03:05 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ömrün min bir naxışı
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
06:10 21.10.2011

 

Ölkə Prezidenti İlham Əliyevin bu ilin iyul ayında xalq rəssamı Kamil Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamda deyilir: "Azərbaycan xalçaçılıq və dekorativ tətbiqi sənətinin qədim ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Kamil Əliyevin mühüm xidmətləri vardır. Onun əsərləri öz orijinallığı və monumentallığı ilə səciyyələnərək mədəniyyətimizin parlaq səhifəsini təşkil edir".

Yaradıcılığı əslində müasir dekorativ sənətin bir çox növlərini - zərgərlik, parça, xalça, keramikanı əhatə edən Kamil Əliyev 1921-ci ilin oktyabr ayında İrəvanda anadan olub. Atası Müseyib kişi ailəsini erməni güdazından qorumaq üçün günlərin birində Bakıya üz tutub. Onda Kamil Əliyevin 11 yaşı vardı. Onun xalçaçı rəssam kimi yetişməsində ilk müəllimi anası olub. Həmişə xiffətlə deyərdi: "Anam bu sənəti nənəmdən öyrənmişdi. Güllü corablar toxuyardı, dəsmalların qırağına qəribə-qəribə naxışlar salardı, cürbəcür çiçəklərin, toxumların köklərindən rəngbərəng saplar boyayardı". Beləcə, anasının yanını kəsdirərək onun işlərinə diqqətlə fikir verən mavi gözlü oğlan uşağı, gələcəyin məşhur xalçaçı rəssamı Kamil Əliyev bütün bunları təkcə yaddaşına, xatirəsinə yığmırdı, qanına, iliyinə çəkirdi. Heç kimin ağlına gəlmirdi ki, şəkil çəkməyə, ip boyamağa, rəngli saplarla işləməyə maraq göstərən Kamil Əliyev zaman gələcək, bunları həsrətlə xatırlayaraq deyəcək: "Xalçaçılığa həvəs mənə anamdan keçib".

İki il idi ki, Bakıya köçmüşdülər. Təzə yurda heç əməlli-başlı alışmamışdılar ki, Müseyb kişi dünyasını dəyişdi. Ömür-gün dostunu vaxtsız itirən Xanım ana həyatın dolaylarında beş uşaqla tək qaldı. Kamil onda ibtidai sinifdə oxusa da, boş vaxtlarında gecə-gündüz şəkil çəkirdi. İstənilən tabloya, rəsm əsərinə baxaraq olduğu kimi surətini yaradırdı. Tezliklə bütün məktəb xəbər tutdu ki, balaca Kamildə qeyri-adi rəssamlıq istedadı var. Müəllimlər məsləhət gördülər ki, yeddiillik təhsili başa vuran kimi Kamil mütləq rəssamlıq məktəbinə getsin. O, hələ uşaqlıqdan bekar qalmağı heç sevməzmiş. Ya şəkil çəkər, ya dəmir-dümürlə əlləşər, qayçı-üzük düzəldərmiş. Hamı görürdü ki, bu uşaqda qurmağa, yaratmağa böyük həvəs var. Günlərin birində böyük bacısı Mənzərə xanım Kamili səliqəli geyindirib Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumuna apardı.

1935-ci ildə 14 yaşlı Kamil artıq həmin təhsil ocağının tələbəsi idi. Dekorasiya kursunda oxumağa başlayan gəncin üstünə ailənin də dolanışıq yükü düşdü. Müxtəlif məktəblər üçün şüarlar yazmaqla çörəkpulu çıxarmağa başladı. Ondakı qeyri-adi istedadı görənlər Kamilə məsləhət bilirdilər ki, mütləq "Azərxalça"ya getsin. Orada ona müvafiq iş tapılar. Beləliklə, 1937-ci ildə 16 yaşlı gənc "Azərxalça"nın eksperimental laboratoriyasında köçürücü rəssam kimi ilk əmək fəaliyyətinə başladı. O zaman beş rəssam Nizaminin poemalarını xalça üzərində toxuyurdu (bu, yəqin ki, dahi şairin 800 illik yubileyilə bağlı imiş - F.X.). Lətif Kərimov mövzunu, başqa rəssamlar isə süjetləri işləyirdilər. "Bəhramın ovda olmağı" mövzusunun texniki naxışlarını məhz Kamil Əliyev işləyib. Böyük rəssamlar öz işlərini yüngülləşdirmək üçün bu balaca oğlanın köməyindən tez-tez istifadə edirdilər. Əvəzində ona pul verirdilər. O dövrün pulu ilə 16-17 yaşlı gənc 300 manatadək qazanırdı. Bu isə ailənin bütün xərclərini ödəyirdi. Kamil gecə-gündüz çalışırdı. Onun üçün fərqi yox idi, yaratdığı əsərlər kimin adı ilə təqdim olunur, hara aparılır, hansı məqsədlər mərasimlər, yubileylər üçün nəzərdə tutulur. O, çiyinlərinə düşən ağırlıqdan qurtulmaq üçün var qüvvəsi ilə çalışırdı. İşi yaxşı alınanda qəlbən fərəhlənirdi. Yaxşı əsərinə görə yaxşı pul alanda körpə bacı-qardaşlarının üst-başı "sevinirdi". Günlər bu ahənglə, kim bilir, haracan davam edəcəkdi? Əgər qəfildən İkinci dünya savaşı baş verməsəydi...

1941-ci ildə Kamil Əliyev birinci Belorusiya cəbhəsinə yola salındı. Qafqazdan Berlinədək şərəfli bir döyüş yolu keçərək vətənə 22 orden və medalla qayıtdı. Doğmaları ilə görüşəndən sonra ilk baş çəkdiyi Lətif Kərimov oldu. Lətif müəllim Kamilin yenidən "Azərxalça"ya qayıtmasına razı olmadı. Məsləhət gördü ki, Rəssamlar İttifaqının bədii fonduna müraciət etsin. 1946-cı ildən 1961-ci ilə kimi Kamil Əliyev məhz həmin bədii fondda çalışdı. Bu illər ərzində Kamil müəllimin günü adicə işə gedib-gəlməklə bitmədi. Rəssam kimi yaradıcılıqla məşğul olmağa vaxt tapırdı. Portret çəkirdi, müxtəlif peyzajlar işləyirdi. Gördüyü hər bir işə ürək yanğısı ilə yanaşsa da, fikri-zikri xalçaçılıqda qalmışdı, amma bu sahəyə yolu bağlanmışdı. Trafaretlərlə "xalça" kəsirdi. İçində Azərbaycanın görkəmli şəxsiyyətlərinin, şair və elm adamlarının portretlərini işləyirdi.

1958-ci ildə Kamil Əliyev ilk dəfə Füzulinin vəfatının 400 illiyi ilə bağlı toxunacaq xalçanın eskizini hazırladı. O, ürəyinin bütün yanğısını, arzularını, istedadını, nəyə qadir olduğunu məhz bu eskizlə göstərdi. Doğrudur, o qədər də ümidli deyildi ki, onu bu işə yaxın qoysunlar. Fikirləşə-fikirləşə qalmışdı. Bəstəkar Qara Qarayevlə yaxın dost idilər. Qara Kamilin eskizini çox bəyəndi və ona məsləhət gördü: "Bilirəm, sənə maneçilik törədənlər var, amma mən hara lazımdı gedəcəyəm, mütləq sənin işini göstərəcəyəm". Qara Qarayev Kamil müəllimi də götürüb Mədəniyyət Nazirliyinə getdi. Əvvəlcə inana bilməyiblər ki, bu orijinal eskizin müəllifi tanınmayan sadə bir rəssamdır. Qara Qarayev bir daha onları əmin edir ki, bu işlərin hamısı mənim gözlərim qarşısında yaranıb. Uzun müzakirədən sonra Mədəniyyət Nazirliyinin əmrinə əsasən Kamil Əliyevin "Füzuli" xalçası toxundu.

Beləliklə, böyük sənətə gələn bu uzun yolun şərəfli yolçusu oldu Kamil Əliyev. Füzuli dühası onun qəlbini, duyğularını isitdi. Bu sevginin, istəyin müqabilində rəssam böyük şairin adına layiq ölməz əsər yaratdı. Elə bir əsər ki həm özünü təsdiq etdi, həm də Füzuli poeziyasının naxışlanmış dünyası ilə insanları heyrətə gətirdi. Bu portret-xalça böyük uğur qazandı. Artıq geriyə yol yox idi. Qarşıda gənc rəssamı yeni zirvələr gözləyirdi. Zirvələr isə silsilə dağa bənzəyirdi. Birinə çatmamış o birinin ucalığı göründü.

İllər boyu ömrün sevincini, qəmini, nəşəsini, ağını, qarasını ilmə-ilmə xalçalarda naxışlayan Kamil Əliyev respublikamızın məşhur xalçaçı-rəssamı kimi sevilərək qiymətləndirildi. Çoxsaylı ornamentli və süjetli xalçaların müəllifi kimi şöhrət qazandı. Azərbaycan incəsənətində göstərdiyi xidmətlərə görə ilk dəfə 1960-cı ildə fəxri fərmana layiq görülən Kamil Əliyev sonralar əməkdar, xalq rəssamı fəxri adlarını aldı. 1998-ci ildə respublika Ali Attestasiya Komissiyası tərəfindən ona dekorativ və tətbiqi sənət üzrə professor elmi adı verildi. 1999-cu ilin dekabrında xalq rəssamının ünvanına daha bir xoş xəbər qanadlandı. Ümummilli lider Heydər Əliyev onu "İstiqlal" ordeninə layiq gördü.

Kamil Əliyevin yaradıcılığını əsasən dörd mərhələyə bölmək olar: birinci mərhələdə Azərbaycanın şair və mütəfəkkirlərinə, ikinci silsilədə xarici ölkə ədəbiyyatının nümayəndələrinə (Ş.Rustaveli, A.Puşkin, R.Taqor və b.), üçüncü mərhələdə türk dünyasının liderlərinə (Atatürk, Heydər Əliyev) və ümumiyyətlə, ölkə başçılarına həsr edilmiş, nəhayət, dördüncü isə müqəddəs insanlara (Ana, Mir Mövsüm Ağa və digərləri) aid xalçalar. Təbii ki, hər bir şəxsiyyətin, liderin həyatı xalqının həyatını əks etdirir. Kimi bunu qələmi, kimi sazı-sözü ilə vəsf edir. Kamil Əliyev isə məhz naxışlarla böyük şəxsiyyətlərə  hörmətini, məhəbbətini bildirirdi.

1994-cü ilin payızında Ankarada Türk

iyənin o vaxtkı cümhurbaşqanına portreti toxunmuş xalçanı bağışlayanda hamı heyrət içində idi. Türkiyə Prezidenti daha məmnun görünürdü: "Bu, Süleyman Dəmirəldir, bəs mən kiməm?" Portret o qədər canlı, aydın idi ki, qınamalı deyildi. Belə təbii portret-xalçalardan bir silsilə də unudulmaz Heydər Əliyevə həsr edilib. Ümummilli lider xalçaçı-rəssam Kamil Əliyevin sənətini çox bəyənir və onu özünün "köhnə dostu" adlandırırdı. Kamil Əliyev isə ömrü boyu sədaqətini öz əməlilə təsdiqlədi.

Azərbaycan xalça sənətində portret janrının bayraqdarı sayılan Kamil Əliyev 1996-cı ildən ömrünün sonuna kimi "Azərxalça" İstehsalat Birliyinin rəhbəri oldu. O vaxt ümummilli lider böyük istedad sahibi Kamil Əliyevi bu müəssisəyə göndərəndə arzulayırdı ki, Azərbaycan xalçasının tarixi şöhrəti özünə qaytarılsın. Kamil Əliyev də bu yolda əlindən gələni əsirgəmədi. O, həmişə deyərdi: "Xalça da xalqın strateji sərvətidir, lap neft kimi". Bu niyyətlə də həmişə xalçaçılığın sabahını düşünərdi. Kamil Əliyevin Azərbaycan sənətsevərlərinə bəxş etdiyi nəhəng əsərlərindən biri də öz təşəbbüsü və xərci ilə başa çatdırdığı Xalça evidir. Ürəklə söyləyirdi ki, istəyirəm məndən sonra heç kim əziyyət çəkməsin. Yəqin ki, buranı nə vaxtsa muzey edəcəklər. İstədim ki, o məşhur bayatıda deyildiyi olsun: "Tikmədim özüm qalam, tikdim ki, izim qala". Onun müxtəlif işlərdə yaratdığı xalçalar indi Türkiyənin, İranın, Amerikanın, Hindistanın, Rusiyanın, ÖzbəkistanınE məşhur incəsənət salonlarını bəzəyir. Kamil Əliyevin eskizləri əsasında toxunmuş xalçalar 1998-ci ildə iki dəfə dünyanın nüfuzlu mükafatına layiq görülüb. Beynəlxalq Ticarət Liderləri Klubunun Cenevrədə keçirdiyi baxışda "Ən yaxşı ticarət markasına görə" 23-cü Beynəlxalq prizini, Nyu-Yorkda isə "Ən yüksək keyfiyyətinə görə" 10-cu Qızıl Amerika prizini və Qızıl nişanı alıb.

Kamil Əliyevin xarici ölkələrdə ilk sərgisi 1984-cü ildə Nepalda olub. Onun rəhbərliyi altında və eskizləri əsasında toxunan xalçalar böyük rəğbətlə qarşılandı. Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanan nepallılar bu xalçaları ümumilikdə dünya incəsənətinin dəyərli səhifələri saydılar. Çünki naxış və süjetlərin zənginliyi Kamil Əliyev sənətini artıq bəşər mədəniyyətinin yeni zirvəsinə yüksəltmişdi. 1987-ci ildə Hindistanın Dehli, 1990-cı ildə Türkiyənin üç şəhərində - Ankara, İzmir, İstanbul, 1994-cü ildə İranın Tehran, 1999-cu ildə İngiltərənin London şəhərində keçirilən sərgilərdə Kamil Əliyevin xalçaları zərif və incə rəng çalarları, buta bəzəkləri, ən qədim naxışları, xətlər və rənglər vasitəsilə böyük bir həyat fəlsəfəsini ifadə etmək qüdrətinə görə seçildi. Bu seçim təkcə məşhurlaşmış rəssamın öz şöhrəti deyildi. Bütövlükdə Azərbaycan incəsənətinə diqqət, maraq, əsl həqiqətdə isə heyrət gətirdi.

Kamil müəllim söyləyərdi ki, Azərbaycanda xalçaçılıqla eramızdan əvvəlki minilliklərdə məşğul olublar. Arxeoloji qazıntılar zamanı yurdumuzun müxtəlif guşələrində I-III əsrlərə aid qəbirlərdə palaz və xalça qalıqları aşkar edilib. Xalçaçılıq orta əsrlərdə daha da inkişaf edərək sonrakı dövrlərdə məişətimizdə və iqtisadiyyatımızda mühüm yer tutub. Azərbaycan xalçaları kompozisiya zənginliyinə, naxış elementlərinin orijinallığına və rəng koloritliyinə görə digər Şərq xalçalarından əsaslı surətdə fərqlənir. Xalçalarımız həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng və texniki xüsusiyyətlərinə görə dörd əsas xalçaçılıq məktəbinə ayrılır: Qarabağ, Quba-Şirvan (o cümlədən Abşeron), Gəncə-Qazax və Təbriz. Ümumi üslub cəhətdən bir-biri ilə bağlı olan bu məktəblərin hər biri özünəməxsus səciyyəvi xüsusiyyətlərə malikdir. Kamil müəllim həmişə sevinərdi ki, Azərbaycanda xalçaçılığın inkişafı yeni-yeni zirvələrlə davam edir. Maraqlıdır ki, dünyada ilk xalça muzeyi 1970-ci ildə Azərbaycanda yaradılmışdır. Burada bənzəri olmayan on mindən çox unikal xalçalar nümayiş etdirilir. Xalça muzeyinin yenidən qurulması (təəssüf ki, bu şad günü Kamil müəllim görmədi) analoqu olmayan milli sərvətə dövlət qayğısını əks etdirir. Ötən əsrin sonlarında YUNESKO-nun təşəbbüsü ilə Bakıda iki dəfə Şərq və Azərbaycan xalçalarına həsr olunmuş simpozium keçirildi. Dünyada məşhur olan ən qədim və böyük xalça "Şeyx Səfi" Azərbaycan xalçaçılıq məktəbinin yadigarıdır. Bu gün fərəh və sevinclə onu da bildirmək istəyirik ki, Kamil Əliyevin ömrü boyu varlığı qədər sevdiyi, inkişafına çalışdığı, çeşnilərini yeniləşdirdiyi, naxışlarını zənginləşdirdiyi Azərbaycan xalçaları YUNESKO-nun Qeyri-maddi İrs Siyahısına düşüb. Bu işdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Kamil Əliyev həmişə xalçaçılığın sabahını düşünürdü. Bu gün Azərbaycan xalçalarının dünya şöhrəti qazanması, ona bəşəriyyətin bu cür diqqət və həssaslıqla yanaşması unudulmaz xalçaçı rəssamın xatirəsi önündə onun irsini yaşadanların övladlıq borcunu necə şərəflə yerinə yetirdiklərini təsdiqləyir. "Uçan xalça"ların nağıllardan gələn əfsanəsi gerçəkləşdi.

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM