09:05 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ömür və sənət yolu: özfəaliyyətdən peşəkarlığadək

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:19 16.09.2021

 

Bu gün peşəkar və akademik teatrın tarixinə baxanda klassiklərimizin hansı məşəqqətli yollardan keçdiklərini aydın təsəvvür  edirik.  Həvəskarlıqdan peşəkarlığadək sənət yolunda addım-addım irəliləyib, milli teatr tarixinə adını yazdıranlardan biri də bu il anadan olmasının 120 illiyi qeyd edilən rejissor İsmayıl Hidayətzadədir.

1901-ci ilin avqust ayında Bakıda, dənizçi ailəsində  dünyaya göz açan İsmayıl cəmi 50 il ömür sürüb. Teatrla ilk tanışlığı meydan tamaşalarından, dərviş nağıllarından, şəbih mərasimlərindən başlayıb. Atası Hüseyn onu molla məktəbində təhsilə yollasa da, kasıb övladı sayıldığı üçün İsmayıla “İttihad”da güzəştlə oxumağa icazə verilib.

Təəssüf ki, həyat heç də hər kəsin üzünə həmişə gülmür, elələri olur ki, qapılar üzünə açılmır, yolları enişli-yoxuşlu, əzablı, məşəqqətli olur. Belələrindən biri də İsmayıldı. 1917-ci ildə atası rəhmətə getdikdən sonra İsmayıl təhsildən uzaqlaşmaq məcburiyyətində olub və ticarət müəssisələrində pirkeşlik etməyə başlayıb. Elə həmin ildən həm də Bakıdakı müxtəlif dram həvəskarları dərnəklərində aktyorluq edib. Hətta həvəskar kimi tamaşalar da hazırlayıb. Müəllimi Mirzə Rza Vaizzadənin “Səyavuş” dramını 1919-cu ildə tamaşaya qoyub. Bununla da görkəmli aktyor-rejissorun peşəkar teatr dəstələri ilə təması yaranıb.

1919-cu ilin payızında müxtəlif teatr truppaları birləşərək “Dövlət Teatrosu” kimi fəaliyyətə başlayanda kollektivin tərkibində İsmayıl Hidayətzadə də olub.

Milli Dram Teatrında 1937-ci ilədək aktyor, son iki-üç ildə həm də rejissor işləyən İsmayıl Hidayətzadə Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının məşqləri ilə bağlı Azərbaycan Dövlət Opera və Balet Teatrına rejissor ştatına  qəbul edilib. Az sonra isə kollektivə baş rejissor təyin olunub və ömrünün sonunadək burada çalışıb.

Sənətə gəldiyi illərdə onun da əksəriyyət kimi, özünü faciə aktyoru Hüseyn Ərəblinskiyə bənzətdiyini deyirlər. Cəfər Cabbarlının ciddi təhriki ilə İsmayıl Hidayətzadə xarakterik rollar oynamağa keçib və “Sevil”dəki Əbdüləli bəyin ifasında qazandığı sənət nailiyyətindən sonra bu səpkili obrazların əvəzsiz yaradıcısı kimi şöhrətlənib.

Obrazlar qalereyası yaradan aktyor İsmayıl Hidayətzadənin oynadığı bir-birindən fərqli xarakterli Şərif, Mazandaranski, Əmiraslan bəy, Salamov, Xosməmməd,  Şmaqa, Hacı Qara, Cücə və Şakro, Pyer, Rəmzi, Şeyx Nəsrulla, Baron və s. obrazları səhnə sənətinin incilərindən hesab edilib və yüksək qiymətləndirilib.

Ölməz sənətkar yalnız teatr sənətində özünün qabiliyyət və istedadı ilə parlamayıb. Onun yaradıcılıq bioqrafiyasına bir çox filmlərdə çəkildiyi obrazlar da yazılıb. “Almaz” filmində Şərif roluna çəkilən aktyor yaradıcılığına görə 1933-cü ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb. Rejissor axtarışlarındakı nailiyyətlərinə görə isə bu sevimli sənət fədaisi 1938-ci ildə Xalq artisti fəxri adı ilə təltif olunub.

Maraqlıdır ki, səhnə sənətində təqlid heç bir  rejissor tərəfindən qəbul olunmayıb. Yəni yamsılama sənətə yad hesab edilib. Lakin İsmayıl Hidayətzadəni hələ həvəskar kimi səhnəyə gəldiyi ilk vaxtlardan “Balaca Ərəblinski” adlandırıblar. Müasirlərinin xatirələrinə görə, o, Hüseyn Ərəblinskinin sənətinin sehrinə elə düşüb ki, qeyri-ixtiyari olaraq oynadığı obrazlarda H.Ərəblinskini təqlid edib, sanki onun özü olub. H.Ərəblinski isə onun bu təqlidinə pis baxmayıb, lakin ona teatrın sirlərini öyrətməyi də unutmayıb.

İsmayıl Hidayətzadə Hüseyn Ərəblinski ilə tanışlığı barədə “Mənim yaradıcılıq yolum” adlandırdığı “Xatirələrim”də yazır: “Məktəbimizin müdiriyyəti tamaşalara rəhbərlik etmək üçün Ərəblinskini dəvət edirdi. O, truppanı öz istədiyi kimi tərtib edib, tamaşaları Tağıyev və Mayılov teatrlarında göstərmək üçün hazırlayırdı...

Belə günlərin birində mən Ərəblinski ilə, mənə çox böyük təsir bağışlayan bu adamla tanış olmuşam. Bütün xahişlərimə baxmayaraq, o, məni öz tamaşalarında məşğul etməkdən boyun qaçırırdı. Çünki mən hələ çox kiçik idim. Nəhayət ki, yanğımı duyub, “Ağa Məhəmməd Şah Qacar” pyesində kütləvi səhnələrə çıxmağıma razı oldu. Məni səhnədə görən aktyorlardan biri Ərəblinskini təqlid etdiyimi dərhal başa düşərək, qaçıb onu çağırır və məni göstərərək deyir: “Budur balaca Ərəblinski”. Ərəblinski durub xeyli mənə baxır. Onun mənə baxdığını başa düşdükdə çox tutuldum, özümü büsbütün itirdim. O isə yaxınlaşıb, sadəcə, səmimi şəkildə onu təqlid etməməyimi tapşırdı. Dedi ki, mən rus aktyorlarının oyunlarına baxmalıyam, başqa əsərlərə tamaşa etməliyəm və çalışmalıyam ki, öz oyunumda özgələri təqlid etməyim, özüməməxsus tərzdə oynayım. Bu hadisədən sonra məktəb yoldaşlarım mənə “Balaca Ərəblinski” adını qoydular”.

Təəssüf ki, “Balaca Ərəblinski”nin həvəskar səhnə fəaliyyəti uzunömürlü olmur. 1917-ci ildə atası vəfat etdiyinə görə, ailənin böyük oğlu olduğundan, bütün məsuliyyət İsmayılın üstünə düşür. O, səhnə barədə yox, kiçikyaşlı bacı-qardaşını necə saxlamaq  haqqında düşünür. Lakin bir müddətdən sonra işləri yoluna qoyub yenidən səhnəyə qayıdır. 1920-ci ildən dövlət teatrında işləyir. 1921-ci ildə Voronovun teatr studiyasına daxil olur. Studiya ona çox şey öyrədir. Öncə, onun həvəskar imicini alt-üst edir və peşəkar aktyor kimi tanınır.

Aktyorluq sənətini həvəskarlıqdan peşəkarlığadək öyrənən İsmayıl Hidayətzadə rejissorluğa da maraq göstərir. Azərbaycan teatrında çalışan rejissor İvanovun yanında müavin işləyir. 1926-cı ildə arabir özünü rejissorluqda sınayır. Bu sınaqlar onu teatr ictimaiyyətinə rejissor kimi tanıdır. 1934-cü ildə “Siyavuş” əsərini səhnələşdirmək ona tapşırılır.

Teatr tənqidçilərinin bəyəndiyi “Siyavuş”dan sonra Opera və Balet Teatrında “Koroğlu” və “Karmen” operalarını səhnələşdirir. Rus Dram Teatrında “1905-ci ildə” və “Vaqif” tamaşalarını səhnələşdirir.

1938-ci ildə Moskvada keçirilən “Azərbaycan Mədəniyyəti Günləri”ndə quruluş verdiyi “Koroğlu” və “Arşın mal alan” tamaşaları böyük uğur qazanır ki, bu da İsmayıl Hidayətzadənin rejissor kimi şöhrətini artırır. O, Opera və Balet Teatrının rəhbəri təyin edilir.

İsmayıl Hidayətzadə tez-tez “Mən Cabbarlı məktəbinin yetirməsiyəm” deyərmiş. Bu səmimi etirafın arxasında sənət və əqidə dostluğu dayanıb. Azərbaycan teatrını inkişaf etdirmək, maraqlı tamaşalar hazırlamaq, gözəl aktyor oyunu onların sənət axtarışlarının əsas qayəsi olub.

İsmayıl Hidayətzadənin cib dəftərçəsində C.Cabbarlının xəttilə yazılmış  maraqlı bir and olub: “Biz, aşağıda imza edən İsmayıl və Cabbarlı aprel ayının sonunda ikili bir qərara gəldik: Azərbaycan teatrı başqa teatrlardan geri deyilsə də, rəqabət yoxluğundan teatr bir durğunluq keçirir və özü-özünü təkrar edir. Səhnəni bu durğunluqdan çıxartmaq və yeni bir təkanla tərəqqisini gücləndirmək lazımdır. Onun üçün biz ikimiz gənc qüvvələrdən yeni bir kadro düzəldib, yeni bir teatr binası qoymağa çalışacağıq”.

Təəssüf ki, onlara yeni teatr yaratmaq nəsib olmayıb.

Maraqlı faktlardan biri də odur ki, Cəfər Cabbarlı İsmayıl Hidayətzadə üçün rollar yazarmış. İsmayıl isə həmişə öz rollarının prototipini axtararmış. Məsələn, Əbdüləli obrazının prototipini şamaxılı bir tamaşaçının simasında tapıb.

Aktyorun ən sevimli rollarından biri də Salamov olub. O, bu barədə belə yazıb: “Salamov pyesdə ən ağır, ən çətin, ən məsuliyyətli roldur. Mən etiraf edirəm ki, çoxdan bəri nə səhnəmizdə belə qüvvətli pyes, nə də mənim belə gözəl, qüvvətli rolum olmuşdur...”

Bu da hər şeydə olduğu kimi son: 1 noyabr 1951-ci il - görkəmli aktyor və rejissor, “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri ilə təltif edilən, Azərbaycan SSR Xalq artisti İsmayıl Hidayətzadənin teatrsevərlərdən əbədi ayrıldığı tarix.

İsmayıl Hidayətzadənin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yalnız yaratdığı zəngin rol qalereyası və uğurlu rejissor işi ilə tamamlanmır. O, ilk milli baletimizin - “Qız qalası”nın librettosunun müəllifi kimi də yaddaşlardadır. Opera studiyası da onun səyi ilə yaradılıb.

Bütün ömrü boyu teatrda çalışan sənətkar “Qız qalası”, “Almaz”  və “Altıncı duyğu” filmlərində də özünün parlaq obrazlarını yadigar  qoyub gedib. 

2001-ci ildə 100 illik yubileyi təntənəli şəkildə qeyd edilən ölməz sənətkarın bu il anadan olmasından 120 il keçir.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM