16:10 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Oğuz şəhər mədəniyyət və istirahət parkı açılmışdır
ANA SƏHİFƏ / SƏFƏRLƏR
04:11 17.11.2011

 

Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, son illər Oğuzda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, onların istirahəti üçün mühüm işlər görülmüşdür.

Qeyd edildi ki, tikintisinə 2008-ci ildə başlanılan, ümumi sahəsi iki hektar olan parkın giriş qapısının üzərində dövlət bayrağının təsviri əks olunmuşdur. Parkda örtülü kölgəliklər, su hovuzları və biri musiqili olmaqla beş fəvvarə, uşaq əyləncə meydançası qurulmuşdur. Mədəniyyət və istirahət parkında yaradılmış 120 yerlik amfiteatrda müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının təşkili üçün geniş imkanlar vardır. Burada, həmçinin günbəz formasında 12 istirahət guşəsi yaradılmışdır.

Bildirildi ki, parkda geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, səkilər salınmış, yaşıllaşdırma işləri görülmüş, dekorativ gül kolları və ağaclar əkilmişdir.

Prezident İlham Əliyevə parkın yaxınlığında, Heydər Əliyev prospektinin başlanğıcında yaradılmış Bayraq Meydanı haqqında da məlumat verildi.

Qeyd edildi ki, ümumi ərazisi 1000 kvadratmetr olan meydanın inşasına 2011-ci ilin avqustunda başlanılmışdır. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bu isə Azərbaycanın dövlət bayrağının Oğuz şəhərinin bir çox yerindən görünməsinə imkan yaradır. Bayrağın uzunluğu 15, eni isə 7,5 metrdir. Bayraq dirəyinin ətrafında ərazisi 200 kvadratmetr olan təbii qranitdən meydança, 300 kvadratmetr beton daşlarla üzlənmiş sahə, 500 kvadratmetr yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Bundan başqa, meydanın ətrafında 3,5 min kvadratmetrədək ərazidə abadlıq işləri aparılmış, yollar genişləndirilmişdir. 

Dövlətimizin başçısı parkda Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti İlham ƏLİYEV Oğuz rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq dedi: 

- Xoş gördük, çox gözəl parkdır. Keçən dəfə Oğuzda olarkən parkın layihəsi ilə tanış olmuşdum. İndi isə park artıq hazırdır, gözəl şərait yaradılıb, Oğuza gözəllik verir. Ümumiyyətlə, rayonun bu hissəsi son illər ərzində böyük dərəcədə abadlaşıbdır. Yadınızdadır ki, burada bir dənə də olsun bina yox idi. Birinci xəstəxana, sonra Olimpiya İdman Kompleksi, ondan sonra park tikildi. Beləliklə, Oğuzun giriş hissəsi böyük dərəcədə dəyişdi, abadlaşdı, gözəlləşdi. Bu, çox sevindirici haldır. Hər bir bölgədə olduğu kimi, Oğuzda da inkişaf var və bütün məsələlər öz həllini tapır. Həm sosial məsələlər, həm iqtisadi məsələlər.

Bu gün parkın açılışı ilə bərabər, burada tikilmiş böyük sənaye müəssisəsinin açılışını da qeyd edəcəyik. Bu müəssisə də, deyə bilərəm ki, nəinki Azərbaycanda, bütün bölgədə yeganə qlükoza zavodudur. Bu zavodun fəaliyyətə başlaması, əlbəttə, iş yerlərinin açılmasına xidmət göstərəcək və eyni zamanda, kənd təsərrüfatının inkişafına da təkan verəcəkdir. Çünki bu zavodun xammalı kənd təsərrüfatı məhsullarıdır. Bütövlükdə Oğuz rayonunun gələcəkdə inkişafı kənd təsərrüfatı və turizmin inkişafı ilə bağlı olacaqdır. Bizim siyasətimiz bundan ibarətdir.

Turizmə gəldikdə, artıq ilkin addımlar atılmaqdadır. Keçən dəfə burada olarkən yeni otelin açılışını qeyd etmişik. İndi otel işləyir. Turistlərin sayı artmalıdır. Həm daxili turizm inkişaf etməlidir, həm xaricdən turistlər daha da çox gəlməlidirlər. Bunu etmək üçün imkanlar vardır. Dünən Dünya Turizm Təşkilatının baş direktoru Bakıda idi. Biz onunla görüşdük və Azərbaycanın turizm potensialı dünyada artıq böyük diqqətlə qeyd edilir. Əlbəttə, müxtəlif bölgələrdə müxtəlif turizm imkanlarımız vardır. Amma bu bölgənin özünə xas olan gözəl imkanları, təbiəti, havası, iqlimi var ki, bax biz bu nemətlərdən istifadə etməliyik. Mən ümid edirəm ki, gələcək illərdə Oğuz Azərbaycanın turizm mərkəzlərindən birinə çevriləcəkdir. İndi bütün bu zonada abadlıq, quruculuq, infrastruktur layihələri icra edilir, yol çəkilir. Bakıdan Oğuza çəkilən yol, - demək olar ki, onun böyük hissəsi indi hazırdır, - Balakənə qədər davam edəcəkdir. Yol olan yerdə inkişaf da olur.

Qəbələdə Beynəlxalq aeroportun açılışı gözlənilir. Bu da başqa ölkələrdən bu bölgəyə turistlərin birbaşa gəlişi üçün şərait yaradacaqdır, dəmir yolu işləyir. Yəni, bildiyiniz kimi, Oğuz rayonu əhali nöqteyi-nəzərdən böyük rayon deyildir. Ancaq potensialı kifayət qədər böyükdür. Biz rayonun potensialından maksimum dərəcədə istifadə etməliyik.

Sosial məsələlərin həllinə gəldikdə, bir neçə il bundan əvvəl gözəl xəstəxana tikilmişdir. İndi mən maraqlanıram, işləyir, gözəl xidmət göstərir. İdmanla məşğul olmaq üçün yüksək səviyyədə imkanlar vardır. Məktəblər tikilir və bu proses hələ davam etdirilməlidir. Bir neçə il bundan sonra da məktəb tikintisi ilə ciddi məşğul olacağıq. Çünki hələ ki, qəzalı vəziyyətdə məktəblər vardır. Düzdür, onların sayı azalır, ancaq var, olmamalıdır və olmayacaqdır. 

Digər sosial məsələlərin həlli ilə bağlı bütün bölgələrdə, o cümlədən burada da işlər görülür, qazlaşdırma gedir. Qazlaşdırma hələ ki, istədiyimiz səviyyədə deyildir. Mənə verilən arayışa görə, Oğuzda bu, təqribən 35 faiz səviyyəsindədir. Ancaq qarşıya məqsəd qoyulub ki, biz bu səviyyəni maksimum dərəcəyə, təqribən 90 faizə çatdırmalıyıq. Buna görə də növbəti iki il ərzində Oğuz rayonunun qazlaşdırılma ilə bağlı bütün əsas problemləri öz həllini tapmalıdır. İçməli su-kanalizasiya layihələri icra edilir. Yəqin ki, bu layihə də haradasa 1-2 il çəkə bilər. Ondan sonra içməli su ilə bağlı heç bir problem qalmayacaqdır. Kənd yollarının tikintisi də gündəlikdədir, körpülər tikilir. Yəni hərtərəfli inkişaf olmalıdır və vardır. Həm burada, həm bütün başqa bölgələrdə. Hər bir bölgənin öz xüsusiyyətləri, öz təbii şəraiti, sənaye imkanları vardır. Bildiyiniz kimi, hər bir bölgə üçün xüsusi proqram hazırlanıb və icra edilir. Rayonların inkişafı üçün vaxtaşırı əlavə vəsait ayrılır. Oğuz rayonuna da son üç il ərzində vəsait ayrılmışdır, yenə də ayrılacaq ki, burada bütün abadlıq-quruculuq işləri daha da sürətlə getsin.

Mən birinci dəfə deyil ki, Oğuzdayam. Bu, mənim Prezident kimi  Oğuza dördüncü səfərimdir. Əlbəttə ki, mənim Oğuza olan diqqətim buraya etdiyim səfərlərlə ölçülmür. Ancaq yenə də deyirəm, mən bütün bölgələrdə olarkən vəziyyətlə tanış oluram və görürəm ki, biz əlavə nə etməliyik, daha hansı addımlar atılmalıdır və vaxtilə atılmış addımlar və açdığımız müəssisələr, binalar, obyektlər necə işləyir. Bu, həm nəzarətdir, həm də gələcək üçün atılacaq addımların, necə deyərlər, hazırlanma mexanizmidir.

Sizi bir daha salamlayıram. Bizim görüşlərimiz hələ bundan sonra çox olacaqdır. Bütün oğuzlulara uğurlar arzulayıram. Sağ olun.

* * *

Rayon sakini Xalid BABAYEV oğuzlular adından dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

- İcazə verin, Oğuza gəlişiniz münasibətilə Sizi bütün oğuzlular adından salamlayım və Sizə "Xoş gəlmisiniz!" deyim.

Siz qeyd etdiyiniz kimi, artıq dördüncü dəfədir Oğuzda olursunuz, oğuzlularla görüşürsünüz, Oğuzun problemləri ilə maraqlanırsınız. Doğrudan da Sizin hər dəfə gəlişiniz oğuzlular üçün böyük bayram əhval-ruhiyyəsi yaradır. Burada insanlar böyük bayram təəssüratı ilə yaşayırlar.

Xalid Babayev respublikamızın bütün bölgələrində olduğu kimi, Oğuz rayonunda da kompleks yenidənqurma və abadlıq tədbirlərinin həyata keçirildiyini vurğulayaraq dedi:

- Həqiqətən də, Siz bayaq qeyd etdiyiniz kimi, buralar boş yerlər idi. İndi bax, bu durduğumuz park, böyük idman kompleksi, xəstəxana binası müasir tələblər səviyyəsində yaradılıb. Qlükoza zavodu, yeddi yaşayış məntəqəsinə çəkilən su kəməri, Oğuz şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması, bunlar hamısı Sizin oğuzlulara göstərdiyiniz diqqətin, qayğının nəticəsidir.

Cənab Prezident, biz bütün bunlara görə Sizə həmişə minnətdarıq.

Ötən iyirmi illik müstəqillik dövründə Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyən Xalid Babayev respublikamızın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini də ölkəmizin qazandığı ən mühüm uğurlardan biri kimi səciyyələndirdi.

Xalid Babayev Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə onu "Tərəqqi" medalı ilə təltif etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını çatdırdı. O, Oğuz rayonu sakinlərinin Prezident İlham Əliyevin siyasətini daim dəstəklədiklərini vurğuladı, dövlətimizin başçısına və ailəsinə oğuzlular adından ən xoş arzularını bildirdi. 

* * *

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun. İyirmi illik dövr hər bir dövlət üçün bir mərhələdir. Azərbaycan da başqa müttəfiq respublikalar kimi 20 il bundan əvvəl müstəqilliyə qovuşdu. Əlbəttə, bu 20 il ərzində görülən işlər bir də onu göstərir ki, biz tarixi imkandan, tarixi şansdan çox böyük uğurla, böyük məharətlə istifadə etdik. Xalqımız əsrlər boyu müstəqillik arzuları ilə yaşamışdır. Ancaq müstəqil dövlət deyildik. İyirmi il ərzində bütün dünyaya sübut etdik ki, müstəqil dövlət kimi yaşaya, inkişaf edə və dünyada böyük hörmətə layiq ola bilərik.

Ölkə daxilində gedən proseslər göz qabağındadır. Hər bir bölgədə, o cümlədən bu bölgədə, bu rayonda görülən işlər də göz qabağındadır. Bu inkişaf hər bir bölgədə özünü büruzə verir. Daxili siyasətin əsas mahiyyəti və məqsədi ondan ibarətdir ki, ölkə vətəndaşları daha da yaxşı yaşasınlar, daha da yaxşı şərait yaradılsın. Sosial məsələlər daha da uğurla həll olunsun. Əməkhaqları, pensiyalar artsın. Şəhərlər gözəlləşsin və müasir tələblərə cavab versin. İndi Azərbaycanda bunu görməmək mümkün deyildir.

O ki qaldı xarici siyasətə, bu sahədə əldə edilən uğurlar da   hansısa bir nəticə ilə özünü göstərməlidir. Biz dəfələrlə demişik, mən bir daha demək istəyirəm və həyat da dediklərimi bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti daxili siyasətin davamıdır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin etmək üçün aparılır. Bu siyasət müstəqil siyasətdir. Biz sübut edə bilmişik ki, müstəqil dövlət kimi öz siyasətimizi aparacağıq. Bu siyasət, bir daha demək istəyirəm ki, heç kimə qarşı deyildir. Bu siyasət ancaq əməkdaşlığı genişləndirmək, dostların sayını artırmaq, bir də demək istəyirəm ki, milli maraqlarımızı maksimum dərəcədə müdafiə etmək üçün aparılır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçkilər dünya birliyinin Azərbaycana olan hörmətini və inamını göstərdi. 155 ölkə Azərbaycanı dəstəkləyib. Bu, böyük amildir. BMT-də 200-dən bir qədər az ölkə vardır və onların 155-i bizimlədir, bizə inanır. Özü də bilirsiniz ki, bu səsvermə o qədər də rahat getmirdi, rəqabət çox güclü idi. On yeddi turdan sonra Azərbaycan qələbə qazandı. Özü də birinci turdan sonuncu turlara qədər daim biz böyük fərqlə qabaqdaydıq. Bu, doğrudan da 20 ilin məntiqi nəticəsidir, yekunudur və görünən nəticəsidir.

Əslində nəticələr daha da çoxdur: bölgədə mövqeyimizin  möhkəmlənməsi, tərəfdaşlarımızın sayının artması, Azərbaycanın çevik diplomatiya aparması məsələləri, - onlar mütəmadi qaydada aparılır. Yəni bu qələbə bir günün qələbəsi deyildir. Bu qələbəni əldə etmək üçün biz illərlə işləmişik. Həm müttəfiqlərimizin sayını, həm də ölkəmizin imicini, imkanlarını artırmışıq və dünyaya müasir, güclü, öz ənənələrinə sadiq olan ölkə kimi təqdim edə bilmişik. Daxili potensialımız, ölkə daxilində mövcud olan sabitlik və vətəndaş birliyi bizi, əlbəttə ki, beynəlxalq məsələlərdə daha da gücləndirir. Əgər daxildə hər hansı bir ciddi problem olsaydı, istər-istəməz bölgədəki mövqeyimiz də zəif ola bilərdi. Bizim bölgədəki mövqeyimizin əsas səbəbi daxili sabitlikdir və xalqla iqtidar arasındakı birlikdir. Bax, budur bugünkü Azərbaycanın reallıqları. İyirmi il böyük dövrdür. Bu dövr ərzində böyük yol keçmişik. Növbəti 20 il ərzində Azərbaycan dünya miqyasında inkişaf etmiş ölkələrin sırasında olmalıdır.

Növbəti illər üçün bizim artıq proqramlarımız hazırlanır. 2013-2018-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı hazırlanır. Onun konsepsiyası indi hazırlanır. Bu məsələ ilə bağlı mənim bir çox fikirlərim, planlarım vardır. Əminəm ki, Azərbaycan bu illər ərzində necə inkişaf edib, bundan sonra daha da sürətlə inkişaf edəcəkdir.

Mən sizi bir daha salamlayıram, cansağlığı arzulayıram. Xahiş edirəm ki, mənim salamlarımı bütün oğuzlulara çatdırasınız. Sağ olun.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM