12:28 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pambıq yığımı

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:39 15.09.2021

 

Biri üç edən Muğan

 

Bərəkətli Muğan düzünün yenə büsatlı günləridir. Zəhmətlə qazanılan halal çörəyə bağlı insanların aylardan bəri gözlədikləri gün artıq gəlib çatmışdır - göz işlədikcə uzanan pambıq tarlaları ağ örpəyə bürünmüşdür.

Ölkənin pambıqçılıq mərkəzi kimi şöhrət qazanmış rayonlardan olan Sabirabadda artıq bir neçə gündür ki, pambıq yığımına start verilmişdir. Pambıq əzəldən bu yerlərin sərvəti sayılıb. Kənd əhalisinin güzəranı, dolanışığı çox zaman pambıqdan çıxıb. Elə Prezident İlham Əliyev də ənənəvi kənd təsərrüfatı sahələrini, o cümlədən pambıqçılığı inkişaf etdirməyi iqtisadi zərurət kimi qarşıya qoyanda məhz bu amili əsas götürmüşdü. 2016-cı ilin sentyabrında - pambıq yığımı ərəfəsində Sabirabadda dövlət başçısının sədrliyi ilə pambıqçılıqla məşğul olan rayonların müşavirəsi keçirildi. Bu, ölkədə tənəzzül dövrünü yaşayan pambıqçılıqda - kənd təsərrüfatının bu gəlirli sahəsində dönüş nöqtəsi oldu.

Belə bir tarixi müşavirə üçün Sabirabad təsadüfən seçilməmişdi. Muğan düzü pambığın vətəni sayılır. Hələ qədim dövrlərdə burada pambıq əkilib-becərilib, xarici ölkələrə buradan karvanlarla pambıq daşınıb. Etiraf edilməlidir ki, sovet dönəmində, xüsusilə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Muğan düzünün iqtisadi potensialından daha səmərəli istifadə olunurdu. Ulu Öndər o illər dəfələrlə Sabirabada səfər etmiş, əmək adamları ilə tarlalarda, iş başında görüşmüş, onların zəhmətinə, hünərinə böyük qiymət vermişdir.

O dövrün, elə bu günümüzün də adlı-sanlı əmək adamlarından biri pambıqçı Fatma Hüseynovadır. Taleyini bağladığı “ağ qızıl” Fatma xanımı, sözün həqiqi mənasında, ağ günə qovuşdurub. Sovet dönəmində Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən F.Hüseynova həm də bu günümüzün qəhrəmanıdır. Prezident İlham Əliyevin sərəncamı ilə Birinci Dərəcəli Əmək Ordeni ilə təltif olunub.

- Mən özümü çox xoşbəxt sayıram. Çəkdiyim zəhmətin, axıtdığım alın tərinin qiymətini artıqlaması ilə almışam. Ulu Öndər Heydər Əliyev də, Prezident İlham Əliyev də dəfələrlə mənim çalışdığım tarlaya gəliblər, qayğıkeşlik və diqqət göstəriblər, əməyimizə yüksək qiymət verərək bizi yeni nailiyyətlərə ruhlandırıblar. Səmimi deyirəm, artıq xeyli yaşım var. Elə məni yaşadan da bu qayğıkeşlik, ölkəmizdə əmək adamına verilən qiymətdir, - deyə Fatma Hüseynova bildirdi.

Söhbətinə davam edən Fatma xanım dedi ki, bu il də məhsul boldur. Yığıma həvəslə başlayıblar. Cari mövsümdə pambığın satınalma qiymətinin hər ton üçün 50 manat artırılması qabaqcıl fermer təsərrüfatının üzvləri tərəfindən də razılıqla qarşılanıb.

Bu gün Sabirabadın bol məhsullu, ağ libaslı tarlaları, sözün həqiqi mənasında, hünər meydanıdır. Birinci Dərəcəli Əmək Ordenli Əfras Əsgərovun, Dədəkişi Dövlətovun, Sahil Mirzəyevin, Abdulla Cəfərovun, Seyran Qasımovun və onlarla digər təcrübəli pambıqçının rəhbərlik etdikləri fermer təsərrüfatlarında yığım getdikcə sürətlənir.

Bu il Sabirabad rayonunun təsərrüfatlarında 9260 hektar sahədə pambıq becərilmişdir. Aqrotexniki tələblərə ciddi əməl edilməsi, eyni zamanda havaların əlverişli keçməsi nəticəsində bol məhsul yetişib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Yaqub Heydərov bizimlə söhbətində dedi ki, keçən il pambıqçılıqda məhsuldarlıq 32 sentner olmuşdur. Bu il isə hədəf 35 sentnerdir. Öyrəndik ki, qarşıya qoyulan bu məqsədə çatmaq üçün qüvvələr səfərbər edilib. Yığım və nəqliyyat texnikası mövsümə keyfiyyətlə hazırlanıb. Ötən illərdə olduğu kimi, məhsul yığımında yenə də texnikaya geniş meydan veriləcək. Bu məqsədlə tarlalar maşınla yığıma nümunəvi hazırlanır. Hazırda pambıq kollarının yarpağının tökülməsi üçün tarlalarda 20 çiləyici aqreqat işləyir. Builki mövsümdə 38 pambıqyığan maşının gücündən istifadə olunacaq.

Qızıl payız Muğan düzündə bərəkət boğçasını yenə də səxavətlə açıb. Çox çəkməyəcək tarlaların barı-bəhəri toplanıb tayalara vurulacaq. Sanki başıqarlı dağlar düzlərə enib pambıq tədarükü məntəqələrində sıralanacaq.

 

Lazım QULİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM