08 Aprel 2021 00:23
915
Mədəniyyət
A- A+

Onlar ölməzdirlər

 

Şəhidlər ana yurdu tutdular candan baha, çünki yollar açdılar qaranlıqdan sabaha

 

...Tarix boyu insanlar öz torpağı uğrunda mübarizə aparıb, yağı-düşmənin əlinə keçməsin deyə, şirin canlarından keçmişlər. Buna şəhidlik deyib ulularımız. O zirvəyə isə yalnız xalq, Vətən yolunda canını fəda etməkdən çəkinməyən, ləyaqətli, qorxmaz, cəsarətli insanlar ucala bilər. Onlar əbədiyyət qazanan fədailər, Vətənin ölməzləri - şəhidləri adlanırlar:

 

Şəhidlər ana yurdu tutdular candan baha,

Şəhidlər yol açdılar qaranlıqdan sabaha!

Şəhidlər ölməz ruhla gedir üzü Allaha!

Şəhidlər gedən yolu tufanlar bağlamazlar,

Şəhidlər ölməzdilər, ölməzi ağlamazlar!

 

Tarixi ərazilərimizin 30 ilə yaxındır ki, Ermənistanın quldur, terrorçu silahlı   birləşmələri və onların gözə görünməyən havadaraları tərəfindən işğalına son qoymaq üçün 2020-ci ilin payızında, daha dəqiq desək, sentyabrın 27-də başlayıb cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticələri Azərbaycana Qələbə sevincləri, təcavüzkar, işğalçı Ermənistana isə məğlubiyyətin acılarını yaşatdı!

Bu tarixi hadisə dünyaya kimin kim olduğunu əyani şəkildə göstərdi: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Ermənistan isə özgə torpaqlarına təcavüzün, işğalın  son müsibətlərini yaşadı: canlı qüvvə və hərbi texnikasını itirdi. İşğalçı, terrorçu, təzavüzkar, vandallıqla məşğul olan Ermənistanın təbiətə qarşı belə soyqırımı siyasəti yürütdüyü bir daha təsdiqləndi.

Vətən müharibəsinin igid döyüşçülərinin şərəfli ömür yollarının əbədiləşdirilməsi də diqqət mərkəzində saxlandı. Şəhid və qazilərimizin doğmalarına, yaxınlarına təsəlli olsun deyə, Vətən müharibəsi igidlərinin əziz xatirəsinə məktəblərə, küçələrə adları verildi, park və xiyabanlarda onların büstləri qoyuldu, şeirlər həsr edildi, mahnılar bəstələndi, kitablar yazılmağa başlandı...

Belə nəşrlərdən biri də bu günlərdə çapdan buraxılan “Vətənin ölməz oğulları- Ağcabədi şəhidləri” kitabıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, qalib sərkərdə İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə Qələbə sevinclərini, fərəh hisslərini əks etdirən şəkli ilə açılan kitaba müəllif, Milli Məclisin komitə sədri, fəlsəfə doktoru Tahir Rzayevin seçdiyi epiqraf ilk andaca diqqəti cəlb edir: Azərbaycan Prezidenti İlham Əliyevin müdrikcəsinə söylədiyi “Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti bahasına, dövlətimizin siyasəti hesabına qazanmışıq” fikri ölməzlikləri ilə əbədiyyət qazanan şəhidlərimizin müqəddəs ruhuna ən böyük hədiyyə və ali mükafat qədər yüksəkdir.

Digər şəhid kitablarından bu toplunu fərqləndirən cəhətlər də az deyil. Müəllifin, əlbəttə, “Qələbəyə yol açdı mərd Ali Baş Komandan” şeirini kitaba epiqraf seçməsi təsadüfi deyil. Axı, Qələbə, Zəfər məhz sərkərdənin öz yerində olması ilə qazanılıb:

 

Xalq rəhbərə dayaqdı, o da xalqla öyünür,

Gələcəyə nur saçır, hər ürəkdə döyünür.

Qələbə  müjdəmizə insan, Vətən sevinir,

Tarix yazdı ordumuz, qalibdir Azərbaycan,

Qələbəyə yol açdı mərd Ali Baş Komandan!..

 

“Vətənin ölməz oğulları-Ağcabədi şəhidləri” kitabı Vətən müharibəsində şanlı döyüş yolu keçib şücaət göstərərək əbədiyyətə qovuşan, eləcə də ağır yaralanaraq qazilik qazanan ağcabədili igidlərə həsr edilib. Canını doğma torpaqlarımızın azad olunması uğrunda mübarizədə qurban verən və erməni faşizminin məhvində qəhrəmanlıq göstərən hər bir şəhidin xatirəsinin əziz tutulması burada öz əksini  geniş tapıb.

Kitabın annotasiyasında qeyd edildiyi kimi, şəhidlərimiz öz qəhrəman babalarının, böyük qardaşlarının, atalarının, əmilərinin cəsarətini, döyüş bacarığını bir daha bu müharibədə ortaya qoydular. Şəhidlərimizə, qazilərimizə böyük hörmətin, ehtiramın ifadəsi olaraq hazırlanan kitabdan məlum olur ki, Birinci Qarabağ savaşında 177 nəfər ağcabədili şəhidlik zirvəsinə ucalıb. 44 günlük Vətən müharibəsində ön cəbhəyə yaxın olan, həmişə atəşlərə məruz qalan Ağcabədinin daha 42 gənci bu ali məqama yüksəlib, 254 nəfəri yaralanıb. 3 nəfər - İsmayılov Etibar Bəylər oğlu, Hüseynov Sadiq Dayandur oğlu və Abdullayev Namiq Vahid oğlu  isə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülənlərin arasındadır.

Kitabda diqqətçəkən, oxucuda maraq yaradan incə məqamlar az deyil. Tərcümeyi-haldan sonra şəhidlərin qısa ömür və döyüş yollarında göstərdikləri qəhrəmanlıqlar, igidlik və vətənpərvərliklər portret-oçerklərdə öz bədii ifadəsini tapıb. Şəhidliyindən sonra dünyaya gələn körpəsinin üzünü görməyən Abbasov Toğrul Bayram oğlunun şərəfli ömür və döyüş yolundan bəhs edən “Bu dünyaya xoş gəldin, şəhid qızı!” yazısını həyəcansız oxumaq olmur. Məhsəti Musanın qələmə aldığı bu məqalənin kitabda verilməsi heç də təsadüfi deyil: “...O günü həvəslə, səbirsizliklə gözləyirdi. Bir gün o, qalib olaraq ailəsinə dönəcək, qələbə sevincinin üstünə daha bir sevinc gələcəkdi. Tezliklə ata olacaqdı-ata!.. Vaxtsız itirdiyi anasının bir nişanəsini gəzəcəkdi uşağın üzündə, gözündə, nəfəsində...”

Yox, yox... oxumaq da olmur, yazmaq da. Bu tale yolunu yaxşısı budur ki, kitabdan oxusunlar, şəhidlərimizin nakam taleləri ilə yanaşı, onların əbədilik qazandığını unutmamaq üçün. Belə məqamlar müəllifin mövzuya yaxınlığını və kitabın dəyərliliyini ortaya qoyur. Elə oğullarımız da olub ki, onlar döyüşlərdə şəhidlik zirvəsinə ucalacaqları üçün, hətta dilək diləyib, nəzir deyiblər. Belə oğullardan biri də Ağcabədinin Kürdlər kəndində 1999-cu ildə  anadan olmuş Abışov Əmrah Səyyab oğlu idi.  Həyat coşqusu ilə yaşayan, ikinci dəfə Milli Orduya yazılan, Qarabağın azad edilməsi yolunda şəhidliyini arzulayan Əmrah xidmətdən artıq qulluq edən “maxe”lərdən olub. Yaşından çox böyük düşüncəyə, həyat eşqinə malik Əmrah qardaşına deyirmiş ki, mən şəhid olacam - bu, həm də arzumdur, amma torpaqlarımız  azad ediləcək, ürəyimə damıb! Məndən sonra qürur duyacaqsız: “...ay ana, sən nə danışırsan? Evə qayıtmaq nədi?! Biz əsgər yoldaşlarımızla nəzir qoymuşuq ki, kaş, müharibə başlasın. Biz son damla qanımıza qədər düşmənlə vuruşacağıq. Bir də, ay ana, Vətən yolunda ölməyin, şəhid olmağın nəyi pisdir ki?! Sən gedirsən, Vətən, torpaq isə düşməndən xilas olunur, azad nəfəs alır. Müqəddəs torpaqlarımız uğrunda həlak olmaq şərəfdir, ana! Mən heç uf demədən şəhid olacam, mənə halallıq ver, məni geriyə gülərüzlə yola sal!..”

 Bu vətənpərvərlik hissləri ilə deyilən fikirlər Əmrahın sonuncu dəfə anasına baş çəkməyə gələndə söylədiklərindəndir.

Kitabın bədii boyalarla qələmə alınması ilə yanaşı, texniki tərtibatı da diqqətdən kənarda qalmayıb. Kitabın dolğunluğunu artıran əsas məqamlardan biri də Birinci və İkinci Qarabağ savaşlarında Ağcabədi rayonunun istər qazilərinin, istərsə də şəhidlərinin adlarının kitabda öz əksini tapmasıdır.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video