21 Sentyabr 2021 00:38
1396
SİYASƏT
A- A+

Onlayn resurslarda dəyişdirilən tariximiz

 

İnternetdəki məlumatlar çox zaman həqiqəti əks etdirmir

 

Yalnız Azərbaycanın deyil, dünyanın ən qədim yaşayış məskənlərindən sayılan, tarixin bütün dövrlərini adlayan Qarabağın tarixinin daha düzgün təqdim edilməsinə, bu tarixdə indiyədək yol verilən bütün təhriflərin düzəldilməsinə ehtiyac var.

Ermənilərin daim özününküləşdirməyə çalışdıqları Qarabağın işğaldan azad edilməsi onun tarixinin yenidən öyrənilməsi zərurətini artırır.

Son illər ərzində Azərbaycanın onlayn resurslarında Qarabağla bağlı yerləşdirilən məlumatların sayı artsa da, yenə də yanlışlıqlara yol verilir. Bəzi məlumatların hazırlanmasında əsaslı mənbədən istifadə edilmədiyi üçün buradakı faktlar ya tam, ya da qismən öz təsdiqini tapmır, baxmayaraq ki, söhbət tarixi faktlardan getdiyi üçün burada hər hansı səhvə yol vermək yolverilməzdir.

 

Azərbaycana dair yeni “tarix” uydururlar

 

Məsələn, Qarabağ xanlarının iqamətgahının harada olması ilə bağlı internetdə axtarış apararkən tam düzgün məlumatların verilməməsini görürük. Vikipediyanın Azərbaycan dilindəki versiyasında Bayat və Şahbulaq qalaları açıq şəkildə Qarabağ xanlarının iqamətgahı kimi tanıdılmır, bura inzibati mərkəz kimi qeyd olunur. Vikipediyanın rus dili versiyasında isə Pənahəli xanın Ağdamdakı imarəti tam yanlış olaraq, Qarabağ xanının iqamətgahı kimi təqdim edilir.

Ancaq tarixə müraciət etsək görərik ki, belə deyil. Tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəflinin sözlərinə görə, həmin dövrün əsas mənbələri “Qarabağnamələr”dir ki, burada da Qarabağ xanlarının 3 iqamətgahının olduğu qeyd edilir. Bunlar Bayat, Şahbulaq, daha sonra isə Şuşa qalalarıdır. 1748-1752-ci illərdə Bayat, 1752-1756-cı illərdə Şahbulaq, daha sonra isə Şuşa qalası Qarabağ xanlarının iqamətgahları olub. Bu fakt rus dilindəki elmi mənbələrdə də öz təsdiqini tapır: “Təbii ki, Bayat və Şahbulaq qalaları çox qısamüddətli iqamətgah olub, amma çox təmtəraqlı iqamətgah olmayıblar. Ən gözəl iqamətgah Şuşadakı olub. Ağdamdakı imarət isə xanın iqamətgahı olmayıb, ora Pənahəli xanın 8 otaqlı, hamamı olan şəxsi mülkü olub. Mənbələrdə bu imarətdə xanın qonaqlar qəbul etməsi ilə bağlı məlumatlara (internetdə xanın burada qonaqlarını qəbul etdiyi bildirilir) rast gəlməmişəm. Xanlar adətən iqamətgahlarından kənarda olan imarətlərində dincəliblər. Onlar inzibati mərkəz kimi daha çox paytaxtda olan qalalarından istifadə ediblər, kənardakı imarətlərində isə istirahət ediblər. Bu da ən çox yay aylarında olurdu. Müqayisə etdikdə bütün xanlıqlarda bunun belə olduğunu görürsən”.

Mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov da onlayn resurslarda, xüsusilə vikipediyada tariximizin bir çox hallarda təhrif edildiyini deyir.

Onun sözlərinə görə, bəzən Azərbaycan tarixi ilə bağlı internetə məlumat yerləşdirilərkən nəinki ciddi səhvlərə yol verilir, hətta sayta məlumat yerləşdirənlər özlərindən yeni “tarix” uydurur və bunu həqiqət kimi cəmiyyətə sırıyırlar. İşğaldan azad olunmuş ərazilərə aid tarix və mədəniyyət abidələri haqqındakı məlumatlarda bu cür hallara daha çox rast gəlinir. Belə məlumatlardan biri də Laçın rayonunun Quşçu kəndindəki “Böyük bulaq” abidəsidir: “Bulaq haqqında qısa ensiklopedik məlumatda qeyd edilir ki, o, 1895-ci ildə inşa edilib. Bulağın inşa tarixi onun divarındakı daşda çox aydın şəkildə qeyd olunub.

Vikipediyada (https://az.wikipedia.org/wiki/Böyük_bulaq) isə bulağın inşa tarixi VII əsrə aid edilir. Müəllif yazır: “Mənbələrə əsasən, “Böyük bulaq” VII əsrin əvvəllərində kənddəki yeganə “bulaq-abidə” olub”. Maraqlıdır ki, o, hansı mənbələrə əsaslanaraq yalan danışır? Daha sonra qeyd edilir: “Müharibələr nəticəsində dağılsa da, ərəblərin işğalı zamanı bulaq yenidən bərpa edilib”. Azərbaycan tarixində indiki Laçın rayonunun heç bir hərbi-strateji əhəmiyyət daşımayan ucqar bir ərazisində hansısa müharibələrin olması mənə məlum deyil. Əgər həmin adamın tarixdən bir az xəbəri olsaydı, yəqin ki, bu ifadələri yazmazdı. Bilərdi ki, hətta ərəb istilası dövründə ərəb qoşunlarının bu qədər ucqarlara gedib çıxmasına ehtiyac olmayıb. İkincisi, əgər bu kənddə VII əsrdə müharibə olsaydı belə, qılınc və nizələrlə bu bulağın dağıdılması mümkünsüz idi. Bunlardan başqa, abidənin gah alban, gah da islam dövrünə aid edilməsi müəllifin memarlıqdan anlayışının olmamasının nəticəsidir. İşğaldan azad olunmuş ərazilərimizdə tariximizin hələ neçə-neçə açılmayan səhifəsi var. Gəlin birlikdə bunları aşkar edib gənc tədqiqatçılarımızın istifadəsinə verək. Olanlarımızı yalanlarla cilalayıb cəmiyyəti çaşdırmayaq”.

 

Vikipediya niyə ciddi mənbə sayılmır

 

Müasir dövrdə insanlar onlayn resurslarla işləməyə üstünlük verdiklərindən özlərinə lazım olan məlumatları əvvəlki kimi çap məhsullarında deyil, daha çox internetdə axtarırlar. O üzdən həmin resurslardakı məlumatlar insanlar tərəfindən getdikcə daha çox əsaslandırılmış mənbə məlumatı kimi qəbul edilir. Bu azmış kimi internetdə yazılanlara inanaraq onu mötəbər mənbəyə çevirənlərin sayı getdikcə artır. Odur ki, müasir dövrün onlayn resurslardan asılılığı və ona bağlılığı internetdə məlumatların, xüsusilə tarixi faktların təhrif olunmamış formada təqdim edilməsini zəruri edir.

Məlumdur ki, bu gün internetdə hər hansı informasiyanın əldə edilməsi üçün axtarış aparılarkən istifadəçiyə təklif olunan birinci resurs vikipediyadır. Ay ərzində 20 mindən çox məqalənin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipediya hər ay ortalama 18 milyarddan çox səhifə baxışı ilə dünyanın ən çox ziyarət edilən saytlarından biridir. Açıq ensiklopediya hesab olunan vikipediyadakı məlumatların dəqiqlik dərəcəsi 80 faiz civarında qiymətləndirilir. Mütəxəssislərin fikrincə, vikipediyadakı məqalələrin 13 faizində səhvlər var. Onların 10 faizi faktiki, 3 faizi isə orfoqrafik səhvlərdir. Resurs açıq olduğundan hər kəsin, hətta sahə üzrə biliksiz şəxsin də buraya hər hansı məlumatı daxil və redaktə edə bilmə imkanının olması məlumatlarda səhvləri qaçılmaz edir. Bütün bunlar nəzərə alınmaqla belə qənaətə gəlmək olar ki, vikipediyanın məlumatları əsaslandırılmış, rəsmi mənbə məlumatı kimi qəbul edilməməlidir.

Vikipediyanın Azərbaycan bölməsinin idarəçilərindən olan Araz Yaquboğlu deyir ki, ingilisdilli vikipediyanın məlumatlarla zənginolma vəziyyətinə görə dərinlik dərəcəsi 1075, rus dilinin 137, erməni dilinin 47 olduğu halda, Azərbaycan dilində bu rəqəm 35-dir (son vaxtlara qədər 31 olub). Azərbaycandilli vikipediyanın dərinlik göstəricisi ingilis, rus, eləcə də erməni dilindən aşağı olsa da, onun zənginləşdirilməsi üçün ardıcıl işlər aparılır. Hazırda vikipediyada Azərbaycan dilində 180 minə yaxın məqalə var.

A.Yaquboğlunun fikrincə, vikipediyada bütün informasiyalar demək olar ki, əsaslandırılsa da, müəyyən faiz məqalələrdə istinadlar yoxdur və ya orada müəllif tərəfsizliyə əməl etməyib: “Vikipediyaya istənilən şəxs istənilən zaman istənilən yerdən daxil olaraq məqalə yaza, onu redaktə, müzakirələrdə iştirak edə bilər. Qeydiyyatdan keçmə müəyyən üstünlüklərin əldə edilməsi baxımından daha məsləhətli olsa da, qeydiyyatdan keçmədən də sayta məqalə əlavə etmək olar. Vikipediyada yerləşdiriləcək məqalə qaydaya uyğun olaraq, ensiklopedik tələblərə cavab verməli, bunun üçün müxtəlif mənbələrdən istifadə edilməlidir”.

Araz Yaquboğlu hesab edir ki, məlumatların yerləşdirilməsi zamanı ortaya çıxan əsas problemlər əsasən mənbələrin olmaması və mövzunun ensiklopedik tələblərə cavab verməməsi ilə bağlıdır. Bu, yeni istifadəçilərin fəaliyyətində daha çox nəzərə çarpır. Bundan başqa, müəyyən mövzular üzrə məlumat qıtlığı var ki, bunlar da vikipediyada müəyyən istiqamətlər üzrə keçirilən “mövzulu aylar”da aradan qaldırılır. İndiyə kimi təxminən 70-dən çox müxtəlif sahəni əhatə edən “Mövzulu ay” layihəsi həyata keçirilib.

Vikipediya üzrə mütəxəssis Elnur Eltürk isə qeyd edir ki, sistemləşdirilmiş şəkildə məlumatlar təqdim etdiyi üçün vikipediya dünyada ən çox izlənilən resurslardan biri olsa da, nüfuzlu akademik və elmi cəmiyyət onu ciddi mənbə kimi qəbul etmir: “Bu internet resursunu izləyənlərin sayı getdikcə artır. Vikipediyada məqalələlər tutarlı, əsaslı mənbələrə söykənərsə, ensiklopedik olarsa, onlara qarşı şübhələr yaranmaz. Məqalələrdə akademik və elmi mənbələrə istinad edildikdə etibarlılıq amili artar. Bu, məqalələrin ensiklopedikliyini etibarlı etməklə yanaşı, onun keyfiyyətini də yüksəldər. Oxucu məqaləni oxuyarkən mütləq mənbələrə diqqət etməlidir. Vikipediyada məqalənin mənbəsiz yaradılması onun məzmununu və əhəmiyyətini itirir. Bu halda məqalə ciddi qəbul olunmur”.

Elnur Eltürk əlavə edir ki, vikipediyada məqalələrin yaradılması ilə bağlı təlimlər keçirilir. “Youtube” kanalına Azərbaycan dilində məqalələrin necə yaradılması və redaktəsi ilə bağlı dərslər yerləşdirilib: “Ancaq biz hər kəsdən də məqalələrin eyni səviyyədə hazırlanmasını gözləyə bilmərik. Məqalələrin necə yaradılması həm də istifadəçilərin təlimləri necə mənimsəməsindən asılıdır. Bir məsələni diqqətə çatdırım ki, “Viki” icmasında bacarıqlı, qaydalara əməl edən könüllülərin sayında artım müşahidə olunur”.

Vikipediyadakı bəzi məlumatların dilinin həddən artıq başadüşülməz olmasına münasibət bildirən Elnur Eltürk də belə halların olduğunu təsdiqləyir. Onun sözlərinə görə, məqaləni hazırlayan istifadəçinin yazıları vikipediyanın qaydaları çərçivəsində hazırlanmadıqda və ya redaktə edilmədikdə o, ya birbaşa, ya da səsvermə yolu ilə silinir. Ekspertin fikrincə, bu, qaydaları qorumaq baxımından düzgün addımdır.

Vikipediyanın təkmilləşdirilməsi ilə bağlı təkliflərini açıqlayan mütəxəssis hesab edir ki, bu resursda məqalə yaratmaq istəyən yeni istifadəçilər mütləq qaydalarla tanış olmalı və ona əməl etməlidirlər. Onun fikrincə, ali məktəblər bu prosesə qoşularsa, intellektual və bacarıqlı gənclər həmin işə öz töhfələrini verərlərsə, vikipediyanın zənginləşdirilməsi ilə bağlı istənilən nəticəni əldə etmək olar: “Bu, Azərbaycan dili bölməsində məqalələrin sayını artırmaqla yanaşı, onların keyfiyyətini də yüksəldər. Xaricdə yaşayan və təhsil alan gənclər vikipediyada Azərbaycanla bağlı məlumatların sayının artırılmasına və ya mövcud olan məqalələrin məzmununun dolğunlaşdırılmasına yardım edə bilərlər. Onlar xarici dil bölmələrində Azərbaycan tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri və başqa mövzularda məqalələr hazırlaya bilərlər. Bir zamanlar Azərbaycan dili bölməsində məqalələrin kəmiyyət və keyfiyyəti arzuolunmaz şəkildə idi. Bu gün həmin resurs olduqca məzmunlu, akademik, elmi məqalələrlə zənginləşdirilir. Düşünürəm ki, ölkəmizdə vikipediya məlumatlarının hazırlanması üzrə təlimçilərin sayı yetərincədir. Onların fəaliyyəti sayəsində vikipediya getdikcə təkmilləşəcək, onun keyfiyyəti yüksələcək”.

Müəyyən çatışmazlıqların olmasına baxmayaraq qəbul edilməlidir ki, onlayn resurslar, xüsusilə vikipediya bir xalqın özünün tarixi, mədəniyyəti, dili və s. ilə bağlı əhəmiyyətli məlumatların dünyaya təqdim edilməsi üçün ən yaxşı vasitələrdən biridir. Bu gün Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə düzgün formada təqdim edilməsinə ehtiyac var və bunun üçün ən yaxşı yollardan biri onlayn resurslardır. Bu resurslar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, mədəni dəyərlərimizin tanınmasına, tariximizin qorunmasına öz töhfəsini verə, buradakı dəqiq, zəngin, keyfiyyətli məlumatlar bizim virtual məkandakı güclü silahımız ola bilər.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video