17 Oktyabr 2021 00:20
908
Səhiyyə
A- A+

“Ömür” klinikasında şəhid anaları və xanımları üçün tibbi müayinə keçirilib

 

Oktyabrın 16-da “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı ilə  “Ömür” klinikasında  Vətən müharibəsinin ildönümü münasibətilə şəhid anaları və xanımlarına tibbi dəstək göstərmək məqsədilə aksiya təşkil edilib.

AZƏRTAC xəbər verir ki, aksiya zamanı rentgen, ultrasəs, kompüter tomoqrafiyası  müayinələri aparılıb, həkim qəbulu, laborator analizlər və digər tibbi xidmətlər göstərilib. 

Aksiyada çıxış edən ictimai birliyin icraçı direktoru Zamin Zeynal qeyd edib ki, ötən ilin payızında başlanılan və  44 gün davam edən Vətən müharibəsi nəticəsində xalqımız çox böyük qələbə qazanıb, 30 ilə qədər erməni işğalı altında olan torpaqlarımız azad edilib. Bu böyük Zəfər qəhrəman Vətən oğullarının canı və qanı bahasına başa gəlib. Bu torpaq uğrunda canını fəda edən,  həyatından keçən hər kəsin xatirəsi bizim üçün əzizdir və onların müqəddəs ruhu qarşısında borcluyuq. Şəhidlərin anaları və xanımları üçün bu aksiyanı keçirməklə onların əziz xatirəsi qarşısında  öz vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışırıq. Nə qədər ki bu Vətən var, nə qədər ki bu torpaq var, onlar bizim iftixar və qürur yerimiz olaraq qalacaqlar.

Klinikanın direktoru Tansu Məmmədzadə bildirib ki,  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan zabit və əsgərlərinin şücaəti, xalqın birliyi hesabına möhtəşəm bir Zəfər qazanılıb. Bu yolda qurban gedən cəsur Vətən müdafiəçiləri həmişə qəlbimizdə yaşayacaq və tarixi torpaqlarımıza qovuşduğumuza görə hər kəs özünü onlara borclu hesab edir.  Biz də öz ehtiramımızı onların analarına və  həyat yoldaşlarının sağlamlığına göstərdiyimiz qayğı ilə ifadə edirik .

Kürdəmirdən gələn aksiya iştirakçısı Simuzər Bağıyeva deyib: “Oğlum Mərahim hərbçidir,  leytenant kimi Vətən müharibəsində iştirak edib, Füzulidən Şuşaya qədər döyüş yolu keçib. İkinci oğlum Cəmil Həşimli gizir idi, haqq savaşının ilk günündən torpaqlarımızın müdafiəsinə qalxıb. Oktyabrın 6-da onların hərbi hissəsi Füzuli rayonunun Əbdürrəhmanlı kəndində iki postu azad edib,  üçüncü post uğrunda döyüşdə Cəmil şəhidlik zirvəsinə yüksəlib.  Üçüncü oğlum Cavid isə həmin vaxt hərbi xidmətdə olub. Əlbəttə, bir ana kimi Cavidin itkisi ağrılıdır, məni çox göynədir, lakin təsəllim odur ki, uğrunda qurban getdiyi Vətən torpağı bu gün azaddır. Şəhid ailəsi kimi hər cür qayğı ilə əhatə olunmuşuq. Heydər Əliyev Fondu və “YAŞAT” Fondu ailəmizə maddi yardımlar göstərib, uşaqlarım işlə təmin olunublar. Rayonda ev növbəsindəyik. Bugünkü tibbi aksiya bizim sağlamlığımıza  göstərilən daha bir qayğı nümunəsidir”.

Ötən il oktyabrın 1-də Kəlbəcərdə Murov uğrunda döyüşlərdə şəhid olan Milli Ordunun baş leytenantı Turan Əsgərlinin həyat yoldaşı Vüsalə deyib: “Turan bütün varlığı ilə torpağa, yurda bağlı bir zabit idi. O, Kəlbəcər uğrunda döyüşlərdə çox böyük qəhrəmanlıq göstərib. Ölümündən sonra o, “Vətən uğrunda”, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Bir neçə ay bundan əvvəl ailəmizə Ramanada inşa edilən yaşayış kompleksində ikiotaqlı təmirli ev verilib. Hazırda qızlarım 5 yaşlı Sevgi və 2 yaşlı Sunayla həmin mənzildə yaşayıram. Bizə Heydər Əliyev Fondu və “YAŞAT” Fondu tərəfindən yardım göstərilib. Şəhid ailələrinin sağlamlığına yönəlmiş belə aksiyaların keçirilməsi çox yaxşı haldır və onun davamlı olmasını arzu edərdik”.

Tibbi müayinə aksiyasında 40-dan çox şəhid anası və xanımı iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video