26 Sentyabr 2012 12:09
570
Səhiyyə
A- A+

Özünüzü siqaretin ziyanından qoruyun

 

Dünyada tütün sənayesi hər il bazara dörd trilyon ədəd siqaret çıxarır və 80-100 milyard arasında pul qazanır. Siqaretin ziyanından danışıb qurtarmaq mümkün deyil.  Yer kürəsində 1,2  milyard insan siqaret çəkir. Azərbaycanda isə müxtəlif mənbələrin məlumatına görə, siqaret çəkənlərin sayı 2 milyondan artıqdır. İkinci dünya müharibəsində 50 milyon adam həlak olubsa, yalnız siqaret hər il planetdə 6 milyon insanın həyatına son qoyur.  Yəni, siqaret hər on ildən bir dünya müharibəsində həlak olanların sayı qədər insanı məhv edir. Bu, faciəvi statistikadır. 

Siqaretə qurşananlar üçün bu rəqəmlər ola bilər ki, bir o qədər də maraq kəsb etməsin. Onlar tütündən asılı vəziyyətə düşərək, öz həyatlarını canlarına yazıqları gəlmədən aramsız olaraq zəhərləyirlər. Siqaret həzmi və qan dövranını çətinləşdirir, damarların elastikliyini, sinir sisteminin normal fəaliyyətini pozur, mədə xorasının, insultun, infarktın, xərçəngin  və onlarla başqa xəstəliyin yaranmasına səbəb olur, insan ömrünü azı 8-10 il qısaldır.

Dünyanın bir çox şəhərlərində ictimai yerlərdə, təyyarə və dəniz limanlarında, vağzallarda, iş yerlərində və hətta açıq parklarda belə,  siqaret çəkməyə icazə verilmir, qanunu pozanlar isə cərimə edilir. Onu da qeyd edək ki, cərimələrin məbləği simvolik xarakter daşımır və ciddi təsir qüvvəsinə malikdir. 

"Sağlam bədəndə sağlam ruh olar" deyiblər. İnsan isə yaranışından üzü bəri həmişə zərərli vərdişlərə aludə olur. Hər bir insanın danılmayan istədiyi kimi yaşamaq haqqı var. Ona görə də siqaret çəkməyi kiməsə qadağan etmək mümkün deyil. Lakin ölkə və planetar miqyasda düşünəndə  həyəcan təbilinin vurulması zərurətə çevrilir. Belə ki gün ölkədə yetkinlik yaşına çatan hər 100 gəncin 60-ı siqaret çəkir.  Yaşlıların da arasında siqaret çəkənlər kifayət qədərdir, lakin yeniyetmələrin və azyaşlı uşaqların, qadınların və qızların arasında tütünə aludə olanların sayının artması tendensiyaya çevrilməkdədir. Bunun səbəbi nədir?  İlk növbədə ictimaiyyət bu məsələnin ciddiliyinin fərqinə varmır, KİV isə  bu mövzuya dərindən toxunmurlar. 

Elektron KİV nadir hallarda tütünün ziyanından danışır, mavi ekranlar siqaretin ziyanı ilə bağlı heç bir sosial reklam rolikləri nümayiş etdirmirlər. Müasir dünyada inkişaf etmiş dövlətlərin əksəriyyətində siqaretə qarşı aparılan mübarizəyə cəmiyyətin demək olar ki, bütün təbəqələri qoşulurlar.

10-20 il bundan əvvəl orta məktəblərdə, universitetlərdə açıq-aşkar siqaret çəkən şagirdlərə, tələbələrə nadir hallarda  rast gəlinərdi. İndi isə təhsil ocaqlarında müəllimləri ilə "çiyin-çiyinə" siqaret tüstülədən tələbələrin sayı-hesabı yoxdur. 

Səhər tezdən yuyulub süpürülən dayanacaqlar, küçə və meydanlar, xiyabanlar üzü axşama siqaret kötükləri, boş qutularla dolaraq cansıxıcı bir mənzərə yaradırlar. Sanki hamı əlindən gələni edir ki, gözəl bir şəhər zibilxanaya çevrilsin.

Artıq Milli Məclisin deputatları siqaretlə bağlı həyəcan təbilini vurdular, məktəblərdən siqaret köşklərinin uzaqlaşdırılması, ictimai yerlərdə siqaret çəkilməsinə qadağanın qoyulması məsələsini qaldırdılar. Gözlənilir ki, bu müzakirələr parlamentdə davam etdiriləcək.

Xatırladaq ki, hələ 2002-ci ildən qüvvəyə minən "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununda cəmiyyəti narahat edən əksər məsələlər həllini tapıb. Reallıq nədən ibarətdir? Siqaret məmulatlarını satan və ya alanlar demək olar ki, yaş məhdudiyyətini gözləmir. Yeniyetmələr metro girişində, köşklərdə, küçələrdə, ümumiyyətlə, şəhərin istənilən yerində siqaret məmulatlarını almaqda heç bir "əziyyət" çəkmirlər. Orta və ali məktəblərin yaxınlığında, girişində qutu və ədədlə siqaret satanlar var. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununda "Tütünün və tütün məmulatının ticarəti" bölməsində tütünün və tütün məmulatının  18 yaşına çatmamış şəxslərə satılması qadağandır. Bu qanunda həmçinin  siqaret, papiros və siqarların ədədlə satılması da yasaq edilib. Qanun satıcılara  zəruri hallarda alıcılardan onların yaşını təsdiq edən sənədi tələb etmək hüququnu da vermişdir. Qanunun 15-ci maddəsinin beşinci bəndində birbaşa göstərilir: " Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. Sonrakı bənddə isə (15.6.) tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri bildirilir, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi nəzərdə tutulur.

Adı çəkilən sənəddə birbaşa göstərilir ki, tədris müəssisələri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə tədris proqramlarına tütün məmulatının istehlakının sağlamlığa zərərli təsiri barədə mövzular daxil etsin.

Maraqlısı odur ki,  həmin qanunun 21-ci maddəsində Azərbaycan Respublikasında siqaret çəkməyin qadağan olduğu yerlərin 4 bənddən ibarət uzun bir siyahısı var. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;  inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində;  yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə; uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkmək qadağandır. 

Təəssüf ki,  bu qanunu icra etmirik. Bəs buna cavabdeh kimdir? Təhsil müəssisələri, bələdiyyələr,  icra hakimiyyətləri, hüquq-mühafizə, vergi orqanları, cəmiyyətin bütün təbəqələri və nəhayət, hər birimiz!  Kütləvi laqeydlik kütləvi faciələrə səbəb olur. Lakin bu faciələr hər birimizin evində, ailəsində müxtəlif xəstəliklərlə baş verdiyindən biz itkilərin böyüklüyünü dərk etmir, tək öz dərdimizi yaşayırıq.

Amma bilmirik ki, valideynləri siqaret çəkən uşaqlar isə hələ ana bətnində ikən tütünün mənfi təsirlərinə məruz qalırlar. Atası siqaret çəkən uşaqlarda ağır xəstəliklər iki dəfə artıq olur, əqli inkişafdan geri qalırlar. Yeniyetməlik dövründə çəkilən cəmi iki siqaret uşaqların 70%-ni sonralar tütünə aludə edir. Valideynləri siqaret çəkən oğlan uşaqlarının 67 %-i siqaretə qurşanırlar. Ona görə də siqaret çəkənlər bilməlidirlər ki, onların özləri öz balalarının, ailəsinin düşməninə çevriliblər. Siqaretin təbliğində laqeydlik göstərən aidiyyəti qurumlar nə qədər müqəssirdirsə, siqaret çəkən valideynlərin günahı ikiqat artıqdır, daha ağırdır. Çünki birinciləri özgələrinə, ikinciləri isə öz doğma övladlarına qənim kəsilirlər.  

 

Elnur HADIYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video