12 Avqust 2021 00:44
2192
İQTİSADİYYAT
A- A+

Ölkənin energetika sektorunda uğurlu islahatlar aparılır

 

Xəbər verildiyi kimi, bu il avqust ayının birinci ongünlüyündə Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan “Abşeron” və “Suraxanı” yarımstansiyalarının açılışında iştirak etmişdir. Dövlət başçısının şəxsən hər iki yarımstansiyanın açılışını etməsi Azərbaycanın energetika sisteminin inkişafının və təkmilləşməsinin ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir.

Qeyd etmək yerinə düşər ki, hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən Ulu Öndər Heydər Əliyev respublikanın elektroenergetika sahəsinin sürətli inkişafına şəxsən nəzarət edirdi. Məhz onun birbaşa rəhbərliyi altında Cənubi Qafqazda ən böyük istilik elektrik stansiyası - “Azərbaycan” İES inşa olunmuşdur. Bakı şəhəri və Abşeron yarımadasının sürətlə artan tələbatını qarşılamaq üçün stansiyada istehsal edilən elektrik enerjisinin bu əraziyə ötürülməsi məqsədilə respublikanın  ən böyük yarımstansiyası olan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyası tikilmişdir.

“Abşeron”un fəaliyyət göstərdiyi 40 ilə yaxın müddət ərzində buradakı  avadanlıqlar köhnəlmiş, istismarda ciddi problemlər yaranmışdır. Yarımstansiyada əsaslı təmirin aparılması, müasir və yeni sistemlərin tətbiqi zərurətə çevrilmişdir. Prezident İlham Əliyevin “Abşeron” yarımstansiyasının əsaslı şəkildə yenidən qurulması barədə göstəriş verməsində də məqsəd bu çatışmazlıqların aradan qaldırılması olmuşdu.

Yarımstansiyanın müasir səviyyədə yenidən qurulması ölkənin enerji sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Burada Bakının və Abşeron yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz edən elektrik stansiyası və köhnə idarəetmə binası  əsaslı surətdə təmir olunmuşdur. Eləcə də ilk dəfə 22 nömrədən ibarət mühəndis-yataqxana korpusu inşa edilmiş, işçilərin istirahəti, idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün hərtərəfli şərait yaradılmışdır. Görülən əsaslı təmir işləri yarımstansiyanın səmərəli və etibarlı iş rejiminin, dayanıqlığının artırılmasına, istismar xərclərinin azaldılmasına, əməkdaşlar üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılmasına tam nail olmağa imkan vermişdir.

Qeyd edək ki, “Abşeron” enerji qovşağı Bakı və Abşeron yarımadasından başqa, bütün ölkənin enerji sisteminin əsas bazasıdır. Çünki Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük məhz “Abşeron”a və oradan da sistem əhəmiyyətli digər yarımstansiyalara ötürülür. Yarımstansiya “Azərbaycan” İES, “Sumqayıt”, “Şimal” və “Cənub” elektrik stansiyaları, həmçinin Mingəçevir SES, “Səngəçal”, “Qobu” elektrik stansiyaları, “Xaçmaz” modul tipli elektrik stansiyası ilə əlaqələndirilmişdir. Bu gün “Abşeron” belə böyük generasiya mənbələri ilə əlaqələndirilən yeganə qovşaq yarımstansiyasıdır.

Prezidentin açılışında iştirak etdiyi “Suraxanı” yarımstansiyası da istismar müddətini dəfələrlə keçmişdi və onun artan tələbləri tam qarşılaması mümkün deyildi. Ona görə də bu yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulmuşdur.

Müasir avadanlıqlar quraşdırılan “Suraxanı” yarımstansiyası Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.

Xüsusi layihə əsasında yarımstansiyanın gücü artırılmış, itkilər və istismar xərcləri azaldılmışdır. Avadanlıqların ətraf mühitə zərərli təsiri azaldılmış  və enerji obyektinin daha səmərəli fəaliyyət göstərməsi təmin edilmişdir.

Həyata keçirilən layihələr əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində işlərə yenə də xüsusi önəm verildiyini göstərir. Müasir elektrik yarımstansiyalarının inşası, mövcudlarının yenidən qurulması  istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına imkan verir. İndi heç kimin işığı 90-cı illərdəki kimi sönmür, ölkənin paytaxtında və ya ən ucqar kəndində yaşamasından asılı olmayaraq, hamı fasiləsiz elektrik enerjisi ilə təmin edilir.

Bir sözlə, ölkənin energetika sisteminin inkişafı birbaşa dövlət başçısının nəzarətindədir və biz energetika sektorunun inkişafı ilə bağlı qərarların nə dərəcədə səmərəli olduğunu gündəlik həyatımızda görürük. 

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video