29 Dekabr 2011 01:12
341
İQTİSADİYYAT
A- A+

Oğuz-Qəbələ-Bakı su kəmərinin sınaq-istismar müddəti uğurla başa çatdı

 

Dünən "Azərsu" Açıq Səhmdar Cəmiyyətində mətbuat konfransı keçirildi. Tədbirdə cəmiyyətin sədri Qorxmaz Hüseynov jurnalistlərə məlumat verərək bildirdi ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin layihədə nəzərdə tutulmuş sınaq-istismar müddəti tamam olub. Hazırda layihəyə uyğun olaraq ölkəmizin paytaxtına saniyədə 5 kubmetr su verilir. Kəmərin istismara verilməsi Bakı əhalisinin içməli suya olan təminatını müsbət mənada köklü şəkildə dəyişib.

Cəmiyyətin sədri vurğuladı ki, bu, ölkəmizdə həyata keçirilən ən böyük sosial infrastruktur layihələrinin önəmlisidir. Yeni kəmərlə paytaxta keyfiyyətli su verilməsi iqtisadi cəhətdən də səmərəlidir. Oğuzda su nasoslar vasitəsilə çıxarılsa da, Bakıya öz axını ilə daxil olur. Buna suyun mənbəyinin dəniz səviyyəsindən 190 metr hündürlükdə olması imkan verir. Bakıya gələn su nasoslardan istifadə etmədən paytaxtda yerləşən bütün su anbarlarına verilir. Bu da suyun tənzimlənməsi üçün cəmiyyətə böyük texniki imkanlar yaradır.

Q.Hüseynov bildirdi ki, Oğuzda qazılan quyuların məhsuldarlığı orta hesabla saniyədə 50 litr proqnozlaşdırılmışdır. Lakin hazırda istismarda olan quyuların çoxu saniyədə 70-90 litr, hətta bəziləri 130 litrə qədər su verir. Bu da onu deməyə əsas verir ki, Oğuzda kifayət qədər su ehtiyatı var və paytaxtı uzun illər ərzində təmiz su ilə təmin etmək mümkün olacaqdır.

Q.Hüseynov dedi: "Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildikdən sonra paytaxt və onun qəsəbələrinin içməli su təminatı əsaslı şəkildə yaxşılaşmışdır. Oğuz-Qəbələ-Bakı kəməri ilə nəql olunan su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov, eləcə də Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai, həmçinin Sabunçu rayonlarının bir hissəsini təmin edir. Bakı şəhərinə verilən suyun həcminin artması nəticəsində Yasamal, Nəsimi, Səbail və Nərimanov rayonlarının 75 faizdən çox hissəsi fasiləsiz su alır. Şəhərin şərq hissəsinə digər mənbələrdən verilən suyun artması hesabına Nizami, Xətai, Suraxanı, Sabunçu rayonlarının 2-3 gündən bir su alan ərazilərinə hazırda gün ərzində səhər və axşam su verilir".

Tədbirdə yeni bir layihənin təqdimatı da oldu. Kür sutəmizləyici qurğuları kompleksindən ətraf şəhər və kəndlərin su təchizatının aparılması layihəsi Kürətrafı şəhər və rayonların təmiz içməli su ilə təminatının əsaslı şəkildə yaxşılaşdırılmasına imkan verəcək. Belə ki, paytaxta Oğuz-Qəbələ-Bakı kəməri ilə saniyədə 5 kubmetr suyun daxil olması Kür Sutəmizləyici Qurğularından Abşerona verilən suyun azaldılmasına imkan yaradır. Yeni layihəyə uyğun olaraq Bakını Kür suyu ilə təmin edən köhnə kəmərlərdən rayon və kəndlərin su təminatını yaxşılaşdırmaq üçün istifadə ediləcəkdir. Artıq təsdiq olunmuş proqrama əsasən, Biləsuvar, Neftçala, Salyan, Şirvan, Sabirabad və Saatlı şəhərləri bu mənbədən qidalanacaqdır. Eyni zamanda, bu şəhərləri su ilə təchiz edəcək magistral kəmər boyunca yerləşən 147 kəndin də su problemi həll olunacaq. Layihədən 602 min nəfər faydalanacaq ki, bunların da 174 mini qeyd olunan şəhərlərin, qalan 228 min nəfəri isə həmin bölgələrdəki kəndlərin sakinləridir. Bu gün Kür Sutəmizləyici Qurğularının emal gücü saniyədə 9 kubmetrdir və bunun 7,8 kubmetri Bakıya ötürüləcək, qalan 1,2 kubmetri isə yeni layihəyə uyğun olaraq Kürətrafı bölgələrdə yerləşən şəhər və kəndlərə veriləcək.

Cəmiyyətin sədri yeni layihənin əhəmiyyətindən danışarkən vurğuladı ki, layihə həm də xərclərə qənaət etməyə imkan verəcəkdir. Belə ki, Biləsuvar, Neftçala, Salyan, Şirvan, Sabirabad və Saatlı şəhərləri yerləşən ərazidə şirin su mənbəyi yalnız Kür və Araz çaylarıdır. Əgər bu mənbə seçilməsəydi, o şəhər və kəndlərin hər biri üçün sutəmizləyici qurğular tikmək lazım idi. Layihə nəticəsində bütün kənd və şəhərlər içməli su ilə tam şəkildə təmin olunacaq.

Q.Hüseynov Bakıda görüləcək işlər barədə də ətraflı məlumat verdi. Bildirdi ki, Bakı şəhərində bir çox kəmər və kanalizasiya xətləri istismar müddətini başa vurduğu üçün onlar tədricən yeniləri ilə əvəz ediləcəkdir. Bundan başqa, yağış sularının idarə olunması üçün yeraltı drenaj xətləri də  çəkiləcəkdir. Bununla paralel olaraq Bakı şəhərində yeni salınan yaşayış massivlərində və qəsəbələrində su və kanalizasiya xətlərinin çəkilməsi nəzərdə tutulub.

Tədbirin sonunda jurnalistlərin çoxsaylı sualları da cavablandırıldı.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video