21 Avqust 2021 00:47
737
İQTİSADİYYAT
A- A+

Pambıq yığımı ərəfəsində pambıqçıya şad xəbər

 

Satınalma qiymətinin növbəti dəfə artırılması pambığı yenidən “ağ qızıl” edir

 

Son illər pambıqçılıq sahəsində uğurlu nəticələr əldə olunur. Təkcə keçən il ölkə üzrə 336 min ton pambıq istehsal edilmiş, hər hektarın məhsuldarlığı 33,6 sentner olmuşdur. Bunun əsas səbəbi dövlətin pambıq kimi strateji bir məhsulun istehsalının artırılmasına verdiyi hərtərəfli dəstəkdir.

İlk növbədə, pambıq əkib-becərən fermerlərə verilən subsidiyalar və edilən güzəştlər bu sahəyə marağı xeyli artırmışdır. Digər tərəfdən, bir sıra kənd təsərrüfatı məhsulları istehsalçılarından fərqli olaraq pambıqçılar yetişdirdikləri məhsulu satmaqda heç bir çətinliklə qarşılaşmır, onu müqavilə bağladıqları təşkilatlara təhvil verirlər. Satdıqları pambığın pulu isə bir neçə saat ərzində fermerlərin kartlarına köçürülür. İşin bir müsbət cəhəti də ondan ibarətdir ki, torpaq mülkiyyətçiləri müqavilə bağladığı şirkətin yaxından köməyi ilə şumdan tutmuş yığımadək hər cür yardım və mütəxəssis məsləhəti ilə əhatə olunurlar. Verilən avanslar, görülən işlərin xərcləri yalnız sonda məhsulun gəlirindən tutulur.

İndi pambıqçılıqda yığım ərəfəsidir. Hər bir fermer istəyir ki, məhsulu qısa vaxtda və itkisiz yığıb təhvil versin. Elə bu ərəfədə istehsalçılar xoş xəbər aldılar - bütün növ pambığın bir tonunun satınalma qiyməti 50 manat qaldırıldı. Sözsüz ki, dövlət tərəfindən verilən bu stimullaşdırıcı qərar istehsalçıları sevindirməyə bilməzdi.

Yaxşısı budur, onların özlərinə söz verək.

Alim Eyvazov, Salyan rayonunun Şorsulu kəndi:

- Pambıq qiymətli bitkidir. Amma onu əkib-becərmək heç də asan iş deyil. Hər gün gərək yanında olasan, körpə kimi nazını çəkəsən. Özü də al-günün altında. Nəzərdə tutulan aqrotexniki tədbirləri vaxtında həyata keçirməsən, yüksək məhsul gözləmək əbəsdir. Ona görə çalışırıq ki, çəkdiyimiz zəhmət daha yaxşı nəticə versin, qazancımız çox olsun. Pambığın satınalma qiymətinin artırılması hamı kimi bizi də çox sevindirdi. Çox sağ olsunlar, pambıqçı əməyini növbəti dəfə qiymətləndirdilər. Bir məsələni də qeyd etmək istəyirəm. Pambıq eyni zamanda digər bitkilər üçün yaxşı sələfdir. Növbəli əkin sistemi tətbiq etməklə, pambıqdan sonra əkilən bitkilərdən də yüksək məhsul götürmək mümkündür.

İmadəddin Dadaşov, Neftçala rayonu, Aşağı Qaramanlı kəndi:

- Desəm ki, ömrümü-günümü pambıqçılığa həsr etmişəm, inanın. Hələ uşaqkən bizim kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyevin şan-şöhrət qazanmasına yaxşı mənada həsəd edirdim. O, öz halal zəhməti ilə həmin mərtəbəyə yüksəlmişdi. Mən də özüm üçün onun keçdiyi həyat yolunu seçdim. Neçə illərdir pambıq əkib-becərirəm. “MKT-İK” Neftçala filialı bu işdə başqaları kimi mənə də dəstək olur. Ona görə də heç bir çətinliyimiz yoxdur. Sahələri nümunəvi qaydada becərməyə çalışırıq. Düzdür, ara-sıra su sarıdan müəyyən çətinliklə qarşılaşırıq. Amma onun yerini yaxşı becərmə, xüsusən kultivatoru artıq çəkməklə doldururuq. Sovka da bir neçə dəfə bizi qorxutdu. Lakin dərmanlama ilə ziyanvericinin kökünü kəsdik. İndi sahələr bol məhsuldan xəbər verir. Avqust ayının 25-dən sonra seçmə yolla yığıma başlayacağıq. Pambığın qiymətinin hər ton üçün 50 manat artırılması bizim də ürəyimizdən xəbər verdi. Çalışacağıq ki, buna öz əməyimizlə cavab verək, yetişdirilən məhsulu vaxtında və itkisiz toplayaq, şirkətlə bağladığımız müqaviləyə əməl edək.

Lətif Cəfərov, Biləsuvar rayonu, Təzəkənd kənd sakini:

- Yaşımın ahıl çağında da pambıq əkib-becərirəm. Keçən il 34 hektar sahədən 150 ton məhsul götürdüm. Bu il isə 30 hektarda pambıq əkmişəm. Demək olar ki, becərmə işlərini başa çatdırmışıq. Allahın köməyi ilə yaxşı məhsulumuz olacaq. Artıq daban qozaları açılmaq ərəfəsindədir. Bir neçə gündən sonra yığıma başlayacağıq. Hər işin başında maddiyyət durur deyənlər səhv etməyiblər. Məhsul bol olanda gəlir də yaxşı olur. Gəlir çox olanda xeyir-şərini üzüağ yola verirsən, ailən korluq çəkmir. Pambığın satınalma qiymətinin artırılması xəbərini razılıqla qarşıladıq. Bu, bir daha pambıqçı əməyinə verilən qiymətdir. Onu da deyim ki, Prezident pambıqçılığın inkişaf etdirilməsini elə-belə irəli sürməyib. Pambıqçılıq əməktutumlu sahədir, yəni on minlərlə adamın işləməsi, qazanc əldə etməsi deməkdir.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video