03 Aprel 2021 00:34
744
Səhiyyə
A- A+

Pandemiya dövründə virusla mübarizədə vətəndaş məsuliyyəti vacib şərtdir

 

Dünyada koronavirusa yoluxma  statistikası hər gün yenilənməkdə,  göstəricilər isə hələ də təəssüf doğurmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına əsasən, təhlükəli virusa ən çox yoluxma yenə ABŞ-da qeydə alınıb.

Daha sonra Braziliya, Hindistan, Rusiya, Fransa, Böyük Britaniya, İtaliya, Türkiyə, İspaniya, Almaniya, Kolumbiya və Argentina gəlir.

Ölkəmizdə də koronavirusa yoluxma və ölüm hallarının sayı artıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın hər gün açıqladığı rəqəmlər bir ildən çoxdur hər birimizin həyatını təhdid edən təhlükəli virusun öz meydanını genişləndirdiyini söyləməyə əsas verməklə yanaşı, bizi daha da ehtiyatlı olmağa səsləyir.

Vəziyyətin mürəkkəbləşdiyi bu günlərdə bəzi vətəndaşlarımızın həm özünün, həm da başqalarının səhhətinə laqeyd yanaşdığının, beləliklə, koronavirusun əhatəsini genişləndirməsinə şərait yaratdığnın şahidi oluruq. Faktlara nəzər salaq. Dünən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ictimai yerdə aktiv koronavirus xəstəsi aşkarlanıb. Mübariz İbrahimovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində də koronavirus testinin nəticəsi pozitiv çıxmış, rayonun Qazançı kənd sakini Saqif Atayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanı tərk etməsi aşkarlanıb. Hər iki vətəndaşla polis əməkdaşları profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarılıb.

Koronavirus artıq bir ildən çoxdur ki, yayılıb. Təəssüf ki, hər kəsin bu təhlükəli pandemiya barədə kifayət qədər məlumatı olmasına baxmayaraq, bəzi vətəndaşlar ona laqeyd və məsuliyyətsiz yanaşırlar. Elə bu cür biganəlik və məsuliyyətsizlik gözəgörünməz düşmənin daha da güclənməsinə səbəb olur.

Dünyanı ağuşuna alan pandemiya həyatımızı məcrasından çıxarıb. Koronavirusun geniş yayılmasının qarşısının alınması üçün müxtəlif vaxtlarda karantin, sərt karantin, məhdudiyyətlər və qadağalar tətbiq olunub. Bütün cəhdlərə, aparılan araşdırmalara baxmayaraq, gözlənilməz pandemiyanın tamamilə aradan qaldırılmasına hələlik nail olunmayıb. Dünyanın əksər ölkələrində koronavirusa qalib gəlmək üçün araşdırmalar aparıldığı, müəyyən nəticələr əldə olunduğu bir vaxtda virusun mutasiyaya uğraması ilə bağlı yeni xəbərlər də yayılmaqdadır. Britaniya ştammının ardınca Braziliyanın San-Paulo ştatında koronavirusun yeni mutasiyası aşkarlandığı barədə Butantan İnstitutunun direktoru Dimas Kovas məlumat verib. Keçirdiyi mətbuat konfransında o, aparılan təhlillər nəticəsində əyalətin Sorokoba şəhərində koronavirusun Cənubi Afrika ştammına bənzəyən yeni bir növünə rast gəldiklərini bildirib. Qeyd edib ki, virusun aşkarlandığı şəxs Cənubi Afrikaya səyahət etməyib və oraya səyahət edən heç kimlə təmasda olmayıb: “Bu səbəbdən yeni ştamm ölkənin Amazonas ştatının Manaos şəhərində ortaya çıxan daha yoluxucu növün mutasiyaya uğramış halı ola bilər”. Dimas Kovas sözügedən mutasiyanın hələlik yalnız bir şəxsdə aşkarlandığını, onunla təmasda olanların karantinə alındığını diqqətə çatdırıb.

Gözəgörünməz düşmən nə qədər güclü və dəyişkən olsa da, ona qarşı mübarizə tədbirləri əzmlə davam etdirilir. Yeni müalicə üsulları, yeni vasitələr axtarılır.

Dünyanın bir çox aparıcı ölkələri ilə eyni vaxtda Azərbaycanda  da vaksinasiya prosesinə başlanılıb. Qeyd edək ki, yeni növ koronavirusun ölkəmizdə rəsmi olaraq ilk dəfə qeydə alındığı vaxtdan etibarən onun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən ciddi tədbir görülür. Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusla mübarizənin yeni mərhələsinə qədəm qoyulub. Virusla mübarizə strategiyasına uyğun olaraq, bu ilin yanvarın 18-dən ölkəmizdə vaksinasiya aparılır. Müxtəlif yaş qrupları üzrə həyata keçirilən peyvəndləmə prosesi uğurla davam edir. Hazırda dünyanın bəzi ölkələrində vaksin alınması məsələsi çox ciddi bir problemə çevrilib. Amma buna baxmayaraq, Azərbaycan artıq bir sıra şirkətlə əldə etdiyi razılaşmalara əsasən, bir neçə peyvəndin alınmasına nail olub. Nazirlər Kabineti yanında Operativ Qərargah martın 31-də pandemiya ilə bağlı vəziyyəti və peyvəndləmə prosesini müzakirə edib. Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi növbəti iclasda qərargah üzvləri, şəhər və rayonların İcra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər. İclas zamanı ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti - yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub. Ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib. Peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da  genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilib.

Pandemiya ilə mübarizədə dövlət ilk günlərdən vacib tədbirləri həyata keçirir. Bu tədbirlərin səmərəli olması üçün hər bir vətəndaş da məsuliyyət hissini unutmamalı, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Koronavirusla mübarizədə ilk vaxtlarda irəli sürülən üç qaydaya ciddi əməl etmək, maska taxmaq, məsafə saxlamaq, gigiyenik qaydalara riayət etmək çox da çətin deyil. Bu qaydalar təhlükəli virusun yayılma zəncirini əsaslı şəkildə qırmaqda mühüm rol oynayır. Yaddan çıxarmayaq ki, ictimai məsuliyyət koronavirusun yayılmasının qarşısının alınması üçün əsas şərtlərdən biridir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video