hesablarında xüsusi paylaşımlar etdilər, çalışdıqları ölkələrdə şəhidlərlə bağlı xüsusi anım guşəsinin yaradılmasında aktiv rol oynadılar.

Azərbaycan Sahibkarlar Konfederasiyası müharibənin çətin dövründə tədbir keçirərək Türk Ticarət və Sənaye Palatasının üzvlərinin növbədənkənar Bakı görüşünü reallaşdırdı. 2020-ci il noyabrın

2-də “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda növbədənkənar görüşə Türk Ticarət və Sənaye Palatasının, Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Rifat Hisarciklioğlu, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Qazaxıstan Sahibkarlarının Milli Palatasının (Atameken) sədri Ablay Mirzahmedov, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adxam İkramov, Qırğızıstan Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev qatıldılar. Tədbir çərçivəsində növbədənkənar iclasda iştirak edən qonaqlar Prezident İlham Əliyev tərəfindən də qəbul edildilər. Tədbirin sonunda Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclasının Yekun Bəyanatı qəbul olundu. Bəyanatda palata üzvləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll olunmasının vacibliyini bir daha vurğuladılar.

Eyni zamanda Türk Ticarət və Sənaye Palatası adından Azərbaycanın cəbhə bölgəsində yaşayan, Ermənistanın hərbi təcavüzü nəticəsində zərərçəkən mülki əhali üçün humanitar yardımın yola salınması təşkil olundu.

2020-ci ilin 10 noyabrında üçtərəfli Bəyanatdan keçən qısa müddətdən sonra, noyabrın 19-da Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin geniştərkibli iclası oldu. Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrünə həsr edilən iclasda Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərdə gələcək biznes imkanları müzakirə edildi. İclasda sahibkarların üzərinə böyük vəzifələr düşdüyü vurğulandı, Rəyasət Heyətinin imzası ilə Prezident İlham Əliyevə müraciət ünvanlandı.

İclasda həmçinin işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan biznes ideya və planların qəbul edilməsi məqsədilə xüsusi Komissiya yaradıldı. Qısa bir zamanda komissiyaya, ümumilikdə, 160-a qədər təklif daxil oldu və bu təkliflərin arasından seçilənlər hökumətə təqdim edildi.

Qələbəni xalqımıza bəxş edən, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan və döyüşlərdə yaralanan qazilərimizə qayğı göstərilməsi məqsədilə “YAŞAT” Fondunun yaradılması xüsusi sevinclə qarşılandı. Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyəti pərakəndə şəkildə göstərilən yardımları mərkəzləşdirərək, qayğıya ehtiyacı olan hər bir igidimizin diqqətdə saxlanılması üçün “YAŞAT” Fondu ilə sıx əməkdaşlığa başladı və bu əməkdaşlıq indi də davam edir. Eyni zamanda azad olunmuş ərazilərə böyük qayıdışa hazırlıq məqsədilə əsası qoyulan Qarabağ Dirçəliş Fonduna ianələr edən üzvlərimiz investisiyalar qoymaqla həmin torpaqlarımızda məşğulluğu təmin etmək üçün planlar üzərində işləyirlər. Əminik ki, bu planlar Qarabağın ümumi inkişaf planının bir hissəsi kimi realizə olunacaq və Azərbaycanın ümumi inkişafına təkan verəcək.

Azərbaycanın böyük Qarabağ zəfərinə nail olmasında əsas komponentlərdən biri iqtisadiyyatımızın inkişafıdır ki, bu konsepsiyanın da əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir”, - deyən Ulu Öndər güclü ölkənin bünövrəsini qoyacaq iqtisadi islahatlara başlamış və böyük dövlətlərin Azərbaycanda iqtisadi maraqlarını balanslaşdıran “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdur. Beləliklə, Azərbaycan Avropanın, Qərbin enerji təhlükəsizliyində söz sahibinə çevrilmiş və iqtisadi inkişafın, dövlət müstəqilliyinin möhkəm təminatının bünövrəsi qoyulmuşdur. Azərbaycanın bu uğurlarını davam etdirən Prezident İlham Əliyev peşəkar siyasətçi, diplomat kimi Ulu Öndər Heydər Əliyevin Qarabağı işğaldan azad etmək vəsiyyətini gerçəkləşdirmək üçün böyük daxili islahatlar apardı, ölkəmizin strateji müttəfiqi olan Türkiyə ilə bütün sahələrdə əlaqələri daha yüksəklərə daşıdı.

“Qarabağ Azərbaycandır” nidasını beynəlxalq kürsülərdən qürurla səsləndirən, qurucu, yaradıcı, torpağına azadlıq gətirən, Azərbaycan Ordusuna və xalqına arxalanan İlham Əliyev dövlət sərhədlərini bərpa edən, 30 illik işğal siyasətinə son qoyan, Qarabağa azadlıq, sülh, rifah gətirən Ali Baş Komandandır. Bu yolda onun həm ön cəbhədə yoldaşı, həm də mənəvi sirdaşı olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da əməyi böyükdür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən bir dövlət xadimi olmaqla yanaşı, milli dəyərlərə böyük sevgisi, humanizmi, nəcib xanımlığı ilə xalqımızın qəlbində dərin ehtiram qazanıb. Məhz Birinci vitse-prezidentin də yaxından iştirakı ilə işğaldan azad olunmuş torpaqlarımızda müasir yaşayış kompleksləri, infrastruktur qurulur, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin uğurla icrasına başlanılıb. İlk mərhələdə Ağalı kəndində həyata keçiriləcək layihənin icrası 5 komponenti - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrini əhatə edəcək. Əsas məqsəd isə elektron xidmətlərdən istifadənin genişləndirilməsi, kəndlərdə və regionun ucqar ərazilərində davamlı inkişafın təmin edilməsidir.

Hazırda bütün dünyada iqtisadi inkişaf zəifləyib. Bəzi böyük dövlətlərdə resessiyaların şahidi oluruq. Buna baxmayaraq, Azərbaycan 2021-ci ilə iqtisadi inkişaf hədəflərini açıqlayıb. Prezident tərəfindən qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə “Azərbaycan 2030: Milli Prioritetlər” təsdiq olunub. Prioritetlərə əsasən, dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.

Bunun üçün iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.

Sözsüz ki, dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu böyük qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.

Bu günün çağırışlarından biri də şəhid ailələrinin, qazilərimizin məşğulluğunun təmin edilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə başlanan “Məşğulluq marafonu”nda iştirak edən üzvlərimiz müxtəlif peşələr üzrə vakansiyalar elan edirlər. Marafonda aktivliyin daha da artması üçün konfederasiyanın prezidenti də videoçağırışla sahibkarlara müraciət etmişdir. 

Qarşımızda Qarabağ torpaqlarını yenidən dirçəltmək kimi şanlı missiya dayanır. Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti artıq müvafiq infrastruktur işlərinə başlayıb. Müharibə dövründə dövlət başçısının ətrafında sıx birləşərək “Dəmir yumruğ”un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəldilməsi naminə səylərini daha da gücləndirəcəklər. Bu məqsədlə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da öz növbəsində üzv olduğu beynəlxalq təşkilatlar, xaricdə yaşayan azərbaycanlı iş adamları, eləcə də milli sahibkarlarımızın imkanlarından istifadə etmək məqsədilə geniş tədbirlər görür.

Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq bu yeni tarixi mərhələdə qüdrətli və müdrik liderimiz İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunan ərazilərimizin yenidən qurulması, Qarabağımıza böyük qayıdışın təmin edilməsi, dövlətimizin daha da güclənməsi və rəqabətə davamlı istehsalın genişləndirilməsi naminə bütün gücümüzü səfərbər edərək, əlverişli biznes mühitindən yararlanmaqla əhalinin rifah halının yaxşılaşdırılması kimi şanlı missiyanın həyata keçirilməsində bütün imkanlarımızı səfərbər edəcəyik.

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM