17 Fevral 2021 00:48
1180
Səhiyyə
A- A+

Ölkə üzrə peyvəndləmə prosesi mərhələli şəkildə davam edir

 

Artıq iki aydan çoxdur ki, yeni növ koronavirusa qarşı əksər ölkələrdə sürətli peyvəndləmə işi aparılır. Mütəxəssislər vaksinasiyanın qlobal bəlaya qarşı daha effektiv olması üçün bütün ölkələrdə onun tətbiqinin vacibliyini önə çəkirlər.

Dünyanın əksər ölkəsi Çinin “Sinopharm”, “Sinovac” və “CanSinBio” şirkətlərinin COVID-19 əleyhinə peyvəndlərindən istifadə etməyə üstünlük verir. Bununla bağlı “Global Times” qəzetində məlumat verilib ki, Avropa, Asiya və Latın Amerikasından təxminən 40 ölkə Çin istehsalı olan 500 milyon dozadan çox COVID-19 peyvəndini sifariş edib. Bildirilir ki, adıçəkilən şirkətlərin COVID-19 əleyhinə peyvəndləri həm ölkə daxilində istifadə olunur, həm də xaricə ixrac edilir. Türkiyə, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Macarıstan, İndoneziya, Braziliya və digər ölkələr Çin peyvəndlərindən istifadə etməyə başlayıblar.

Yanvarın 18-dən Azərbaycanda da COVID-19 virusuna qarşı başlayan vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVAC” peyvəndindən istifadə olunur. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndləmə prosesi mərhələli şəkildə davam etdirilir. Artıq yanvarın 18-də birinci doza vaksinasiya olan səhiyyə işçilərinin ikinci doza vaksinasiyasına da start verilib.

Fevralın 16-dan isə Azərbaycan Ordusunda COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılıb. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı və digər hərbi hissələr bu məqsədlə ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Xəstəliyin diaqnostikası üçün müasir standartlara cavab verən laboratoriyalar təşkil edilib. Laboratoriyalarda xaricdə təhsil alıb treninqlər keçmiş tibb işçiləri fəaliyyət göstərirlər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin vaksinasiya prosesi ilə bağlı birgə məlumatında bildirilir ki, bu gündən etibarən 50 yaş və daha yuxarı yaşlı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası nəzərdə tutulur.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə isə yenidən qeydiyyatdan keçməlidir. Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Həmçinin bildirək ki, elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

TƏBİB-in vaksin vurulduqdan sonra mümkün ola biləcək hallarla bağlı açıqlamasında məlumat verilib ki, baş və əzələ ağrıları, qızdırma kimi əlamətlər əks-təsir deyil, əksinə, gözlənilən nəticədir və bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksin elementinə qarşı yüksək həssaslığı, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşmə mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

Sözügedən qurumun İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva vaksinlə bağlı məlumat verərək bildirib ki, peyvəndin ilk dozası vurulduqda hədəf orqanizmlə antigeni tanış etməkdir. İlk dozanın təsiri zəif olur. İlkin mərhələ tanışlıq mərhələsidir. Orqanizm antigenlə yeni tanış olur, onu nə gözlədiyini bilir və müəyyən cavab reaksiyası hazırlayır. Bu mərhələnin nəticəsində çox cüzi şəkildə qorunma əldə edilir. Yəni bu zaman peyvəndin tam effekti bilinmir. 28 gündən sonra ikinci doza vurulur. Bu zaman da eyni dozada, eynitərkibli peyvənd vurulur. Bu, cavab reaksiyasını möhkəmləndirmək, daha çox anticisim sintezinə nail olmaq üçün həyata keçirilir.

Həkim infeksionist qeyd edib ki, vaksin vurdurandan sonra təxminən 70-80 faiz halda qorunmuş hesab olunuruq. Peyvəndləmə prosesi ən azından əhalinin 60-70 faizini əhatə etməyənə qədər vaksinin təsir etməyəcəyi 30 faiz təhlükə altında qalır. Ona görə də peyvənd olunsaq belə ən azı ilin sonuna qədər, peyvəndləmə prosesi ölkəmizdə və dünyada kütləvilik təşkil edənə qədər qorunma tədbirlərinə riayət olunmalıdır.

Həkim peyvənddən sonra ilk 24-48 saat ərzində daha çox istirahətə üstünlük verməyin, bol maye qəbul etməyin vacibliyini də vurğulayıb. Peyvənd vurduranların bəzilərində inyeksiya olunan nahiyədə, qolda ağrılar müşahidə oluna bilər. Bu zaman parasetamol tərkibli ağrıkəsicilərdən istifadə edilə bilər. Həmçinin qol nahiyəsini hündürdə saxlamaqla ağrını azaltmaq olar.

N.Mustafayeva bildirib ki, əslində, hər kəs vaksin oluna bilər: “Lakin peyvənd çox yeni olduğuna, uşaqlar və hamilə qadınlar üzərində tədqiqatlar olmadığına görə verilən nəticələr bizi tam qane etmir. Eyni zamanda uşaqların xəstəliyi yüngül keçirdiyini nəzərə alaraq onlara ən azından bir müddət vaksinasiya aparılmayacaq. Uşaqlar üzərində aparılan tədqiqatlar tam yekunlaşıb təhlükəsiz nəticələr açıqlananadək belə olacaq. Qeyd edim ki, uşaqlarda xəstəliyi ağır keçirmə faizi 0,2-yə bərabərdir”.

Vaksin pandemiya ilə mübarizədə ən effektiv vasitə olsa da, mütəxəssislərin də vurğuladığı kimi, hələlik arxayınlaşmaq və COVID-19-a qarşı tədbirləri əldən vermək tezdir. Buna görə də sosial məsafə saxlanılması, maska taxılması və şəxsi gigiyenaya diqqət edilməsi çox vacibdir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video