17 Dekabr 2011 12:12
405
Mədəniyyət
A- A+

Ömrün müdriklik dövrü

 

Vətəni, milləti naminə əsl fədai olan Abbas Səhhət böyük qürur və fəxarətlə bəyan edirdi: "Məsləkim tərcümeyi-halımdır". Tərcümeyi-halını məsləki yolunda mübarizə ilə yazan millət fədailərinin ömür yolu əslində onların alın yazısıdır. Belə insanlar elmi, biliyi, mənəvi dünyaları, zəhmətə bağlılıqları, xeyirxah əməlləri ilə həmişə öndə olurlar. Onlarda ziyalılığın bütün əlamətləri öz əksini tapır. Yüksək mədəniyyəti, ağayana davranışları, xeyirxahlıqları ilə hamının hörmətini qazanan insanlardan biri də Vahid Məmmədyar oğlu Xanalıyevdir. V.Xanalıyev həssas, qayğıkeş dost, yoldaş və müstəqil düşüncəyə malik bir şəxsdir. O, 70 illik ömür yolunu şərəflə yaşamışdır. Nə ata həsrəti, nə maddi məhrumiyyətlər, nə də vaxtlı-vaxtsız yolunun üstünə çıxan maneələr onu ruhdan salmamış, əksinə, hər çətinlik, ağrı-acı bu insanı daha da mətinləşdirmiş, iradəsini, əzmkarlığını artırmışdır.

Vahid Xanalıyev 1941-ci il dekabrın 17-də Şamaxı şəhərində anadan olub. S.M.Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra Bakıya gəlib, bir neçə il Keşlə maşınqayırma zavodunda fəhlə işləyib. 1960-1963-cü illərdə hərbi xidmətdə olmuş, tərxis edildikdən sonra Bakı Dövlət Universitetinə ali təhsil almaq üçün sənədlərini vermişdi. BDU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən Vahid müəllim bir müddət Şamaxıda C.Cəbrayılbəyli adına şəhər 5 saylı orta məktəbdə çalışmış, elmə olan marağı onu D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indi Azərbaycan İqtisad Universiteti) iqtisadi tarix kafedrasının aspiranturasına gətirib çıxarmışdır. Aspiranturanı uğurla bitirən V.Xanalıyev Şamaxıda S.Ə.Şirvani adına Diyarşünaslıq muzeyinə direktor təyin edilmişdir. Yüksək elmi-pedaqoji hazırlığa malik olan Vahid müəllim bu illərdə həm də təşkilatçılıq qabiliyyəti ilə diqqəti cəlb edir və dövlət qulluğuna irəli çəkilir. Öncə rayon partiya komitəsinə təlimatçı, təşkilat şöbəsinin müdiri, 1978-1980-ci illərdə M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunun direktoru, 1980-1982-ci illərdə Şamaxı Şəhər Sovetinin sədri, 1982-1989-cu illərdə "Şamaxı" üzümçülük sovxozunun direktoru, 1989-1991-ci illərdə yenidən Şamaxı Şəhər Sovetinin sədri, 2000-ci ildən isə 85 saylı Şamaxı Dairə Seçki Komissiyasının sədri kimi məsul vəzifələrdə çalışır, dövlətin ona göstərdiyi etimadı doğruldur. Ən əsası isə o, Şirvan bölgəsində sayılıb-seçilən ziyalı-vətəndaş kimi camaatın dərin rəğbətini qazanır. Bu bölgədə Vahid müəllim el ağsaqqalı, xeyriyyəçi, kimsəsizlərin dayağı kimi tanınır.

Bu gün dövlətin ona verdiyi üç otaqlı mənzildə yaşayan Vahid müəllim onlarla gənc fəhlə ailəsinə, bir, ya da hər iki valideynini itirən yeniyetmələrin ev-eşik, mənzil sahibi olmasına sözün həqiqi mənasında ata-baba qayğısı göstərir.

Heç kimə sirr deyil ki, 1991-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının açılmasında Vahid müəllim nə qədər əziyyət çəkib, bu qədim elm, mədəniyyət mərkəzində müstəqil ali təhsil ocaqlarının olmasının vacibliyini müvafiq dövlət qurumları qarşısında qaldırıb. O, Şamaxı filialında elm və tədris işləri üzrə prorektor kimi çalışarkən gənc istedadlı alimlərin yetişməsində, təhsil ocağının elmi potensialının formalaşmasında var qüvvəsilə çalışıb, "Bakı şəhərinin su təchizatı tarixi" adlı aktual mövzulu tədqiqat əsərini uğurla tamamlayaraq elmi ictimaiyyətin diqqətinə çatdırıb. V.Xanalıyev Azərbaycan tarixinin ən aktual problemlərinə dair ardıcıl şəkildə tədqiqat işləri aparmış, elmi-pedaqoji fəaliyyəti ilə tələbələrin sevimlisinə çevrilmişdir. Bu gün respublikanın əksər bölgələrində Vahid müəllimin yetirmələri Vətənə layiqli xidmətləri ilə müəllimlərinə başucalığı gətirirlər. Anası Gülsüm xanımın ən böyük arzularından biri kiçik oğlu Vahidi elm adamı görmək idi. Hamının böyük hörmət bəslədiyi Gülsüm xanım vaxtilə savadsızlığın ləğvində zəhməti olan ilk qadın müəllimlərdən idi. Oğlu Vahidin də təhsilindən, işgüzarlığından qürurlanardı.

Vahid müəllim torpağa bağlı, zəhmətkeş və əsl vətənpərvər insandır. O, hələ S.Ə.Şirvani adına Tarix-diyarşünaslıq muzeyinin direktoru işləyərkən peşəkar tarixçi kimi nadir eksponatların toplanmasında, muzeyin fondunun zənginləşməsində yorulmadan iş aparırdı. Şəhər sovetinin sədri kimi çalışarkən Şamaxının tarixi simasının özünə qaytarılması yolunda ciddi işlər görmüşdür: məşhur messenat, muğamlarımızın mahir bilicisi və hamisi Mahmud ağanın məzarının yerinin müəyyənləşməsi və üstünün götürülməsində, "Yeddi günbəz" qəbiristanlığındakı tarixi abidələrin qorunması, bərpası və nə qədər riskli olsa da, şəhərin mərkəzi küçələrinə Şirvanşah İbrahim, Ağaəli bəy Naseh, Hüseyn Ciddi, Minaxor, Qalabazarı, Xınıslı kimi tarixi şəxsiyyətlərin və toponimlərin adlarının verilməsinin ilk təşəbbüskarı olmuş, bu xoş niyyətin həyata keçirilməsinə çalışmışdır.

Böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin siyasi dəsti-xəttini müdafiə edən, ilk gündən onun ideyalarının təbliğatçısı olan Vahid müəllim Şamaxıda Yeni Azərbaycan Partiyası rayon təşkilatını təsis edənlərdən biridir. Həmin illərdə Vahid müəllim şəhərdə qarşıdurmaların baş verməməsi üçün böyük səy göstərir, siyasi cəbhələşmənin aradan qaldırılması, ölkənin, xalqın mənafeyi naminə millətin birliyinin vacibliyinin təbliği ilə bağlı geniş kütlə qarşısında çıxışlar edirdi, onları Heydər Əliyevin ətrafında daha sıx birləşməyə çağırırdı. Əlbəttə, ona qarşı açıq şəkildə olmasa da, gizlində mübarizə aparanlar da vardı, ancaq o, dövlətə, dövlətçiliyə sədaqəti ilə elin-obanın etimadını qazana bildi. 1990-cı illərdə siyasi qarşıdurmanın vətəndaş müharibəsinə çevrilməsinin bir addımlığında Vahid müəllim şəhər stadionunda təşkil olunmuş mitinqdə çıxış edərkən sözünü Şeyx Məhəmməd Xiyabanidən bir sitatla yekunlaşdırdı: "Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqı fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdliyi və şücaətidir". O hələ tribunada ikən "Heydər-xalq! Xalq-Heydər!" sədaları göyə ucaldı. Öz əqidəsinə daim sadiq qalan Vahid müəllim həmin illərdə vətəndaş-ziyalı mövqeyini ortaya qoydu, az-çox tərəddüd edənləri də Heydər Əliyev siyasi kursunu dəstəkləyən insanlar cərgəsinə cəlb edə bildi.

Güclü yumor hissinə malik olan Vahid müəllimin çöhrəsindən təbəssüm əskik olmur. Onu yaxından tanımayanlar elə bilir ki, bu insanın heç bir dərdi, qayğısı yoxdur. Amma o, sadəcə öz dərdləri ilə kimisə narahat etmək istəmir və bu haqda söz düşəndə deyir: "Hər şeyi təbəssümlə qarşılayan bir şəxsdən sual edirlər ki, həyatda uğur qazandığın üçün həmişə təbəssüm edirsən? Adam isə həmişəki kimi yenə təbəssümlə - yox, deyir. - Yanılırsınız. Əksinə, təbəssüm etdiyim üçün həmişə uğur qazanıram". Ona görə də Vahid müəllim ailədə olduğu kimi, iş yerində də daim yüksək əhval-ruhiyyəni, xoş ovqatı vacib sayır.

Təvazökarlıq və sadəlik Vahid müəllimin xarakterini səciyyələndirən ən mühüm keyfiyyətlərdir. O, tabeçiliyində olan işçidən səmərəli iş tələb edir, amma onun qayğısına qalmağı, problemləri ilə maraqlanmağı özünə mənəvi borc bilir. Gənc aspirantlardan birinin namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi aldıqdan sonra Vahid müəllimin ona verdiyi xeyir-dua zamanı söylədiyi bir əhvalat hər birimiz üçün bir həyat dərsi idi. Deyirlər, adil bir hökmdarın zamanında Bəhaəddin Amili və Mirdamad adlı iki alim yaşayırdı. Bir gün onlar atlanıb ova gedirlər. Hökmdar əvvəlcə atını Mirdamadla yanaşı sürür, onu sınamaq üçün irəlidə çapan Amilini göstərib deyir:

- Bir gör necə at çapır, elə bil cavan oğlandır!

- Hökmdar, təəccüblü o deyil ki, Bəhaəddin Amili bizdən irəli çapır, təəccüblü burasıdır ki, at onun elminin ağırlığını necə çəkib aparır?

Hökmdar qəlbində bu cavaba "afərin" deyib, bu dəfə Amili tərəfə yönəlir və qabaqda at sürən Mirdamadı göstərib deyir:

- Gör bir cavan oğlan kimi necə at çapır?

Bu dəfə Amili cavab verir:

- Hökmdar, atı Mirdamad sürmür. At özü sevindiyindən quş kimi uçur ki, belə bir alimi, nəcib insanı arxasında gəzdirmək səadətinə nəsib olub...

Qayğıkeş ata, mehriban baba olan Vahid müəllim ailə başçısı kimi də nümunəvi insandır. Ömür-gün yoldaşı Zemfira xanımla dörd qız, bir oğul böyüdərək cəmiyyətə layiqli vətəndaş bəxş ediblər. Pedaqoji sahədə çalışan Zemfira xanım, Vahid müəllimin dediyi kimi, təkcə yaxşı ömür-gün yoldaşı, ləyaqətli ana, istəkli nənə yox, həm də ona həyat yollarında arxa-dayaq, mənəvi dəstək olub.

Üzeyir Hacıbəyli deyirdi ki, insana bir ömür bağışlanmışdır, doyunca yaşamaq lazımdır. Amma bu dünyandan gərək elə keçəsən ki, sonra arxaya baxıb həsrət çəkməyəsən. Vahid müəllim keşməkeşli, çətin, lakin olduqca mənalı, örnək ola biləcək 70 illik bir ömür yolu keçib. Yetmiş yaş hələ zirvə demək deyil, qarşıda səksənin, doxsanın, yüzün müjdəsi var. Bu yolda Vahid müəllimə möhkəm cansağlığı, uğurlar arzulayırıq.

 

Mayıl ALICANOV,

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının direktoru,

respublikanın əməkdar müəllimi

 

Eyvaz EMİNALIYEV,

filologiya üzrə fəlsəfə doktoru, kafedra müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video