15 Sentyabr 2021 23:56
869
Mədəniyyət
A- A+

Özbəkistanda UNESCO-nun iştirakı ilə “Mərkəzi Asiya dünya sivilizasiyasının ayrıcında” adlı beynəlxalq mədəniyyət Forumu keçirilib  

 

Mədəniyyət naziri Anar Kərimov Forumda iştirak edib

 

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 14-də Özbəkistana səfər edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Özbəkistanın Xivə şəhərində “Xivə - Türk dünyasının mədəniyyət paytaxtı – 2020” proqramının açılış mərasimində iştirak edib.

Xatırladaq ki, Xivə şəhəri 2019-cu ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Qırğızıstanın Oş şəhərində keçirilən toplantısında 2020-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. Ancaq COVID-19 pandemiyası ilə əlaqədar paytaxt ili çərçivəsində nəzərdə tutulan tədbirlər proqramı təxirə salınmışdı.

Əlamətdar ilin açılış mərasimində türk dünyasının bundan öncə “mədəniyyət paytaxtı” missiyasını daşımış şəhərlərinə həsr olunmuş fotosərgi və Özbəkistanın ənənəvi geyimlərinin təqdimatı təşkil edilib.

Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Macarıstanın musiqi və rəqslərindən ibarət konsert proqramı təqdim olunub. Konsertdə Özbəkistanın M.Turgunbayeva adına "Bakhor" Dövlət Rəqs Ansamblının ifasında “Lalələr” Azərbaycan mahnısı səsləndirilib.

Sentyabrın 15-də mədəniyyət naziri Anar Kərimov Xivə şəhərində UNESCO himayəsi altında keçirilən “Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində” Beynəlxalq Mədəniyyət Forumunun açılış mərasiminə qatılıb.

Forumda UNESCO, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası (ICOMOS), Mədəni Mülkiyyətin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzi (ICCROM), TÜRKSOY və Türk Şurasının nümayəndələri, 50-ə yaxın ölkənin mədəni irs, elm, incəsənət və digər sahələr üzrə mütəxəssislər iştirak edib.

Açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, Özbəkistanın və Qırğızıstanın mədəniyyət nazirləri, ICESCO və ICCROM-un rəhbərlərinin çıxışı olub.

Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tədbir iştirakçılarına təbrikini oxuyub.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək tədbirin təşkilinə və yüksək qonaqpərvərliyə görə Özbəkistana təşəkkürünü bildirib. Qeyd edib ki, bu cür təşəbbüslər bölgənin ortaq mədəniyyətini və ortaq irsini öyrənmək və populyarlaşdırmaq üçün yeni fürsətlər yaradır. Belə tədbirlər eyni zamanda beynəlxalq aləmdə məlumatlılığın artırılmasında əhəmiyyətli rol oynayır.

Nazir vurğulayıb ki, qədim İpək Yolu mədəniyyətlərarası mübadilənin inkişafına mühüm töhfələr verib. İpək Yolu eyni zamanda bu yol boyunca yerləşən ölkələrin yeni sosial-fəlsəfi baxışlar sisteminin, mədəni nümunələrinin qlobal məkana inteqrasiyasına vəsilə olub. Bir sözlə, qədim İpək Yolu Orta Asiya xalqlarının tarixində və mədəniyyətində dərin iz qoyub.

Anar Kərimov diqqətə çatdırıb ki, Orta Asiya ilə yanaşı, Azərbaycan da bu tarixi qloballaşma yolunu keçib və onun müxtəlif izlərinə hələ də ölkəmizin müxtəlif yerlərində rast gəlinir. “Azərbaycan dünyəvi bir ölkə olaraq müxtəlifliyi özünün ən böyük fəzilətlərindən hesab edir və bu müxtəlifliyin inkişafı üçün çalışır. Sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan mədəniyyətlərarası dialoq üçün etibarlı məkandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və bu platforma çərçivəsində ölkəmizin ev sahibliyi etdiyi Mədəniyyətlərarası Dialoq Forumu bunun əyani təzahürüdür. “Bakı Prosesi” fərqli anlayışlı insanlar və qruplar arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan açıq dialoq üçün qlobal platformadır”, - deyə nazir əlavə edib.

Tədbirin açılış mərasimindən sonra Anar Kərimov Özbəkistanın “Dunyo boylab” və “Mədəniyyət” telekanallarına müsahibə verib. Azərbaycan ilə Özbəkistan arasında tarixi-mədəni əlaqələri və qardaşlıq münasibətləri haqqında danışan nazir beynəlxalq forumun işini yüksək qiymətləndirib.

Forumun bölmələr üzrə keçirilən iclaslarında Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevin “Xarəzmin tarixinin öyrənilməsi Akademik Ziya Bünyadovun əsərlərində” mövzusundakı məruzəsi maraqla dinlənilib.

“Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun Baş memarı Leyla Hüseynova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova və AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Fərda Əsədov maraqlı məruzələrlə çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video