17 Noyabr 2011 04:11
514
Səfərlər
A- A+

Oğuz Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilmişdir

 

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Oğuz rayonuna səfəri çərçivəsində rayon məhkəməsinin inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı Oğuz Rayon Məhkəməsinin köhnə və yeni binalarının görüntülərini əks etdirən fotostendə baxdı.

Məlumat verildi ki, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində ilk məhkəmə binası Oğuz rayonunda inşa olunmuşdur. İkimərtəbəli binanın tikintialtı sahəsi 840, ümumi ərazisi isə 1500 kvadratmetrdir. İnşasına 2010-cu ildə başlanılmış binanın ətrafında geniş abadlıq işləri aparılmışdır.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır. Müasir səviyyədə inşa edilən bina bütün zəruri avadanlıqla təchiz edilmişdir.

Prezident İlham Əliyevə Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində inşa olunacaq məhkəmə binalarının layihələri təqdim edildi. Bildirildi ki, 20-dən çox yeni məhkəmə binasının, həmçinin bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin layihələri hazırlanmışdır. Hazırda Yasamal, Gəncə şəhəri Nizami rayonu, Gədəbəy məhkəmələrinin binalarında son tamamlama işləri gedir. 2012-ci ildə isə Sabunçu və Şirvan məhkəmə komplekslərinin inşasına başlanılacaqdır. Məhkəmə kompleksi bir binada bir neçə məhkəmənin fəaliyyət göstərməsinə imkan verəcəkdir ki, bu da şikayətlərə baxılması ilə bağlı vaxt itkisinin qarşısını alacaqdır.

Diqqətə çatdırıldı ki, Oğuz Rayon Məhkəməsinin yeni binası digər məhkəmə binalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, bina inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

İctimai zonada məhkəmə ilə əlaqədar məlumatların əldə edilməsi üçün xüsusi monitorlar quraşdırılmışdır. Binada biri mülki, digəri isə cinayət işləri üçün nəzərdə tutulmuş iki məhkəmə zalı vardır. Zallarda proseslərin audio və video yazılışlarını aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılmış, habelə müasir tipli İP təhlükəsizlik kameraları quraşdırılmışdır. Məhkəmə zalları şahidlərin ifadələrinin dinlənilməsinə imkan verən müasir İKT avadanlığı ilə təchiz edilmişdir. Təqsirləndirilən şəxslər digər məhkəmələrdə olduğu kimi, zallarda dəmir barmaqlıqlar arxasında deyil, xüsusi ayrılmış şüşə otaqda saxlanılır.

BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq Oğuz Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün bütün şərait yaradılmışdır. Girişlərdə metal aşkarlayıcı elektron qurğu və turniketlər quraşdırılmışdır ki, bu da ilk növbədə məhkəmə proseslərində təhlükəsizliyi təmin etmək baxımından xüsusi rol oynayır. Vətəndaşlar başqa yerə getmədən binada lazım olan bank, tibb və poçt xidmətlərindən də istifadə edə bilərlər. Burada, həmçinin  təlim otağı və elektron kitabxana da fəaliyyət göstərir.

İnzibati binada Respublika Ali Məhkəməsi ilə videobağlantı yaradıldı.

Prezident İlham ƏLİYEV: Ramiz, eşidirsən bizi?

Ali Məhkəmənin sədri Ramiz RZAYEV: Bəli, cənab Prezident, Sizi eşidirəm. İcazə verin, göstərdiyiniz diqqətə, bu gözəl binalara görə Sizə bütün hakimlər adından təşəkkürümüzü bildirim və Sizi əmin edim ki, bu qərarınızın cavabı olaraq etimadınızı ən yüksək səviyyədə doğruldacağıq.

Prezident İlham ƏLİYEV: Sağ ol. Görürsən, indi nəinki Bakıda, bölgələrdə də gözəl məhkəmə binaları tikilir. Əlbəttə, Ali Məhkəmənin binası öz gözəlliyi və əzəməti ilə seçilir. Ancaq bu binalar da kifayət qədər gözəldir və müasir tələblərə cavab verir. Bütün məhkəmə işçilərini bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Dövlətimizin başçısına məlumat verildi ki, məhkəmə binasında yaradılan müasir konfrans zalı da ən son texnologiyaya əsaslanan avadanlıqla təchiz edilmişdir. Buradakı şərait hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı verir. Binada hakimlər, məhkəmə aparatı işçiləri və icra məmurlarının ən yüksək səviyyədə fəaliyyət göstərmələri üçün geniş imkanlar vardır. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər üçün də xüsusi otaqlar yaradılmışdır. 

Oğuz Rayon Məhkəməsinin yeni binası ilə tanış olan Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video