17 Sentyabr 2021 00:42
1438
SİYASƏT
A- A+

Onun adı Nuru paşaydı...

 

103 il öncə Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik cəlladlarından təmizlənməsinin milli dövlətçilik tariximizdə özünəməxsus yeri var.

Bu şərəf dolu hadisə Azərbaycan-Türk qardaşlığının simvolu kimi də əlamətdardır. Azərbaycan xalqı həmin günün şanlı tarixini yaratmış qəhrəmanlarını hər zaman böyük sevgi, ehtiram və qürur hissi ilə yada salır. Onların xatirəsini əziz tutur.  Bakının işğaldan azad edilməsində Nuru paşa adı isə xüsusi hörmət və ehtiramla xatırlanır. Çünki həmin çətin və mürəkkəb zamanda Azərbaycanın bir çox regionlarını düşməndən təmizləmiş Qafqaz İslam Ordusuna məhz bu igid komandan rəhbərlik edirdi. Qəhrəmanlığı, Azərbaycana sevgisi ilə adını qəlbimizə yazmış bu tarixi şəxsiyyətin xatirəsi xalqımız üçün olduqca əzizdir.

 

Trablis qəhrəmanı

 

Nuru paşa 1889-cu ildə İstanbulda anadan olub. 1934-cü ildə Türkiyədə sosial, mədəni sahələrdə islahatlar başlananda özünə Killigil soyadını götürmüşdü. O, ilk təhsilini başa vurandan sonra 1906-cı ildə quru qoşunları məktəbinə daxil olur. 1909-cu ildə həmin məktəbi bitirir və zabit kimi orduda xidmətə başlayır. 1913-cü ildə yüzbaşı, üç il sonra minbaşı, 1918-ci ildə isə yarbay rütbəsi alır. Birinci Dünya müharibəsi illərində Şimali Afrikada olan Osmanlı ordusu tərkibində xidmət keçir. Liviya ərazisində cəbhə komandanı kimi fəaliyyət göstərir. Onun komandan kimi yüksək hərbi istedadı da bu döyüşlərdə üzə çıxır. Liviya cəbhəsində nümayiş etdirdiyi igidliklərə görə Nuru paşa minbaşı rütbəsinə, “Altun ləyaqət” medalına, Almaniyanın “Dəmir xaç” medalına, 1917-ci ildə “Altun imtiyaz” medalına, eyni zamanda Avstriya-Macarıstan dövlətinin üçüncü dərəcəli fərqlənmə nişanına layiq görülür. O, Trablis qərb cəbhəsində də şücaət göstərir. Trablis müharibəsindəki igidliyinə görə qəhrəman kimi məşhurlaşır. Yada salaq ki, həmin dövrdə Trablis cəbhəsində aparılan hərbi əməliyyatlar, türk əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı barədə unudulmaz ədibimiz Cəfər Cabbarlının “Trablis müharibəsi”, yaxud “Ulduz” adlı maraqlı bir pyesi də vardır.

Nuru paşa Türkiyə hökumətinin hərbi naziri Ənvər paşanın qardaşı idi.

 

Qafqaz İslam Ordusunun komandanı

 

Nuru paşanın hərbi xidmətinin ən mühüm dövrü isə Qafqaz İslam Ordusunun fəaliyyəti ilə bağlıdır. Bu, Osmanlı dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər idi. O dövrdə Azərbaycandakı daşnak-bolşevik rejiminin türk-müsəlman əhalisinə qarşı törətdiyi amansız soyqırımlarından sonra qanlı cinayətlərin dayandırılmasından ötrü milli fəallar Osmanlı dövlətinə müraciət etmişdilər. Bakı yadellilərin əlində ən ağrılı günlərini yaşayırdı. Şəhərin azad edilməsi həyati əhəmiyyətli məsələlərdən idi. “Azadlıqdan öncə Bakı” deyən cümhuriyyət qurucuları buna görə yollar axtarır, ciddi müzakirələr aparırdılar. M.Ə.Rəsulzadə İstanbuldan Azərbaycan hökumətinə göndərdiyi məktubunda yazırdı: “Nəyin bahasına olursa-olsun Bakı tezliklə tutulmalıdır. Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq. Bakıya doğru hərəkət mütləq Azərbaycan naminə olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır. Əgər Bakı alınmasa, hər şey bitdi. Xudahafiz, Azərbaycan!”

Qafqaz İslam Ordusunun yaradılması

məhz onda qərara alındı. Türkiyənin ozamankı hərbi naziri Ənvər paşa Azərbaycana yardım göstərilməsi üçün  təşkilati tədbirlərə başladı. Bu barədə ilk qərarda bildirilirdi ki, Azərbaycana göndəriləcək türk zabitlərinin rəhbərliyi və iştirakı ilə birinci növbədə yerli milli qüvvələrdən ibarət ordunun formalaşdırılması nəzərdə tutulur. Onda Azərbaycana hərbi yardımın göstərilməsinə rəhbərlik Nuru paşaya həvalə edildi. Vəzifəsinin icrasına başlamazdan əvvəl ona feriq, yəni general-leytenant rütbəsi verildi. Nuru paşa bu rütbə ilə bütün Qafqaz İslam Ordusu hissələrinə komandanlıq vəkalətinə, Qafqazda türk sultanının siyasətini təmsil etmək hüququna malik idi.

Nuru paşa 1918-ci ilin martında öz qərargahının 20 nəfərlik heyəti və kiçik  hərbi dəstə ilə Azərbaycana yollandı. Martın 25-də Mosula çatdılar. Aprelin əvvəllərində isə Mosul-Təbriz-Naxçıvan-Qarabağ və Yevlax-Gəncə yolu ilə Azərbaycana doğru istiqamət götürdülər. 1918-ci il mayın 24-də Yevlaxda, mayın 25-də isə Gəncədə Nuru paşanın təntənəli şəkildə qarşılanma mərasimi oldu. Onu da qeyd edək ki, Qafqaz İslam Ordusunun komandanı kimi Azərbaycana gələndə Nuru paşanın cəmi 29 yaşı var idi və o, bura Afrika cəbhəsindən çağırılaraq göndərilmişdi. Nuru paşa tamamilə fərqli olan, dolaşıq, ziddiyyətli siyasi hadisələrin cərəyan etdiyi bir şəraitə düşmüşdü və burada gedən proseslərə bütünlüklə bələd olmaq üçün müəyyən vaxt lazım idi.

Tarixi faktlardan məlum olur ki, o, Azərbaycandakı hərbi-siyasi vəziyyətlə tanışlıqdan sonra bolşevik-daşnak qüvvələrinin müqavimətini tamamilə qırmaq üçün qısa müddətdə milli-hərbi strukturların formalaşdırılmasının qeyri-mümkün olduğunu görür. Bu barədə 3-cü ordu komandanı Vehib paşaya təcili məlumat ötürür. Dövlət orqanları qarşısında Azərbaycana türk hərbi qüvvələrinin göndərilməsi barədə məsələ qaldırmasını ondan xahiş edir. Hərbi yardımı rəsmiləşdirmək məqsədilə 1918-ci ilin 4 iyununda Batumda iki dövlət arasında qarşılıqlı kömək haqqında müqavilə imzalanır. Yalnız bundan sonra Nuru paşanın vəsatəti əsasında 5-ci Qafqaz firqəsi Azərbaycana göndərilir. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam Ordusunun Azərbaycan türklərindən ibarət könüllülərin də qatılması ilə sayı təqribən 20 minə çatır.

Nuru paşa artıq həm türk və Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz İslam Ordusunun komandanı idi, həm də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə milli hərbi qüvvələrin formalaşdırılmasına rəhbərlik edirdi. Onun qarşısında duran əsas vəzifələr Bakı Sovetinin bolşevik-daşnak silahlı birləşmələrini tərksilah etmək, erməni dəstələrinə qarşı mübarizənin təşkilini genişləndirmək, Azərbaycanın milli hərbi hissələrinin formalaşdırılmasını sona çatdırmaq və Qafqaz İslam Ordusunun komandanlığı altındakı qüvvələrin təchizat və təminat məsələlərinin həllinə nail olmaq idi. Nuru paşa çox həssas taktiki gedişə və çevik hərbi duyuma malik idi. Bu isə təcrübəli komandana tapşırılmış bütün hərbi vəzifələrin öhdəsindən bacarıqla gəlməsinə imkan yaradırdı. O dövrdə Azərbaycan xalqı və hökuməti də Nuru paşaya böyük dəstək göstərirdi. Belə bir dəstəklə onun komandanlığı altındakı qüvvələr qısa vaxtda Gəncədən Bakıya qədər çox uğurlu döyüş yolu keçdilər. Və böyük bir qəhrəmanlıq salnaməsi yaratdılar.

Qafqaz İslam Ordusu Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizlədi, şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi paytaxtına çevirdi, ölkəni təhlükədən xilas etdi və nəzarəti yeni yaradılmış hökumətin sərəncamına verdi.

15 sentyabr hadisəsi 28 mayda istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin təsdiqi idi. Baş nazir Fətəli xan Xoyski parlamentin dekabrın 7-də olan açılışındakı nitqində bu barədə deyirdi: “...Türkiyə həmdinimiz, həmvətənimiz idi. Ona görə ondan kömək istədik... Böyük zəlalət bu idi ki, hökumətimiz hədər olan kimi idi. Çünki hürriyyət, ədalət və qardaşlıq bayrağı daşıyan firqələr Bakını əlimizdən almış, bizi paytaxtsız buraxmışdı. Azərbaycanın ürəyi, paytaxtın sahibi olan müsəlman milləti qətliam edilmişdi. Başbilənlər Dağıstan, İran və Turana dağılmışdılar... Türkiyəyə müraciətimizin əsl səbəbi də paytaxtımızın əlimizə qaytarılması idi. Bu barədə çox əziyyətlər çəkildi. İndi şükürlər olsun ki, məqsədimizə çatdıq, Bakı əlimizə keçdi. Bu, indi xırda bir şey görünür. Amma o zəlalət yada gətirilsə, nə qədər əziyyət çəkdiyimiz anlaşılar. Bəlkə vəzifəmizi layiqincə icra etmədik. Bəlkə boynumuzda böyük günahlar var. Amma o zəhmətimiz nəzərə alınsa, təqsirimiz bir az yüngülləşər...” Bakıda bolşevik hakimiyyətini zəlalət günləri kimi təsvir edən Fətəli xan hökumət başçısı kimi həmin günlərdə vəziyyətin necə acınacaqlı olduğunu ürəkağrısı ilə təsvir edirdi.

 

Həbsxanaya basqın

 

Tarixi faktlara istinadən döyüşlərin getdiyi müddətdə Nuru paşa Əlahiddə Azərbaycan Korpusunun komandiri Əliağa Şıxlinski ilə birlikdə üç dəfə eyni cəbhə xəttində olmuşdu. Onlar 1918-ci il iyunun 18-də Qaraməryəm cəbhəsində, iyulun 5-də Ağsu cəbhəsində, sentyabrın 10-da isə Bakı cəbhəsində iştirak etmişlər. Bu döyüşlər zamanı qüvvələrin yenidən səfərbərliyə alınmasında, döyüş planlarının taktiki baxımdan təkmilləşdirilməsində Nuru paşa müstəsna rol oynamışdı.

1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi üçün hazırlanmış həlledici hücum əməliyyatının planı da türk komandanı tərəfindən hazırlanmışdı. Şəhər azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyski Nuru paşaya minnətdarlığını və təbrikini çatdırmışdı: “Komandanız altında bulunan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim, zati-həmiyyəti-pərvəranələrizə və dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edərim”.

Qarabağın erməni silahlı dəstələrindən təmizlənməsinə başlamazdan əvvəl 1918-ci il oktyabrın 1-də Nuru paşa Ağdama gəlir. Döyüşlərə hazırlaşan türk-Azərbaycan hərbi qüvvələrinin vəziyyəti ilə yaxından tanış olur, müəyyən tövsiyələrini verir, taktiki hazırlıqların gedişi ilə maraqlanır. Böyük güclə hücuma keçib Şuşaya daxil olur, şəhərdə Azərbaycanın bayrağını qaldırır, müdafiə mövqelərini möhkəmləndirir. Lakin o, Türkiyənin Birinci Dünya müharibəsində məğlubiyyəti və Bakıya ingilis qoşunlarının daxil olması ilə əlaqədar olaraq 1918-ci il noyabr ayının 17-də başladığı əməliyyatları yarımçıq qoyub Türkiyəyə qayıdır.

Əslində Nuru paşa Azərbaycanda qalıb fəaliyyətini davam etdirməyi çox istəyirdi. Lakin Mudros sülh müqaviləsinin şərtlərinə əsasən, türk hərbi qüvvələri bölgəni tərk etməyə məcbur idilər. Buna ingilis komandanlığı imkan vermirdi. Nuru paşa noyabrın sonlarında Gəncəyə gəlir. Həmin ayın 29-da Gəncə bələdiyyəsində türk generalının və onun xidmət yoldaşlarının yola salınması münasibətilə ziyafət verilir. Nuru paşa bu ziyafətdə çıxış edib, türkçülük və turançılıqla bağlı geniş nitq söyləyir.

O, İstanbula qayıdır. Təqiblərə məruz qalan cəsur komandan orada hərbi nəzarət polisi tərəfindən həbs olunub ingilislərə təhvil verilir. Nuru paşa İstanbuldan Batum həbsxanasına gətirilir. İngilislər onlara qarşı vuruşduğuna və Azərbaycanda göstərdiyi hərbi şücaətə görə Nuru paşa barəsində edam qərarı çıxarırlar. Azərbaycan milli azadlıq hərəkatının fəalları Nuru paşanın rəsmi müraciətlər yolu ilə azadlığının mümkünsüz olduğunu görəndə Batum həbsxanasına silahlı basqın edib onu həbsdən qaçırmağı qərara alırlar. Bu məqsədlə Batuma xüsusi dəstə göndərilir. 1919-cu ilin yanvar ayında həmin dəstə Batum həbsxanasına basqın edir. Əməliyyat zamanı itki verilsə də, Nuru paşanı azad etmək mümkün olur.

1920-ci ilin aprelində bolşeviklərin Azərbaycanı işğalı ərəfəsində Nuru paşa Dağıstanda fəaliyyət göstərməyə başlayır. Bolşevik işğalına qarşı yerli müqavimət qüvvələrinin formalaşdırılmasına çalışır. Bir müddətdən sonra o, yenidən Azərbaycana dönür. 1920-ci ildə Qarabağda bolşeviklərə qarşı alovlanan xalq üsyanının əsas rəhbərlərindən olur. Üsyan yatırıldıqdan sonra isə yenidən Türkiyəyə gedir.

Nuru paşa fəal zabitlik karyerasını, demək olar ki, Azərbaycanda tamamlayır. Buradakı fəaliyyəti Nuru paşanın bir zabit kimi ömrünün qürur dolu anları idi. Yaxınlarının xatirələrinə görə Nuru paşa özü də sonrakı həyatı boyu həmişə Azərbaycandakı fəaliyyətini xoş duyğularla, fəxarət hissi ilə yada salır, dostları ilə bölüşürdü.

 

Həzin bir xatirə

 

Nuru paşanın Azərbaycanda keçirdiyi günlərin bir həzin xatirəsi də var. Bakıda ikən o, şəhərin ən zəngin şəxsi Hacı Zeynalabdin Tağıyevin evində tez-tez qonaq olardı. Bu gənc zabit Hacı Zeynalabdinin qızı Sara xanıma vurulmuşdu. Onunla ailə qurmaq istəyirdi. Bu niyyətini Hacıya bildirəndə məşhur mesenat qızının Azərbaycandan uzaq düşməməsi üçün belə bir izdivaca razılıq vermir. Bu məqamı Sara xanım da xatirələrində yada salardı.

Nuru paşa çox gec - ölümündən cəmi üç il əvvəl 1946-cı ildə ailə qurmuşdu. Həyat yoldaşı Misirin saray ailəsindən olan İffət xanımın qızı Misli Mələk xanım idi. Onunla evlənəndə Nuru paşanın 56, Misli Mələk xanımın isə 45 yaşı vardı. Misli Mələk xanım həyat yoldaşından 40 il sonra 1989-cu ildə dünyasını dəyişdi.

...Türkiyəyə qayıdandan sonra Nuru paşanın həyatı ilk illər ağır sıxıntılar içində keçirdi. Orta Asiyada şəhid olmuş qardaşı Ənvər paşanın Berlində yaşayan ailəsinin - həyat yoldaşı Naciyə xanım və üç övladının qayğıları da onun üzərinə düşürdü. Güzəran qayğılarını yoluna qoymaq üçün Nuru paşa 30-cu illərdən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladı. Zamanla işini genişləndirdi. Bir neçə ildən sonra artıq İstanbulun Sütlücə adlanan yerində onun dəmir tökmə işləri ilə məşğul olan zavodu vardı. Zavodda hərbi təyinatlı məhsullar da istehsal olunurdu. Əfsuslar olsun ki, Nuru paşanın həyatı elə bu zavodda  başa çatdı. 1949-cu il martın 2-də, çox güman ki, texniki normalara düzgün riayət edilməməsi səbəbindən zavodda baş verən partlayış nəticəsində həmin vaxt zavodun dəftərxanasında olan Nuru paşa həyatını itirdi.

Onun 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı kimi yaratdığı qəhrəmanlıq dastanı isə unudulmadı. “Onun adı Nuru paşaydı, şahin tək süzərdi...” misrası ilə başlanan nəğmələr bolşeviklərin qılıncının ən kəsərli vaxtlarında da xatirələrdə işıq zərrəsi kimi parladı. Dildən-dilə dolaşaraq nəsillərdən-nəsillərə yetişdi. Və təxminən bir əsrdən sonra Azərbaycanın Vətən müharibəsindəki zəfəri, Azərbaycan-Türkiyə qardaşlığının, bir-birinə güvəninin təntənəsi ilə Nuru paşanın da ruhu şad oldu. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda - Azadlıq meydanında birgə qəbul etdikləri qələbə paradında qoşa addımlayan Azərbaycan və Türkiyə əsgər və zabitlərinin yaratdığı qürur mənzərəsində Nuru paşanın əbədi abidəsi də ucaldı.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video